Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunmuş tədbir keçirilib
ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən
olan Kaliforniya Los- Anceles Universitetinin
(UCLA) Kitabxanasında azərbaycanlı
şair və mütəfəkkir İmadəddin
Nəsiminin yaradıcılığına
həsr olunmuş geniş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, UCLA və Azərbaycanın Los-Ancelesdəki
Baş Konsulluğunun
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə UCLA Kitabxanasının
rəhbərliyi və
əməkdaşları, habelə
universitetin müəllim
və tələbə
heyəti, tanınmış
elm və mədəniyyət xadimləri,
jurnalistlər, Azərbaycan
icmasının üzvləri
və digər qonaqlar iştirak ediblər.
Tədbiri açan
UCLA Kitabxanasının direktor
müavini Şaron Farb Azərbaycan ədəbiyyatının dahi
nümayəndəsi İmadəddin
Nəsiminin yaradıcılığına
həsr olunmuş belə bir önəmli
tədbirə ev sahibliyi etmələrindən
məmnun olduqlarını
bildirib. O, Azərbaycan
ilə UCLA Kitabxanası
arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş Konsulluğun təşəbbüsü
ilə Azərbaycan Milli Kitabxanası və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalandığını
və bu tərəfdaşlığa böyük
önəm verdiklərini
diqqətə çatdırıb.
Kitabxananın Slavyan,
Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Alena
Aysinq öz çıxışında Azərbaycan
ilə əməkdaşlıqdan
və ötən il Azərbaycan Milli Kitabxanasının dəvəti ilə Azərbaycana etdiyi səfərdən danışaraq,
ölkəmiz haqqında
xoş təəssüratlarını
slaydların köməyi
ilə qonaqlarla bölüşüb.
Sonra çıxış
edən Azərbaycanın
Los-Ancelesdəki baş
konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev İmadəddin Nəsiminin
yaradıcılığından ətraflı bəhs edərək, onun öz şeirlərində
yüksək humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi
kamillik, ədalət və ilahi eşq
ideyalarını sadə
və anlaşıqlı
dildə xalqa çatdırdığını və bənzərsiz əsərlər yaratdığını
vurğulayıb. Diplomat
qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə
fars dilinin dominant ədəbi dil olmasına baxmayaraq, böyük şair ən gözəl və tanınmış əsərlərini
məhz öz ana dili olan
Azərbaycan dilində
yaradaraq, doğma dilimizin inkişafına böyük töhfələr
verib.
Baş konsul ötən il Nəsiminin anadan olmasının 650 illiyinin
qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb.
O, Nəsimi yaradıcılığının
Azərbaycan ədəbiyyatının
inkişafına güclü
təsir göstərdiyini,
onun ideyalarının
indiyədək bir çox Azərbaycan və dünya ədiblərinin yaradıcılığında
dərin iz qoyduğunu qeyd deyib. Baş konsul 650 il keçməsinə
baxmayaraq, bu ideyaların bu gün də aktual olduğunu və böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu xüsusda Azərbaycanın
bu gün tolerantlıq və multikulturalizm ənənələrinin
hökm sürdüyü
məkan olduğunu, ölkəmizdə etnik və dini mənsubiyyətindən
asılı olmayaraq hər kəsin harmoniya və sülh şəraitində
birgə yaşadıqlarını
vurğulayıb.
Çıxışlardan sonra
tanınmış amerikalı
aktyorlar Azərbaycan milli geyimlərində sufi musiqisinin müşayiəti ilə
Nəsiminin müxtəlif
əsərlərini ingilis
dilində səsləndiriblər.
Tədbirdə, həmçinin
Azərbaycan mənşəli
britaniyalı müğənni
Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə ifa edilmiş, Nəsimiyə həsr olunmuş kompozisiyasının
videoyazısı nümayiş
etdirilib.
525-ci qəzet.-2020.-23 fevral.- S.13