Ədəbiyyatımızın
və mədəniyyətimizin unudulmaz Qəmküsarı
Azərbaycan ictimai
fikrinin, ədəbiyyatının, teatrının, ümumən,
mədəniyyətinin inkişafında müstəsna xidməti
olan görkəmli şəxsiyyətlərdən biri
Əliqulu Nəcəfov-Qəmküsardır (1880-1919). Bu əvəzsiz
yaradıcı insan özünün misilsiz xidmətlərilə
Azərbaycanda mədəni inkişafa böyük töhfələr
verib.
Əliqulu Qəmküsar
kimi geniş şöhrət qazanmış məşhur
satirik şair, publisist, mədəniyyət xadimi Əliqulu Məşədi
Ələsgər oğlu Nəcəfov 1880-ci ildə
Naxçıvanda anadan olub. Mənsub olduğu ailə
mühitində, şairin tədqiqatçılarından
akademik İsa Həbibbəylinin də yazdığı kimi,
"atası Məşədi Əlsəgər Nəcəfovun
"Səba", əmisi Məmmədhüseyn Nəcəfzadənin
"Fani", ana babası Məşədi Əsədin
"Məddah" təxəllüsü ilə ictimai ruhlu
şeirlər yazması onun böyük ədəbiyyata
hazırlanmasında ciddi rol oynaya bilmişdi". Yaxın
qohumları Nəsrulla və Fərəculla Şeyxovların
da ictimai mühitdə hörmətli adam olmaları, mətbuat
və mədəniyyətə açıq fikirli münasibətləri
Qəmküsarın savadlı və fəal bir vətəndaş
olaraq inkişafında əhəmiyyətli rol
oynamışdı. Xüsusilə də, dövrün mötəbər
ziyalısı, ədəbi mühitin ağsaqqalı və
görkəmli pedaqoq-müəllimi olan Məhəmməd
Tağı Sidqinin məşhur "Tərbiyə" məktəbində
aldığı yeni üsullu, dünyəvi təhsil onun gələcəyə
hazırlanmasında mühüm iz qoymuşdu. O, ailə
mühiti və ictimai tərbiyənin fəal
daşıyıcısı kimi həm ədəbiyyatçı,
mətbuat adamı, mədəniyyət mücahidi
olmasından başqa, həmçinin, fəal ictimai xadim də
olmuşdu. Dövrün mühüm istiqlal mücahidlərindən
olan Səttarxanın başçılıq etdiyi inqilabi hərəkatda
fəal iştirakçılardan biri də Əliqulu Qəmküsar
idi (1906-1911). Haqlı olaraq tədqiqatçı-alim İslam
Ağayev Əliqulu Qəmküsarı "Azərbaycan ədəbi-ictimai
fikri tarixində satirik şair, publisist, "Molla Nəsrəddin"
satira jurnalının redaktorlarından biri, 1906-1911-ci illər
İran məşrutə hərəkatının fəak
iştirakçısı, Azərbaycan səhnə sənətinin
inkişafı tarixində özünəməxsus yeri olan bir
şəxs kimi" səciyyələndirir. Lakin onu daha
çox şair, publisist və teatr xadimi kimi tanıyırlar.
Əliqulu Qəmküsarın
geniş ictimai fikrə çıxmasında o dövrün
yeni əsrinin ilk anadilli və mütərəqqi mətbuat
orqanı olan "Şərqi-rus" qəzetində məqalələr
çap etdirməsi böyük yolçuluğun ilk
addımları kimi diqqəti cəlb edir.
