Kəngərli tayfası və Fərəc ağa
haqqında 1831-ci il kameral siyahısındakı bilgilər
Kəngərlilər
qədim türk tayfasıdır. Eramızın I əsrində
hunlarla birlikdə Zaqafqaziyaya gələn kəngərlilərin
Naxçıvan ərazisində II əsrdən
yaşadıqları barədə məlumat vardır.
Cənubi Qafqazda Kəngərlərin
adı hələ 193-213-cü illərdə baş verən hadisələrdə
çəkilmişdir və antik dövrün tarixi
coğrafiyasını yazan II əsr yunan alimi Klavdi Ptolomey
Albaniyada Qanqar (Kəngər) şəhəri haqqında məlumat
vermişdir. Deməli, kəngərlər II əsrdə
artıq Azərbaycanda oturaq həyat sürən bir oğuz
tayfası kimi Cənubi Qafqaza daxil olan Naxçıvanda məskunlaşmışlar.
K.Ptolomey Şimali Qafqaz çöllərində yaşayan
tayfalar içərisində Xurs adlı türk
tayfasının da adını çəkir (Ptolomey, III, p.5,
10). Dərələyəzdə Hors və
Naxçıvanın Ordubad rayonunda indi də Xurs kəndi
vardır. Əhalisi əsasən kəngərlərdən
ibarət olub. Sonralar Naxçıvan xanı I Kalbalı xan
Qarabağ xanlığını yağılardan qorumaq
üçün Qarabağa göndərdiyi kəngərli
süvarilərinin içərisində Xurs kəngərliləri
də var idi. Amma tədqiqatçılar yanlış olaraq
Xurs adını təhrif edərək "Xoruzlu" kimi
yazmışlar.
Peçenəklər
mənşə etibarilə Kəngər olmuşlar. Bu barədə
ən mükəmməl məlumatı Bizans tarixçisi və
imperatoru Konstantin Baqryanarodnı vermişdir. O, dövlət
başçısından çox, bir tarixçi kimi də
şöhrət qazanmışdı. Konstantin ölərkən
(905-959) özündən sonra oğlu Romana taxt-tacı ilə
bərabər, "De Administrando İmperio"
(imperatorluğun idarə olunması) adlı bir traktat qoyub
getmişdir.
Onun
yazdığına görə peçenəklərin ən qədim
adları kəngər idi (S.Q.Kləştornıy.
Drevne-törkskie runiçeskie pamətniki kak istoçnik po
istorii Sredney Azii. Moskva:1964, s.163). Konstantin oğluna məsləhət
görürdü ki, kəngərlər həddən artıq
qüvvətli tayfa olduğuna görə həmişə
onlarla sülh şəraitində davransın və hətta
peçenək-kəngərlərin hökmdarına göndəriləcək
məktubu hörmət əlaməti olaraq iyirmi qızıl
möhürlə təsdiqləsin.
Bu peçenək-kəngərlər
Naxçıvanda da yaşayırdılar və doğma vətənlərini
düşmənlərdən qoruyurdular. Onların ilkin olaraq məskən
saldıqları Peçenək (Biçənək) kəndi
indi də durmaqdadır.
Bütün yüzilliklərdə
Naxçıvanda Kəngərlər söz sahibi olmuşlar.
XVIII əsrin ortalarında Naxçıvan
xanlığını quraraq Naxçıvanı idarə
etmişlər.
İndiyədək
yazırdılar ki, Kəngərli tayfası V əsrdən
Naxçıvan ərazisində yaşamışdır. Amma
türkşünas rus alimi S.Q.Klyaştornı
yazdığı tədqiqat əsərində qeyd edir ki,
peçenək kəngərliləri Cənubi Qafqaza
eramızın I əsrində gəliblər (Kləştornıy
S.Q.Drevnetörkskie runiçeskie pamətniki kak istoçnik po
istorii Sredney Azii, Moskva, 1964, s.179).
Aparılan
araşdırmalar göstərir ki, hələ əvvəllər
də yazılan bir çox mənbələrdə peçenək
kəngərlilərin oğuz olmaları haqqında maraqlı
məlumatlar vardır. Məsələn, Mahmud Kaşqarlı
"Divani-lüğəti-türk" əsərində
peçeneq kəngərlilər haqqında yazırdı:
"Biçənək Rum (Bizans) sahəsinə yaxın bir
yerdə yaşayan və oğuz zümrəsinə mənsub
türk tayfasıdır".
