Təşəkkür
borcu
Hekayə
Az qalırdı, "Səni
axtarıram" verilişinə çıxım. "Qalibə,
haradasan?" - deyə bütün dünyaya səslənmək
istəyirdim.
İlahi, dörd ilin dostluğu bu qədər
güclü, bu qədər unudulmaz ola bilərdimi? Yəqin
ki, olurmuş. Quş qanadlı illər bir-birini əvəz
etdikcə Qalibəni nəinki unuda bilirdim, əksinə, onun
üçün çox darıxırdım. Onu təsadüfən
tapdığım kimi, təsadüfən də itirmişdim. Onu yenidən
görmək, boynuna
sarılıb 25 ilin həsrətinə son qoymaq ən
böyük arzum idi. Fikirləşirdim ki, görəsən,
Qalibə də məni yada salırmı? Harada
yaşadığını, nə işlə məşgul
olduğunu bilmək istəyirdim. Yadımdadır, bel
ağrılarından əziyyət çəkirdi. Tez-tez
müalicə olunurdu. Canı ağrısa da, həmişə
üzü gülürdü. Çox mehriban, istiqanlı,
üzügülər idi. Onunla tanışlığımız
təsadüfən olmuşdu.
Məktəbin yuxarı sinfində oxuyanda artıq qəti
qərara gəlmişdim ki, jurnalist olacağam. Məktəbdə
bunu şagirdlər də, müəllimlər də bilirdilər. Jurnalist
olaCağımı xəyal etdikcə, qanadlanırdım. Elə
bilirdim, əlimə jurnalist vəsiqəsi alsam,
dünyanın ən xoşbəxt insanı olacağam.
Jurnalistlərə həsəd aparırdım. Gələcəkdə
tanınmış jurnalist olacağıma çox
inanırdım. Məktəb yoldaşlarım da, müəllimlərim
də buna əmin idilər. Yaxşı oxuyurdum, dərs əlaçısı
idim. Hamıdan çox ədəbiyyat müəllimim
- İsa müəllim buna inanırdı. İnşa
yazılarımı çox bəyənirdi. Özüm də inşa
yazmağı çox sevirdim, on iki vərəqli dəftəri
sona kimi yazıb bitirirdim. Nöqtəsi, vergülü də
yerində. İsa müəllimdən yalnız "əla"
alırdım.
Məktəbin divar qəzetinin fəal
yazarlarından idim. Ayda bir dəfə çıxan bu qəzetə
kiçik hekayələr və şeirlər yazırdım.
Qəzet hər dəfə divardan asılanda uşaqlar mənim
yazılarımı maraqla oxuyurdılar. Mən isə
dayanıb kənardan onlara tamaşa edirdim. Müəllimlər də "balaca jurnalistin"
yaradıcılığını diqqətsiz qoymurdular, bəzən
sinifdə mənim yazılarımı tərifləyirdilər.
Məktəbi bitirib, böyük
qardaşım kimi tibb universitetinin müalicə fakültəsinə
daxil oldum. Əlbəttə ki, valideynlərimin arzusu ilə.
Amma ruhdan düşmədim. Evdəkilərdən gizlin
şeirlər yazırdım. Bunu dərs zamanı, mühazirələrdə
də edirdim. Özümdən asılı deyildi. İlham pərisi
harada məni haqlasaydı, qələmi çıxarıb
yazırdım. Vərdişə çevrilmişdi, istədiyim
vaxt istədiyim yerdə şeir yaza bilirdim.
Bir gün propedevtika müəllimimiz Sabir
müəllim dərs vaxtı başımı
aşağı salıb, özümə qapanaraq nəsə
yazdığımı görüb, dəftəri gətirməyi
tələb etdi. Elə bil, cinayət başında
yaxalanmışdım. Tər məni basdı. Çox
utandım. "Sizin dediklərinizi yazıram", dedim. Deyəsən,
mehribanlığı və insanpərvərliyi ilə müəllim
və tələbələr arasında hörmət
qazanmış Sabir müəllim mənim yalan
danışdığımı anladı. Ayağa qalxıb
özü mənə yaxınlaşdı. Dəftəri
stolun üstündən götürüb vərəqləməyə
başladı. Doğrudan da dəftərin əvvəlində
daxili xəstəliklər haqqında mühazirələri
yazmışdım. Nə fikirləşdisə, dəftərin
arxa səhifələrini vərəqlədi. Dəftərin
arxasına şeirlər yazmışdım. Bir neçə
dəqiqə dayanıb diqqətlə oxumağa başladı.