Naxçıvanlı ziyalıların böyük
qardaşı kimi hörmət və ehtirama malik olan Məhəmməd
ağa Şahtaxtılının "Şərqi-Rus" qəzeti
həm də dövrün mötəbər
ziyalılarının bir araya gəlməsi və birgə fəaliyyət
göstərmələrinə geniş imkanlar
yaratmışdı. Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar,
Mirzə Ələkbər Sabir, Abbas Səhhət və
başqaları üçün məhz bu mətbuat orqanı
"yavuqlaşma meydanı" olmuşdu. Məhəmməd
ağanın "Şərqi-Rus" qəzetində
jurnalistik fəaliyyət göstərərək peşəkar
publisistik bacarıqlara yiyələnən Əliqulu Qəmküsar
1906-cı ildə "Molla Nəsrəddin"
jurnalının nəşrə başlaması və baş
redaktoru həmyerlisi Cəlil Məmmədquluzadəni əvvəllərdən
tanıması səbəbilə bu jurnalın redaksiyasına
qədəm qoyur. Qəmküsar böyük həvəslə
bu jurnalla əməkdaşlıq etmiş və milli
ziyalılığın başlıca vasitəsi olan qəzetçilik
fəaliyyətini onunla bağlamışdı. Jurnala
qoşulan Əliqulu Qəmküsar möhtəşəm qəzetçilik
fəaliyyəti göstərərək böyük
şöhrət qazanmışdı. Mirzə Cəlilin də
xatırladığı kimi, Qəmküsar burada
"Xadimi-millət", "O taylı", "Cüvəllağı",
"Cüvəllağı bəy", "Sarsaqqulu bəy"
və başqa imzalarla yazırdı. Ə.Qəmküsar
bu jurnalın ikinci redaktoru kimi də çıxış
etmiş, uğurlarına yeni səhifələr
yazmışdı. 1913-cü ildə Mirzə Cəlilin təklifi
ilə Qəmküsar jurnalın ikinci redaktoru olmuş və
bu fəaliyyət jurnala canlanma və fəallıq
qazandırmışdı. Təsadüfi deyildi ki, ədəbi
dövrün başçısı, "Mollanəsrəddinçi"
hərəkatın sərkərdəsi kimi böyük
şöhrət qazanan Cəlil Məmmədquluzadə
yaxın dostu və silahdaşı Əliqulu Qəmküsarın
ölümündən sonra haqqında yazdığı
"Əliqulu Nəcəfov" və "Əliqulu Qəmküsar"
kimi məqalələrində onun ədəbi istedadı, yeri
və çəkisindən ehtiramla söz açıb.
Əliqulu Qəmküsar
Azərbaycan ədəbiyyatında daha şox satirik şair və
publisist ədib kimi məşhurlaşıb. Hər iki halda Ə.Qəmküsarın bu şöhrətə
çatmasında ədəbiyyat və mətbuat tariximizdə
Cəlil Məmmədquluzadə kimi şöhrətli, peşəkar,
qüdrətli bir sənətkar-ədibin və publisistin
adı ilə bağlı olan yenitipli satira və "Molla Nəsrəddin"
dərgisi rol oynamışdır. Əliqulu Qəmküsarı,
o cümlədən, Əli Nəzmini, Mirzə Ələkbər
Sabiri və başqalarını Cəlil Məmmədquluzadənin
"əsl "Molla Nəsrəddin" şairini
axtarmaq" cəhdinin nəticəsi hesab etmək olar.
Ümumiyyətlə, bir çox tədqiqatçı və ədiblərin
də etiraf etdikləri kimi, Azərbaycan ədəbiyyatı və
mətbuatında Cəlil Məmmədquluzadənin
başlatdığı yeni ədəbi, publisist yolun
işığında Əbdürrəhim bəy Haqverdiyev, Məmməd
Səid Ordubadi, Üzeyir bəy Hacıbəyov, Əliqulu Qəmküsar
və digər şöhrətli ədiblər yetişib
ortaya çıxmışdılar.
Qəmküsar həm
də fədakar teatr xadimi kimi tanınıb.
Naxçıvanda teatrın yaranıb kamala yetməsində bu
fədakar şəxsiyyətin misilsiz xidmətləri var idi.