1831-ci il
siyahıya almadan əvvəllər də kəngərli
tayfasının tirə və qolları, həmçinin, yeni
yaranan tirələr haqında fars və ərəb dilli mənbələrdə
məlumatlar vardır.
İndinin
özündə Bakıda Azərbaycan Əlyazmalar İnstitutunda
saxlanılan və E.Seyidbəylinin kitabında nəşr
edilmiş kəngərli arxeoqrafik sənədlərində də
həmin dövrdə kəngərli tayfasına aid tirələrin
adı çəkilmişdir. Amma çox təəssüf
ki, müəllif də bəzi tədqiqatçılar kimi,
"qurd" sözünü "kürd" kimi
oxumuşdur. Halbuki bu gün də Naxçıvanın ən
qədim məhəllələrindən biri "Qurdlar məhəlləsi"
mövcuddur. Bu arxeoqrafik sənədlərin çoxu 1700-ci
illərə aiddir və biz orada kəngərlilərin
Naxçıvani familiyasına rast gəlirik.
Tarixə bir balaca
ekskurs etməkdə məqsədimiz odur ki, kəngərli
tayfasının kameral siyahıya alınması, yaxud təsvir
olunması orta əsrlərə də gedib çıxır.
Sənədlər tapılsa, daha əvvəllərdə də
belə sənədləşmələrin şahidi
olarıq. Çünki kəngərli tayfasının cavanları
hamısı döyüşçülər olublar.
Siyahıya alma da əsasən gənclərin hərbi mükəlləfiyyətli
olması ilə bağlı olub.
Söhbət
açdığımız mənbədə - 1831-ci ildə
kəngərli tayfasının Naxçıvan şəhərində
kameral siyahıya alınmasından (təsvirindən) bəhs
edilir.
Bu arxiv işi 337 səhifədən
ibarətdir. Quberfniya katibi Zolotnitski tərəfindən tərtib
olunmuşdur.
Burada şəhərin
adı, şəhər sakinlərinin adları, müsəlmanlar
və digər dinlərə mənsub olanlar, onların
yaşı və cinslər üzrə sayı, özgə
millətlər, məşğul olduqları xüsusi iş
yerləri haqqında məlumatlar vardır.
Yan sütunda
sağ tərəfdə 2-ci səhifədən başlayaraq
Naxçıvan şəhərinin adı sərhədləri, şəhəri
dövrələyən torpaqlar, şəhərin 4 hissəyə
bölünməsi (Sarvanlar. Şahab, Əlixan və Qurdlar)
haqda, şəhərdə 13 məhəllənin olmasından,
suyu, iqlimi, əhalisi, dini ibadətgahları, evləri,
bazarı və hamamları haqqında maraqlı məlumatlar
vardır.
Naxçıvan
şəhərinin 1831-ci il kameral təsvirində şəhərdə
yaşayan əhalinin say tərkibi haqqında məlumat cədvəllər
də maraqlıdır. Burada Kəngərli tayfası və
onun tirələri ayrıca olaraq qeyd edilib: 411 ailə, 879
kişi, 815 qadın, cəmi 1694 nəfər.
Digər tayfalara mənsub
azərbaycanlılar: 494 ailə, 1004 kişi, 926 qadın, cəmi
1930 nəfər.
Boşalar (müsəlman
qaraçılar - lurlar) 4 ailə, 9 kişi, 8 qadın, cəmi
17 nəfər.
Gürcülər:
1 ev, 2 nəfər kişi, 2 qadın, cəmi 4 nəfər.
Bütünlüklə,
şəhərdəki evlərin sayı 1330, 2871 kişi, 2599
qadın, cəmi 5470 əhali göstərilib.
Kameral siyahıya
almada 2 xan ailəsi, 45 bəy və sultan ailəsi, 11 nəfər
hərbçilər qeyd olunub.
Ali ruhani şəxs
2, axund və mollalar 36, seyidlər 22, 3 dərviş, 6 mirzə
kimi göstərilib. Bunların hamısının ailələrinin
də cəmi göstərilib: 127
Naxçıvan
şəhərində 2 məscidin olması qeyd olunub. Həm
də məscidlərin birində məktəbin fəaliyyəti
haqda da məlumat var.
Bu arxiv sənədində
şəhərdə bir bazarın və 2 karvansaranın fəaliyyəti
göstərməsindən də danışılır. Hətta
bir karvansaranın 31 dükanı olması haqda qeyd də var.
Göstərilib ki, bu karvansaranı köçürülən
ermənilər zəbt edib.
