Zabaykalsk azərbaycanlıları
ZABAYKALSK DİYARINDA FƏALİYYƏT
GÖSTƏRƏN "AZƏRİ"
CƏMİYYƏTİNİN RƏHBƏRİ
ƏLƏDDİN MƏMMƏDOV: "ALLAH BİR İNSANA
QAZANMAQ İMKANI YARADIBSA, BAŞQALARINA DA KÖMƏK ETMƏK,
PAYLAŞMAQ, BÖLÜŞMƏK LAZIMDIR"
Qloballaşan
dünyanın xarakterik özəlliklərindən biri də
miqrasiya proseslərinin güclənməsidir. BMT-nin ekspertlərinin
apardığı dəyərləndirmələrə
görə, hazırda bütün dünyada hər 35 nəfərdən
biri beynəlxalq miqrant statusuna malikdir.
Bu proseslər, istər-istəməz,
ayrı-ayrı ölkələrdə immiqrant birliklərinin
yaranmasına gətirib çıxarır və nəticə
etibarilə diaspor təşkilatlarının sayı
bütün dünyada durmadan artır.
Təsadüfi
deyil ki, hazırda diasporla münasibətlər bir çox
ölkələrin xarici siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib. Ayrı-ayrılıqda diaspor nümayəndələri
və bütövlükdə diaspor təşkilatları yad
mühitdə milli mədəniyyətin, doğma dilin
qorunub-saxlanması, milli şüurun və özünüdərk
proseslərinin lazımi səviyyədə aparılması
istiqamətində olduqca vacib, son dərəcə əhəmiyyətli
rola malikdir.
1991-ci ildə
SSRİ süquta uğrayandan sonra bir çox etnik qruplar
öz soydaşlarının kompakt şəkildə məskunlaşdığı
ərazilərdən kənarda qaldı və tamamilə fərqli
tarixi şəraitdə yaşamağa məcbur oldu. Müxtəlif
səbəblərdən fərdi qaydada başqa yerlərə
köç edən insanları da buraya əlavə etsək,
mənzərə bir qədər də aydınlaşar.
Diaspor təşkilatları
və diaspor nümayəndələri ilə münasibətlərdən
danışarkən, adətən başqa ölkələrin
mərkəzi, iri şəhərlərində məskunlaşmış
insanlarımız və müəyyən mənada onların
institutlaşmış qurumları nəzərdə tutulur.
Lakin ucqarlarda yaşasa da, öz ölkələri ilə mədəni
əlaqələri bütün vasitələrlə dəstəkləyən,
öz nüfuzu və təsir qüvvəsi ilə heç də
sözügedən qurumlardan geri qalmayan, bəzən isə
spesifik həyat şəraitində fəaliyyət göstərdiyinə
görə daha çox əmək sərf edən
insanlarımızın da haqqını danmaq olmaz. Bu mənada
onlardan ayrıca söz açmaq lazım gəlir.
Rusiyanın Zabaykalsk diyarında yaşayan
soydaşlarımızla tanışlıqdan sonra bu qənaət
daha da möhkəmlənir.
Rəsmi məlumatlara
görə, əldən-ayaqdan nə qədər uzaq
görünsə də, Rusiya Federasiyasının Zabaykalsk
diyarında üç minə yaxın azərbaycanlı məskunlaşıb.
Demək olar, Azərbaycanın bütün bölgələrindən,
o cümlədən, Göyçə və Borçalı
mahalından soydaşlarımız burada yaşayır.
Soydaşlarımız
sahibkarlıqdan tutmuş, təhsil sahəsinə qədər
Zabaykalskinin, demək olar, bütün sferalarında təmsil
olunur. Məmnunluqla qeyd etmək istəyirəm ki, yaxın
keçmişdə daha çox subyektiv amillərin təsiri
ilə Rusiya məkanında formalaşmış yanlış
stereotiplərə rəğmən, Zabaykalsk diyarında azərbaycanlılarla
bağlı heç bir təbəddülat yaşanmır.
