"Köpək" filminin uğursuz taleyi
1895-ci il ilk film
nümayiş olunandan bu günə kimi dünya film sənayesi
böyük inkişaf yolu keçib. Filmlər
üçün ayrılan büdcələr
artırılıb, yeni çəkiliş formaları sənaye
texnikasının inkişafına gətirib
çıxarıb.
Filmin, kinonun cəmiyyətin
inkişafına təsiri şübhəsizdir. Məhz buna
görə də zaman-zaman bu sahədə senzuraya ehtiyac
yaranıb. Kino yarandığı gündən geniş
tamaşaçı kütləsi üçün nəzərdə
tutulmuş elə filmlər də olub ki, seksual, dini, siyasi, ya
da sosial səbəblərdən senzuraya, qadağalara məruz
qalıb. Belə senzura və qadağalar hələ səssiz
kinonun zamanlarından tətbiq olunmağa başlayıb.
Kino tarixində bu
günə kimi nə qədər filmin bu cür senzura və
qadağalara məruz qaldığını demək
mümkün deyil. Dünya kinematoqrafiyasında
ayrı-ayrı ölkələrdə qadağan olunmuş filmlərə
misal olaraq "Hannibal soyqırımı",
"Ovsunçu", "Şeytan öldü",
"Anadangəlmə qatillər", "Serbiya filmi",
"Skum", "Qırxayaq 2", "Qrotesk", "Texas
kütləvi qırğını", "Miki" və
sair kimi filmləri misal göstərə bilərik. Vəhşət,
qətliam, şiddət və qorxunun həddindən artıq
çoxluğu ilə əlaqədar psixoloji travma
yaradacağı ehtimal olunan bu filmlərin dünyanın
müxtəlif ölkələrində nümayişinə
qadağalar qoyulub.
Bu gün isə
Amerika Bədii Filmlər Assosiasiyasının Qiymətləndirmə
və Kodlaşdırma Administrasiyası ekran əsərlərini
senzuraya məruz qoymur, kadrların kəsilib-çıxarılmasını
tələb etmir. Çünki onlar filmlərə xüsusi
şifrələr verirlər. Auditoriya filmin şifrəsinə
baxaraq, ekran əsərinin mahiyyəti haqda təsəvvür əldə
edə bilir. Məsələn, "G" şifrəsi hər
yaşda olan tamaşaçılar üçün nəzərdə
tutulmuş filmlərdir. "PG" şifrəsini
almış filmə baxmaq üçün uşaqlar valideynlərinin
razılığını almalıdırlar. Çünki
bu filmlərdə bəzi kadrlar uşaq auditoriyası
üçün ifrat açıq və ya sərt ola bilər.
"PG-13" kodlu filmə yaşı 13-dən
aşağı olan uşaqlar baxa bilməzlər. "R"
kodu o deməkdir ki, əgər 17 yaşı tamam
olmamış yeniyetmə bu filmə baxmaq istəyirsə,
mütləq kinoteatra valideynləri ilə birlikdə gəlməlidir.
"NC-17" kodu ümumiyyətlə, bu filmə 17
yaşına çatmamış yeniyetmələrin
baxmasına qadağa qoyur. Və nəhayət, "X" kodu
filmin reklamından tutmuş kinoteatrlarda, efirdə
nümayişinə qədər hər şeyə qadağa
qoyur.
Azərbaycanda
qadağan olunan filmlər
Bəs görəsən,
Azərbaycanda bu sahədə vəziyyət necədir?
Telekanallarda, kinoteatrlarda nümayiş olunan filmlərə
ölkəmizdə hansı məhdudiyyətlər qoyulur?
Ümumiyyətlə, məhdudiyyətlər, senzura
olmalıdırmı? Təbii ki, Sovet hakimiyyəti
dövründə bütün yaradıcı sahələr
kimi film sənayesi də ciddi təzyiqlərə, senzuraya məruz
qalıb. İndi isə Azərbaycanda filmlərin dövlət
reyesteri var. Filmin hansı kateqoriyaya aid olması müəyyən
edilir. Bunu müvafiq qurum həll edir ki, hansı yaş
kateqoriyalı tamaşaçı üçün nəzərdə
tutulub. Nəticədə qadağan olunmuş mövzu və
filmlər heç bir maneəsiz yayımlanır.
Pornoqrafiyanı, zorakılığı təbliğ edən,
dini, irqi dözümsüzlüyü olan, qanuni hakimiyyəti
devirməyə səsləyən filmlər qeydə alına
bilməz. Bir məqam da var ki, distribyutorlar bəri başdan
hansı filmin qadağan oluna, ya da narazılığa səbəb
ola biləcəyini təxmin edirlər. Ona görə də
belə filmləri birmənalı şəkildə Azərbaycana
gətirmirlər.
