Xəzər
qonşumuz Qazaxıstan
Məlum olduğu kimi, Azərbaycan
Respublikası quruda beş ölkəylə həmsərhəddir:
Rusiyayla, Gürcüstanla, Ermənistanla, Türkiyəylə,
İranla. Dənizdə isə, dörd ölkəylə
qonşuyuq: yenə də Rusiya və İranla, bir də iki
türk dövlətiylə Türkmənstanla, Qazaxıstanla.
Azərbaycan Prezidenti İlham Əliyev
deyir: "Qazaxıstan
bizimçün Manqustaudan başlanır. Manqustau
Qazaxıstanın qərb qapılarıdır, bu ən
yaxın xaricdir. Xəzər - iki qardaş dövləti
qovuşduran faktordur".
Bugün Manqustauda 4 min azərbaycanlı
yaşayır, ümumiyyətlə isə, bu qardaş ölkədə
soydaşlarımızın sayı 130 mindən
artıqdır.
Qazaxıstan mənimçün doğma
ölkədir. Keçən il sentyabrın 4-dən 6-sına
qədər Nur-Sultan (keçmiş Astana) şəhərində
keçirilən Yazıçılar Forumuna dəvət
olunmuşdum.
Bu qardaş məmləkətə
beşinci səfərimdi. Hələ Sovet vaxtında Alma-Atada
olmuşdum, müstəqillik dövründə Ulu Öndər
Heydər Əliyevin başçılıq etdiyi heyətin tərkibində
Alma-Atada Abay yubileyində iştirak etmişəm, Astanaya
(Nur-Sultana) isə üçüncü səfərim idi.
2012-ci ilin noyabrında Astanada
keçirdiyim günlər yaddaşımdan heç vaxt silinməyəcək
xatirələrlə yaşayır. O il bu uzaq qarlı şəhərdə
mənə "Türk dünyasında ilin ədəbiyyat
adamı" nişanı təqdim edilmişdi. Bu səfər
Qazaxıstanın ilk Prezidenti Elbası (Elbaşı) N.Nazarbayevin şərəfinə Nur-Sultan
adlandırmış şəhərə
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri
Xəyal Rzayla gəlmişdik. Nur-Sultanda olduğumuz
bütün günlərdə ölkəmizin
Qazaxıstandakı səfiri Rəşad Məmmədov bizə
xüsusi diqqət və qayğı göstərdi.
Qazax yazıçıları -
dostlarım Oljas Süleymenov, Müxtar Şahanov, Nurlan
Orazalin, Tölen Abdiklə Qazaxıstanda, Türkiyədə,
Moskvada, Bakıda vaxtaşırı
görüşürük, Qazaxıstanda çıxan ilk
kitabımın tərcüməçisi Berik Şahanovla ailəvi
dostuq, onun oğlu Qazıbəy ən fəal və
ardıcıl oxucularımdandır. Çox illər öncə
Alma-Atada, Berikin evində Qazaxıstan bozqırlarının
sonsuz həsrətiylə dopdolu olan Qurmanqazı musiqisini ilk dəfə
dinlədiyimi və çox təsirləndiyimi heç vaxt
unutmuram. Qazaxıstan Yazıçılar
İttifaqının indiki sədri Uluqbek Esdövlətlə
xoş münasibətlərim var.
Adətim üzrə getdiyim ölkələrin
tarixi, ədəbiyyatı haqqında ətraflı bilgilər
əldə etməyə çalışıram. Həm Rəşad
Məmmədovun, həm qazax dostlarımın,
tanışlarımın söhbətlərindən, həm də
Nur-Sultanda əldə etdiyim kitablardan bu ölkəni daha
yaxından tanıdım. Qazax və Azərbaycan
xalqlarının tarixi həyatlarında, məruz
qaldıqları siyasi sınaqlarda, yetişdirdikləri
böyük insanların talelərində oxşarlıqlar
çoxdur. Natalya Zaderetskayanın sanballı "Dva naroda -
odna sudba" ("İki xalq-eyni tale") kitabında bu bənzərliklər
haqqında xeyli maraqlı faktlar var. Xalqlarımızın bu
tale yaxınlığı mənə bu yazını
yazmağa sövq etdi.
Asiya yazıçılarının
"Birgə köklər, birgə dünyaya baxış,
birgə sivilizasiya" devizi altında keçirilən bu ilk
forumunda 44 ölkədən 90-dan artıq qələm sahibi, o
cümlədən Nobel laureatları iştirak edirdi.
Sentyabrın 4-də səhər saat 10-da
möhtəşəm Konqress Mərkəzində
açılan Forumun Plenar iclasında ilk olaraq, Qazaxıstan
Prezidenti Qasım Comərd Tokayev çıxış etdi. Q.C.Tokayev Asiya xalqlarının mənəvi və
mədəni yaxınlaşmasında
yazıçıların üzərinə düşən vəzifələrdən
danışdı, Nobel mükafatına tən gələn
"Asiya nəhəngi" ödülünün təsis
olunmasını təklif etdi, sonra qonaqlardan dörd nəfərə
söz verildi. Mən çıxışımda Azərbaycan-qazax
ədəbi əlaqələrindən danışdım, bir
sıra təkliflər irəli sürdüm.
Forumun seksiyalar üzrə sonrakı
toplantıları Nur-Sultanın başqa məkanlarında
davam etdi.
Forum günlərində Beynəlxalq
Türk Akademiyasının Prezidenti Darxan Kıdırəlinin
dəvətiylə Akademiyada görüşdük. Səfirimiz
Rəşad Məmmədovun da iştirak etdiyi bu
görüşdə, qazax alimi Akademiyanın fəaliyyəti
haqqında ətraflı məlumat verdi. Akademiya tərəfindən
"Türk ədəbiyyatı antologiyaları"
seriyasından ilk olaraq, "Azərbaycan ədəbiyyatı
antologiyasının" nəşr edilməsi məni
çox sevindirdi. Başqa bir şad xəbər də
Akademiyanın Nəsimi şeirlərini kitab şəklində
qazax dilində ilk dəfə çap etməsiydi. O
görüşümüzdə haqqında hələ layihə
kimi bəhs etdiyimiz "Ortaq türk tarixi" dərsliyi
(müəllifləri Darxan Kıdırəli və Qaybulla
Babayar) bugün artıq Bakıda, Azərbaycan və rus dillərində
Təhsil Nazirliyimiz tərəfindən nəfis şəkildə
nəşr edilib. Görüş zamanı Türk
Akademiyası və Azərbaycan Yazıçılar Birliyi
arasında əməkdaşlıq barədə də
razılaşdıq.
