Nəcib şairin şeirləri

 

ŞAİR NAZİM ƏHMƏDLİNİN TƏBRİZDƏ ÇAP OLUNAN "BULUDLARI ÜSTÜMƏ ÖRT" ADLI ŞEİRLƏR KİTABI HAQQINDA TƏƏSSÜRATLARIM

 

 

Ötən payızın ilk günləri idi, qapıdakı tut ağacının insan ömrü kimi bir-bir tökülən sarı yapraqları məni özümdən alıb özünə çəkmişdi.

 

Ruhum olduğum zaman məkandan uzaqlarda idi. Fikrimdə xəzan üçün yazılan şeirlər fırlanırdı. Bu zaman telefonumda zəng çalındı, yuxudan qəfil  ayılan adam kimi özümü ələ alıb telefonu açdım, hörmətli şairələrimizdən biri olan Gilə Əliqızı şair Nazim Əhmədlini tanıyıb-tanımadığımı soruşdu. Adını eşitmişəm, yaxından tanış deyiləm, dedim.

 

Gilə xanım onun şeirlərini ərəb əlifbasına köçürməmi istədi. Dedim, göndərsin, əgər şeirlər xoşuma gəlsə, sevə-sevə köçürərəm, yox, əgər sıradan bir şey olsa, söz vermirəm.

 

Bu danışıqdan sonra şairlə danışdıq şeirlərini göndərdi. Meyilsiz-meyilsiz şeirləri elektron poçtundan götürüb oxumağa başladım. Baxdım ki, bu şeirlər bəzi kitabları, sosial şəbəkələri, bir sıra dərgi qəzetələri dolduran, şeir adlıyla yazılmış yazılardan çox-çox fərqilidir:

 

payız tökür, varını,

yarpaq-yarpaq sarını;

daha, qışın qarını,

dərd eləmə, saçına;

 

Şeirlərdəki orijinallıq, quruluş, fəlsəfə, deyim ifadə tərzi məni heyrətləndirdi:

 

anam bir dərd vətəni,

hanı, dərdin itəni;

o payızdan ötəni,

gülüşü boy atmayıb;

 

Nazim Əhmədlinin poeziyası məni özünə elə çəkdi ki, bir həftənin içində bütün şeirləri ərəb əlifbasına köçürüb hazırladım şükürlər ki, bu yaxınlarda onun "Bu yarpağı üstümə ört" adlı kitabı Təbrizdə çap olundu.

 

... Ayrılıq, hicran, fəraq, həsrət, qürbət... - bunlar ədəbiyyatımızda haqqında ən çox yazılan mövzulardandır hər kəs bu acıdan dadıb. Şair Nazim Əhmədli istər-istəməz belə insanlardan biridir, özü şair ürəkli bir insan. O da öz şeirlərində bu acıdan söz açır, ancaq yeni deyim bənzətmələrlə. Ayrılığı dəli suya oxşatma ifadəsi şairin söz bacarığından xəbər verir.

 

belə bir ömür yaşadıq,

dərd yavaş-yavaş qarıdı;

yaz, payız bilindi,

dağ başında qış qarıdı;

 

bu qançır at dəyişmədi,

əlimdən qamçı düşmədi;

yerə bir damcı düşmədi,

buludda yağış qarıdı;

 

Hər bəndi bir əsər olan bu gəraylının iki bəndini burda verdik, bir ömrün ağrısını, acısını, əzab iztirablarını bu qədər gözəl sadə bir dillə demək hər bir şairin gücündən kənar işdir. Şeirimizin bədii ünsürlərindən biri - SƏHL VƏ MÜMTƏNƏ sənətidir, yəni şeir ya başqa bir ədəbi əsər zahirdə sadə görünür, ancaq əlinə qələm alıb elə bir əsər yazmaq istəyəndə onun qədər çətin olduğunu başa düşürsən. Bu bədii sənətə canlı örnəklərdən biri şairin gözəl şeirləridir.

 

göz yaşı harda kiriyir,

qos-qoca buzlar əriyir;

əli-ayağı səyriyir,

fələk , hərdən yıxılır;

 

Nazim Əhmədlinin şeirlərinin hamısı belə sadə səmimi, eyni zamanda, dərin duyğusal şeirlərdir. Bu kiçik gəraylının hər bir bəndinə uzun şərh izahlar vermək olar. Nazim Əhmədlinin şeirlərinin müsbət yanlarından biri şeirlərin insan yaddaşında tez yer almasıdır ki, bu da çox önəmlidir:

 

yuxumu ərşə çəkmişəm,

yaşıl yarpağa bükmüşəm;

bağda bir ağac əkmişəm,

bəzəkli gəlin kimidi;

 

Əsl şeirin yaxşı cəhətlərindən biri oxucunun şeirdən doymaması, başqa cür desək, şeirin oxucunu yormamasıdır. Bu özəllik şairin şeirlərində özünü yaxşı mənada göstərir. Şeirləri oxuduqca zövq alıb dincəlirsən.

 

sözüm yarpaq-yarpaq olub,

yaşıl yarpaq torpaq olub;

həsrətim ağ-appaq olub,

dən düşən telin kimidi;

 

Xalq deyim ifadələri Nazim Əhmədli şeirlərinin əsas özəlliklərindəndir:

 

keçibdi yuxu vaxtından,

gözlərim küssün baxtından;

sala bilmirəm taxtından,

daş üzlü dəmir gecəni;

 

yaxud:

 

belə görüş olarmı,

dilim-ağzım qurudu;

belə sevgi olarmı,

o qız evdə qarıdı;

 

Hörmətli şairimizə daha çox başarılar cansağlığı arzulayaraq, sözümə son qoyuram deyirəm ki, şairin şeirlərini oxuyan hər kəs əmin olsun ki, vaxtı hədər getməyəcək.

 

Səxavət İzzəti ƏNDƏLİB

525-ci qəzet.-28 fevral.-S.15