"Qoca qartalın əbədi
uçuşu" təqdim edilib
Yanvarın 30-da Rəşid Behbudov
adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş "Qoca qartalın əbədi uçuşu"
adlı sənədli
filmin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, film "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin
bədii və sənədli filmlər studiyası tərəfindən
istehsal olunub.
Filmin təqdimatından
öncə, ekran əsərinin quruluşçu
rejissoru Elnurə Kazımova AZƏRTAC-a müsahibəsində
deyib: "Bu filmdə
biz portret janrından çıxış edərək
Azərbaycandan kənarda,
Türkiyə, İran
və başqa yerlərdə Mikayıl Azaflının aşıq
sənətinə qarşı
münasibətini əks
etdirmişik. Portret janrı ilk baxışda
sadə görünsə
də, onun öz çətinlikləri
və məhdudiyyətləri
var. Ən böyük
məhdudiyyət də
budur ki, süjetin sxemi əvvəlcədən bəllidir.
Bu filmlə onu
göstərmək istədik
ki, M.Azaflı tək aşıq deyil, dövrün dissident
şairidir. O, sənətilə
Türkiyə və Gürcüstanda məşhurluq
qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə
aşıq sənətinə
maraq oyatmağa çalışmışıq".
Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun
qarşısında iki
yoldan birini seçmək dururdu.
"Ya xalqın
yaratdığı mifi
dekonstruksiya etmək,
"söküb yenidən
yığmaq", ya da mövcud əfsanənin obrazını
"televiziya dilində"
bərpa etmək. Tamaşaçının
təsəvvüründəki obrazı kino estetikasının tələbləri
əsasında görüntülərə
çevirib əyaniləşdirmək...
Biz ikinci yola
üstünlük verdik
və mənə elə gəlir ki, bu yanaşma
özünü doğrultdu.
Mikayıl Azaflının portreti
əsasında Azərbaycan
aşıq sənətinin
keçdiyi enişli-yoxuşlu,
bəzən də
"ildırımlı" yolu, bu sənətin
ölməz gələcəyini
canlandırmağa çalışdıq.
Təbii ki, buna nə dərəcədə
nail olduğumuzun qiymətini
tamaşaçı verəcək",
- deyə M.Osmanoğlu
bildirib.
Filmin elmi məsləhətçisi Qəzənfər
Paşayev bildirib ki, ekran əsəri
haqqında tənqidi sözlər demək çox çətindir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm
xadimi Məhərrəm
Qasımlı bildirib ki, burada Mikayıl
Azaflının əfsanəvi
obrazı canlanıb. Çünki M.Azaflının özü
belədir və xalq bu obrazı
sadəcə irəli
çəkib. Qeyd edib
ki, İranda onu çox yaxşı tanıyırlar.
M.Azaflının qeyri adiliyi onu əfsanəvi aşığa çevirib.
Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində
çəkiliş qrupuna
öz təşəkkürünü
bildirib.
Ekran
əsərində Mikayıl Azaflının keçdiyi
ömür yolu, Azərbaycan aşıq sənətinin
inkişafında, coğrafi hüdudlarının genişlənməsində
oynadığı əvəzsiz rol
işıqlandırılıb.
Filmin
ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu
rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.
Sonda "Azaflı
himni" havası təqdim olunub.
Qeyd edək ki, filmin
çəkilişləri əsasən
Tovuz rayonunda, Əsrik çayının
sahillərində, Mikayıl
Azaflının qaçaq
olduğu Şiş qaya deyilən dağda, aşığın
ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və
digər kəndlərdə
aparılıb.
525-ci qəzet.- 2020.- 1 fevral.- S.12.