Forum iştirakçılarından bir
neçə nəfəri, Qazaxıstan Prezident
Administrasiyası rəhbərinin Birinci müavini Marat Tajin qəbul
etdi. Görüşdə İkinci forumun harda keçiriləcəyi
barədə söhbət açıldı. Mən Bakıda
keçirilməsi haqqında məsələ
qaldıracağımı dedim. Nədənsə, Cənubi
Koreya yazıçısı buna etiraz etdi, "elə ikinci
forumu da Qazaxıstanda keçirək" - dedi. Mən ona
cavab verdim ki, əgər İkinci Forum Bakıda baş tutarsa,
mütləq bu Koreya yazıçısını da dəvət
edəcəyik və inanıram ki, o, Üçüncü
Forumun da Bakıda keçirilməsini təklif edəcək.
Abay haqqında yazdığım essedə,
Forumun açılışında, Bakı Dövlət
Universitetində, Abay yubileyində vurğuladığım
bir fikri burda da təkrar etmək istəyirəm: Qazax və Azərbaycan
yazıçılarının ədəbi və
maarifçi fəaliyyətlərində oxşar cəhətlərin
olması xalqlarımızın talelərinin bənzərliyindən
doğur.
XIX əsrdə Abbasqulu ağa
Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsən
bəy Zərdabinin elmi, ədəbi
yaradıcılıqları, mətbuat və mədəniyyət
sahəsində fəaliyyətləri maarifçiliyə əsaslanırdısa,
eyni şəkildə qazax mütəffəkkirləri
Çokan Vəlixanov (1835-1856), İbray Altınsarın
(1841-1889), Abay Kunanbay (1845-1904) da nicat yolunu xalqın maariflənməsində,
rus dilini və mədəniyyətini mənimsəməsində
görür və məhz bu yöndə
çalışırdılar.
Tarixçi, etnoqraf,
coğrafiyaçı, səyyah Çokan Vəlixanov da,
müəllim, maarifçi, folklorçu İbray
Altınsarın da rus məktəblərində oxumuşdular.
Böyük şair, bəstəkar Abay rus klassiklərindən
- Krılovdan, Puşkindən, Lermontovdan tərcümələr
etmişdi. Maraqlı odur ki, Abay
yaradıcılığında Aşıq Abbasa məxsus ifadələri
("Adam var ki...") Qasım bəy Zakir kimi çar məmurlarına
etirazı, Sabir kimi satirik qəzəbi görürük,
Şərq poeziyasının bilicisi, Nizaminin, Füzulinin
yaradıcılığını dərindən mənimsəyən
Abayın ola bilsin ki, Aşıq Abbasdan, Zakirdən, hətta
müasiri Sabirdən xəbəri olmayıb. Amma qazax və Azərbaycan
şairlərini dilləndirən dərdlər oxşardı,
problemlər bənzərdi, xalqı cəhalətdən
qurtarmaq cəhdləri eyniydi.
Çokan Vəlixanov bir sıra rus
ziyalılarıyla, o cümlədən dahi Fyodor Dostoyevskiylə
yaxından tanış idi, Peterburqda yüksək vəzifələrdə
çalışmışdı. Amma vicdanlı rus ədəbiyyatı
vardısa, vicdansız çar məmurları da vardı, qəsb
etdikləri xalqlara kölə kimi baxan qatı müstəmləkəçilər
də vardı. İllər keçdikcə bütün
bunları daha dərindən dərk edən Çokan Vəlixanov
xəyal qırıqlığına uğrayır,
bütün rütbələrindən imtina edərək, tərki-dünyalığa
qapılır, öz kəndinə sığınır və
gənc ömrünü 30 yaşında, doğma
torpağında bitirir. Çokan Vəlixanovun qısa
ömür taleyi mənə hardasa A.Bakıxanovun
nisbətən uzun sürən həyatını
xatırladır.
Oljas Süleymenov böyük mütəfəkkir
haqqında "Mənim Çokanım" adlı essesində
yazır: "Dahilər xalqa necə də baha başa gəlir
və o, öz dahilərini necə də asanlıqla itirir. Yer
üzündə həyatın qanunları sərtdir: Əgər
xalq bəşəriyyətə bir neçə böyük
insan bəxş etməyibsə, o, özünün tarixdə
yaşamasına bəraət qazana bilməz. Odur ki, XX əsrdə
dünyanın bütün qövmləri böyük insan
yetirməyə çalışırlar. Cəmiyyətin ən
nadan, ən vəhşi törəmələri isə, belə
istedadların məhvinə çalışaraq, öz gələcəklərinə
balta çalırlar".
Bu sözləri Oljas Çokana aid deyir,
amma hardasa onun özünə də aid edilə bilər.
Repressiya qurbanı olan ailədə doğulmuş Oljas, təhsilini
rus dilində almalı olub və şeirlərini də, elmi
araşdırmalarını da rus dilində yazır. Beləliklə,
tək qazax mədəniyyətini yox, rus mədəniyyətini
də zənginləşdirir. Müqabilində isə,
şovinist ruhlu rus alimləri tərəfindən kəskin tənqidlərə
məruz qalıb. Bu tənqidlər, əsasən, Oljasın
"AZ İ YA" kitabından başlandı. Həmin
kitabında müəllif rus dövlətinin yaranmasında
slavyanlarla bərabər, türk-tatar xalqlarının
iştirakından da yazır. "İqor alayı haqqında
dastan"da çox sayda açıq ya gizli türkizmləri
aşkar edən Oljas bu əsəri slavyanlarla bərabər,
türklərin də mirası hesab edir. Elə bir çox rus
alimlərinin, özəlliklə də, qədim rus tarixi
üzrə mütəxəssis, akademik Rıbakovun kəskin
hücumlarına səbəb də bu oldu. Halbuki, illər əvvəl
elə böyük rus türkoloqu Lev Qumilyov da bunu deyirdi,
sübut edirdi ki, Rusiyanın iki təməli var - slavyanlar və
türklər, pravoslavlıq və İslam, Kiyev Rusu və
Qızıl Orda...
Hər nəysə, "AZ İ YA"yla
bağlı elmi müzakirələri və mübahisələri
siyasi müstəviyə qaldırdılar. Süleymenovu millətçilikdə,
pantürkizmdə suçladılar. Bu vaxt Oljasa ürək-dirək
verən məktublardan birini də, Rəsul Rza
yollamışdı.
Vaxtilə, Oljasın "Komsomolskaə
pravda" qəzetində İssık göldəki türk
yazıları haqqında məqaləsi, atamı çox
maraqlandırmışdı və Oljasa məktub
yazmışdı. Oljas da "AZ İ YA" kitabı
çıxanda onu atama yollamış və avtoqraf olaraq, bu
sözləri yazmışdı: "Hörmətli Rəsul
ağa! Mənim məqalələrimdən biri haqqında
(İssık göl yazıları haqqında) mənə
göndərdiyiniz məktubunuzu minnətdarlıq hissiylə
xatırlayıram. Qoy bu kitab, Sizin xeyir-duanıza cavab olsun.
