Həkim-dietoloq: "Stress insan orqanizminin əsas
düşmənidir"
Müsahibimiz həkim-dietoloq Nəzrin Kərimlidir
- Nəzrin
xanım, sağlam qidalanmaq və xəstəliklərdən
uzaq olmaq üçün hansı prinsiplərə əməl
etmək lazımdır?
- Sağlam olmaq
üçün hansi prinsiplərə əməl etmək
lazımdır deyəndə, ən birinci ağlımıza
qidalanma gəlir. Bəli, qida çox vacib rol oynayır. Ancaq
insan ilk növbədə çalışdığı qədər,
stresdən və stress yaradan amillərdən uzaq
durmalıdır. Stress insan orqanizminin ən başlıca
düşmənidir. Stressin qidalanmaya da çox
böyük təsiri var. Stress insan bədənində Leptini
və İnsulini və s. zədələyir ki, nəticə
etibarı ilə insan doyma anını bilmir, ya da əksinə,
aclıq hissini itirir. Stress yemək istəyinin yüksəlməsinə
və ya yaxud əksinə, iştahanın azalmasına səbəb
ola bilər.
Yuxu rejiminə diqqət
olunmalıdır. Düzgün yuxu rejimi insan həyatında ən
önəmli amillərdən biridir. Yuxu fiziki yorğunluqla
zehni yorğunluğun aradan qaldırılması
üçün vacib prosesdir. Gündəlik 7-8 saat yatmaq
lazımdır. Bununla yanaşı, gec saatlarda da yatmaq olmaz.
Gecə saat bir və ya ikidə yatdıqda insan bədənində
qrelin deyilən iştaha hormonu sintez olunur və nəticədə
bizləri gecə oyanıb nəsə yeməyə məcbur
edir. Bu isə maddələr mübadiləmizi pozur. Normal
çəkidə olan insan gün boyu 7-8 litr su içməlidir.
Maddələr mübadiləsini sürətləndirən
faktorların ən vacibinin su olduğu sübut edilib. Su dedikdə
çay, kofe, şirələr nəzərdə tutulmur. Adi
su içmək lazımdır. Sağlam olmaq
üçün gündəlik qida qəbuluna mütləq nəzər
yetirilməlidir. Qida qəbulumuz gündəlik iş rejimimizdən,
nə qədər enerji sərf etməyimizdən
asılıdır. Hər kəsin qida çeşidi individual
olmalıdır. Təzə meyvə-tərəvəzlərlə
qidalanmaq lazımdır. Çünki tərkibində liflər
var, bu isə bağırsaqlarımızda olan bütün
toksik maddələri özünə çəkməyə
kömək edir və belə olduqda həmin toksiklər
qanımıza sovrulmaz. Loru dildə desək, bədənimizin
zibil yeşiyinə çevrilməsi prosesi baş verməz.
Bu o demək deyil ki, vegeterian olmalıyıq. Bədənimizə
ət, ağartı məhsulları da lazımdır.
Sübüt olunub ki, ət məhsulları yemək mütləqdir.
Qaz, ördək ətləri kalorisi çox olduğundan
bunlardan uzaq durmaq məsləhətdir. Ancaq çəkiniz
normaldırsa, dərisini soymaq şərti ilə yemək
olar.
- Ət və ət
məhsullarını, xüsusilə də meyvə-tərəvəzi
günün hansı saatlarında yemək məsləhətdir?
- Ət məhsulları
yaxşı olar ki, soğanla bərabər bişsin. Bəs nə
üçün? Çünki
ətin tərkibində olan toksinlər soğanın tərkibində
olan maddələrlə neytrallaşır. Ancaq çəki
atmaq istəyiriksə, ətin yanında çox az soğandan
istifadə etməliyik. Çünki soğan insulini qaldırmaq
qabiliyyətinə malikdir. İnsulin işə keçdiyi
zaman insan vücudunda yağı parçalayan hormon olan
Somotrop hormonu fəaliyyət göstərə bilmir.
- Bəs əti
hansı məhsullarla yemək lazımdır?
- Yaxşı olar
ki, ət və ət məhsulları tərəvəzlərlə
birgə yeyilsin. Ət məhsullarını kələm,
badımcan, pomidor, soğan və s. tərəvəzlərlə
yeyin. Tərəvəzlərdəki liflər ət məhsullarındakı
artıq qidaları özünə çəkir. Qida rejimini
4 hissəyə bölmək lazımdır. Onun bir hissəsini
protein, bir hissəsini meyvə, iki hissəsini isə tərəvəz
təşkil etməlidir. Bir dietoloq olaraq qəti sürətdə
axşam saatlarında meyvə yeyilməsinin əleyhinəyəm.
Ancaq yenə də vurğulayım ki, ağır iş rejimi
və gün ərzində çox enerji sərf edən
insanlara bu, şamil olunmur. Gündəlik qida rasionumuzda
başqa inqridiyentlərə nisbətdə daha çox tərəvəzlərə
üstünlük verməliyik.
- Nəzrin
xanım, şirniyyat da insanların yox deyə bilmədiyi təamlar
arasındadır. Sizcə, onun ziyanlarından necə qorunmaq
olar?
- Şirniyyat,
şokolad çox insanların yaralı yeridir.
