Vətən dərdli misralar

 

Nəzakət Məmmədlinin poeziyası barədə qeydlər

 

 

Deyirlər, qələm adamlarının əhval-ruhiyyəsi, ovqatı el-obaya bağlı olur, xalqın halətindən, dərd-sərindən xəbər verir.

 

Millətinə, yurduna  başucalığı gətirən qələm nümunələri isə müəllifinə də fəxr-fəxarət hissi yaşadır. Söz adamı, yaradıcı insan bundan ruhən təzələnir, bir təskinlik, qəlb rahatlığı tapır. İstedadlı qələm sahibi, şair-publisist Nəzakət Məmmədlinin şeirlərini oxuyarkən bu fikirlərə köklənmişdim və onun poeziyası barədə düşüncələrimi bölüşmək istədim. İsti ürəklə, sənətkarlıqla qələmə aldığı lirik şeirlərdə müəllifin Vətənə, doğma yurda, insanlara nəhayətsiz məhəbbətindən barınmış kövrək, incə duyğuları öz əksini tapıb. Məhz bu duyğulardan qanadlanan poetik düşüncələr çox təbii qavranılır, hisslərimizə hakim kəsilir.

 

Nəzakət Məmmədli həyatın qaynarlığına baş vuran, qələmini ağrılı mövzularda sınayan yazarlardandır. Onun nəzm nümunələri köksünə darlıq edən hisslərindən, yaşantılarından doğulur, ərsəyə gəlir. Vətən dərdindən, qaysaq bağlamayan yaralarımızdan söz açmaq isə hər kəsin işi deyil. N.Məmmədlinin şeir yaradıcılığında Vətən, torpaq sevgisi qırmızı xətlə keçir. İtirilmiş yurd yerlərimizin acı həsrəti onun misralarının canına-qanına hopub. Bu isə Nəzakət xanımın elin qeyrətli qızı, övladı olmasının, onun yanımcıllığının, Qarabağ boyda dərdinin ifadəsidir:

 

Qarabağın yağıların tapdağı,

Meşələrin yalquzaqlar oylağı,

Yaman olduq yad dillərin qınağı,

Vətən, bizi bağışlama!

 

Şair ürəyi elin köç etməsinə, insanların öz doğma yurdunda didərginə çevrilməsinə dözə bilmir:

 

Ağ günümdən bircə-bircə seç günü,

Göydən niyə daş yağmadı köç günü?!

Köçkünüyəm, yüz illərin köçkünü,

Vətən, bizi bağışlama!

 

Qarabağın tacı və hər an qanayan yaramız olan Şuşanın süqutu, bu əsrarəngiz yurd yerimizin yağıların güdazına getməsi şairin qəlbini göyüm-göyüm göynədir. Axı, Şuşa hələ də düşmən tapdağındadır:

 

Cıdır düzü deyib, könül dağladım,

Şuşa deyib sellər kimi çağladım.

Xarı bülbül qaldı xara, ağladım,

Vətən, bizi bağışlama!

 

Şair "qəzəbini öz içində hörən, gəl, Koroğlutək meydanlara girən, gəl!" deyərək haray çəkir. Bu, ana fəryadı, ana naləsidir. Bu, həm də igidlərə səslənən vətəndaş şairin  harayıdır.

 

Fransız ədibi M.Monten yazırdı: "Yaratdığım əsərin məzmunu - mən özüməm". Nəzakətin ardıcıl olaraq izlədiyim poetik nümunələrini oxuduqca belə bir yəqinlik hasil etdim ki, bu şeirlərin məzmunu onun özüdür. Keşməkeşli, gəlimli-gedimli dünyanın olaylarından narahatlığı, üzüntüləri, əsirlikdə qalan yurd yerlərimizin xiffəti, yuvası dağılan insanların nisgili və həm də Vətənə vurğun ürəyinin qüruru, fəxarətidir:

 

Elə bil səngərtək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu,

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misram döyüşən bir əsgər yolu.

