Xocalının "Haray"ı
Cəmi iki gün öncə
Azərbaycan tarixinin daha bir qanlı
səhifəsinin növbəti
ildönümünü yaşadıq,
Xocalı soyqırımı
qurbanlarının xatirəsini
yad etdik. Artıq 28 ildir, Azərbaycan xalqının
bağrında qanayan yaraya çevrilən Xocalı dəhşəti
erməni faşistlərinin
bu millətin başına gətirdiyi birinci müsibət olmasa da, özünün ağırlığı, vəhşəti
ilə XX əsrin faciəsi hesab olunur.
Aradan 28 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı indi də bu soyqırımı
göz yaşları ilə xatırlayır. Bu
illər ərzində
Xocalı soyqırımı,
Qarabağ həsrəti
müxtəlif rejissorlar
tərəfindən filmlərə
mövzu seçilib, ekranlara daşınıb.
Həmin ekran işlərindən biri də "Haray" filmidir. Bir müddət öncə rejissor Faiq Kərimoğlunun çəkdiyi
filmdə Xocalıdan sağ qurtulan, həmin qorxunc gecənin canlı şahidləri xatirələrini
bölüşür, ağrılarını
dilə gətirirlər.
Bunlar qadınlardır.
Balasını köksündə
düşmənin caynağından,
qışın soyuğundan
ayaqyalın, başıaçıq
qurtarmağa çalışan
qadınların xatirələri
insanı iliyinə qədər dondurur, o günləri görməsə
belə, ürəyinin
ən dərinində
yaşamasına, hiss etməsinə
səbəb olur.
Filmdə Xocalı faciəsinin qurbanları olan qadınların, anaların
ümumiləşdirilmiş obrazını jurnalist, aktrisa Esmira Azayeva canlandırır. Onun peşəkarcasına
canlandırdığı dözümlü,
qürurlu, namusunu və balasını düşməndən xilas
etmək üçün
bütün qüvvəsini
ortaya qoyan, canını təhlükəyə
atmaqdan çəkinməyən Xocalı
qadını bütünlükdə
Azərbaycan qadınının
daxili qüvvəsini əks etdirirdi. Çətin şərtlər
daxilində çəkilən
film cəmi 14 dəqiqədə
dünyanın görmək
istəmədiyi, gözlərini
və qulaqlarını
yumduğu o ağır
həqiqətləri bütün
bəşəriyyətə hayqırır. Xatırladaq
ki, film təmənnasız
çəkilən televiziya
layihəsidir.
"Haray" filminin timsalında Azərbaycanın Qarabağ
dərdini, həqiqətlərini
özündə əks
etdirən bütün
yaradıcı işlər
dəyərdir, dəyərlidir.
Bu cür işləri
ilə dövlətin
Qarabağ həqiqətlərinin
dünyada tanıdılması
siyasətinə dəstək
verən bütün insanlara təşəkkür
edir, tezliklə bu dərdlərin tarixə çevrilməsini
arzulayırıq!..
Şahanə
MÜŞFİQ
525-ci
qəzet.-28 fevral.-S.8