Sirrin ölümündən sonra baş verənlər
"Sirr də adam
kimi doğulur, adam kimi yaşayır və adam kimi yox olur. Amma
belə olarkən adamdakı kimi sirrin ruhu da cismi ilə əlaqəsini
adamın ölümündən sonra bilmərrə kəsməlidir.
Halbuki sirrin ruhu ölümdən sonra da yaşamağına
davam edir. Bəs əgər belə isə sirrin ruhunun sərgüzəşti
sirrin ölümündən sonra necə baş verir?.."
Görkəmli
yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti"
romanı reallıqla miflərin
çulğalaşdığı möhtəşəm bir əsərdir.
Hadisələr
paralel dünyalarda baş verir. Qədim əyyamlarda güzəran
keçirmiş Hacı Mir Həsən Ağa Səyyahla
çağdaş dünyada yaşayan Həsən müəllim
arasında qəribə rabitə yaranır.
Həsən müəllim
yaddaşını itirib, heç kimi xatırlamır. Kamal
Abdullanın məşhur şeirlərindən birinin son
misraları - ən duyğusal vaxtlarımda
xatırladığım bu sözlər yenidən
yaddaşıma qayıdır:
Kimsə yox
xatırlamağa
Unutmağa da kimsə
yox.
Həsən müəlimin
də unutmağa kimsəsi yoxdur, çünki heç kimi
xatırlamır. Hətta bir vaxtlar incə hisslərlə
sevdiyi mərhum ömür-gün yoldaşı Bəyimi,
günlərin bir günü sirli şəkildə
özünə qəsd edən Gülzarı, atasının
yaddaşını qaytarmaq üçün bir məqamda
dastan yaddaşına pənah aparan qızı Həliməni
də... Amma genetik yaddaş vaz keçmək niyyətində
deyil. Həsən müəllim fərdi yaddaşını
xatırlamadığı vaxt genetik yaddaş onun beynini
keçmişin informasiyalarıyla (sirli işarə və
simvollar, şüuraltı mətnlərlə) yükləyir.
Gecənin bir aləmində
Həsən müəllimin gözləri qarşısında
ərəbcə yazılar peyda olur. Beləliklə, qəhrəman
sirli bir yola çıxır. O yola hələ yüzillər
qabaq Hacı Mir Həsən Ağa Səyyah
çıxmışdı. Əslində, bu, Həsən
müəllimin və ya Səyyahın deyil, sirlərin sərgüzəştidir.
İnformasiyanı
genetik kodlarla alan Həsən müəllim keçmişin bu
sirrindən xəbərsizdir. Heç Səyyahın da gələcəyin
bu sirrindən xəbəri yoxdur, o Səyyah ki, uzaq bir zamanda və
məkanda oturub xudanın və insanların sirlərini
çözələyir.
Hacı Mir Həsən
Ağa Səyyah öz dövrünün son dərəcə
elmli coğrafiyaşünası və kamil mətnşünasıdır,
hamı ona sevgi və rəğbətlə yanaşır,
amma son vaxtlarda Səyyahla onun ətrafındakı insanlar
arasında sirli vaqeələr baş verməyə
başlayıb. Belə ki, Səyyah onların sirlərini
yazacağını deyib, ya da bu, adamlara qəribə bir sirlə
faş olub.
"Bir var Sirri - əzəm,
sirri - Xuda, sirri - ali.
Bir də var
qonşu Həzrətqulunun sirri.
Mənim istədiyim
elə bir risalə yazıb ərsəyə gətirməyim
idi ki, onun içində hər şəxs öz sirrinə, ən
vacibi bu sirrin səbəb və nəticəsinə vaqif olsun.
Bizim bu risalə
"sirri - Xuda" deyilən sirr barəsində deyildir. Bizim
bu risalə, qonşularımızın, tacirlərimizin, kargərlərimizin,
kəndçilərimizin, dərvişlərin, şeyxlərin,
vəzir-vükalənin, padşahların, əlqərəz,
sevənlərin və sevilənlərin sirridir.
Və bu sirlər
donmuş, yatmış halətdə gözümüzə
görükmürlər, onlar hərəkətdə, fəaliyyətdədirlər.
Onların öz macərası, sərgüzəşti
vardır. İlahidən mənə elə bir güc verməsini
təvəqqe edirəm ki, mən bu macəranı, sirlərin
sərgüzəştini olduğu kimi qələmin ucuna gətirə
bilim. Daim uca olan Allahın adı ilə..."