Azərbaycanın
öz istehsalı olan filmlər də var ki, ya nümayişinə
qadağa qoyulub, ya da çəkilişlərdən sonra fərqli
səbəblərdən üzə
çıxarılmayıb. Həmin filmlərə misal olaraq
"Köpək", "Dağıdılmış
körpülər", "Ehram Tv" və
başqalarını misal göstərə bilərik.
ABŞ və Azərbaycanın
birgə istehsalı olan "Dağıdılmış
körpülər" 1996-cı ildə rejissor Rafiq
Puyyanın quruluşunda lentə alınıb. Ssenari müəllifi
Rüstəm İbrahimbəyov, Rafiq Puyya olan ekran işində
baş rolları Piter Rekel (Cef Vəlizadə), Rebeka Buş
(Suzan), Fatimə İbrahimbəyova (Ceyran), Bəhruz Vüsuqi
(Maykl) və başqaları canlandırıblar. 1996-cı ildə
çəkilən filmin ilk baxışı 19 noyabr
2004-cü ildə baş tutub. Filmin süjeti oğulun ana
haqqında xatirələri əsasında qurulub. Ana ilə
balanı isə bütöv Azərbaycanı iki yerə -
şimal və cənuba bölən sərhəd
ayırır. Anası Cənubi Azərbaycandan olan Cef Vəlizadə
yaşadığı ABŞ-dan Azərbaycana gəlib film
çəkmək fikrinə düşür. Burada onu
maraqlı hadisələr və sürprizlər gözləyir.
Ekran əsərinə bir sıra sənədli materiallar da əlavə
olunub, "Nyu Vörld Order" (New World Order)
mahnısından istifadə edilib. Bu film Azərbaycan efir məkanına
çıxarılmayıb, televiziyalarımızda
nümayiş etdirilmir.
Rejissor Ayaz Salayevin
quruluşunda lentə alınan "Ehram Tv" filmi 2009-cu ildə
çəkilib. Filmin adı sonradan dəyişdirilərək
"Üçbucaq Tv" adlandırılıb. Rejissorun
sosial-kulturoloji film adlandırdığı ekran əsəri
ilə bağlı ilk gündən söz-söhbət
yarandı, mətbuatda filmdə siyasi məqamlar olduğuna
görə Mədəniyyət Nazirliyi tərəfindən
qadağalar olduğu yazıldı. Ayaz Salayev, filmin çəkildiyi
"Azərbaycanfilm" kinostudiyası və nazirlik
iddiaları təkzib etsələr də, ekran əsəri bu
günə kimi nümayiş etdirilməyib.
Bəxtsiz
"Köpək"
Azərbaycan kinematoqrafiyasında
qadağalı filmlər deyəndə ilk ağıla gələn
sözsüz ki, "Köpək" filmidir. 1994-cü ildə
Azərbaycan kinosunun ən böyük uğuru kimi doğulan
"Köpək" elə beşikdəcə boğuldu,
televiziyalarımızda nə səsi eşidildi, nə efir
üzü gördü. Rejissor Tofiq Tağızadənin son
filmi olan "Köpək" ehtiyac üzündən, bir
parça çörək möhtaclığından köpəyə
dönmüş yazıq insanların faciəsindən bəhs
edir. Qarınlarını doyurmaq üçün iş axtaran
bir qrup insan aldadılaraq qul kimi işləməyə, tabe
olmağa, satqınlığa, yaltaqlığa məruz
qoyulur. Əvvəlcə dirənən, qürurunu yendirməyən
insanlar sonradan bir dilim çörək ucbatından hər
şeyə tabe olmağa məcbur qalırlar. Eyni zamanda,
"Köpək"də insanın insan kimi qalması, bu
uğurda mübarizəsi təsvir olunur. Filmin
quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi
Loğman Kərimov, rəssamı Mayis Ağabəyov,
quruluşçu operatoru Rafiq Quliyevdir. Rolları Məmməd
Səfa, Fuad Poladov, Muxtar İbadov, Nuriyə Əhmədova,
Yaşar Nuri və başqaları ifa edirlər. Film sovet
hakimiyyətinin mənzərəsini əks etdirir. Ssenari absurd
janrında yazılıb. Filmin qayəsini sovet hakimiyyətindəki
mənfi hallar, insanların incidilməsi, repressiyaya məruz
qalması, bəzi insanların şəxsi mənafelərinə
görə satqınlıq etməsi və s. təşkil
edir. Filmdə konkret insan və məkan adları yoxdur.
Çünki bu, həm də bəşəri mövzudur.
Tamaşaçı filmi izləyərkən kimin insan, kimin
köpək olduğuna özü qərar verir. Ssenarinin
özündə obrazların adları sifətlərlə əvəz
olunub. Məsələn, boynuyoğun, satqın və s.