Sizin Oljas. 20 iyul 75".
Oljasın bu kitabına qarşı
kompaniya başlayan zaman, Rəsul Rza gənc qazax şairinə
yeni bir məktub yazır: "Hörmətli Oljas! Hədiyyənizə
görə sağ olun. Kitabınızı vərəqlədim.
Ötəri də olsa, ilk təəssüratım belədir
ki, bu ciddi elmi əsər, ölkəmizin xalqları
arasında qarşılıqlı münasibətlərlə
bağlı çox mürəkkəb tarixi dövrün
araşdırılmasında yeni səhifələr
açır. Vaxt tapıb mütləq kitabınızla daha ətraflı
və daha diqqətlə tanış olacam. Qardaşlıq
salamıyla Rəsul Rza".
Oljas bunu hər zaman xatırlayır. Amma əlbəttə,
bu çətin məqamda Oljasın qanının arasına
girən, Qazaxıstanın o vaxtkı partiya rəhbəri
Dinmühəmməd Kunayev oldu, məsələni L.Brejnevə çatdıra bildi. Leonid
İliç vaxt tapıb kitabla tanış olmuşdu və
"Burda nə var ki..." sözləriylə təqiblərə
və təzyiqlərə son qoymuşdu.
İstanbulda Oljasın da, mənim də
qatıldığımız "Dialoq Avrasiya" platformunun ən
fəal iştirakçılarından biri də, moskvalı
professor Rostislav Rıbakov idi. Oljasla çox xoş münasibətləri
vardı. Bir dəfə Oljasdan soruşdum: Sənin əsas
opponentin olan akademik Rıbakov bu professorun nəyidir? Oljas: -
atası - dedi.
Oljas həmişə onu da deyir ki, Kunayev
Qazaxıstan rəhbərliyindən uzaqlaşdırılanda,
onu Siyasi Büroda müdafiə edən tək Heydər
Əliyev olub. Kunayev: - qazax xalqı bunu heç vaxt
unutmamalıdır, - deyirmiş.
Kunayevin yerinə, Qazaxıstan KP-MK-nın
Birinci katibi vəzifəsinə, rus Kolbin (özü də
heç vaxt Qazaxıstanda yaşamamış rus) təyin
edilir. Bu Qazaxıstanda qəzəbli etirazlara səbəb olur,
Alma-Atada izdihamlı, təlatümlü mitinqlərin fəal
təşkilatçılarından və
aparıcılarından biri, o vaxt çox gənc olan,
yazıçı Muxtar Şahanov idi. Amansızlıqla
yatırdılan bu hərəkatın qurbanları - ölənlər
və ağır xəsarət alanlar oldu. Sovet rejiminin
Qazaxıstanda xalqa qarşı zorakılığı
sonralar, Tbilisidə və Vilnüsdə təkrar edildi.
Miqyası və şəhidlərin sayı etibarıyla belə
qəddarlığın zirvəsi isə, 1990-cı ilin Qara
Yanvarında Bakıda dinc əhaliyə tutulan divan idi.
Çağdaş yazıçı,
şair, publisist, tarixçi, tərcüməçi,
musiqiçi Baxıt Rüstəmov "Veliçie
sverşaemıx del" ("Görülən işlərin əzəməti")
adlı kitabında yazır ki, qazaxların həqiqi tarixi
yerli müəlliflər tərəfindən, ancaq son zamanlarda
araşdırılmağa başlanmışdır. Bu
baxımdan, o, kulturoloq Murad Auezovun (məşhur
yazıçı Muxtar Auezovun oğlu) xidmətlərini
xüsusi qeyd edir: "Tək Qazaxıstanın deyil, müasir
dünyanın ən qüdrətli kulturoloqlarından Murad
Auezov öz araşdırmalarında sovet dönəminin
ehkamlarıyla hesablaşmır".
Çağdaş qazax tarixçiləri
öz xalqlarının kökündə yalnız qıpçaqları
deyil, oğuzları, qarlukları da nəzərdə tuturlar.
Böyük Türk xaqanlığını, Orxon daş kitabələrini
tarixi, ədəbi və linqvistik mirasları saysalar da,
sırf qazax dövlətçiliyinin tarixini, Qazax
xanlığının 550 illiyiylə bağlayırlar.
2014-cü ildə Qazax xanlığının 550 illik
yubileyinin keçirilməsi barədə Dövlət qərarı
verilir. Bu münasibətlə 2015-ci ildə Bakıda
"Qazax xanlığı, mənbəyi, ənənəsi və
irsi" adlı kitab da nəşr olunmuşdur.
Azərbaycanda XIX əsrdə
A.Bakıxanov, M.Axundzadə, H.Zərdabi tərəfindən təməli
qoyulan, XX əsrdə Mirzə Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Əlibəy Hüseynzadə,
Əhməd bəy Ağayev tərəfindən davam etdirilən
maarifçilik hərəkatı, keçən əsrin
birinci on illiklərində Əlimərdan bəy
Topçubaşov, Məhəmməd Əmin Rəsulzadənin
və məsləkdaşlarının fəaliyyətiylə
siyasi müstəviyə ucalır, ilk siyasi partiyalar
yaranır, əvvəllərdə Rusiya tərkibində
milli-mədəni muxtariyyət tələbləri, 1917-ci ildən
sonra tam müstəqillik şüarları şəklində
meydana çıxır.
Eyni cür Qazaxıstanda Çokan Vəlixanovun,
İbray Altınsarının, Abayın səpdiyi
maarifçilik toxumlarından, 1917-ci ildə Alaş Orda qazax
milli siyasi partiyası cücərir.
Qazax və Azərbaycan müəlliflərinin
məqalələrindən ibarət olan "Alaş Orda Qazax
dövlətçiliyinin tarixində əhəmiyyəti"
adlı kitab 2018-ci ildə Bakıda çapdan
çıxmışdır. Alaş Orda siyasi partiya kimi,
1917-ci ilin iyulunda Orenburqda Ümumqazax Konqresində yarandı.
Partiyanın amalı Rusiya tərkibində qazax
qubernatorluğunun yaranması idi. Partiyanın əsas
qurucuları sırasında Əlixan Bikeyxanovun, Əhməd
Baytursunun, Mustafa Şokayın adları məşhurdur. Qazax
milli şüurunun oyanmasında müstəsna rolu olan
Alaş Ordanın xidmətini yüksək dəyərləndirən
N.Nazarbayev qeyd edir ki, "Alaş" millətçi
deyil, vətənpərvər bir təşkilat idi".