Bu, bir tərəfdən dəyişən sosial-iqtisadi durumla,
digər tərəfdən isə,
soydaşlarımızın yerli cəmiyyətə uğurlu
inteqrasiyası ilə izah olunmalıdır. Hazırda soydaşlarımız
arasında hüquqşünaslar, iqtisadçılar, müəllimlər,
həkimlər, dəmiryolçular, hərbçi zabitlər,
xalq hakimləri və digər dövlət qulluğunda
çalışanları sadalamaqla qurtarmaz. Onların
sırasında uzun illər polis sistemində yüksək vəzifədə
çalışmış polkovnik F.İlyasov,
polkovnik X.Tağıyev və başqaları da var. Zabaykalskdə
soydaşlarımızın hüquqlarının qorunması,
inteqrasiyası, sosial-mədəni və mənəvi
ehtiyaclarının təmin olunması, layiqli vətəndaş
imicinin formalaşması məsələləri ilə
bağlı həlledici faktorlardan biri, bəlkə də
birincisi institutlaşmış birliklərin və onların rəhbərlərinin
fəaliyyəti ilə bağlıdır. Bunlardan A.Möyübov, N.İslamov, X.İsmayılov,
A.Əzimov, G.Əhmədov və digərlərin
adlarını çəkmək olar. Bütün Rusiyada
yaxşı tanınan belə şəxslərdən biri də
Çitada fəaliyyət göstərən "Azəri"
cəmiyyətinin rəhbəri, Zabaykalsk diyarı İctimai
Palatasının sədr müavini Ələddin Məmmədovdur.
O, həm də uzun illər Ümumrusiya Azərbaycanlılar
Konqresinin Zabaykalsk diyar bölməsinin sədri olub.
Cavan
yaşlarından Çita şəhərində məskunlaşmış
Ələddin Məmmədov soydaşlarımız arasında
böyük nüfuz sahibidir. İş adamı, gözəl
təşkilatçı və xeyriyyəçi kimi
tanınan Ə.Məmmədov jurnalistlərə
verdiyi müsahibələrindən birində deyir: "Əgər
Allah sənə imkan yaradıbsa, deməli, paylaşmaq,
bölüşmək lazımdır. Bu hökm Quranda da yer
alır, Bibliya və digər müqəddəs kitablarda da. Bu
və ya digər məsələlərlə bağlı mənə
müraciət edən adamlara həmişə, maksimum dərəcədə
kömək etməyə çalışıram. Ümumiyyətlə,
hesab edirəm ki, Zabaykalsk diyarında yaşayıb, burada pul
qazanan hər kəs öz həmvətənlərinin həyatını
yüngülləşdirməyə
çalışmalıdır".
Zabaykalsk diyarı
qubernatorunun təklifi və təşəbbüsü ilə
İctimai Palatanın üzvü seçilmiş Ə.Məmmədov hazırda onlarla müxtəlif
təşkilatın ictimai şurasının
üzvüdür. Bu, vətəndaş cəmiyyətinin
formalaşması, insan haqları ilə bağlı prioritetlərin
müəyyənləşməsi və s. kimi məsələlərdə
onun məsləhətinə və iştirakına ehtiyac
duyulduğunun göstəricisidir.
Ə.Məmmədovun sözlərinə görə, onun rəhbərlik
etdiyi ictimai təşkilatın toplantılarında və
keçirdiyi tədbirlərdə 250-300 fəal azərbaycanlı
iştirak edir. Hazırda gündəmdə azərbaycanlıların
ənənəvi mahnı və rəqs ansamblının
yaradılmasıdır. Soydaşlarımız şəhərdə
görülən abadlıq işlərində, demək olar,
bütün problemlərin həllində yaxından iştirak
edirlər. Şəhərdə yeganə cümə məscidinin
bərpası belə tədbirlərdən yalnız biridir. Azərbaycanın
istər dövlət, istərsə də dini bayramları
Çita şəhərində yüksək səviyyədə
qeyd edilir. Qeyd etmək yerinə düşər ki, bilavasitə
Ə.Məmmədovun rəhbərlik etdiyi
qurumun təşkilatçığı ilə düzənlənən
ənənəvi Novruz bayramı tədbirlərində, bir
qayda olaraq, vilayətin qubernatoru və şəhər meri də
iştirak edirlər.
Etnik qrup nə vaxt
diaspora çevrilir? Zabaykalsk diyarında yaşayan, hüquqi,
iqtisadi, mədəni, informasiya və təşkilati məsələləri
müasir tələblərə uyğun şəkildə həll
etməyə çalışan, böyük
ölçüdə buna müvəffəq olan, doğma vətənlə
əlaqələrini daim zənginləşdirən azərbaycanlıların
fəaliyyəti bu suala əyani cavabdır.
Şahid MƏMMƏDOV
Çita şəhəri
525-ci qəzet.-28 fevral.-S.10