Başını yelləyib dəftəri stolun üstünə
qoydu. Üzünü mənə tutub "tənəffüsdə
mənə yaxınlaşarsan", dedi və yeni mövzunu
danışmağa başladı. Dərd məni
götürdü. "Yəqin məni danlayacaq. İmtahana buraxmayacaq. İşim
bitdi" deyə,
çox narahat oldum. Tənəffüsdə cəsarətimi
toplayıb, Sabir müəllimə yaxınlaşdım.
- Sabir müəllim... - bir neçə dəqiqə
danışmağa tərəddüd etdim. Sonra
özümü ələ alıb: - Bağışlayın,
bir də dərsinizdə şeir yazmayacağam, - deyib
başımı aşağı salıb susdum.
Sabir müəllim eynəyini gözlərindən
çıxarıb stolun üstünə qoydu.
- De görüm nə vaxtdan şeir
yazırsan?
- Məktəbdə oxuyandan.
- Başqa nə yazırsan?
- Hekayələr yazıram.
- Bəs, niyə sənədlərini ədəbiyyat
fakültəsinə vermədin?
- Belə alındı, Sabir müəllim.
- Demək, valideynlərinə qarşı
çıxmadın mənim kimi.
- Xeyr, - deyib susdum.
- Görürsənmi, istedad
özünü harda olsa göstərir. Oxudum. Şeirlərin
xoşuma gəldi. Qəzetə vermək istəyirsənmi?
- Düzü, şeirlərimi heç kimə
göstərməmişəm, - dedim.
- Sabah səni bir xəstəmlə
tanış edəcəyəm. Bel ağrılarından bizdə
müalicə alır. "Xalq" qəzetində
çalışır. Yazılarını oxumuşam.
Çox istedadlı jurnalistdir. Gözəl yazır. Qalibə
Eynullayevadır imzası.
Sevincimdən bilmədim ki, nə edim. Gecə
səhərə kimi yata bilmədım. Gözümə yuxu getmədi. Dərslərimi də
oxumadım. Səhərin açılmağını həyəcanla
gözlədim. Səhər açılan kimi yemək yemədən
geyinib evdən çıxdım. Dərslərimiz 5 nömrəli
şəhər kliniki xəstəxanasında idi. Hamıdan
tez gəlmişdim. Dəhlizdəki
oturacaqlardan birində oturub şeir dəftərini
çıxardım. Diqqətlə oxumağa başladım.
Nə qədər vaxt keçdiyini bilmədim. Tələbələrin
ikibir, üçbir gəldiyini görüb dəftəri
çantama qoymaq istəyirdim ki, qrup yoldaşım Gülarə
mənə yaxınlaşıb bərkdən çiynimə
vurub dedi:
- Halal olsun, deyəsən, dərs oxuyursan.
Əla, bugünkü dərsi sən danışarsan. Biz də
qulaq asarıq. Dərsə hazır deyilik.
- Yox, sən nə danışırsan? -
deyib vurduğu yerin ağrısından ufuldamağa
başladım. Mən də
hazır deyiləm.
Qızlar bizə yaxınlaşdılar,
deyə-gülə dərs otağına getdik. Dərs
başlasa da, mənim
həyəcanım keçmədi. Tələbə
yoldaşlarımın gözü məndə idi.
- Dərsə kim hazırdır? - Müəllimin
sualına cavab olaraq, qrupumuzun nümayəndəsi Gülarə
əli ilə məni göstərərək adımı
çəkdi. Sabir müəllim "buyursun", deyərək,
eynəyini çıxarıb, stolun üstünə qoydu.
Burda deyiblər, yaxşı yerdə
axşamladım. Dünənki söhbətdən sonra
sevincimdən dərs
oxumamışdım. Mən başımı
qaldırıb rəfiqəmə
baxdım və gülümsündüm. O da gülümsəyirdi.