Bu sözlər onunla da təsdiq olunur ki,
Əlixan Bikeyxanovun rəhbərlik etdiyi hökumətin tərkibində
on beş nazirdən yalnız beşi qazax, digərləri
başqa millətlərdən idi.
Əlixan Bikeyxanov - iqtisadçı alim, Rusiyada marksim təliminin
ən dərin bilicilərindən imiş.
Alaş Orda partiyasının ideoloji əsasları,
1913-cü ildə çıxmağa başlamış
"Qazax" qəzetində qoyulur. Qəzetin redaktoru Əhməd
Baytursun idi. Əhməd Baytursunun adı 1926-cı ildə
Bakıda keçirilən, ilk (və təəssüf ki, son)
Türkoloji Qurultayın stenoqramlar kitabından yadımda
qalmışdı. Məsələ ondaydı ki, o, Qurultayda
iki nəfərin - tatar Qəlimcan Şərəfin və
qazax Əhməd Baytursunun dedikləri, başqa natiqlərin
çıxışlarından kəskin şəkildə fərqlənirdi.
Ə.Baytursun latın əlifbasına
keçməkdənsə, təkmilləşdirilmiş ərəb
hurafatını təklif edirdi və özü də
qazaxlarçün belə bir əlifba yaratmışdı.
Sonralar, bu görkəmli alim, şair, publisist, ədəbiyyat
nəzəriyyəçisinin acı taleyiylə tanış
olarkən bildim ki, qazaxlar onu əlifbalarının banisi, Kiril
və Mefodisi adlandırırmış.
Əlixan Bikeyevin, Əhməd Baytursunun,
Mustafa Şokayın taleləri həm oxşar, həm də fərqlidir.
Şüurlu həyatlarını eyni amala xidmətlə
başlayan Bikeyxanovla Baytursunun ömürləri "edam
kötüyündə" bitir, Mustafa Şokayın isə,
siyasi mühacir həyatına müəmmalı şəkildə
son qoyulur.
Bikeyxanov, Baytursun, Şokay Çar
Dumasının deputatları, Ə.Topçubaşovun
sədr olduğu müsəlman fraksiyasının üzvləri
idilər.
Biz müstəqillik tariximizi haqlı
olaraq, 1918-1920-ci illərdə Azərbaycanı idarə edən,
Cümhuriyyət hakimiyyətindən başlayırıqsa,
Qazaxıstan öz bağımsızlığını
1991-ci ildən sayır. Bu da düzdür, çünki
1917-ci il 13 dekabrda bəyan edilmiş Alaş Orda hökuməti
nə ərazi, nə səlahiyyəti baxımından
müstəqil qazax dövlətinin təməli sayıla bilməz.
Alaş Orda 1920-ci ildə bolşeviklər tərəfindən
ləğv edilir. Kommunistlərin milli məsələyə
dair yalan vədlərinə inanaraq, Alaş Orda rəhbərlərinin
bəziləri, o cümlədən Bikeyxanov və Baytursun
Kommunist partiyasına daxil olurlar. Mustafa Şokay, Məhəmməd
Əmin Rəsulzadə kimi daha tədbirli tərpənərək,
xaricə mühacirət edir. Avropada, Türkiyədə siyasi
və publisist fəaliyyətini davam etdirir, "Yaş
Türküstan" ("Gənc Türküstan") qəzetini
buraxır, İkinci dünya müharibəsi illərində
hitlerçilər "Türküstan legionu" yaradır və
ona rəhbərlik etməyi Mustafa Şokaya təklif edirlər.
"Höteni, Feyerbaxı, Baxı ,
Bethoveni, Şopenhaueri yetirən bir millətin hərbi əsirlərlə
necə rəftar etdiyini görəndən sonra mən belə
bir təklifi qəbul elə bilmərəm" -
cavabını verir. Mustafa Şokay 1941-ci il dekabrın 27-də
rəsmi məlumata görə qan zəhərlənməsindən
vəfat edir. Onun öldürüldüyünü
düşünənlər də var.
Əhməd Baytursun isə, əvvəllər
Sovet hökumətində yüksək vəzifələri
tutur. Qazaxıstan Muxtar Respubikasının Maarif Komissarı
olur. (1936-cı ilə qədər Qazaxıstan RSFSR-in tərkibində
muxtar respublika statusunda idi), 1933-cü ildə həbs olunur. O
vaxt Moskvada yaşayan və görünür yüksək
nüfuza malik olan, hətta Stalinlə şəxsən
danışa bilən Əlixan Bikeyxanov Baytursunun azad edilməsinə
nail olur. Amma dörd ildən sonra Baytursun da, Bikeyxanov da məhkəməsiz,
istintaqsız edama məhkum edilərək güllələnirlər.
Sovet rejimindən müxtəlif üsullar
və vasitələrlə qurtularaq, xaricə mühacirət
etmiş siyasətçilərin bir çoxunda ölkədə
qalıb, bir müddət rəhbər vəzifələr
tutan kommunist məmurlara qatı, mənfi münasibətin
olması təbiidir. Amma bəzi hallarda bu münasibətdə
bir qısqanclıq çaları da var. Əlbəttə,
respublikalarda yerli kommunist funksionerləri arasında, yalnız
öz rifahını güdən, gününü
güzaranını təmin edən, xalqın dərdlərinə
biganə qalan namussuz karyeristlər də az deyildi, amma ən
çətin şəraitdə, Mərkəzin daimi nəzarəti
altında, bəzi satqın millətdaşlarının vəzifə
intriqaları və Moskvaya danosları şəraitində,
öz xalqının maraqları uğrunda bacardıqları qədər,
imkan daxilində çalışan kommunistlər də
vardı, Qazax xalqının ləyaqətli oğlu Turar
Rıskulov kimi.
Mustafa Şokay (Mustafa Çokay oqlı)
1935-ci ildə Parisdə rus dilində nəşr olunmuş
"Turkestan pod vlastyu sovetov" ("Türküstan sovetlər
hakimiyyəti altında") adlı kitabında Turar
Rıskulovu "Stalini favoriti", yəni Stalinin ərköyünü
adlandırır, amma Rıskulovun ömür yoluna nəzər
salanda tamam başqa qənaətə gəlirsən.
Kitabının başqa səhifələrinə
Şokay bəlkə də, kontekstdən
çıxarılaraq, başqa məna kəsb etmiş bir
sitat gətirir. Yazır ki, milyondan çox müsəlman kəndlisi
- qırğızlar və qazaxlar dəhşətli
aclıqdan qırılarkən, Turar Rıskulov yazır:
"marksist nöqteyi nəzərindən iqtisadi cəhətdən
zəif olan qırğızlar onsuz da ölməliydilər".