 

N.Məmmədlinin "Şəhid qızı" şeirini də hiss-həyəcansız oxumaq mümkün deyil. Müəllif azğın, nankor qonşunun qoluzorlu havadarlarının hərbi gücü, dəstəyi ilə başladığı Qarabağ müharibəsinin dəhşətlərini, ailələrə, insan talelərinə vurduğu ağır zərbələri atası cəbhədə şəhid olmuş azyaşlı qıza xitabən nəql edir, əsl həyat hekayəti danışır:

 

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdı,

Ürəyim param-parça,

Qəmim naxış-naxışdı...

Ağlama, şəhid qızı,

Mən də ata itirdim;

Atamı itirəndə

Elə sən yaşda idim...

 

Sonda ölən isə ümiddir. Təki insanın ümidləri öləziməsin. Şair ölüm-itim, qan-qada olan, talelərdə çalın-çarpaz izlər qoyan müharibənin ağrı-acısının nə vaxtsa tükənəcəyini düşünür, şəhid balalarının da tutqun çöhrəsinə təbəssüm qonacağına ümid edir:

 

Ümidlərə söykənib

Böyüdüm, şəhid qızı...

Tutacaqsan ümidin,

Təsəllinin əlindən,

Sən də böyüyəcəksən.

Sən şəhidin qızısan

Ürəyində ağır yük,

Amma təsəllin böyük.

 

Qanlı 20 Yanvar faciəsinin və Xocalı soyqırımının dəhşətlərindən söz açan şeirləri, habelə epik lövhələr yaradan, əsl vətəndaş kitabı olan "Şəhid zirvəsi" poeması şairin milli yaddaşımızı təzələyən və təqdir edilən nəzm nümunələridir. Erməni yalanlarını, saxtakarlığını üzə çıxaran, milli haqlarımızın dərkinə kömək edən bu bədii nümunələr  çağdaş poeziyamızın uğuru sayıla bilər:

 

Qar yağır,

Naxışlı, dümağ, bəmbəyaz.

Qara qan ələyir o qanlı Yanvar.

Məsum insanların qanı üstünə

Qərənfil döşəyən tarixlər də var,

 

- söyləyir müəllif. Digər şeirlərində isə qəm-kədər yükündən, "barıt qoxulu duyğulardan" silkinib çıxan şair ümidlərin nur çilənəcəyi nikbin ahəngə köklənir və:

 

Qarabağda bayrağımız öyünə,

Ayaqyalın gedim o toy-düyünə.

Öpsün Vətən torpağını gözlərim,

Dəysin Vətən torpağına dizlərim,

 

- deyə hələlik əlçatmaz olan arzuları nı dilə gətirir.

 

Tank tırtıllarının zərbəsindən cadar-cadar olmuş yollar, odu sönmüş, qoru külləşən ocaqlar, düşmən əliylə tüstüsü ərşə qalxan kəndlərimiz, qaçqın-köçkünlərimizin nisgili, ah-naləsi... Şairi üzən, yandırıb-yaxaraq dilə gətirən də elə bu müsibətlərdir. Zəngin təbii sərvətləri ilə hər zaman göz qamaşdıran, yağıların sahib çıxmaq istədiyi məmləkətinin haçalanmış cığırlarını, sozalmış ocaqlarını gur alova çevirməyə çağırır Nəzakət xanım. Ürəyinin odu, sözünün kəsəri, poetik deyimləri, arzusu-diləyi ilə yurdun yarasına sarğı qoymaq istəyir. Şairin "Mən zabit anasıyam!" şeirində olduğu kimi:

 

Dağlarımın başında buludlarım ağlayır,

Dili batmış o yetim bulaqlarım ağlayır.

İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,

Məni bu intiqama, bu qisasa səsləyən

Zabit anasıyam mən!

 

Həmin şeirin digər bəndində isə oxuyuruq:

 

Rahat yuxu yatmıram,

çünki düşmən yatmayıb,

Hələ çox "arzusu" var, arzusuna çatmayıb.

Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.

Düşmənin arzusunu gözlərində öldürən

Zabit anasıyam mən!