Kameral təsvirdə
qeyd edilib ki, şəhərin bütün dükanları
bazarda və karvansarada yerləşir. Ancaq bir neçə
meyvə dükanları şəhərin müxtəlif yerlərində
yerləşib. Şəhərdə işləyən
dükanların sayı 223 kimi qeyd olunub. Hətta burada bazarda
və karvansarada boş olan dükanların da sayı qeyd
olunub. Bazarda 25, karvansarada 38.
Naxçıvan
şəhərində 3 hamam, 2 körpü və bir
meydança olması haqqında da məlumat var.
Həmçinin,
maldarlıq, bağçılıq, dəyirmanlar haqqında
məlumat qeyd edilib. Naxçıvan şəhərində fəaliyyət
göstərən müxtəlif peşə sahiblərinin (sənətin
növü, adı göstərilməklə) sayları də
göstərilib. Burada Naxçıvan şəhərində
və vergi növləri haqqında da ətraflı məlumat
yerləşdirilib.
Burada qeydlərdən
aşkar görünür ki, "Naxçıvan əyalətinin
statistik təsviri"ni yazan V.N.Qriqoryev bu
mənbədən tamamilə istifadə edib. Ona görə də
biz tədqiqatçılar
"Naxçıvan xanlığı" haqqında tədqiqat
apararkən, kitab yazarkən hökmən 1831-ci ildə tərtib
edilən kameral təsvirlər olan sənədlərə
söykənməliyik. Çünki bu, ilk rusdilli arxiv sənədidir
ki, kəngərli tayfasını və onun tirələrini ətraflı
təsvir edib. Qriqoryevin yazdığı kitab (1833) artıq
2-ci mənbə sayılır və burada təhriflər və
şərhlər 1831-ci ildəki kameral siyahıya almada (təsvirlərdə)
yoxdur. Bu haqda bir az sonra ətraflı söhbət
açacağıq. Aşağıdakı məlumatlar
Naxçıvan şəhərinin yaranması ilə
bağlı əfsanə və rəvayətlərdən
söhbət açır. Burada maraqlı tarixi məsələlər
də var, ziddiyyətli məsələlər də.
Kameralistika, yaxud
dövlətşünaslıq elminin də tarixi çox qədimdir.
Rusiya imperiyasında kameral siyahıya alma yaxud təsvirlər
məsələsinə 1772-ci ildən başlanılıb. Cənubi
Qafqazı işğal edən Rusiya Şimali Qafqazda olduğu
kimi, Zaqafqaziyada da yaşayan əhalinin, xalqların, etniklərin
kameral siyahıya alınması (təsviri) məsələsinə
ciddi yanaşıb və buraxılan səhvlər çox
deyil. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində
Naxçıvan diyarına aid 43 kameral siyahı (təsvir)
saxlanılır. Onlardan 8-i (müxtəlif illərə aid)
Naxçıvan şəhərini əhatə edir. Amma ən
mükəmməli 1831 və 1843-cü ilə aid
olanlardır. 1831-ci ilə aid olan arxiv işində
Naxçıvan şəhərində kəngərli
tayfasının qədimdən gəlmə tirələri
(qolları) geniş tərtib edilib. Qeyd edək ki, burada
İrandan köçürülən ermənilərin də
arada bir siyahıları yerləşdirilib. Bu kameral siyahı
ilə işləyən tədqiqatçı bilməlidir ki,
Lazarev tərəfindən Naxçıvan məhəllələrinə
köçürülən ermənilərin kəngərli
tayfasına qətiyyən aidiyyatı yoxdur.
1831-ci ilə aid
arxiv işində kəngərli tayfasının 24 tirəsi
qeyd edilib. 1. Bilici. 2. Qurdlar. 3. Qaradolaqlı. 4. Sarbanlar. 5.
Xalxallı. 6. Salahı. 7. Gomayıl. 8. Qarabağlar. 9.
Ağabəyli. 10. Çağataylı. 11. Qaraxanbəyli. 12.
Qəclər (Kəclər). 13. Cəmşidli. 14.
Şabanlı (Şahbanlu). 15. Kəlfir. 16. Pirhəsənli.
17. Ərəfsəli. 18. Qızıllı. 19. Qara
köçəri. 20. Qaracalı. 21. Yurdçu. 22.
Əlixanlı. 23. Əliəkbərlilər. 24.
Qızılqışlaqlar.