(Xatırladım ki, o vaxtlar qazaxlara
"qırğız-qaysaq", qırğızlara "qara
qırğız" deyirdilər).
Qazaxlara da, qırğızlara da aid deyilmiş bu
sözlər əlbəttə, qəbuledilməzdir. Amma Turar
Rıskulovun həyat yoluyla tanış olanda, onun öz
xalqının yaşaması, var olması, ləyaqəti
uğrunda necə mətin mübarizə
apardığının şahidi olursan. Hüseyn
Adıgözəlin 2005-ci ildə İstanbulda nəşr
edilmiş "Rıskulov" kitabında gətirilən
konkret faktlar, sənədlər bunu əyani şəkildə
göstərir. Kitabın müəllifi Sovet rejimində azərbaycanlı
Nəriman Nərimanovun, tatar Mirseyid Sultanqaliyevin, qazax Turar
Rıskulovun siyasi fəaliyyətlərini "köləlikdə
mücadilə" adlandırır, yəni xalqlarının
məhkum olduğu müstəmləkə əsarətində
millətlərinin varlığını, ləyaqətini,
dilini qorumaq mübarizəsi.
1919-cu il sentyabrın 12-də "Yaş
kommunist" ("Gənc kommunist") qəzetində T.Rıskulov yazırdı: "Xalqları sinfi
fərq adı altında aldadaraq bölənlər, sovetlərə
xəyanət edirlər. Böyük dövlət və
böyük millət şovinizmi (rusca bu "velikoderjavnıy
şovinizm" adlanırdı - A. )
irqçi və şovinist bir quruluşa
çalışanların əllərində ən
böyük imperialist vasitəsidir. Onların Çarlıq
Rusiyası idarəçilərindən heç bir fərqi
yoxdur. Biz köləlik rejimini yıxaraq, bir daha kölə
olmaq istəmirik".
Respublikalarda "bolşevik canişinlər"
- çar canişinlərindən betər amansızdılar.
Orta Asiyada belə canişinlərdən biri, məşhur
bolşevik Mixail Frunze Leninə yazırdı:
"Buralardakı yerli kommunistlər həqiqi
kommunist olmayan baxışlara malikdirlər... Bunlar kommunizm
bayrağını qaldırmağa məcbur qalan
pantürksitlərdir. Onların məqsədi
Türküstanda Sovet Rusiyasından ayrı bir milli dövlət
qurmaqdır. Bunların lideri Turar Rıskulovdur və o, sovetləşmənin
qatı düşmənidir. İnanıram ki, etdiklərinə
görə, lazımi cəza almasının zamanı gəlib".
Eyni illərdə Türküstanda
Moskvanın başqa bir canişini, məhşur bolşevik
Valeri Kuybışev deyirdi:
"Rıskulovçuluq Rusiya kommunist
Partiyasının Türküstanda yürütdüyü
milli siyasətə qarşı çıxmaqdır.
Onların istədikləri tək şey, Türküstanda
yaşayan bütün millətlərin bərabər
olmasıdır". (Gör nə istəyirmişlər e ?! - A. )
V. Kuybışev davam edir:
"Onlar rusların kommunizmi bir maska olaraq
istifadə etdiklərini və Çarlıq zamanındakı
müstəmləkəçilikdən əsla vaz keçmək
istəmədiklərini düşünürlər. Bu üzdən
rıskulovçuluq RKP-yə qarşı yürüdülən
bir hərəkətdir və bu hərəkəti
yürüdənlərin böyük çoxluğu pantürkist
bir düşüncəyə sahibdirlər. Digər xalqlara
örnək olması cəhətdən Rıskulovun və
arkadaşlarının cəzalandırılması bir məcburiyyətdir".
Bu siqnal - danoslar nəticəsiz qalmadı.
Rıskulovun (Nərimanov kimi) xalq arasında
populyarlığını nəzərə alaraq, ənənəvi
metodla onu (Nərimanov kimi) vətənindən
uzaqlaşdırıb, Moskvaya, formal olaraq, daha yüksək vəzifəyə
aparırlar - RSFSR Komissarlar Soveti Sədrinin müavini olur. Bu
vaxt Bakıya artıq Mərkəzin nümayəndəsi kimi
gələn Rıskulov Nərimanovu dəstəkləyir. Amma
Nərimanovun Leninə yazdığı məktublar kimi,
Rıskulovun da İliçə müraciətlərindən
bir nəticə hasil olmadı. 1925-ci ildə Nərimanovun
Moskvada ölümündən (ya zəhərlənib
öldürülməsindən) on iki il sonra Rıskulov həbs
olunur. İstintaqda ona verilən "Mustafa Kamalla
tanışmısınız" - sualına, Rıskulov: -
Əlbəttə tanıyıram - deyir. - Bütün Şərq
xalqları onu imperializmə qarşı mübarizə aparan qəhrəman
kimi tanıyır və sevir.
İstintaq isə, bu sözləri belə
yozur ki, Mustafa Kamalla şəxsən tanış olan
Rıskulov, ondan təlimat alaraq, Türküstanda Türkiyə
casusu kimi fəaliyyət göstərib. Eyni məntiqlə
"Hitleri tanıyırsanmı - sualına, - bəli” -
cavabını verən adamı Hitlerə xidmətdə
suçlamaq olardı. Amma kim kiməydi? Elə bir dövr
yaşanılırdı ki, xalqına az çox bağlı
olan hər kəs bir bəhanəylə aradan
götürülməliydi.
Rıskulov həbsdə özünü mərdi-mərdanə
aparmış, heç kəsin üzünə
durmamış, heç kəs barədə uydurma "məlumat"
çatdırmamış, heç kəsi bada verməmişdir.
"Stalin favoritinin" Stalinə
yazdığı məktubların da mənası olmadı.
"Stalin ərköyünü" Stalinin
razılığıyla güllələndi. Partiya leksikonunda
"nərimanovşina", "sultanqaliyevşina"
istilahlarına "rıskulovşina" damğası da əlavə
olundu. Və bu damğalar SSRİ-nin türk respublikalarında
minlərlə kommunistin faciəvi sonluğunu müəyyənləşdirdi...
Yaxşı, tutalım siyasətçilər
öz əqidələrinin qurbanı oldular. Bəs, bu
xalqların neçə-neçə ziyalısının,
ilk növbədə şairlərinin,
yazıçılarının, alimlərinin - güllələnənlərin
günahı nə idi? Azərbaycanda Cavadın,
Müşfiqin, Özbəkistanda Çulpanın, Qazaxıstanda
Maqçan Cumabayevin, Tatarıstan da Qalimcan İbrahimovun
günahı nəydi? Yalnız öz xalqlarını sevmələri
və xalqlarının onları sevmələri!.