 

Bəzi şeirlərində isə qəm-kədər yükündən, "barıt qoxulu duyğulardan" silkinib çıxan şair ümidlərin nur çilənəcəyi nikbin ahəngə köklənir və:

 

Qarabağda bayrağımız öyünə,

Ayaqyalın gedim o toy-düyünə.

Öpsün Vətən torpağını gözlərim,

Dəysin Vətən torpağına dizlərim,

 

- deyə arzularını ifadə edir.

 

Bir təqdimat mərasimində həmkarlarının, sənət dostlarının bu yazının qəhrəmanı haqqında söylədiyi maraqlı fikir diqqətimi çəkdi: "Potensial imkanından artıq iş görən adam". Nəzakət xanım barəsində çox səmimi və dəqiq deyilmişdi. Özü isə deyir ki, "insan ömür boyu ümidlə, amalla yaşamalıdır, mən də bu baxımdan istisna deyiləm. Hər bir işi inamla görməyə adət etmişəm. Ömrümün qayəsi, həyat ideallarım var. Onlardan ən mühümü gerçəyi yazmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır".

 

Uzun illər ərzində çalışdığı, baş redaktoru olduğu Mədəniyyət Nazirliyinin Xatirə Kitabı Redaksiyasındakı fəaliyyətində də bu meyarlara söykənib. "Şəhidlər ölməz, Vətən bölünməz" silsiləsindən nəşr edilən bədii-publisistik kitablar doğma Qarabağımızın və zəbt olunmuş digər yurd yerlərimizin azad edilməsi naminə canından keçmiş övladlarımızın şərəfli ömür yolunu əks etdirir. "Xatirə Kitabı" sanki önəmli bir səfərə, uzun bir yola çıxıb. Bu yol şəhidlik zirvəsinə ucalmış oğullarımızı tanıtmaq, hərb tarixi salnaməmizin yeni səhifələrini yaratmaq yoludur. Redaksiyanın yaradıcı heyətinin həmçinin, Qarabağ müharibəsində əsir, itkin düşmüş, girov götürülmüş yurddaşlarımızın da sonrakı taleyinə işıq salan cildlərin ərsəyə gəlməsində böyük əməyi var. Onu da deyim ki, alman faşizmi üzərində tarixi Qələbənin 75 illiyi münasibətilə Xatirə Kitabının Azərbaycan və rus dillərində ilk cildi hazırlanır. Bu cilddə oğul və qızlarımızın Böyük Vətən Müharibəsində şücaətindən, Azərbaycanın ön cəbhəyə ölçüyəgəlməz köməyindən bəhs edilir.

 

Nəzakət Məmmədlinin rəhbərliyi ilə dərc edilən "Yada düşdü" dərgisi ədəbi-bədii, nostalji jurnal kimi daim oxucuların marağında olan və çağdaş həyatla səsləşən  nəşrlərdəndir.

 

Bir daha qeyd edim ki, şairin taleyüklü şeirləri elə bütövlükdə Vətən haqqında nəzmə çəkilmiş bir dastandır. Həmin şeirləri bir-birinə bağlayan və oxucunun sarı siminə toxunan bir xətt var ki, bu da müəllifin millət sevgisi və vətən təəssübkeşliyidir. Orijinal müəllif müdaxiləsi, obyektiv mövqeyi ilə seçilən, nikbin ovqat yaradan, sevindirən, bəzən kədərli notlar üzərində köklənsə belə, düşünməyə sövq edən bu qələm nümunələri həmişə arzuolunandır. Bizi özümüzə qaytaran, milli kimliyimizi xatırladan belə əsərlərə həmişə ehtiyac var. Nəzakət Məmmədlinin bu qəbildən olan şeirləri, Vətən dərdli misraları yaddaşsızlıq və unutqanlıqdan yaxa qurtarmağa, düşmənə qarşı amansız mübarizəyə bir çağırışdır. Təki duyumumuz, fəhmimiz korşalmasın. Əsirlikdə qalan torpaqlarımızdan düşmənin çıxarılacağı gün isə Zəfər günü olacaq!

 

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

 

 

525-ci qəzet.-28 fevral.-S.11