1831-ci ilə aid
kameral təsvirlərdə Kəngərli tayfasına mənsub
tirələrin (qolların, nəsillərin) yaşadıqları
məhəllələr də qeyd edilib. Əvvəlcə qeyd
edək ki, həmin ildə Naxçıvan şəhərində
aşağıdakı məhəllələr qeydə
alınıb:
1. Sarvanlar. 2. Oruc məhlə.3.
Köhnə Qala. 4. Xoşulu. 5. Əlixan. 6. Çaparxana. 7.
Ziyilarxı. 8. Bilici. 9. Şahab. 10. Xoylu. 12. Təzəkənd,
yaxud Uzun Divar. 12. Qurdlar.
Bunların hər
birində yaşayan kəngərlilərin mənsub
olduqları tayfa tirələrinin də adları qeyd edilib. Məsələn,
Naxçıvan şəhərinin Sarbanlar hissəsində kəngərli
tayfasına mənsub olan aşağıdakı tirələrin
(nəsillərin) adlarına rast gəlinir:
1) Yurdçu; 2)
Qızıllı; 3) Qardolaqlı; 4) Pirhəsənli; 5)
Sarbanlar; 6) Salahılar; 7) Xalxallılar; 8) Gomayıllar; 9)
Qarabağlar; 10) Ağabəylilər; 11)
Cığataylılar; 12) Qaraxanbəylilər
Əlixanlı məhəlləsində:
1) Ağabəyli;
2) Ərəfsəli; 3) Qızıllı; 4) Əlixanlı;
5) Salahlı; 6) Qəclər (Kəclər).
Sahab və Qurdlar məhəlləsində:
Şahbanular, Qurdlar, Bilicilər və s.
Kameral təsvirlərdə
kəngərlilərin Bilici tirəsinə (nəslinə) aid
olan əsilzadələrin özlərinin və ailələrinin
ailə üzvləri və onlara aid mülklərin şəhərin
hansı məhəlləsində oması haqda məlumatlar
qeyd edilib. Həmin sənəddə məşhur hərbçi
Fərəc ağa (Fərəculla xan) haqqında da məlumat
vardır. O izahatlardan istifadə edərək məşhur hərbçi
Fərəc xan haqqında oxuculara ətraflı məlumat vermək
istəyirik.
Fərəculla (Fərəc)
xan I Kalbalı xan oğlu (Kəngərli) - Naxçıvanski
(1806-1847). kapitan və kavaler, 25 yaşı var. Həyat
yoldaşı Pərizad xanım (vəfat edib) 20 yaş,
qızı Şirinbəyim (vəfat edib) 3 yaş, anası
İmmi Şərəf xanım 50 yaşında
Qeyd edək ki, Fərəculla
ağa (Fərəc ağa) 1806-cı ildə
Naxçıvanda doğulub. Onun haqqında tədqiqatın
azlığını nəzərə alaraq, bu arxiv sənədinin
köməyilə Fərəc ağanın fəaliyyəti və
varisləri ilə bağlı axtarışlar apardıq.
Fərəc
ağa 1827-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən
işğal edildikdən sonra Rusiya ordusunda hərbi xidmətə
qəbul edilmişdir. Abbasabad qalasının hərbi
komendantının işlər müdiri vəzifəsində
çalışmışdır.
Rusiyanın hərbi
xadimi Nikolay Muravyovun xatirələrində belə bir qeyd var:
"Ehsan xanın qardaşlarından biri olan Fərəculla bəy
16-17 yaşlarında bir gəncdir. Ona Naxçıvanı
idarə etmək tapşırılmışdır..." Bu
qeydlərin 1827-ci ildə yazıldığını nəzərə
alsaq, onda demək olar ki, Fərəc xan (sənədlərdə
Fərəculla xan) təxminən 1810, yaxud 1811-ci ildə
Naxçıvan şəhərində I Kalbalı xanın
ailəsində anadan olmuşdur. Bu isə 1831-ci ilin kameral
siyahısı ilə düz gəlmir. Çünki orada onun 25
yaşı qeyd edilib. Deməli, Muravyov öz xatirələrində
onun yaşını düz yazmayıb. Fərəc xanın
anası sənədlərdə İmmi Şərəf
xanım kimi qeyd edilib. Muravyovun yazdığına görə,
Fərəc xan 1827-ci ildə Rusiya imperiyasında xidmətə
başlayır. Həmin illərdə hərbi komendantın
(Qalabəyinin) qərargahı Abbasabad qalasında yerləşirdi.