Hər şeydən əvvəl Əliqulu Qəmküsarın
adı çəkiləndə Cəlil Məmmədquluzadənin
dünyalarca məşhur "Ölülər" əsərinin
baş qəhrəmanlarından olan Şeyx Nəsrullahın
ölməz obrazını yaradan bacarıqlı bir aktyor yada
düşmüş olur. "Ölülər" əsərinin
tamaşa həyatına ölməzlik qazandıran amillərdən
biri də onun məşhur Şeyx Nəsrullah obrazının
ifaçısı Əliqulu Qəmküsar idi.
"Ölülər"in Naxçıvanda, Bakıda, Gəncədə
və Azərbaycandan kənarda - Aşqabadda, Daşkənddə,
Səmərqənddə, Kazanda, Həştərxanda,
Vladiqafqazda və Dərbənddə tamaşaya qoyulması
Şeyx Nəsrullahın mahir ifaçısı kimi
Əliqulu Qəmküsara böyük şöhrət gətirmişdi.
Özünün yaradıcı təxəyyülü,
böyük satira ustası və mollanəsrəddinçi ədib,
bənzərsiz ziyalı olmasından irəli gəlirdi ki,
qüdrətli şair obrazını oynadığı tipin
bütün psixoloji, mənəvi keyfiyyətlərinə hali
idi və xarakterin yaradılmasında da mükəmməl
nümunə göstərmişdi. Dövrün görkəmli
dramaturqlarından olan Nəcəf bəy Vəzirov
"Kaspi" qəzetində dərc olunan məqaləsində
Ə.Qəmküsarın "Şeyx Nəsrullah"
obrazını yaradarkən sərgilədiyi məharəti nəzərdə
tutaraq yazmışdır: "Özümü güc ilə
saxladım. Az qalmışdı qışqıram:
Əclaf!" O dövrün "Açıq söz" qəzetində
də tamaşa barədə bəhs olunaraq deyilirdi: "Belə
təsirli səhnələrin nəticəsi idi ki, hər pərdənin
arxasında müəllif cənabları alqışlarla səhnəyə
çağırılır və təbrik edilirdi". Ə.Qəmküsarla birlikdə
Naxçıvanda "Ölülər"in tamaşaya
qoyulmasında iştirak edən İsgəndər rolunun
ifaçısı məşhur teatrşünas və rejissor
Rza Təhmasib də yazacaqdı ki: "Şeyx Nəsrullah
rolunun mən bir çox ifaçılarını
görmüşəm. Lakin açıq deməliyəm ki,
heç kəs islamiyyəti dərindən bilən,
mollaların həyat və psixologiyasına yaxşı bələd
olan bu xırda cüssəli adamdan üstün tutula bilməz".
Ümumiyyətlə, Şeyx Nəsrullah rolunun
ifasındakı məharətin bənzərsizliyini
çoxsaylı simalar görmüş və heyranlıqla təsdiqləmişdilər.
Sənətşünas Ə.Qəhrəmənovun
yazdığı kimi, "bu alqışların əsası
Mirzə Cəlilin qələminin sayəsində idisə, digər
tərəfdən Şeyx Nəsrullah rolunu bənzərsiz
şəkildə oynayan Əliqulu Qəmküsarın və
tamaşanın digər iştirakçılarının
müvəffəqiyyəti idi". Şairin qızı Qəmər
Salamzadənin də böyük şairin dilindən deyilənləri
xatırladığı kimi, Şeyx Nəsrullah
obrazının məharətli ifası elə bir əks-səda
yaratmışdı ki, ruhanilərin fitvası ilə
Əliqulu Qəmküsar küçədə möhkəmcə
döyülüb Bazarçayına atılmışdı.
