Xocalı: Susmayan harayımız
Hələ yeniyetmə
çağlarımdan yaşadığım bir hiss məni
indinin özündə də tərk etmir: elə ki
qışın sərt, qarlı-şaxtalı, sazaqlı,
yağmurlu havalarında təbiət buz nəfəsilə hər
yanı dondurur, o zaman qəlbimə aramsız yağış
kimi yağan nisgil çökür, gözlərimin
qarşısında məzarlıq canlanır, orda uyuyan, əbədi
yuxuya gedən ölülərə yazığım gəlir...
Qalın kürkdə,
dizəcən isti çəkmələrin içində
olsam belə, bu məkanın lal sükutu
üşüdür, dondurur məni. Öz-özümə
deyirəm, indi gör torpağın altında əbədi
sakin olan bu insanlar necə donur... Belə fikirləşəndə
qəlbimi şər çağının qəribliyi, tənhalığı
sarır, özümü bu gen dünyada atılmış,
unudulmuş, kimsəsiz kimi hiss edir, lap düzü, cismimi sanki
dünyasını dəyişənlərin arasında
görürəm. Bu iki həyat arasında
qıvrıla-qıvrıla sürünən
düşüncələr elə yandırır, elə
sızladır ki məni...
Eyni hissləri
Xocalı soyqırımının fəcini
yaşadığımız 28 ildə, qışın sərt,
həm də üzü yaza gedən günlərində daha
çox və aramsız gələn acılarla
yaşayıram. Yaddaşımıza qanla yazılmış
Xocalının soyqırımı tarixində
düşüncələrim bir başqa duyğularla göynədir,
ağrıdır məni. Necə ağrıtmasın, necə
göynətməsin, axı 28 ildir qəlbimizdə bir
Xocalı harayı səslənir, heç vəchlə
ağzı bağlanmayan yaralarımızdan hələ də
qan damır, torpağın bitirib-yetirdiyi nə varsa,
çörəyimiz, suyumuz qan tamı verir. Deyirəm, bəlkə
o zamandan Xocalıya gələn qar, yağış indinin
özündə də qırmızı yağır...
Soyqırımı
gecəsində körpələrin
çığırtısı, yaşlıların ah-naləsi
beynimdə guruldayır. Elə bilirəm, indicə oraya
yürüş etsək, yenə xocalıların
harayını eşidərik, qarın içində
çabalayan günahsız insanları dəlmə-deşik
eliyən düşmən güllələrinin yerindən
axan qanın çölləri boyadığını,
üzü dağa sarı uzanan qırmızı ləpirləri
görərik... O zaman onların ərşə ucalan
harayları qulaqlarımızı, beynimizi dələr: Ehey,
insanlar, qardaşlar, hardasınız, öldürdülər,
qırıb-çatdılar bizi bu qaniçənlər! Gəlin,
xilas edin bizi... Çatdıqmı, yetə bildikmi
haraylarına...
Bu səsin,
düşüncələrin içində Xocalının
qarlı düzü, dağı gözümə ağla
qırmızının yaratdığı vahiməli,
tükürpədici bir rəngdə görünür. Bu rənglərin
harmoniyasında qanla yazılan yaddaşım, ürəyim
ağrıyır... Taykeş uşaq çəkmələrini,
xırdaca əlcəkləri, papaqları qaçaraq
topalayıb, qucağıma basıb bax elə indicə, lap bu
anda uçan ruhlarının arxasınca yüyürüb, təzədən
əyinlərinə geyindirmək istəyirəm... Kaş ki
çata biləydim!
Bunlar dəli bir
istək, acı bir xəyal olsa da, tarixin
yaşatdığı Xocalı faciəsinin qəlbimdə
açdığı və unutdura bilmədiyi həqiqətin
avand üzüdü. Özgə rəng, hava götürməyən,
üzündə heç bir ləkəsi olmayan,
dünyanı lərzəyə salan Xocalı həqiqəti!
Yer üzündə başqa xalqların
yaşadığı faciələrə bənzəri olsa
da, xalqımızın taleyinə bir özgə müsibətlə,
amansızlıqla gəldi bu dəhşətlər.