Fərəc xanın da vəzifəsi hərbi komendanta tabe
idi. 1828-1829-cu illərdə Fərəc xan (çox vaxt sənədlərdə
o, Fərəc ağa kimi də yazılıb) Rusiya-Türkiyə
müharibəsində iştirak edib və orada rus şairi A.S.Puşkinlə də tanış olub. 1831-ci
ildə Rusiya ordusunun tərkibində Dağıstana gedən
ekspedisiyanın tərkibində vuruşub. Elə həmin ildə
ona kapitan hərbi rütbəsi verilib. Sonralar mayor hərbi
rütbəsi ilə təltif edilən Fərəc xan
4-cü dərəcəli Müqəddəs Vladimir ordeninin
(bantla birlikdə) də sahibi olmuşdur. Rusiya hökuməti
ona ildə gümüş pulla 250 rus rublu məbləğində
təqaüd də təyin edir. Bir müddət, təxminən
1830-1840-cı illərdə Kəngərli süvarilərinə
komandirlik etmişdir. 1840-cı ildən sonra komandirliyi onun
böyük qardaşı I Ehsan xan aparmışdır.
1831-ci ilin məlumatına görə, Qoşadizə kəndinin
torpaqlarının yarısına sahiblik etmişdir. Sənədlərdəki
məlumata görə, onun əkin sahəsi 8 verst, 350 xalvar
olmuşdur.
Azərbaycan
Respublikasının Tarix Arxivində saxlanılan bir sənəddə
onun həyat yoldaşının Pərizad xanım (1811-ci ildə
doğulub - 1831-ci ildə vəfat edib) olduğu
yazılıb. Ancaq Rusiya Dövlət Tarix Arxivinin
(Sankt-Peterburqda) fondlarından tapılan sənəddə də
onun daha üç həyat yoldaşının da olduğu məlum
oldu. Onlar Fatma xanım, Şərəf xanım və Manica
xanım kimi qeyd ediliblər. Fərəc xanla adları
yuxarıda çəkilən xanımların nikahından
Əliqulu xan, Cəlil xan, Kiçik Bəyim xanım, Nəsrulla
xan və Əsədulla xan adlı övladları dünyaya gəliblər.
Hələlikdə tapılan sənədlərdə
onların adları qeyd edilib. Biz Naxçıvan
xanlarının şəcərəsini hazırlayanda məlum
oldu ki, onun varislərindən hazırda Naxçıvanda və
Bakıda yaşayanlar vardır. Əliqulu xanın Zəhra bəyim,
Çöhrə bəyim, Həcər bəyim və
Şövkət bəyim adlı qızları olub. Hacı Nəsrulla
xan Naxçıvan mahalının Qarabağlar kəndində
yaşamışdır. O, 1853-1856-cı illərdə baş
verən Şərq müharibəsinin (Krım müharibəsi)
iştirakçısı olmuşdur. Həmin müharibədə
İrəvan dəstəsinin tərkibində olan Bəy
drujinasının komandir müavini vəzifəsini
daşımışdır. "İgidliyə görə"
qızıl medalı ilə mükafatlandırılan Nəsrulla
xan Məkkəyə ziyarətə gedəndən sonra
Hacı Nəsrulla xan kimi tanınıb. Əshabi - Kəhf
mağara ziyarətgahının
yaxınlığındakı Haçaparaq kəndində məscid
tikdirmişdir. 1865-1867-ci illərdə Naxçıvan Bəy
komissiyasının üzvü olmuşdur. Atası Fərəc
xanın vəfatından sonra anası, bacısı və
qardaşları ilə birlikdə onlara məxsus mülkləri
idarə etmişdir. Onlara məxsus kəndlərin adları sənədlərdə
aşağıdakı kimi qeydə alınıb (Rusiya
Dövlət Tarix Arxivində): Qarabağlar (illik gəlir 100
gümüş rubl), Acı (50 rubl), Qabıllı (50 rubl), Tənənəm
(25 rubl) və Qoşadizə kəndinin yarısı. Onun
oğlunun da adı Fərəc xan olmuşdur.
Sankt-Peterburqdakı arxivdə varislərin tərtib etdikləri
şəcərədə adı II Fərəc xan kimi
yazılıb. II Fərəc xan oğlu Mustafa xanla birlikdə
Makı xanları ilə qohum olduğu üçün,
1934-cü ildə bolşeviklərin təqibindən yaxa
qurtarmaq üçün Makıya getmişdir. Sonralar
Türkiyədə yaşayıblar.
