"Daha bundan belə Yer övladıyam..."

 

 

Ürəyimə damır, eynimə gəlir,

Taleyin üzünə güləcək, Vətən!

Hər kəsə məlumdur şanlı tarixin,

Daha xoş olacaq gələcək, Vətən!

 

Alıb qaçırdılar "Sarı gəlin"i,

Qırdılar Şuşanın incə belini.

Əsir götürdülər Göyçə gölünü,

Nə gül eynimədi, nə çiçək, Vətən!

 

Qanımızda varsa, Tomrisin südü,

Qoymaz ki, qul olaq Babək öyüdü!

Biləcək axır ki Türk olmaq nədi,

Düşmən əvvəl-axır biləcək, Vətən!

 

Həsrətin eləcə teyləyir bizi,

Qəm dindən-imandan eyləyir bizi.

"Ey Türk, özünə dön!" haylayır bizi,

Türk özünə bir gün gələcək, Vətən.

 

***

 

Mən neynirəm... Mənim yolum ayrıdır,

Ürəyimdə amma bir ad çırpınır.

Xəyallara dən səpdiyim yerdəcə

Görrəm, küncdə bir cüt qanad çırpınır.

 

Bir az sığal çəkirəm ki, ovunsun,

Su verirəm gözlərimin camında.

Daşlayıram, huylayıram, incimir,

Uçub getmir ürəyimin damından.

 

Qəfəsini sındırıram yaddaşın,

Xatirələr pərən-pərən tökülür.

Bir də görrəm, qəh-qəh çəkib uzaqda

Ağlın diri bir çınqısı hey gülür.

 

Yandırıram ürəyimin yaş yerin,

Bəlkə tüstü perikdirə... alınmır.

Öldürəcəm! Mən dəyməmiş görürəm,

Göyərçinim, ayağından qan damır...

Eh... Neynirəm ki... Mənim yolum ayrıdır.

 

***

 

Tanrı ürəyimdə işıq yandırıb,

Görürəm, gözümə min yol pərdə çək.

Sən mənim gözümə kül üfürürsən,

Allahın hökmüylə sovurur külək...

 

Niyə çoxaldıqca azaldın belə,

Öz-özünü yeyən ömürsən, nəsən?

Əlim ətəyindən üzüldü, şükr et,

Çatdınmı arzuna, ay kəndirkəsən?!

 

Mənə bozartmağa üzün var, amma

Bilirəm, qorxursan özün özündən

Allah ürəyimdə çıraq yandırıb,

Aydın görünürsən gizləndikcə sən...

 

***

 

Yaxşı ki, yadında qalmamışam mən,

Yoxsa görünməzdim bu qədər təzə.

Sevincim hələ də küskündü mənim,

Duyğumla oynayan bəxtim baməzə.

 

Sənin ürəyinə gör kimlər gəlir,

Mənim ağlımdan gör nələr keçir?

Səhərdən axşama gözüm önündən

Sən boyda-buxunda kölgələr keçir...

 

Səntək gülümsəyir Günəş də, Ay da,

Sənintək dolanır buludlar hələ.

Əlim ətəyindən çoxdan üzülüb,

Amma üzülməyib umudlar hələ...

 

Həsrətdə saralıb-solan çiçəklər,

Elə kədər deyir, qəm pıçıldayır.

Başımın üstündən əsən küləklər,

Qulağıma xəlvət sən pıçıldayır.

 

Çəkir üz-gözümə gülüş şəklini,

Sınan qürurumla rəssam inadım.

Daha bundan belə Yer övladıyam

Daş dəyib qəlbinə, sınıb qanadım.

 

Yaxşı ki, yadında qalmamışam mən,

Yoxsa görünməzdim bu qədər təzə.

Sevincim hələ də küskündü mənim,

Duyğumla oynayan bəxtim baməzə...

 

***

 

Sevincim, gülüşüm təzə dil açır,

Amma kədərimin yaşı əllidir.