Sonra isə dişimi dodağıma bərk-bərk
sıxıb, ürəyimdə "eybi yox, hesablaşarıq"
deyib, tənbəl-tənbəl ayağa qalxdım. Elə
ağzımı açıb "dərsə hazır deyiləm"
demək istəyirdim ki, qapı açıldı və tibb
bacısı "Sabir müəllim, 5-ci palatadakı jurnalist
xanım özünü yaxşı hiss eləmir", dedi.
Sabir müəllim cəld ayağa qalxıb otaqdan çıxdı. Tələbələrin
səsi bir-birinə qarışdı. Mənsə ayaq üstə
donub qalmışdım. Bu nə möcüzə idi? Deyəsən,
Allahın imtahanqabağı mənə yazığı gəlmişdi. Dərindən nəfəs alıb
yerimə əyləşdim. Gözüm rəfiqəmdəydi.
Deyəsən, o da donub qalmışdı. Əllərimi
havada açıb çiynimi çəkdim. "Dərsi
danışacaqdım. Alınmadı. Heyf, qulaq asa bilmədiniz.
İndi əziyyət çəkib siz oxuyarsınız",
deyib acıq verdim. Rəfiqəm isə pərt halda
üzünü qızlara çevirdi. Mən sevinirdim. Dərsə
hazır olmadığımı, deyəsən, məndən
və Allahdan başqa heç kim bilmədi...
Sabir müəllim çox gec gəldi.
Yeni dərsi
danışdıqdan sonra bizi palataya, xəstəsinə
baş çəkməyə apardı. Biz palataya daxil olanda
o, çarpayısında uzanıb kitab oxuyurdu. Bizi
görüb yerində dikəldi. Bu qısa saçlı, orta
boylu, bir az dolu bədənli yaraşıqlı xanım bizi
gülərüzlə qarşıladı. Sabir müəllim
ona yaxınlaşıb:
- Yaxşısan deyəsən? Bayaq bizi
çox qorxutdun, - dedi.
- Sağ olun, Sabir müəllim,
ağrıkəsicidən sonra bir az yaxşıyam, - deyib
oturmağa çalışdı.
- Yox, sənə dikəlmək olmaz, uzan,
- deyib həkim jurnalist xanımın uzanmasına kömək
etdi. Sonra məni göstərib: - Qalibə, gör sənə kimi gətirmişəm,
gənc şairəni! Tanış ol, mənim tələbəmdir,
vaxtın olanda yazılarına baxarsan. Mənim xoşuma gəldi,
- deyib gülümsəyərək üzümə baxdı.
- Yaxşı, Sabir müəllim, bircə
bu bel ağrılarım getsəydi... - deyib susdu.
- Gedəcək, inşallah, darıxma,
müalicələrə başlamışıq. Hər
şey yaxşı olacaq.
- İnşallah, Sabir müəllim, - deyib köks
ötürdü.
Bir anlıq onun halına çox
acıdım. Düşündüm ki, yaxşı oxuyub Sabir
müəllim kimi savadlı həkim olacağam.
İnsanların sağlamlığı keşiyində
duracağam. Onların sağalması üçün əlimdən
gələni edəcəyəm. Bir xeyli söhbətdən
sonra biz sağollaşıb çıxanda Qalibə
arxadan səsləndi:
- Sabah yazılarını gətir
baxım.
- Yaxşı, - deyib otaqdan
çıxdım.
Həyəcanım yox olmuşdu. Ona
görə ki, bu sadə, mehriban, gülərüz qız ilk gündən
hamının sevimlisi oldu. Onun yaşı da
çox deyildi. Demək olar ki, yaşıd idik. Səhəri
gün mən ona şeir və hekayələrimi göstərdim. Oxudu, bir qədər
fikrə getdi.
- Xoşuma gəlir. Amma səndən
gözəl jurnalist olardı. Hekayələrini qəzetimizin ədəbiyyat
bölməsinə verərəm.
Beləliklə, mənim Qalibə ilə
tanışlığım Sabir müəllimin sayəsində oldu.
