Milli Dram Teatrında Xocalı qurbanlarının
xatirəsi anılıb
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının
səhnəsində yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
ikihissəli "Xəcalət"
dramı əsasında
hazırlanmış eyniadlı
tamaşa nümayiş
olunub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın
quruluşçu rəssamı
Əməkdar rəssam
İsmayıl Məmmədov,
musiqi tərtibatçısı
isə Xalq artisti Siyavuş Kərimidir. Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar
Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov canlandırıblar.
Tamaşa müharibədə çiyin-çiyinə
vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs
edir.
Həmçinin, tamaşada müharibənin
yaratdığı faciələr
bir ailənin timsalında verilib və qaçqınlığın
bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə
xüsusi diqqət yetirilib.
Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə
də, dramaturq müharibənin doğurduğu
faciələri, insanlara
gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış
insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.
"Xəcalət" pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı
yönəlmiş, insanları
ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən
bir əsərdir.
525-ci qəzet.-28 fevral.-S.8