Bayrağım
Ey bayrağım,
varlığıma inam yerim,
Azadlığa güman yerim.
Səni necə əzizləyim,
nələr deyim?
Nə söyləsəm,
nə qədər tərif eyləsəm
Mən olduğum ucalıqda,
Mən olduğum zirvədəsən.
Özüm olmadığım yerə
səni necə aparım mən?
İrəvanda, Xocalıda,
Zəngəzurda, Qubadlıda,
O tayımda, bu tayımda
dalğalanan torpaq ahım,
Ey bayrağım,
səcdəgahım,
Mən hayana üz çevirim,
mən səcdənə hara gəlim?
Sənə necə üz tutum mən
tapmadığım qibləgahım?
Şuşa adlı ağrım mənim,
Təbriz adlı cəzam mənim,
Aldandığım pənahımsan,
"Vətən" adlı məhəbbətim,
"Vətən" adlı günahımsan.
Yoxa çıxıram daha
Bir uşaq
gözündəki
kədər kimi ağıram.
Bir uşaq
gözündəki
kədər tək ağrıyıram.
Bir az bənövşə kimi
kol dibində
qalmışam.
Bir az İrəvan kimi
boynubükük olmuşam.
İtən bir iz kimiyəm
axtarıb tapmaq olmur.
Bir az Təbriz kimiyəm,
gedirsən, çatmaq olmur.
Yaşamaqçün savaşan
Ağlar gözlü yalanam.
Dərdi boyunu aşan
bir az da Savalanam.
Qanadları yaralı
laçın kimiyəm bir az.
Vüqarından asılı
Laçın kimiyəm bir az.
Oda düşən
istəyəm,
Xocalıda yanıram.
Nəmli qalan ürəyəm -
Arazdan boylanıram.
Bir az bulud kimiyəm,
Yağa bilmirəm daha.
İsa bulağı kimi
-
axa bilmirəm
daha.
Bir az şüşə kimiyəm,
sınıram, dağılıram.
Bir az Şuşa kimiyəm,
dərdimlə dağ oluram.
Urmu gölüyəm
daha
özümdə boğuluram.
Yoxa çıxıram
daha
dözümə yığılıram.
Vətən dərdidi yüküm,
necə daşıyım, Allah.
Bu vətən yükü
ilə
necə yaşayım, Allah?
Qurtar məni
özümdən
başqa bir can olum mən.
Dözümümü al məndən
Azərbaycan olum mən.
Cahillərə
Cordano Bruno,
sən də insan axtardın,
kamilliyə inandın -
səni yandırdılar.
Səndən öncə Nəsimi vardı -
o da inandı,
kamil insan axtardı -
dərisin soydular.
Hərdən həqiqət ağır olur,
özündən ağır cəza alır.
Cahillər həqiqətin dərisin soyar,
odda yandırar.
Cordano, hələ də səni yandırırlar,
Nəsiminin dərisini soyurlar.
Həyat
Bu həyat həmişə
gülməz üzünə,
Bəzən də arxanca gülər, bilməzsən.
Bəzən göz yaşı tək dolar gözünə,
Bəzən təbəssümə dönər,
bilməzsən.
Bəzən bu dünyanın bədbəxti edər,
Qoparar başında min bir fırtına.
Bəzən də dünyanın xoşbəxti edər,
Dəlicə vurulub doymazsan ona.
Bəzən yanlışların üzünə
durar,
Həyatı qınayıb haqsız deyərsən.
Bəzən də susarsan haqsızlıqlara,
Bəzən də sən onun haqqın yeyərsən.
Bəzən "həyat" deyə haray salarsan,
Bəzən də o səni gəzər, bilməzsən.
Bəzən də sən ondan bezar olarsan,
Bir gün
də o səndən bezər, bilməzsən.
İtirdim
Xoşbəxtlik, mən səni tapa bilmədim,
Elə həsrət qoydun özünə məni.
Yatmış gözəl oldun, öpə bilmədim,
oyada bilmədim
yuxudan səni.
Təpəgözlər səni tilsimə saldı,
Daşlara döndərdi, saçından
asdı.
Divlərin önündə çarəsiz
qaldım,
Neçəsi, neçəsi yolumu kəsdi.
Sehrli çubuğum
olmadı mənim,
nə də ki, qılıncım,
qurtaram səni.
Qovuşa bilmədim, bilmədim sənə,
gedər-gəlməzlərdə itirdim səni.
Sənsiz olanda
Bu gecə darıxdım
ulduzlar kimi,
bu gecə
göylərdən asılıb
qaldım.
Ovuda bilmədim
öz ürəyimi,
eləcə gecəyə qısılıb
qaldı.
Darıxdım, bir azca küləklər
kimi
bir nəğmə
oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar
kimi
bir azca toxunmaq istədim sənə.
Ay göyün yaxasın
açmışdı yenə,
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən
ayın yerinə
bir az ümidimi asmaq istədim.
İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın
bir az.
İstədim gözümə yıxılan
gecə
səhərə ümidlə boylansın bir az.
Hardasa bir tənha
qadın darıxar
Boylanıb illərin uzaqlığına
bir qadın
özünə təsəlli
arar.
Donar xatirələr
soyuqluğunda
qar kimi üstünə yağar hər nə var.
Qar kimi üstünə yağar hər nə var,
hardasa bir tənha qadın darıxar.
Dərdli arzuların göz yaşlarında
ürəyi boğular, özü boğular.
Ürəyi boğular, özü boğular,
aldanar qapının tıqqıltısına.
Ümidi asılar yanaqlarından
qarışar yağışın pıçıltısına.