Fərəc
xanın oğlu Əsədulla xan Naxçıvan şəhərində
yaşamışdır. 1853-1856-cı illərdəki Krım
müharibəsində iştirak etmişdir. Müsəlman
süvari polkunun naibi olmuşdur. "İgidliyə görə"
qızıl medalı ilə təltif edilmişdir. O, Novruz
ağa Kəngərlinin qızı ilə ailə
qurmuşdur. Onun bu nikahdan Süleyman xan, Məmmədağa
xan, Maqsud xan və Xəncər xan adlı övladları
dünyaya gəlmişdir. Xəncər xanın Heydər xan,
Maqsud xanın Məhbubə xanım, Hacıbəyim xanım,
Qonça xanım, Tuba xanım (yazıçı Eynəlı
bəy Sultanovun arvadı) adlı qızları və Əsədulla
adında oğlu olub. Məmmədağa xanın
oğlanlarından Teymur xanın, Nəsrulla xanın, Qəzənfər
xanın və Mahmud xanın adları sənədlərdə
qeyd edilib. Onu da deyək ki, Qəzənfər xanın
oğlanlarından İzzət və Fərəməz Azərbaycanın
tanınmış alimləri olublar. Onlar ana babalarının
adı ilə bağlı Maqsudov soyadını
daşımışlar. Nəsrulla xanın Heydər xan,
Əhməd xan, Xəlifəqulu xan və Fərəc xan
adlı oğlanları və Fatmanisə bəyim adlı
qızı olmuşdur.
Onların varislərindən
hazırda Naxçıvanda yaşayanlar vardır. Teymur
xanın Ənvər xan və Küşvər xanım
adlı övladları Sirab kəndində yaşamışlar.
Cəlil xanın Əli xan, Xəlifəqulu xan, Məhəmməd
xan, Əhməd xan, Heydər xan adlı övladlarının
adlarına kameral siyahılarda rast gəldik. Xəlifəqulu
xanın oğlu Cəmşid xan 1934-cü ildə Makıya
mühacirət edib.
Cəlil xanın
oğlu Məhəmməd xan (bəzi sənədlərdə
Məmmədqulu xan da yazıblar) Rusiya ordusunda hərbi xidmətdə
olmuşdur. O, Əlahəzrətin (yəni Rusiya
çarının) mühafizə dəstəsində
silahdaşıyan olmuşdur. 1865-ci ilin mayın 6-da yazılan
sənəddə onun yaxşı hərbçi olması
haqda məlumat var. Həmin ilin 14 sentyabrında yunker hərbi
rütbəsini alır. 4 illik hərbi xidmətini başa
vurduqdan sonra, yəni 21 avqust 1869-cu ildə polisdə
praporşik vəzifəsində xidmətə başlayır.
Gümüş medalla təltif edilən Məhəmmədqulu
xan 1877-1878-ci illərdəki rus-türk müharibəsində
iştirak etmişdir. İrəvan qeyri-nizami süvari polkunda
yüzbaşı olmuşdur. Bəyazid qalasında yaxın
qohumu İsmayıl xan Naxçıvanski ilə birlikdə 23
gün mühasirədə qalmışdır.
Axırıncı hərbi rütbəsi kornet olmuşdur. Yeri
gəlmişkən, mayor Fərəc xanın bütün
varisləri 1867-ci ildən Kalbalıxanov familiyasını
daşımışlar. Onlar uzun illər Qarabağlar kəndində
yaşamışlar. Deyilənə görə, bəzi
mülkləri indiyədək həmin kənddə
qalmaqdadır.
Kalbalıxanovlar
hamısı Kəngərlilərdir. Çünki ulu
babaları I Kalbalı xan Kəngərlidir. Mayor Fərəc
xanın nəsil ağacı ətraflı tədqiq edilmədiyindən
onlar haqqında az yazılıb. Bunları nəzərə
alaraq azacıq da olsa ətraflı məlumat vermək istədik.
Gürcüstan Milli Arxivində onun Gürcüstan-İmerti
qubernatoruna yazdığı ərizəni tapdıq. Orada ona məxsus
möhürün də təsdiqi vardır. Axtarışlar
zamanı I Kalbalı xanın oğlanlarına məxsus (atadan
qalma miras kimi) 33 kəndin siyahısına da rast gəldik. Daha
doğrusu, bu siyahı hökumət tərəfindən təsdiqlənib.
Fərəc xan Kəngərli 1847-ci ildə, 41 yaşında
Naxçıvanda vəfat etmiş və İmamzadəyə
bitişik Naxçıvan xanlarının məqbərəsində
dəfn edilmişdir.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-28 fevral.-S.12-13