Loğman Kərimov
filmin ssenarisini təxminən 1988-1989-cu illərdə
yazdığını deyir. O illərdə, daha dəqiq desək,
1988-ci ildə Bakıda tələbələrin,
ziyalıların iştirakı ilə Sovet hakimiyyətinin
xalqımıza qarşı apardığı anti - azərbaycan
siyasətinə etiraz əlaməti olaraq "Azadlıq"
meydanında başlayan mitinqlər "Köpək"
filminin ssenarisinin yazılmasına təkan verir. Eyni zamanda, qəzetlərin
birində oxuduğu bir xəbər də ssenariyə təsirini
göstərir. Həmin xəbərdə deyilirdi ki,
hansısa xarici ölkələrin birində kimlərsə
adada öz hakimiyyətlərini elan edərək insanları
qul kimi işlədirlər. Hökumətin də sən demə,
bu hadisədən xəbəri yox imiş.
"Köpək"
filminin bir çox epizodları Bakıda çəkilib.
Köpək damları Azərbaycan kinostudiyasının həyətində
qurulub. Fəhlələrin işlədiyi, daş
daşıdığı səhnələr Şamaxı
yolundakı düzəngahda lentə alınıb. Filmdə
iştirak edən qara köpək 18-19 dəfə Azərbaycan
çempionu olub.
Film
üçün xüsusi musiqi yazılmayıb. Filmdə
dünya klassik musiqisindən, Ennio Morikkonenin "Xaç
atası" filminə bəstələdiyi musiqidən istifadə
olunub.
Xalq artisti Məmməd
Səfanın canlandırdığı baş qəhrəman
hər vəchlə bu bərbad məkandan qaçmağa,
canını və qürurunu xilas etməyə
çalışır. Amma nə qədər getsə də,
yenə də eyni yerdən uzaqlaşa, qaça bilmir və
başa düşür ki, buradan qaçmaq
qeyri-mümkündür. Sovet dövründə də belə
idi. Hakimiyyətə tabe olmayıb qürurunu qorumaq istəyənlər
xalq düşməni elan edilir, həbsə atılır,
sürgünə göndərilirdi. Onları satanlar isə elə
öz ətrafındakılar, onlarla eyni taleyi yaşayanlar idi.
Filmdəki baş qəhrəmanı satan satqın obrazı
kimi. Mərhum Xalq artisti Yaşar Nurinin
canlandırdığı bu obraz öz faciəsini öz
diliylə ifadə edir, "mən də çox dirəndim,
amma tabe olmaqdan başqa yolum yoxdur" - deyir, onlara sədaqətlə
xidmət etdiyini sübut etmək üçün onu
satacağını öncədən bildirir. Hətta bu obraz
sədaqətinə görə itlər cəmiyyətinə
üzv qəbul edilir və "Köpək medalı" ilə
təltif olunur. Filmin ssenarisinin başqa bir səhnəsində
iş axtaran insanları avtobusla düzənlik əraziyə gətirirlər.
Fuad Poladovun ifa etdiyi obraz uzaqdan onlara yaxınlaşır. O, hər
addım atdıqca siması dəyişir, gah Stalin, gah Hitler,
gah da Qorbaçov olur, daha sonra öz simasını alır.
Tofiq Tağızadə filmi çəkərkən bu hissədə
də dəyişiklik edib.
Filmin əvvəlində
qəhrəmanın uşağın istəyi ilə it olub
hürməsi epizodu rejissorun tapıntısı kimi mükəmməldir.
Həmin anda bunu bir balacanın könlünü xoş etmək
üçün həvəslə, sevə-sevə eləyən
qəhrəman sonra bütün film boyunca təzyiqlərlə
məruz qalır və məhz bu vasitə ilə
alçaldılır. Deməli, hərəkətlərimizin əsas
mahiyyəti düşdüyümüz situasiyadan
asılıdır.
"Köpək"in montajı bitən
vaxtlarda filmin sponsoru müflis olur, ona görə də film
nümayiş edilmir. Ümumi qənaət isə belədir
ki, keçid dövrü, zamanın iqtisadi çətinlikləri
və sponsorun müflisləşməsi bitmiş bir filmin
nümayişinə və tamaşaçıya
çatdırılmasına mane olub. Film, səhv etmiriksə,
yalnız bir dəfə Orxan Fikrətoğlunun ATV-də
yayımlanan "Filmin sonu" proqramında nümayiş
olunub. Təəssüf ki, ondan başqa heç bir kanalda,
kinoteatrda "Köpək" filmi bu günə qədər
göstərilməyib.
"Köpək"
filminin göstərilən səbəblərdən başqa,
izləyicidə yarada biləcəyi psixoloji travmaları da nəzərə
alsaq, efir məkanlarında və kinozallarda nümayiş edilməməsini
anlamaq heç də çətin deyil. Bütün hallarda
peşəkarların, mütəxəssislərin yenidən
bu filmə müraciət etməsi və dəyərləndirməsi
mümkündür. Mövzusunun ağırlığına və
uzun illərdir uğursuz taleyinə baxmayaraq, "Köpək"
filmi rejissor işi, aktyor oyununa görə yenə də Azərbaycan
kinematoqrafiyasında özünəməxsus yer tutan filmlər
sırasındadır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-26 fevral.-S.18