TÜRKSOY-un Baş katibi Düsen Kaseyinovun
təşəbbüsü ilə, Ankarada "Üç təməl
1894-1938" adlı möhtəşəm bir kitab buraxılıb.
Kitab üç məşhur qazax ədibinə Saken Seyfullinə,
İlyas Jansaqurova və Beyimbet Maylinə həsr olunub.
Çağdaş qazax ədəbiyyatının təməlini
qoyan bu üç yazıçı qəribə bir təsadüflə,
eyni bir ildə - 1894-cü ildə doğulmuş və eyni bir
ildə - 1938-ci ildə güllələnmişlər. Saken
Seyfullin, həm də Qazaxıstan Komissarlar sovetinin sədri
olub, Nəriman Nərimanovla məktublaşıb.
Stalin rejiminin ən ağır və təhlükəli
ittihamı millətçilik suçunun xofu "böyük
rəhbərin" ölümündən sonra da aradan
qalxmamışdı. L.İ.Brejnevin yazdığı
(ya adına yazıldığı) "Selina" (Xam
Torpaq") da xatırlanır ki, Leonid İliç
Qazaxıstanın partiya rəhbəri olan zamanlarda Lenin
mükafatı laureatı, yazıçı Muxtar Auezovu və
Qazaxıstan Akademiyasının Prezidenti Satpayevi millətçilik
damğasından xilas edib.
Sovet sisteminin amansız repressiyaları tək-tək
adamlardan başqa, bütöv xalqlara qarşı da yönəlirdi.
Bir çox millətlər, ilk növbədə müsəlman
və türk xalqları doğma yurdlarından didərgin
salınıb, uzaq yerlərə sürgün edilirdilər.
Natalya Zaderetskaya adını çəkdiyim kitabında bu
mövzuyla bağlı dəhşətli faktlar gətirir:
“Tarix xalqları "səpələyən" ilk hökmdar
kimi Babilistan şahı Navuxodonosoru və birinci
köçkünlər kimi yəhudiləri tanıyır.
Bundan 2500 il keçəndən sonra Navuxodonosorun təcrübəsini,
onun yuxuda belə görə bilməyəcəyi miqyaslarda
Stalin həyata keçirir. Bəzən soruşurlar: İlk azərbaycanlılar
kütləvi şəkildə Qazaxıstana nə zaman
köçürüldülər? Doğma yurd-yuvalarından
sürgün 1937-ci il mayın 10-da başlandı. İlk 600
ailə Qazaxıstanın Çuy vadisinə yollanıldı.
Tez bir zamanda Azərbaycanın altı rayonunda sürgün
siyahıları tutulmağa başladı, bu isə, min
beş yüz nəfərdən artıq idi. Azərbaycan
Daxili İşlər Komissarının müavini R.Markaryan SSRİ Daxili İşlər
komissarı N.Yejova məlumat verirdi ki, 1937-ci ildə Kirovabaddan
266 adamın köçürülməsi nəzərdə
tutulurdusa, 590 nəfər sürgün edildi, Göyçaydan
nəzərdə tutulan 197 nəfərdisə, 383 nəfər,
Karyaqindən 68 yerinə 185, Qubadan 161 yerinə 373, Zaqataladan
40 əvəzinə 153, Şamaxıdan 40 əvəzinə
207 nəfər sürgün edildi".
Necə deyərlər cinayət planı
artıqlamasıyla yerinə yetirilib. Ayrı-ayrı insanlara,
bütöv xalqlara belə "könüllü qəddarlıq"
qiymətini də alırdı.
Yejov özü də güllələnəndən
sonra onun postunu tutmuş l.Beriyaya "Ancaq
Sizin gözləriniz üçün" qrifiylə Qroznıdan
məlumat verən polkovnik Qvişianı Lavrenti Pavloviçə
çatdırırdı ki, “nəqliyyata yerləşdirmək
mümkün olmadığı üçün
çeçen kəndi Xaybaxda əlavə 700 nəfər də
güllələndi". Xalq komissarı Beriya cavabında
yazır: "qəti hərəkətlərinizə görə
dövlət təltifinə və rütbənizin
artmasına təqdim olunmusunuz. Təbrik edirəm".
Görəsən, tarixdə bundan artıq
sinizmə rast gəlmək mümkündürmü?
Gözəl şairimiz Zəlimxan Yaqub
zorla Qazaxıstana köçürülmüş azərbaycanlılara
həsr olunmuş "Sürgünlə söhbət"
adlı təsirli poema yazmışdır. Həmin poemanın
nəşrinə mənim Ön sözümdə deyilirdi:
"Poemanı bir nəfəsə oxudum və telefon
açıb Zəlimxanı təbrik etdim. Zəlimxan
Qazaxıstana, Qırğızıstana səfər edib, bu
xoşməramlı bir səfər imiş. Şairin
çoxsaylı oxucuları,
yaradıcılığını sevənlərlə maraqlı
görüşləri olub, amma şair üçün bu səyahət
həm də iztirablı yollarla keçən bir səfərdir.
Özü də başıbəlalı bir ailənin,
babaları sürgün olunmuş bir nəslin övladı
olan Zəlimxan soydaşlarımızın sürgün dərdini,
dözməli olduqları min bir əzabı qəlbinin bütün
hüceyrələriylə duyaraq, yaşayaraq, acıyaraq qələmə
alıb. Qazaxıstana, Qırğızıstana
sürülmüş azərilərlə vaxtiylə mən də
görüşmüşdüm. Hələ sovet
dövründə Alma-Atada olarkən,
görüşdüyüm qoca azərbaycanlıyla söhbətimi
heç vaxt unutmayacam. Dərdlərindən, bəlalarından
danışan qocaya azacıq təsəlli kimi söylədim
ki, hər halda burada dini dinimizdən olan, qohum dildə
danışan millətin içindəsiniz. Qoca: - Yox, oğul
- dedi - necə olur olsun, bunlar bizdən ayrıdır. Vətənin
dadı tamam başqadır".
Ola bilsin ki, aşırı
turançılar qocanın bu sözlərini
xatırladığıma görə məni qınayacaqlar.
