Bədii və animasiya
film ssenariləri müsabiqəsinin nəticələri
açıqlanıb
Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və
animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb.
Nazirlikdən
bildirilib ki, müsabiqə Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı
ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına
əsasən dövlət sifarişi ilə film
istehsalını həyata keçirmək, həmçinin,
milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən
şəxslərə dəstək olmaq, onların
yaradıcılığını stimullaşdırmaq və
yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə
cəlb etmək məqsədilə təşkil olunub.
Kino
ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılanan müsabiqəyə təqdim edilən 90-dək
bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti
aşağıda qeyd olunan film layihələrini seçib:
Tammetrajlı
bədii filmlər üçün: "Olimpiya" - Rüstəm
Babazadə, "Zamandan kənarda" - Yavər Rzayev,
"Ata" - Fariz Əhmədov, Esmira Əyyub,
"Bağlı otaq" - Ramiz Fətəliyev, Yavər
Rzayev.
Qısametrajlı
bədii filmlər üçün: "Borc" - Ülviyyə
Heydərova, "Snayper" - Əyyub Qiyas, "Buludlar" -
Behzad Əhmədov, "Yonca tarlası" - Bəhruz
Mustafayev.
Animasiya
üçün: "Tıq-tıq və dostları
möcüzələr axtarışında-2" - Sultan
Abbasbəyli, "Dostum Mimi" - Reyhan Yusifqızı,
"Sehrli planşet" - Vüqar Haqverdiyev.
Dövlət
sifarişi ilə film istehsalı üçün ssenari
ehtiyatının formalaşdırılması məqsədilə
seçilmiş sözügedən ssenarilərə istehsal
imkanlarından asılı olaraq filmlər çəkilməsi
nəzərdə tutulub.
Qeyd
edək ki, dövlət sifarişi ilə film istehsalı
üçün Mədəniyyət Nazirliyi tərəfindən
gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin
keçirilməsi nəzərdə tutulub.
525-ci qəzet.- 2020.- 1 fevral.- S.12.