"Sirlərin sərgüzəşti"ndə
Kamal Abdullanın möhtəşəm tədqiqat əsəri
olan "Gizli və aşkar Dədə Qorqud"un elementlərini
görürəm. Bu əsəri hər zaman heyranlıqla
oxumuşam və "Dədə Qorqud dastanı"yla
bağlı demək olar ki, bütün yazılarımda bəhrələnmişəm.
Müəllif "Gizli və aşkar Dədə Qorqud"da,
obrazların bəlkə heç Mifin də ağlına gəlməyən
özəlliklərini açır.
"Sirlərin sərgüşəşti"ndə
Mİf yenə sınağa çəkir, qəhrəmanın
nəyi xatırlayıb, nəyi
xatırlamadığını sınayır.
Çünki həqiqətə
çatmağın yolu yazıçının dediyi kimi,
cavabdan yox, sualdan keçir.
Məsələn,
bu əsərdə Təpəgöz, dastandakı
obrazından fərqli olaraq mərhəmətlidir, rəhmdildir,
adamları yedikdən sonra bəzən göz yaşı da
tökür. Hansısa məqamda Mif yenə özünə bəraət
qazandırır.
Həsən müəllimin
öz qızı Həliməni "Dədə Qorqud"
dastanındakı mətləblərlə bağlı
sorğu-suala çəkməsi, əslində, öz
yaddaşını qaytarmaq cəhdi deyil, onu yaddaşa qaytarmaq
istəyidir. Həsən müəllim əcdad kultunu ifadə
edir. Onun dastandakı vaqeələri sorğuya çəkməsi
gələcək nəsillərin yaddaşını
sınamaq istəyindən qanaqlanır.
Həsən müəllimin
epizodların birində Həliməni yad bilib hədələməsində
də bir mistik ovqat var.
Oljas Süleymen
"Az i ya" əsərində də həmin o yaddaş
fenomenindən bəhs edirdi. "Qəribə olur insan
yaddaşı. 13-cü əsrdə monqollar
qıpçaqları yer üzünə səpələmişdilər.
Onların bir hissəsi Macarıstana pənah apardı. 20-ci əsrdə
onlar artıq öz dillərini, öz adlarını
unutmuşdular. Ancaq hansı sehrli qüvvəsə onları
bir yerə sığmalayırdı. Onlar xristian kilsəsində
ibadət etdikdən sonra heç kəsin başa düşmədiyi
bir duanı xorla oxuyurdular. Tenqri, amen! Tenqri amen!"
"Sirlərin sərgüzəşti"ndə
qədim əyyamlarda ovsun nəğmələrində adı
keçən "Gün buralara, kölgə dağlara"
deyiminin çağdaş zamanda bir məktəb şagirdinin
qeyri-ixtiyari dilə gətirməsi yaddaş kodlarının təzahürüdür
(Yazıçının dil və üslub sənətkarlığından
soraq verən bu ifadə obrazlılıq və bədiilik
baxımından bir daha yaşarılıq haqqı
qazanır).
Yaddaş, xatirələri
geri çağırmaqdır. Həsən müəllimin
yaddaşını itirdikdən sonra funksiyası
ayrı-ayrı yaddaş fraqmentləriylə
bütövlüyü bərpa etməkdir. Hansısa bir dastan
elementi onu qeyri-ixtiyari yaddaşa qaytarır. Məsələn,
əsərin sonlarında onun özünü xəyali meşədə
görməsi və ona əl edib çağıran ağaca
tərəfə getməsi əslində, qəhrəmanın
genetik yaddaşa qayıtmasıdır...
Yaddaş şəxsiyyətin
qəyyumu rolunu oynayır və onun itkisi şəxsiyyətin
məhvi deməkdir. İnsan genetik kimliyini dərk etmədən
yaşaya bilməz. Ona görə Həsən müəllimin ətrafındakı insanlar -
öz mənəvi kimliyini dərk etmədən, yalnız
maddi çıxarları üçün yaşayan Zaur,
Şahin, Əliqismət və digərləri mənəvi
uçuruma yuvarlanırlar. Çünki əslində,
yaddaşsızlığın böhranını yaşayan Həsən
müəllim deyil, mənəvi kimliyini itirmiş
insanlardır. Sonda bu gerçəkliyi dərk etmək
"amansız həqiqətin" gəlişiylə
barışmaqdır.