Amma gerçəkçi olmadan, turançı olmaq da
mümkün deyil. Qazaxlar da, qırğızlar da qardaş
millətlərdir, amma... "Amma vətənin dadı
başqadır. Havasının, suyunun, nəğmələrinin,
təamlarının, zarafatlarının, nəvaziş və
gileylərinin dadı başqadır" (Zəlimxan Yaqub
"Mövlana" kitabı, Bakı 2012)
Əlbəttə, Zaderetskaya onu da qeyd edir
ki, qazaxlar sürgün olunmuş azərilərlə son tikələrini
də bölüşürdülər. Azərbaycanlılar
qazaxlarla əl-ələ verib Jezqazqanın metalını,
Qaraqandanın misini, Ekibastuzun kömürünü, xam
torpaqların taxılını - Qazaxıstanın
bütün nemətlərini birgə əməklə ortaya
çıxarırdılar".
Amma eyni zamanda... Yenə də
Zaderetskayanın kitabından sitat gətirirəm: “Repressiya illərində
Qazaxıstanda həlak olan azərbaycanlıların sayı
150 mindir, onlardan 28 mini məhkəməsiz, istintaqsız
gülləniblər".
Qazaxıstanın özünə də
ağır zərbələr dəyib. 1936-cı ildə
Qazaxıstanın rəsmi statusu yüksəlir, RSFSR tərkibində
muxtar respublikadan SSRİ-nin müttəfiq respublikasına
çevrilir, ərazisi 700 min kvadrat metr, əhalisi 1 milyon 468
min nəfər çoxalır. Amma kimlərin hesabına?
Qazaxlar 1917-ci ilə qədər Rusiyada sayca ikinci türk
xalqı olduğu halda, XX əsrin ortalarında öz
respublikalarında yalnız 29 faiz idilər. Sovet vaxtı
Alma-Ataya səfərim zamanı təəccüb qaldım ki,
Qazaxıstanın paytaxtında qazax dilində bircə Ali məktəb
belə yoxdur və bir milyonluq şəhərdə doğma
dildə yalnız bir orta məktəb var. Qazaxıstanın
şimal sahələrində rusların və başqa
qeyri-qazax millətlərin çoxluq təşkil etdiyinə
görə, bəzi rus ziyalıları, o cümlədən,
təəssüf ki, A.Soljenitsin, bu sahələri
Rusiyaya qatmağı təklif edirdilər. N.Nazarbayev
müdrik rəhbər kimi hərəkət edərək,
ölkənin paytaxtını Astanaya köçürdü və
qısa müddətdə bura ən yeni memarlıq örnəkləriylə
zənginləşmiş modern bir şəhərə və
turist mərkəzinə çevrildi. Daha heç kəs
müstəqil dövlətin paytaxtını və ətrafındakı
bölgələri başqa ölkəyə qatmaq fikrinə
düşə bilmədi.
2000-ci il iyunun 1-də Türkiyənin Qaraman
şəhərində ənənəvi dil bayramına dəvət
olunmuşdum. Qonaqlar arasında görkəmli qazax alimi Rəhmanqul
Berdibay da vardı, tanış olduq. 1927-ci il təvəllüdlü
filoloq, türkoloq, professor, Qazaxıstan Elmlər
Akademiyasının akademiki R.Berdibay ədəbiyyatşünaslıq
və türkologiya sahəsində mötəbər mütəxəssis,
"Baykaldan Balkana", "Dastandan romana", "Ədəbiyyat
və həyat", "Qazax tarixi romanı" kimi
araşdırmaların, ayrı-ayrı türk xalqlarına -
Altay, yaxud Saxa, türkmən, tatar, noqay, kumık,
Qaraçay-balkar, Azəri xalqlarına həsr olunmuş 32
sanballı kitabın, 1200-dən artıq məqalənin
müəllifidir. Alim azərilər haqqında yazır:
"Dünya mədəniyyəti tarixində
Azərbaycan türklərinin çox önəmli yeri
vardır. Say etibarıyla ən böyük türk
xalqlarından sayılan Azərbaycan türkləri zəngin
bir tarixə sahibdirlər. Nə yazıq ki, bəzi türk
toplulukları kimi, Azərbaycan türkləri də
dünyanın müxtəlif yerlərinə
dağılmışlar. Amma vətənlərində qalaraq,
bir millət halına gələnlər sadəcə Azərbaycan
Cümhuriyyətindəki Azərilərdir".
Rəhmanqulu ağayla söhbətimiz elə
ilk görüşdən tutdu, bir çox məsələlərə
münasibətimiz yaxın idi. Rəhmanqulu ağa mənə
Közkamanlar haqqında yazısını verdi, yazıyla
tanış oldum və Bakıya dönərkən kiçik
Ön sözlə onu mətbuatda dərc etdim.
Közkamanlar Çingiz Aytmatovun manqurtları
kimi, özəl bir anlayışdır. "Manas"
dastanında işlədilmiş bir istilahdır. Öz millətinin
tarixini bilməmək və bilmək istəməmək,
közkamanlığın əsas xüsusiyyətidir. Onlar
dünyadakı gözəlliklərin hamısını
başqa məmləkətlərdə görür, öz
ölkələrində isə, öyünməli və
örnək ola biləcək heç bir şey
olmadığını düşünürlər. Rəhmanqulu
ağa bu anlayışı çağdaş
Qazaxıstanın bəzi ziyalılarına şamil edirdi. Bu
yaxınlarda dərin təəssüf hissiylə R.Berdibayın 2012-ci ildə rəhmətə
getdiyini bildim.
Böyük alimin bu sayaq çağdaş
közkaman (yaxud “manqurt") ziyalılar haqqında dediklərini
"Literaturnaə qazeta"da (15-21 yanvar 2020) dərc
olunmuş "Dünya (? - A.) latın əlifbasına boyun əyəcəkmi"
adlı məqaləni oxuyarkən xatırladım. Almas
Koptleyovun Alma-Atadan göndərdiyi bu məqalənin
manşetinə bu sözlər çıxarılıb:
"Əgər 50 il ərzində bizim bütün xanlar rus
çarlarından onların təbəsi olmalarını
xahiş ediblərsə, hansı işğaldan söhbət
gedə bilər". Müəllif 1929-cu ildə qazaxların
latın qrafikasına 1940-cı ildə Kiril əlifbasına
keçdiklərini xatırlayaraq yazır: "İndi yenə
də səadəti latın əlifbasında axtarırlar.
Qazaxıstanın bəzi vətəndaşlarının
fikrincə, bu, bizi necə deyərlər, sivil dünyaya
yaxınlaşdırar. Başqalarının rəyincə,
bizi onilliklərlə geri atar".
Müəllif, əlbəttə, geriyə
atılmaq istəməyənlərin tərəfindədir, yəni
latın əlifbasının qəti əleyhinədir.