Sonrakı günlər
biz onunla tez-tez görüşməyə
başladıq. Mən yazılarımı ona göstərir,
o isə oxuduqdan və bəyəndikdən sonra öz qəzetlərində
və digər qəzetlərdə dərc etdirirdi. Ona o qədər
öyrəşmişdim ki, darıxanda iş yerinə
gedirdim. Oturub ordan-burdan söhbət edirdik. Bir gün
planlarından danışdı. Dedi ki, sabah müğənni
Flora Kərimovadan müsahibə almağa gedəcək. Həsədlə
ona baxdım.
- Sənə həqiqi mənada qibtə
edirəm. Kaş mən də sənin kimi jurnalist olaydım,
maraqlı insanlardan müsahibə almağa gedəydim. Bu
peşəni çox sevirəm.
- Sən nə danışırsan? Kənardan
baxana asan gəlir. Bu, çox çətin peşədir. Gecəsi-gündüzü
yoxdur. Bəzən olub ki, gecələr yatmamışam.
Materialları gecəynən yazıb mətbəəyə
çatdırmışam. Rayonlara ezam olunmuşam. Məqaləni
yazıb vaxtından əvvəl mətbəəyə
vermişəm. Tədbirlərə getmişəm, material yazmaq üçün.
Evə bəzən gecə 2-də, 3-də gəlmişəm.
Yorğun olmuşam. Səhər isə tezdən durub material
yazmaq üçün göndərilən yerə getmişəm.
Düzdür, mən peşəmi çox sevirəm. Amma bu
bel ağrıları ilə mənə çox çətindir
işləmək. Mənə mane olur bu ağrılar, - deyib
susdu. Sonra: - Məyus olma, sən
də təhsilini bitirib yaxşı həkim olacaqsan.
Çoxlu pasientlərin olacaq. Mən
də səınin yanına gələcəyəm. Onda Sabir
müəllim kimi müalicə edib, sağaldarsan məni. Hə, nə
deyirsən, razısan? - deyib, tez də könlümü
aldı, gülümsədi.
- Hə, razıyam. - dedim.
Mən onu özümə dost hesab edirdim.
İlahi, o, ağrıları olanda belə
danışıb-gülərdi. Çox zarafatcıl, mehriban,
səmimi ürəyində paxıllıq olmayan bir insan idi.
Gözəl rəftarı və xasiyyəti ilə
özünə çoxlu dost qazanmışdı. İşdə
də onu çox istəyirdilər. Hörmət edirdilər.
Bizim dostluğumuz cəmi dörd il çəkdi.
Bu dövr 1992-1995-ci illəri əhatə edirdi. Həyatımızın
ən ağır dövrünü - torpaq, vətən, millət
anlayışını yeni anladığımız bir
dövrü. Qarabağ
uğrunda döyüşlər başladı. Neçə-neçə
tələbəmiz torpaqlarımızı düşmənlərimizdən
qorumaq üçün Qarabağda döyüşməyə
getdi. Məhz o dövrdə mətbuatda yazılarım
çıxdı. Biz tələbələr Qarabağda
qızğın döyüşlər zamanı,
keçmiş Semaşko, indiki 1 saylı şəhər
kliniki xəstəxanasına gətirilən
yaralı əsgərlərimizə həkimlərlə bərabər
yardım edirdik. Onların yaralarını yuyub təmizləyir,
tikiş və sarğı qoyurduq. Qarabağ döyüşlərində
qəhrəmanlıq göstərən dörd yaralı əsgərimiz
barəsində məqalə də yazmışdım. Qrup
yoldaşlarımla bərabər Hematologiya və
qanköçürmə institutuna gedib yaralı əsgərlərimiz
üçün dəfələrlə qan vermişdik. Heç yadımdan
çıxmaz, analarımızın bişirdiyi ev yeməklərini,
dükandan aldığımız mer-meyvəni palatalardakı yaralı əsgərlərimizə
paylamışdıq. Çalışırdıq ki,
yaralılarımız tez sağalsınlar, onlara az da olsa,
köməyimiz dəysin.