"Sirlərin sərgüzəşti"ndə
mif və reallıq çulğalaşır, hansının
mif, hansının gerçək olduğunu müəyyən
edə bilmirsən, hətta bir məqamda oxucu özü də
yaddaşını itirmiş kimi olur. Bu yaddaşın itməyi
həm də yaddaşın qayıtmasıdır,
çünki yazıçının dediyi kimi, düzənsizliyin
özündə də bir düzən var.
Əsərdə
mifik bir element olan tutuquşu da maraqlı obrazdı. O, müqəvvadı,
amma ara-sıra, gözlərini parıldadıb nələrsə
söyləməyə macal tapır. Qəhrəmanın
gözünəmi belə görünür, yoxsa uzaq əyyamlarda
bu sirli quş Səyyah üçün hansısa mistik mənanı
ifadə edirdi, - deyə bilmərik, hər halda əsər boyu bu
simvolik obraz qəhrəmanı müşayiət edir, o, hər
kəsdən, hətta özündən də qaçmaq
üçün çıxdığı səfərdə
yalnız bu müqəvvanı özüylə
götürür.
Tutuquşu
obrazı qədim mifoloji mətnlərdə ara-sıra
qarşımıza çıxır. Miflərdə
tutuquşu canlı həmsöhbət, sirdaşdır, bir
çox hallarda isə Tanrı sözünü ehtiva edir. Məsələn,
XV əsrdə yaşamış alman rəssamı Martin
Şonqauerin Müqəddəs Məryəmlə İsanı
təsvir etdiyi rəsm əsərində tutuquşu Tanrı
sözünü ifadə edir.
Rəsm əsərlərindən
söz düşmüşkən, meksikalı rəssam Frida
Kalonun bir avtoportretini xatırladım. Müəllif də, əsərin
qəhrəmanı kimi mənəvi böhran keçirərkən
tutuquşuyla təmasda olur. Rəssam bu tablonu atasının
ölümündən az sonra çəkib. O ərəfədə
Frida şəxsi həyatında da problemlər
yaşayırdı. Hər şeyini itirmiş, pərişan
halda olan qəhrəmana tutuquşular hüzur və dinclik bəxş
edir.
"Sirlərin sərgüzəşti"ndə
böhranlı çağında qəhrəmanı
müşayiət edən tutuquşu mifik və estetik element
kimi diqqəti çəkir. Bu obraz qəhrəmanın ruhi vəziyyətini
ifadə edir, eyni zamanda, mövzunun tematikasını
tamamlayır.
Əsərdə hər
fəslin öz sirr qatı, öz təhkiyəsi var, oxucunun
qarşısında yeni dil qatları açılır. Sanki
müəllif doğrudan yeni fəslə daxil olur.
Deməli, heç
nə yox olmur, heç nə itmir, hər bir sirr tarixin
hansısa qatında yenidən üzə çıxır,
sirr kimi qalmağı həmin nəsnənin yaşamasına
xidmət edir, axı sirrin açılması onun itməsi
deməkdir, yaddaş isə itirməyi sevmir.
Beləcə, sirlər
müstəqil hərəkət edir, səyahət edir,
zamandan-zamana adlayır, böyük həqiqətlər sirr
cildində gəlib hansısa zamanda üzə
çıxır...
Son nəhayətdə
Hacı Mir Həsən Ağa Səyyah da Həsən müəllim
kimi insanların amansızlığıyla üzləşir,
insanlar ona dönük çıxır, onu daşlayır,
yerindən-yurdundan didərgin salırlar. Bəlkə də Səyyahın
son nəhayətdə özünə qayıtması, öz içinin
nurunda özünü dərk etməsi üçün bu,
yaddaşın bir priyomudur.
Sonda Həsən
müəlimin yaddaşdan qaçmaq istəyini Dədə
Qorqudun əcəldən qaçmasına bənzədirəm.
Dədə Qorqud əcəldən qaçmağın
mümkün olmadığını anladığı kimi, Həsən
müəllim də yaddaşdan qaçmanın
mümkünsüzlüyünü dərk edir. Amma bir məqam
da var ki, bu, öldürmür, bu, yaşadır...
Günel NATİQ
525-ci qəzet.-26 fevral.-S.15