Şirniyyatın hər gün, həddindən artıq qəbul
edilməsi həqiqətən də bəzən insanın
ozündən asılı olmur. Sanki orqanizm şirniyyat tələb
edir. Həkim olaraq belə halla çox
qarşılaşmışam. Bu zaman biz xəstəni ciddi
şəkildə müayinə edirik. İlkin olaraq Ferritin
yoxlayırıq. Çünki qanda olan Ferritin normadan az olduqda
özündən asılı olmayaraq sadə karbohidratlara
(şirniyyat, şokalad, şirin xəmirli yeməklərə
və s.) maraq, istək olur insanda. Bir də olur ki, insan
psixoloji olaraq görür və istəyir. Bu istəyinin
qarşısını isə o, öz iradəsi ilə
almalıdır. Gündəlik şəkərə olan
ehtiyacını insan meyvə və meyvə qurularından da
ala bilər.
- Normal səhər
yeməyi necə olmalıdır? Şirinçay səhər
yeməyimizin, demək olar, ayrılmaz hissəsidir. Hətta
valideynlər gecə yatmazdan əvvəl uşaqlarına
şirinçay içizdirirlər və bunun vasitəsilə
qanı artırmağın mümkün olduğunu
düşünürlər...
- Normal səhər
yeməyi dedikdə, ilk ağlımıza bol protein gəlməlidir.
Səhər yeməyində yumurta, kəsmik, pendir, şor,
zeytun, yağ, sıyıq - normal səhər yeməkləridir.
Bol vitaminli tərəvəzlər, meyvə və meyvə
quruları da qəbul olunmalıdır. İnsanlarımız
çörəyi, çörək yeməyi çox sevir. Səhər
yeməyində 1- 2 dilim tam çovdar çörəyi yemək
olar. Ancaq axşama doğru çörək qəbulu məsləhət
deyil. Şirinçay bizdə keçmişdən qalan səhv
bir anlayışdır. Əgər qanı artırmaq istəyirlərsə,
uşaqlarına daha çox qırmızı ət, qaraciyər,
dalaq, ürək və balıq kimi məhsullar versinlər.
Şəkər tozu nə vaxtdan qan artırır? Əksinə,
şəkər uşaqların qara ciyərinə zərər
vurur.
- Son zamanlar zeytun
yağından istifadə edənlərin sayı getdikcə
artır. Siz yemək bişirmək üçün hansı
yağları məsləhət görərdiniz?
- Zeytun
yağından istifadə etmək faydalıdır. Ancaq onun hansı şəraitdə
saxlanılması çox önəmlidir. Əgər
mağazalarda rəflərdə işıq şüası və
ya günəş şüası keçirən zeytun
yağı alırıqsa, bu yağın marqarindən bir fərqi
yoxdur. Zeytun yağı işıq keçməyən qablarda
olmalıdır ki, tərkibi dəyişməsin. Bir də məsləhət
görürəm ki, zeytun yağını yalnız salatlarda
və yaxud yemək bişdikdən sonra əlavə edilsin.
Qızartma kimi yeməklərdə daha çox kakos
yağından istifadə etmək daha məsləhətlidir.
- Qış
mövsümündə çuğundur, kök və alma
şirəsi evlərdə tez-tez hazırlanır. Ancaq
eşitdiyimizə görə, yerkökü şirəsinə
yağ qatılmadıqda müsbət təsirini görmək
olmur.
- Mən daha
çox meyvənin və tərəvəzin özünü
yeməyi məsləhət görürəm. Yerkökü qəbul
etdiyimiz zaman mütləq zeytun yağı qatmaq
lazımdır. Deməli, yerkökünün şirəsini
çəkib içərisinə bir çay
qaşığı zeytunyağı əlavə etməklə
içmək lazımdır. Yağ yalnız yerkökü
üçün lazımdır. Bu şirəni acqarına və
gündə bir dəfə qəbul etmək lazımdır.
- Azərbaycanda
artıq çəkidən ən çox hansı yaş həddində
insanlar əziyyət çəkir?
- Mənə elə
gəlir ki, Azərbaycanda başqa ölkələrə nisbətən
piylənmədən əziyyət çəkənlərin
sayı azdır. Artıq çəkidən əziyyət
çəkənlər arasında isə 30-35 yaşlı
insanlar üstünlük təşkil edir.
- Dietoloqsuz istənilən
pəhrizi saxlamaq hansı xəstəliklərə səbəb
ola bilər?
- Gəldik əsas
məsələyə. Dietoloqsuz internetdən və sair yerlərdən
götürülən pəhriz proqramlarına. Hər
insanın ağız tamı, psixologiyası, qan qrupu,
sağlamlıq vəziyyəti fərqlidir. Pəhriz
proqramları da hər kəsə uyğun, individual
olmalıdır. Özbaşına, həkimdən məsləhət
almadan pəhriz saxlamaq vitamin difisiti, əsəb gərginliyi,
mədə-bağırsaq problemləri, böyrəküstü
vəz, qaraciyər problemi və s. yaradır. İnsanlar
başa düşməlidir ki, hər xəstəliyin
başlanğıcı qidadır, qidanı mütləq
düzgün seçmək lazımdır.
S.QARAYEVA
525-ci qəzet.-28 fevral.-S.14