Latın əlifbasına keçməyin xeyrini-zərərini
müəyyənləşdirmək üçün Prezident
Nazarbayev komissiya yaradıb. Məqalə müəllifi sevinir:
Xoşbəxtlikdən komissiya üzvlərinin çoxu bunun
(yəni latına keçməyin - A) əleyhinə oldu, amma
birdən 2018-ci ilin baharında Qanun çıxdı ki,
2025-ci ilə qədər latın qrafikası kiril əlifbasını
əvəz etməlidir; Bunu əsaslandıran bir neçə
tezisi müəllif belə sadalayır:
"1. Latın qrafikası qazaxları
türk xalqlarıyla yaxınlaşdıracaq və qazax
xalqının özlüyünü möhkəmləndirəcək.
2. Latın qrafikası qazaxların Rusiya və
rus mədəniyyətinin imperiya təsirindən
qurtulmasının əsas amilidir, həm də bu milli dilin
inkişafı üçün gərəklidir".
Almas Koptleyov davam edir:
"Görəsən, niyə bizdən
uzaq Türkiyə bizə belə eşq elan edir? Cavab sadədir:
NATO-nun üzvü kimi Türkiyə yalnız ABŞ və
NATO-nun göstərişlərinə görə
keçmiş müttəfiq respublikaları Rusiyadan
aralanmağa cəhd edir".
Bu sayıqlamanı oxuyursan və
düşünürsən: Belə ucuz və həqiqətdən
uzaq demoqogiya hansı dövrün məhsuludur? Keçmiş
Sovet Respublikalarının - indi müstəqil dövlətlərin
öz talelərini öz əllərinə aldıqları bir
dövrün ya "pantürkizm" damğasıyla mili
ziyalıların güllələndiyi, sürgün və həbs
edildiyi illərin? Niyə sırf mədəni bir hadisə
olan latın qrafikası məsələsi dərhal siyasi
müstəviyə keçirilir və guya hədəfin rus mədəniyyətindən
ayrılmaq olması haqqında Moskva mətbuatında danos
verilir. Bəyəm bütün dünyada geniş istifadə
olunan və internet əsrinin ən uyğun qrafikası
sayılan latın əlifbasından istifadə edən
bütün dünya xalqları bunu məhz, Rusiyadan
ayrılmaqçün edirlər? Müəllif
"közkomanlığını" davam edərək
yazır: “Bu türk birliyi yalnız dilçi-alimlərə
lazımdır, sadə qazax insanı onsuz da özbəyi, azərbaycanlını,
türkməni başa düşməyəcək, hansı əlifbayla
yazır yazsınlar. Qazaxlar yalnız qırğızları
başa düşə bilirlər, o da onlar aramla
danışsalar. Yeri gəlmişkən,
Qırğızıstanda rus dili ikinci dövlət
dilidir!"
Almas Koptleyov yalnız qazaxların yox,
başqa türk xalqlarının da qaydına qalır,
yazır: "Latını təbliğ edən əziz vətəndaşlarım!
Latın əlifbasını qəbul etmiş
qonşularınıza baxın - Özbəkistan, Azərbaycan
və başqaları. Bu ölkələrin əhalisi Rusiyada
iş axtarmağa məcburdurlar".
Bilmirsən bu sözləri yazan
doğrudan da səfehdir, ya özünü səfeh yerinə
qoyur. Deməli, azərbaycanlıların, özbəklərin
Rusiyada işləmələri latın əlifbasının nəticəsidir.
Bəs onda azərbaycanlılardan da, özbəklərdən
də daha çox rus şəhərlərində işləyənlərin
latın əlifbasını qəbul etməmiş taciklər,
qırğızlar, tatarlar olduğunu necə izah edək?
Müəllif közkaman mövqeyinə haqq
qazandırmaqçün nüfuzlu adamların mövqeyinə
isnad edir, "mən təəccüb qaldım ki, - yazır
- musiqiçi və ictimai xadim, millətçi B.Tleuqanov əsl patriot kimi (kursiv mənimdir - A.) latın əlifbasının
əleyhinə çıxış etdi. Yazıçı
Oljas Süleymenov da, ilk qazax kosmanavtı T.Abubakorov
və bir çox başqa vətənpərvər qazaxlar da.
Tleuqanovla və kosmonavtla tanış deyiləm, amma Oljas kimi həqiqi
vətənsevərin mövqeyi doğrudan da belədirsə,
buna təəssüflənirəm.
Nə isə... Xalqlarımızın həyatında
daha fərəhli məqamlardan danışaq. 2009-cu ilin
oktyabrında Türk dövlətlərinin Naxçıvanda
keçirilən 9-cu sammitində Qazaxıstan və Azərbaycan
Prezidentləri Aktau və Sumqayıt şəhərlərinin
dostluğu və əməkdaşlığı haqqında bəyannaməni
imzaladılar. Qazaxıstanda professor Eldar Günaydının rəhbərlik
etdiyi Azərbaycan diaspora təşkilatı iki ölkə
arasında iqtisadi və mədəni əməkdaşlıq
sahəsində çox işlər görür. Azərbaycan
Neft Akademiyasının məzunları Qazaxıstan neftinin
tapılması və istismar olunmasında həlledici rol
oynamışlar. Bugün azərbaycanlı iş adamları
Qazaxıstanda, o cümlədən, Aktauda səmərəli fəaliyyət
göstərirlər.
Aktau və Sumqayıt Xəzərin iki
qarşı sahillərindədirlər, amma dəniz onları
ayırmır, qovuşdurur.
Əsası Ulu Öndər Heydər
Əliyev və Elbaşı Nursultan Nazarbayev tərəfindən
qoyulan Azərbaycan-Qazaxıstan dostluğu beynəlxalq aləmdə
də birgəliyin rəmzidir. Qazaxıstan Azərbaycanın
Qarabağ məsələsində haqlı mövqeyini ən
yüksək kürsülərdən dəstəkləyir.
Qazax xalqına, onun şərəfli və
çətin həyat yoluna həsr etdiyim bu yazını, Azərbaycan
Prezidenti İlham Əliyevin Xəzər haqqında sözləriylə
başladığım kimi, Qazaxıstanın ilk Prezidenti
Nursultan Nazarbayevin Bakıya səfərlərinin birində
söylədiyi sözlərlə bitirmək istəyirəm:
"Xəzər dənizi
kiminçünsə su səddidirsə, çoxdandır ki,
bizim xalqlar üçün dostluq və
qarşılıqlı əlaqələr
körpüsüdür. Bu yerdə görkəmli Azərbaycan
şairi Rəsul Rzanın misralarını necə də xatırlamayasan:
Dəniz də dalğalardan
və damlalardan yaranmış bir
cahandır
Sanki hər damla bir insandır.
Damlalar toplansın dəniz olsun gərək.
Damla neyləyə bilər dənizdən
ayrı, tək".
Fevral 2020
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci
qəzet.-26 fevral.-S.10-12