Yaşadıq, çəkdik bu ağrıları,
unutmadıq, amma sinəmizi köz kimi yandırılan
yaramızı hələ də sağalda bilmirik...
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistanın
silahlı qüvvələri Rusiyanın 366-cı
motoatıcı alayı ilə birgə bu şəhərdə
misli görünməmiş faciələr törətdilər.
Qaniçənlər yaşlılara, qocalara, qadınlara,
uşaqlara belə rəhm etmədən onları
amansızcasına qətlə yetirdilər. Bu, XX əsrin ən
böyük soyqırımı faciəsi idi. Bu faciədə
qəddar ermənilər beynəlxalq hüquq normalarına
zidd olan, ən başlıcası, insanlığa
yaraşmayan vəhşiliklə meyitləri qeyri-insani cəza
üsulları ilə tanınmaz hala salmışdılar.
Statistik məlumatlardan
bildiyimiz kimi, tarixin səhifəsinə dağ kimi
basılmış həmin hadisələrdə 613 Xocalı
sakini qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı
qadın, 70-i qoca və qarı olmuşdur. 8 ailə tamamilə
məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirmişdir. Hələ əsir
götürülən, yaralanan insanları, bu günədək
taleyindən xəbərsiz olduğumuz qadınları,
uşaqları düşünəndə o hadisələrin
acı və soyuq havası qəlbimizi titrədir. Beləcə,
hər il Xocalı soyqırımının anım günlərində
yaxın bir tarixdə insanların başına gətirilən
faciələr kino lenti kimi gözlərimizin önündən
keçəndə qəlbimiz necə odlanmasın...
Dünya necə
fikirləşir, fikirləşsin,
yaşadığımız bəlaya nə ad verir, versin
(yaxud da heç verməsin!), bu, bir həqiqətdir ki, bəşər
tarixində ən dəhşətli, ağır faciələrdən
biri erməni işğalçılarının və
onların havadarlarının Xocalıda böyük
amansızlıq və qəddarlıqla, vəhşiliklə
törətdikləri soyqırımı faciəsidir. Bu
gün həmin faciədən 28 il ötsə də, o məşum
gecədə yüzlərlə soydaşımızın
qanına qəltan edilməsi hələ də qaysaq
bağlamamış yaramızı göynədir.
Şaxtalı-boranlı bir qış gecəsində sağ
qalanların top-tüfəngin ölüm saçan alovundan
xilas olmaq ümidilə çöllərə, dağlara
sarı qaçmasını indi də təsəvvürdə
canlandırmaq belə, insanı sarsıdır.
İnanmıram ki, sağ qalanlar bu dəhşəti
xatırladıqca ölüb, təzədən dirilməsin...
Bu həqiqətə hələ də soyuq nəzərlərlə
baxan, ona siyasi qiymətini verməyən, dünya dövlətlərinin
mövqesizliyi Azərbaycan xalqının düşüncəsində
acı bir təəssüf doğurur...
Xocalı
soyqırımı haqqında, onun hansı səbəblərdən
baş verdiyini düşünəndə xalqımızın
200 ildən də çox, zaman-zaman yaşadığı
qanlı hadisələri yada salmaq öz zərurətini
doğurur. Hələ 1813-cü ildə Gülüstan və
1828-ci ildə isə Türkmənçay müqavilələrinin
imzalanması bu hadisələrin başlanmasına
bünövrə oldu. Hər iki müqavilə Azərbaycanın
tikələnməsi və parçalanmasına gətirib
çıxardı. 1905-1907-ci il hadisələri və
sonrakı vaxtlarda milli zəmində baş verən
qırğınlar faktların, rəsmi sənədlərin
şahidliyi ilə tarixin yaddaşına həkk olunub. 1918-ci
ildə İrəvanda, eləcə də Azərbaycanın
bir çox bölgələrində ermənilər
ixtişaşlar törədərək xalqımıza
qarşı soyqırım hadisələri törədiblər.
