Xocalı soyqırımını unutmayaq!..
Xocalı
soyqırımından 28 il ötsə də, onun
ağrı-acıları qəlbimizdə yaşayır. Azərbaycan
xalqı 200 il ərzində erməni millətçilərinin
davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalıb.
Azərbaycan
xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi
köçkünə çevrilib və bütün bunlar
ermənilər tərəfindən kütləvi
qırğınların törədilməsi ilə
müşayiət olunub. Azərbaycanlıların öz
tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də
davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı
deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində
yerləşdirilib. 1988-ci ildə isə öz tarixi
torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən
qovuldu və bununla da Ermənistan monoetnik dövlətə
çevrildi. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında
başlayan hadisələr, erməni ideoloqların "dənizdən-dənizə
Ermənistan" adlı sərsəm ideyasını
reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin
dağılması, on minlərə günahsız insanın
ölümü, yüz minlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin düşməsi ilə
nəticələndi.
Bütün beynəlxalq
hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq
Qarabağı özünə birləşdirmək istəyir,
bu yolda bütün cinayət və vəhşiliyə
hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi
olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar
erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda
baş vermiş bu faciə təkcə Azərbaycan xalqına
deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə
bir sırada dayanır.
Ermənilərin
Xocalı şəhərini hədəfə almaqda məqsədi
nə idi? Bu, bir tərəfdən Qarabağın
dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq
idisə, digər tərəfdən, ümumiyyətlə, məqsəd
Xocalını yer üzündən birdəfəlik silmək
idi. Çünki Xocalı elə bir yaşayış məskəni
idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən
müasir dövrə qədər tarix və mədəniyyət
ənənələrini özündə əks etdirirdi. Bu
xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy
mədəniyyəti kimi düşüb. Xocalının
kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər
abidələri, həmçinin, müxtəlif növ məişət
əşyaları insan cəmiyyətinin inkişaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət
nümunələridir. Erməni işğalından sonra
bütün bu maddi mədəniyyət abidələrinin məhv
edilməsi və dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığının texnika
vasitəsilə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır. Xocalı
soyqırımının epizodları insanı dəhşətə
gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin
tələb etdiyi "bu yerlər böyük Ermənistanın
bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə
görə ermənilər tərəfindən diri-diri
yandırıldı. Digər Xocalı sakini Səriyyə
Talıbova danışırdı ki, "4 məshəti
türkü və 3 azərbaycanlının erməni qəbrinin
üzərində başını kəsdilər. Sonra daha 2
azərbaycanlının gözlərini
çıxartdılar". Ermənilər sağ
qalmış insanlar üzərində tamamilə təhqiredici
hərəkətlər ediblər. Onların başının
dərisini soyub, başlarını və bədəninin digər
orqanlarını kəsib, uşaqların gözlərini
çıxardıb, hamilə qadınların qarnını
yarıblar. Hücum zamanı Xocalıda istifadəsi
qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi
silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın
Cenevrə Konvesiyasının protokollarını pozaraq,
müharibə qaydalarına zidd olaraq dinc sakinlərə
qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyev
Xocalı soyqırmının onuncu ildönümündə
Azərbaycan xalqına müraciətində qeyd etmişdir:
"Bu amansız və qəddar soyqırım aktı
insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu".
1992-ci ilin
fevralın 25-dən 26-na keçən gecədə dinc əhalidən
613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın,
70 qoca xüsusi amansızlıqla, işgəncələrlə
öldürülmüş, insanların başları kəsilmiş,
gözləri çıxarılmış, hamilə
qadınların qarınları süngü ilə
deşik-deşik edilmişdir. Şəhər əhalisinin bir
hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən
əvvəlcədən düzəldilmiş pusqularda qətlə
yetirilmişdir.
Dünyada qəbul
olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir,
yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı
1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq
edilməsi və cəzalandırılması"
konvensiyasını rəhbər tutaraq, Ermənistan
Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində
iddia qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilmişdir. Bu gün Ermənistanda
mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj
Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri
baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq
məhkəmə qarşısında cavab verməlidir.
Xocalı
soyqırımının xüsusi amansızlıqla törədilməsi
rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan jurnalist və
publisistləri dəhşətə gətirib. Xocalı
soyqırımının dünyaya tanıdılması
istiqamətində həyata keçirilən məqsədyönlü
fəaliyyətlərdən biri də İslam Konfransı Təşkilatı
Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət"
(Justice for Khojaly) kampaniyasıdır. 2008-ci il mayın 8-dən
başlayan beynəlxalq təbliğat və təşviqat
kampaniyasının məqsədi beynəlxalq ictimaiyyətin
Xocalı soyqırımı haqqında məlumatlandırılması,
faciəyə adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin
təmin olunması və soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən
ibarətdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi
www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı
soyqırımının ildönümü hər il Azərbaycan
və dünyanın bir çox ölkələrində
hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və
diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət
göstərdikləri ölkələrdə anım mərasimləri
təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə
ermənilərin Xocalıda törətdikləri vəhşilikləri
əks etdirən foto-stendlər, sənədli filmlər
nümayiş olunur, soyqırımı həqiqətlərini
əks etdirən kitablar sərgilənir.
Cinayət cəzasız
qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin
parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə -
Xocalı soyqırımına əsl soyqırım hadisəsi
kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Afət ABDULLAYEVA
Qubadlı rayon Qeydiyyat şöbəsinin rəisi
525-ci qəzet.-26 fevral.-S.8