Bundan əsla narahat olmayan şair dilə gətirmişdi ki, mən
elə bilirdim ki, məni döymürlər, başımı
tumarlayırlar. Əliqulu Qəmküsarın, teatrın
inkişafındakı xidmətləri misilsiz idi. Onun təşəbbüsü
ilə 1917-ci ildə Naxçıvanda yaranan "El
güzgüsü" dram cəmiyyəti də bu sahədə
böyük işlərə imza atmışdı. Ümumiyyətlə
isə, akademik İ.Həbibbəylinin də
yazdığı kimi, Ə.Qəmküsar 1910-cu ildə
Culfada teatr truppasına rəhbərlik etmiş, M.F.Axundzadənin
"Müsyö Jordan və Dərviş Məstəli
şah" komediyasını, Ə.Haqverdiyevin "Bəxtsiz
cavan", "Dağılan tifaq" faciələrini
tamaşaya qoymuşdur.
Böyük satira
ustası Əliqulu Qəmküsar 1919-cu ilin martın 14-də
mübhəm bir hadisə nəticəsində dünyaya
gözlərini yumub. Hansısa xain bir sifarişin nəticəsində
açılan "qorodovoy gülləsi" böyük
şair, qüdərtli satirik, məharətli aktyor, ölməz
teatr xadimi, xalqına və millətinə bağlı bir
şəxsiyyətin ölümünə səbəb
olmuşdu. Akademik İsa Həbibbəylinin fikirlərilə
desək, bu qüdrətli satirik şairin taleyi də
ömürlərini oxşar hadisələrlə başa
vurmuş Firidun bəy Köçərli, Məhəmməd
Hadi, Abbas Səhhət, Hüseyn Ərəblinski və
başqalarınkı kimi tamamlanmışdı. Amma bir məqam
dəqiqdi ki, onun ictimai fikirdəki, ədəbi mühitdəki,
mədəni səviyyədəki istisnasız nəhəng
yeri, xidmətləri və təsiri onu çəkə bilməyənlərin
qərəzi ilə qarşılanmışdı.
Çünki onun fitri istedadı ilə bərabər, fəal,
qətiyyətli və kəskin mövqeyi çox qüvvələri
narahat etmişdi.
Böyük ədəbiyyatşünas
alim A.Zamanovun da dediyi kimi, "Əliqulu Qəmküsar
böyük ədəbi irs qoyub getməsə də, xalq səadəti
uğrunda fədakar mübarizəsi və təvazökar
yaradıcılığı ilə XX əsr ədəbiyyatımızın
tarixində müəyyən izlər buraxmışdı. XX əsr
Azərbaycan ədəbiyyatının tarixində, xüsusən,
"Molla Nəsrəddin" jurnalının nəşri və
mübarizəsi tarixində Əliqulu Qəmküsarın
adı həmişə hörmətlə yad ediləcəkdir".
Mollanəsrəddinçilikdə malik olduğu nüfuz və
fəallığına görə idi ki, qocaman
yazıçı, "Molla Nəsrəddin"in Mozalan bəyi
Əbdürrəhim bəy Haqverdiyev Qəmküsar haqqında
hörmətlə yazırdı: "Nəcəfzadə
qabil, mövzu təbli, dərin iltifatlı və son dərəcədə
hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi
əşar onun hafizəsində idi. Onun ikinci redaktor olması
jurnalı ("Molla Nəsrəddin" jurnalı nəzərdə
tutulur - R.Q.) daha da ruhlandırdı... Əliqulu Nəsəfzadəyə
dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin
ürəyinə dəydi. Ona mən "Molla Nəsrəddin"
məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm
və cürətlə də bu sözü deyirəm. Heyf
olsun bivaxt əlimizdən gedən rəfiqimizə ki, həmişə
qədirşünas dostlarının ürəyində
diridir". Elə nakam şairin yaxın dostu və silahdaşı
görkəmli fikir adamı Cəlil Məmmədquluzadənin
bu fikirləri də Əliqulu Qəmküsar haqqında təəssüratları
bu nikbin, ümidverici ruhla tamamlayır: "Nə qədər
ki məcmuəmizin adı söylənilir, onun əziz və
qiymətdar qələm yoldaşlarının qabaq
sırasında Əliqulu Qəmküsarın - Cüvəllağı
bəyin adı həmişə zindəbad
alqışları ilə zikr olunacaq".
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-26 fevral.-S.21