Yüzlərlə soydaşımızın evi
yandırılıb, 200-dən çox kənd
darmadağın edilib, əhalinin çox hissəsi doğma
yurdlarını tərk etmək məcburiyyətində
qalıbdır. Bundan sonra 1948-1953-cü illərdə 200 min
soydaşımız könüllü köçürülmə
adı altında öz iqlimlərindən fərqli olan yerlərə
- Kür-Araz ovalıqlarına deportasiya olunublar. 1988-ci ildə
Qərbi Azərbaycanda öz dədə-baba yurdlarında
yaşayan soydaşlarımız o yerlərdən sonuncu nəfərədək
qovulublar. Həmin dövrdə də azərbaycanlılara
qarşı vəhşilik və qəddarlıqla
müşayiət olunan hadisələr törədilib. Mənfur
ermənilər qədim yurd yerlərimiz olan Qərbi Azərbaycanda,
İrəvan quberniyasında, Qarabağda yerləşmək,
torpaqlarımızı özününküləşdirməkdən
ötrü hələ çar mütləqiyyəti
zamanında, sonralar SSRİ dövründə öz məqsədlərinə
addım-addım yaxınlaşmış, iddialarına həyasızcasına
nail olmuşlar... Əlbəttə, yüzillər bundan
öncə olduğu kimi, indi də ermənilərə
havadarlıq edənlər millətimizə qarşı iyrənc
planlar ətrafında birləşənlər bəşəri
dəyərlərə, insanlığa, humanizmə
qarşı olanlardır...
İndiyə qədər
Xocalı faciəmizlə bağlı yüzlərlə məlumat
xarakterli yazılar, kitablar, bədii nümunələr, rəssamların
təsvirində saysız sənət əsərləri təkcə
Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
də yayılıb nümayiş olunub. "Tariximizin
qanlı səhifələri", "Əsrin qətliamı:
Xocalı", "Xocalı soyqırımı dünyanın
gözü ilə", "Tariximizin qanlı səhifəsi",
"Qanla yazılmış yaddaş tariximiz", ümumən
Xocalı faciəmizi ifadə edən mövzularda vətənimizdə
və xarici ölkələrdə sərgilər təşkil
olunub. Bunlar Xocalı hadisələrində qanına qəltan
edilmiş soydaşlarımızın küçələrdə,
qarlı dağlarda tökülüb qalmış meyitləri,
qaçqın düşmüş, evsiz-eşiksiz
qalmış insanların fotolarını, hətta bu müsibətimizi,
baş vermiş məşum hadisələr haqqında xarici
jurnalistlərin fikirlərini dünya mətbuatına
çıxarmağımızı da reallaşdırıb.
Əlbəttə, bunlar milli və bəşəri faciələrin
unudulmamasına, dünyada haqqımızın müdafiəsinə
yönəlmiş cəhdlərimiz, səylərimizdir.
Görülən işlər vətənpərvərlik
duyğuları, doğma yurd, torpaq itikisinin acıları ilə
indi də davam etdirilir...
Tarix hər zaman
öz səhifələrində yer almış hadisələri
yaddaşda hifz etməyi, onu unutmamağı,
xatırlamağı insanlardan tələb edir. Çünki
yaddaşa qayıdış hər bir xalqın öz
keçmişinə, keçdiyi yola aydın
baxışıdır, bəşər tarixinə sadiqliyidir.
Bu da bir aksiomadır ki, keçmişin dərslərindən
ibrət alan, yaxud səhvlərindən nəticə
çıxaran millətin öz gücünü birləşdirməyə,
pozulmuş haqlarını bərpa etməyə qüdrəti
çatar...
P.S. Bu səhərin
alatoran çağı yaxın illərin qarlı bir
qış günündə gecədən sabahadək
dağlarda, düzlərdə sübhün bağrını
dələn insanların səsini, harayını eşitdim:
Ehey-y-y, insanlar, hardasınız, qaniçən cəlladlar
öldürdülər, qanımıza qəltan etdilər
bizi! Eşidirsinizmi?..
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-26 fevral.-S.9