Kiminin əvvəli, kiminin sonu,

Bu da könlüm üçün bir təsəllidir.

 

Gülməyə nəyim var kədərdən özgə,

Mən də kədərimə gülürəm indi.

Bir acı sözündən öldüm...

Dirildim,

Bir şirin sözünçün ölürəm indi.

 

Dəhrəli-baltalı zövqlərə üsyan,

Dəyişə bilməmək ən böyük suçum...

Çox dərələr keçdim, çox dağlar aşdım,

Səni unutmağa yetmədi gücüm...

 

***

 

Bu boz sərçələr kimi

Könlüm köç etməz mənim.

Ayağım gedən yerə

Başım heç getməz mənim.

 

Yoxmuş sən adda ömrüm,

Yox oldu odda ömrüm.

ALLAHın altda ömrüm

Beş para etməz mənim.

 

Çıxıb ceyran belinə,

Sonam gəlməz gölünə.

İnnən belə əlinə

Əlim heç yetməz mənim.

 

Nə bənd bilər, nə bərə,

Aşar dağ, keçər dərə,

Fikrim sevdiyi yerə

Gedər, qayıtmaz mənim...

 

***

 

Mənim gözlərimdə muncuqdu bu eşq

Mənim qulağımda sırğadı bu qəm

Sən də heç çəkinmə mənim ürəyim

Yaxşı oyuncaqdı, balaca sənəm.

 

Bu qəhər hər gecə udduğum həbdi

Şəkərim, şəkərdi bu eşq qanımda

Ömrümün bal dadan vaxtı varıydı

Sən də uyuyurdun nağıllarımda.

 

Qəfil tufan qopdu yer-göy titrədi

Qəfil toz-dumana büründü aləm

Səni ayrılığın divi qaçırdı

Mənim nağılımdan, balaca sənəm.

 

Ha gözüm su verir, ha ürəyim od

Dustaq xəyalların gülü açılmır

O vaxtdan könlümdə lal gəzdirirəm

Qorxmuş arzuların dili açılmır.

 

Mənim gözlərimə muncuqdu bu eşq

Mənim qulağıma sırğadı bu qəm

Sən də heç çəkinmə mənim ürəyim

Yaxşı oyuncaqdı balaca sənəm...

 

***

 

Küsülü ulduzlar sönük görünür.

Günəşi sinəmə qəsdən qoyub baxt.

Gün keçir, ömür-gün qüruba enir.

Əlini qaşının üstə qoyub bax.

Gözlərin ağrıyır məni görəndə?

 

Nə qədər varındı, gətir yandırım,

ümidin yarımçıq sönən şamları.

Hicranın oduna tutmuşam, yarım,

yalan şübhələri, boş inamları.

Gözlərin ağrıyır məni görəndə?

 

Ömür ürəyimi bomboş saxlayıb,

bircə kəlmə şirin sözündən ötrü.

Gözün qaranlığa düşüb ağrıyıb,

ağartdım saçımı gözündən ötrü,

Gözlərin ağrıyır məni görəndə?

 

Dözmür sinəmdəki yanan ocağa,

pərvanə gözlərin çaşır, mən neynim?

Yandım gözlərinə çıraq olmağa,

gözlərin işığa düşür, mən neynim?

Gözlərin ağrıyır məni görəndə?

 

Belə qəliziymiş sevdanın yolu?

Təmənnasız eşqin əvəzi buymuş?!

Zərif baxışların görür, yorulur,

Xatirə ağrıya Ağrı dağıymış...

Gözlərin ağrıyır məni görəndə?

 

***

 

Bilirsənmi, tükənirəm, ölürəm

Xatirələr birər-birər solanda.

Dərmanımdı, göndər mənə, loğmanım,

Təzə sözün, təzə nəğmən olanda.

 

Ürəyində bir yara var, bilirəm

Əllərimin haqqı yoxdu sarısın.

Bu eşqə Haqq belə yazıb taleyi

"Uca olsun, eləcə qız qarısın!"