Qarışar yağışın pıçıltısına,
bir qadın
yağışla darayar
saçın.
Dönər yalnızlığın hayqırtısına
hardasa, hardasa darıxan qadın.
Hardasa, hardasa darıxan qadın
"kaş ki..."lər əlində çarəsizləşər.
Darıxan qadının ümidi adam,
bir gediş,
bir mesaj, bir zəng də
yetər...
Qisas arzusu
Gecələr qəddar oluram -
Ölən arzularımdan
qisas alıram.
Öldürürəm bir-bir
ağrılarımı - arzu qatillərini,
ən gözəl duyğuları
öldürənləri.
Qəddar oluram gecələr.
Amma səhərlər...
Səhərlər onlarla
eyni şəhərdə
yaşayıram,
eyni küçələri
dolaşıram...
Sonra evimə
gedirəm,
Bir az sevinirəm -
Yəni hələ sevinə də bilirəm -
evimiz ayrıdı
deyə.
Gecə yenə
Qatil olmaq keçir könlümdən.
Deyirlər, düşünmək işin
yarısıdı...
Bir də deyirlər "dad yarımçıq
əlindən".
İzelə
Sevməyə heç nə olmamışdı, elə
bil,
Sevməyə heç kim qalmamışdı, elə
bil,
Balacam, sən gəldin
qara gözlərində
Günəşi gizləyən işıq
gətirdin.
Qaranlığı sevdim. İşığı
sevdim...
Səsin elə əziz ki, bütün səsləri sevdim.
Nəfəsin elə təmiz ki,
Nəfəsi sevdim,
Təmizliyə inandım.
kiçik əllərində
ömrümə sığmayan sevinc gətirdin -
kiçikliyi sevdim,
sevinməyi öyrəndim.
Balaca ürəyində
Həyata sığmayan sevgi gətirdin
Sevməyi sevdim.
Hamını, hər şeyi sevmək istədim.
Sevmək...
Sənintək...
Niyə
Bir dəfə
ayrıldıq istəməsək
də,
Bir dəfə
hərəmiz bir səmtə getdik.
Min dəfə görüşmək
biz istəsək də,
bəs niyə yenidən heç rast gəlmədik.
Bəs niyə yenidən heç rast gəlmədik
Biz eyni şəhərdə
yaşadıq axı?
Eyni binaların
yanından keçdik,
eyni küçələrdə
dolandıq axı....
Eyni küçələrdə
dolandıq axı,
Biz eyni torpağın
üstündə gəzdik,
Biz eyni günəşlə
oyandıq axı,
biz eyni göylərin
altında gəzdik.
Biz eyni göylərin
altında gəzdik,
Biz eyni gecəylə
açdıq sabahı.
Gecələr yuxladı gözlərimizdə,
Biz eyni əzabla
oyandıq axı.
Biz eyni əzabla
oyandıq axı...
Bircə ayrılığın əsiri
olduq?
bütün əzablarla barışdıq
axı,
niyə xoşbəxtlikdən küsülü
qaldıq?
Vəsiyyət
(Qızıma)
Məndən sonra ağlamazsan,
Ruhumu ağrıtmazsan.
Dünyadan gedişimi yox,
Gəlişimi anarsan.
"Bu gündə doğulan
qadın vardı,
Mənim üçün yaşardı"
deyərsən.
əylənərsən, gülərsən.
Ad günündə ağlamazlar
bilirsən.
Səni necə sevdiyimi,
Məni necə sevdiyini xatırlarsan.
Bir də
Qınamazsan nə özünü, nə məni
bacarsan...
Mənsə ağrılarını özümnən
apararam...
O nə vaxtdı?
O nə vaxtdı?
-
yelləncəyimiz uçaqdı,
göyün yeddi qatına, xoşbəxtliyə uçardıq,
bəd bəxtlərdən uzaqdıq,
xoş bəxtə inanardıq,
neçə-neçə ümidlə sabaha yollanardıq.
O nə vaxtdı?
-
dəlicə vurulardıq,
sevərdik, ağlayardıq,
həm də sevgi çox
idi.
O nə vaxtdı?
-
yelləncəkdən yıxıldıq,
uçağımız yox oldu,
ürəyimiz qırıldı,
o sevgilər dağıldı.
O nə vaxtdı?
-
ümidlər güman oldu,
gümanlar yalan oldu?
O nə vaxtdı?
-
gerçəklərdən yorulduq...
Bahalı ağaclar
Bir vaxt Sahil bağında -
("bulvar" deyirdik
onda) -
Bir az Bakı ətirli,
bir az Xəzər ətirli
çoxlu söyüdlər vardı.
Sonra Sahil bağında
o söyüdlər azaldı.
Bu şəhərin ətrinə,
bu dənizin
ətrinə
yad ağaclar
çoxaldı.
Indi sahil bağında
bahalı ağaclar var.
O bahalı ağaclar
Bakı ətrini verməz,
Xəzər ətrini bilməz.
O bahalı ağaclar
nə bu dənizi sevməz,
nə bu şəhəri sevməz.
Bir vaxtlar illər öncə
Vaqif Səmədoğlu
da
"Kim sulayacaq - deyə
bulvarda söyüdləri" .
Yaman nigaran idi
Yad ağaclar
ruhunu
doğma tək oxşamadı.
Bahalı olsalar da,
doğmaya oxşamadı.
Bir az canı sıxıldı,
bir az ruhu darıxdı.
Yadlıqdan bezdi deyə
bəlkə də, çıxıb getdi
doğmalığı görməyə.
Kəmalə Abıyeva
525-ci qəzet.-26 fevral.-S.23