Bir gün atam təsadüfən qəzetdə
mənim
Qarabağda döyüşən əsgərlərin
qəhrəmanlığı barəsində
yazdığım məqaləni oxudu və təbrik etdi:
- Sən insanlara iki tərəfdən xeyir
verəcəksən. Həkim kimi insanların
sağlamlığı keşiyində duracaqsan,
yazılarınla isə insanların ürəyinə yol
tapacaqsan, - dedi.
Düzü, atamın bu sözlərindən
sonra daha da həvəsləndim. Dərslərimi daha da
yaxşı oxuyub onun etimadını qazanmağa
çalışırdım. Amma sən
saydığını say, gör fələk nə sayır.
1995-ci ildə atamı qəfil itirdim. Atamla bütün
ümidlərim, arzularım öldü. Elə bildim,
qanadlarım qırıldı. Başımın tacı
düşüb itdi. Tənha qəlbim daha da tənhalaşdı,
həyatdan küsdüm. Bu, bir tələbə qız
üçün çox ağır idi. Gecə-gündüz
atasız dünyama ağladım. Atam üçün
şeirlər yazmağa başladım. Ürəyimi yalnız
bununla ovutmağa çalışırdım. İnistitutu
bitirib, iş həyatına başladım. Ailə qurdum.
Övladlarım oldu. Başım uşaqlara qarışsa da,
vaxt tapanda yeni şeirlər yazırdım. Kitablarım
işıq üzü gördü. Dövri mətbuatda yenidən
çıxışlar etməyə başladım. Mən
jurnalist olmadım, həkim oldum. Amma buna heç də
peşman deyildim. Hər dəfə xalatı əynimə geyəndə
xalatımı öpürəm. "Ruhun şad olsun, ata. Bu
peşəni sən mənə sevdirdin", deyirəm. Mən
peşəmi çox sevirəm, Hər gün müxtəlif
xasiyyətli insanlarla ünsiyyətdə oluram. Dərdlərinə
şərik oluram. Xəstələrin müalicədən
sonrakı sağlam vəziyyətini görəndə isə
qürur duyuram. Məncə, peşəni yaxşıya, pisə
ayırmaq olmaz. Axı peşənin pisi yoxdur. Mən iki peşə
ilə məşğul oldum və hər ikisini də sevdim.
Çalışdım ki, hər ikisinə layiq olum. Hər
ikisi gözəldir, maraqlıdır, şərəflidir. Yetər
ki, peşəni sevəsən və işinin ustası olasan.
İllər keçdi. Qalibəni bir an belə
yadımdan çıxara bilmədim. Axı ona bir təşəkkür
borcum var idi. Axı onun mənim üzərimdə əziyyəti böyük
idi. Mənim yazılarımın ilk oxucusu olmuşdu. Çətin
günlərimdə mənə həyan olmuşdu. Xoş
günlərimdə də yanımda olmağını
çox istəyirdim. Onun barəsində fikirləşirdim. Onun
redaksiyada işləmədiyi barədə məlumatım var
idi. Lakin harada işləməsini bilmirdim. Gözlərim onu hər
yerdə axtarırdı. Əmindim ki, iyirmi beş il keçməyinə
baxmayaraq, onu görən kimi tanıyaram.
Təsadüf zərurətdən
doğur. Mən təsadüflərə, möcüzələrə
inanan insanam. Mən Qalibəni tapacağıma
inanırdım. Belə də oldu.
Yaxın dostların sayəsində onu
tapdım. "Xalq" qəzetinin müxbiri onu tapmaqda mənə
kömək etdi. Ona təşəkkür edirəm. Qalibə
ailə qurub Türkiyəyə köçmüşdü.
Gözəllər-gözəli bir qızı var. Nömrəsini
alıb zəng vurdum. Səsimdən tanıdı, çox
sevindi. O da məni unutmamışdı. Demək, quş
qanadlı illər bizdən nə qədər uzaqlara
uçsa da, bu sevgini qəlbimizdən qopara bilməmişdi. Mən
ona həyatıma yazılmış dörd illik dostluğa,
qoyub getdiyi gözəl xatirələrə görə iyirmi
beş ildən sonra ürəyimdə qoruyub
saxladığım borcu qaytardım. Bu, bir təşəkkür
borcu idi...
Məlahət
HÜMMƏTQIZI
525-ci
qəzet.-26 fevral.-S.22