 

Yaşamışam ən gözəlin həsrətin,

Ən acı da şirin dadır, beləyəm.

Ha çırpındım, pozammadım, kiridim,

Haqq yazanı... eh, axı nə karəyəm...

 

Tək diləyim: xatirələr solmasın,

Bulud kimi əl eyləsin uzaqdan.

Təzə-təzə ocaq qala sözünlə

Ürəyimi qorusun bu sazaqdan.

 

Bilirsənmi dərmanımdı sözlərin...

Nə karəyəm yazılanı pozum mən.

Qol-qanadım qırıq-qırıq... incidir.

Sındım, bildin, mən düşəndə gözündən?

 

Hərdən mənə dərman göndər, ağrıyır,

Qopub düşən xatirənin yarası...

Nə karəyəm, başqa dərman axtarım.

Bu acının yoxdu başqa çarası.

 

Hərdən təzə dərman göndər, loğmanım

Bu arzumu qat gözünə məlhəmin...

 

***

 

Eh, dünya, hər şey var, ürək deyən yox,

Ürəyim qısılıb bir küncə burda.

Bu ömrü qəm qurub, qəm inşa edib,

Onunçün yer yoxdu sevincə burda.

 

Kim yazdı alnıma bu intizarı,

Sevincdə, sevgidə tutmur qərarı.

Buzdan tökülübdü dəri-divarı,

Ev-eşiksiz qallam gülüncə burda.

 

Hər kəsə simsarı, kimsəsi gəlir,

Mənim də qəlbimdən qəm səsi gəlir...

Öz dərdim kiriyir, özgəsi gəlir,

Qəmlə döyüşürəm ölüncə burda...

 

***

 

Vaxtında nazıyla oynamamışam,

məndən küsən günlər qayıtmaz geri.

Ömrün baharında üzülüb düşən

yaşıl arzuların göynəyir yeri.

Hıçqırır arabir barsız ümidlər,

nakam arzuların məzarı üstdə.

Hərdən qanad çalar xatirə ruhlar

qəlbin viran qalan gülzarı üstdə.

Yox, ötən günlərin qəmi qəm deyil,

Mən nahaq qaçmışam o qəmdən, nahaq!

Niyə ömrü-günü verdin yellərə,

sən ay gözlərimi çox gec açan haqq?!..

 

***

 

İndi mən öldümmü,

Yerə gömüldümmü?

Cənnətəmi düşdüm?

Ruhlarımız görüşdü...

İndi bura cənnətmi,

Sən olan yer?

Şövqə bax, zövqə bax...

Bu nə gözəllikdi belə?

Almada çiçəyə,

buğdada dənə bax...

Şeytanadaş atan

ilanda cürətə,

felə bax...

Bax, tovuzquşu da

tövbəyə oturub...

mənimsə gözümü ayrılıq,

ah, elə qırıb ki,

eynimə də deyil

nə nə alma,

nə buğda,

nə şeytan, nə mələk.

Bir sualam indi mən:

- İndi biz öldükmü,

Bitdimi o məşum ayrılıq?!

Bitdimi o hicran?

Yaşayırdıqmı bu çağacan?

Ah, indi biz öldükmü?

 

***

 

Neynək əğyarla yar qalsın baş-başa,

Bir də o tərəfə dönmərəm, haşa!

Mən də ürəyimi döndərib daşa,

Məhəbbət heykəlin daşdan yonaram...

Mərhəmət nəzərin üstümdən çəkib,

Nahaqdan gözümə qaranlıq çöküb.

Köhnə hər nə varsa, uçurub-töküb,

Məhəbbət heykəlin başdan yonaram.

Şükür Yaradana, yoxu var edib,

Bu susqun könlümü dilavar edib.

ALLAHın izniylə bir hünər edib

Ən böyük sevgini heçdən yonaram...

 

 

Xatirə Rəhimbəyli

 

525-ci qəzet.-29 fevral.- S.23