Qadın

 

Şeir

 

Sənə şeir yaraşar,

Şeir qoxulu qadın.

Belə qəmli dayanma,

Yorğun, yuxulu qadın.

Hər sözün bir nalədir,

Süzüləndə dilindən,

Alıb aparam səni

Dərdin, qəmin əlindən...

Sığal çəkəm telinə

Soyuq döyən illərin.

Necə edim ki, artıq,

Üşüməsin əllərin.

Gözlərinə nur olam,

Ağlamasın gözlərin.

Çəkib alam əlindən

Məşəqqətli günlərin.

Üzün bahardı sanki

İçin boranlı bir qış.

Belə necə gülmüsən

Gülüşlərinə alqış.

Dözmüsən bu talenin

Ədasına, nazına.

Çarəsiz baş əymisən,

Bəlkə, alın yazına.

Min dəfə şükr etmisən,

Övlad adlı payına.

Oynamısan, gülmüsən

Bəlkə, fikrin yayına.

Bəlkə , toy-düyündə

Ən çox sən oynamısan.

Hamıdan daha gözəl,

Daha şən oynamısan.

Bax, bu qədər güclüsən

Zərif, duyğulu qadın.

Qəlbində fırtınalar,

Üzdə qürurlu qadın.

Sil qəlbinin yaşını,

Ağlamasın ürəyin.

Tanrı səni unutmaz,

Verər arzun, diləyin.

Sabahlara ümidli,

Məğrur, onurlu qadın.

Sənə nələr yaraşmır

Ey incə ruhlu qadın?..

 

Aygün XƏLİLQIZI

 

525-ci qəzet.-28 fevral.-S.15