Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr,
müharibələr
Geosiyasət və münaqişələr
(Əvvəli
ötən şənbə saylarımızda)
Tarix boyu
bütün insan yaşayan qitələrdə iri,
böyük gücə malik olan dövlətlər,
onların qonşuluğunda isə zəif, müdafiəsiz,
qorxu içərisində yaşayan dövlətlər
mövcud olmuşdur. Onların münasibətləri də
güc nisbəti əsasında formalaşırdı. Qüdrətli
dövlət daim əli çatdığı hər yerdə
nəzarətə nail olmağa, başqalarını
özünə tabe etməyə çalışır.
Müxtəlif qruplar illər ərzində ağalıq edir və
onların hökmranlıq etmək iddiası heç zaman
ölçüsünə də məhəl qoymur.
Orta əsrlərdə
imperiyalar coğrafi cəhətdən məhdud ərazilərə
malik idi, onları heç də XIX əsrdəki, üzərində
günəşin batmadığı Viktoriya Böyük
Britaniyası ilə müqayisə etmək olmazdı.
Müasir dövrdə isə böyük dövlətlər
təkcə Yer kürəsinin sərvətləri ilə
kifayətlənməyib, hətta kosmik məkanda mümkün
olan şəraitdə rast gəlinən resurslara nəzarət
etmək iştahasına düşürlər.
Əlbəttə,
geosiyasi strategiyalar əsrlər ərzində o qədər də
dəyişikliyə məruz qalmır, onlar zamana yararlı
olmaq naminə uyğunlaşma metodunu seçirlər. Qüdrətli
dövlətlər zəiflərə öz iradələrini
təlqin edir, zəiflər isə digərlərinin daha
qorxulu təsirindən qaçmaq üçün onlardan
istifadə etməyə çalışırlar. Bu
strategiyalar qüdrətli olanlara dünyada ağalıq etmək
imkanı kimi özlərinin güman etdikləri bir səlahiyyəti
verir. Milli təhlükəsizlik adı altında, uzaq ölkələrdə
buna aid olmayan silahlı əməliyyatlar keçirilir.
Heç də sirr
deyildir ki, dünyada, qlobal səviyyədə ağalıq edən
və ağalıq edilənlər kimi iki tip ölkə
mövcuddur. Güclülər sərəncamında olan - bu,
istər hərbi, iqtisadi, mədəni və ya texnoloji olsun, -
bütün vasitələrlə zəiflərə nəzarət
etməyə müvəffəq olurlar. Zəiflər isə
müqavimət göstərmək imkanından məhrum
olduqlarına görə güclülərin himayəsi
altında özlərinə sığınacaq tapırlar. Elələri
də vardır ki, asılılığı özünə
şərəf sayır, güclü dövlətin forpostu
adlanmağa sevinir. Axı onun suverenliyi də ximera kimidir, sərhədlərini
də güclü dövlətin hərbçiləri qoruyur.
Orta əsrlərdən qalmış vassallıq indi xüsusi
"şərəfə" sahib olur. Çünki qüdrətli
ağaya malik olmaqla, iyrənc
şıltaqlığını davam etdirməyə,
yaşayış məkanını genişləndirməyə
çalışır, xeyli əvvəl etdiyi təcavüzün
nəticələrini saxlamaqla ondan bəhrələnmək
istəyir. Anlamaq istəmir ki, ağası öz fikrini, əvvəlki
rəyini dəyişə bilər və bu, onun tam fəlakəti
ilə nəticələnə bilər. Axı təcavüz
davam edirsə, şiddətlənən intiqam hissi təcavüzkar
üçün ağır səhnələrin meydana gəlməsinə
səbəb ola bilər. Ağlını itirməmiş siyasətçilər
bu qorxulu variantın baş verməsi ehtimalını heç
vaxt yaddan çıxartmamalıdır.
Münaqişələr
heç də boş yerə meydana gəlmir. Birinin iqtisadi və
hərbi cəhətdən güclənməsi,
başqalarına meydan oxuması qonşusunu qorxutmaya bilmir.
İmkanlar arasındakı fərq təkcə qorxu
yaratmır, qorxuya düşən özünün xilası
kimi münaqişəyə əl atmaq variantını
seçir. Bizim eradan əvvəl V əsrin ikinci yarısında
gedən Peloponnes müharibəsində güclənən
Afinaya qarşı Sparta məhz bu yolu seçmişdi.
İnsanlar təbiətən
heyvanlardan daha acgözdürlər, hər şeyi dadmaq istəyir,
yeni gördüklərinə tamah salır. Pandalar yalnız
bambuk yarpağı və çubuğu ilə qidalanır,
barama qurdunun sürfəsi tut yarpağını yeməklə
kifayətlənməklə, istehsal etdiyi ipək sapdan öz
pupuna yuva düzəldir. İnsan isə iştahını
susdurmaq üçün hər şeyə əl atır,
lakin doymaq bilmir. Heç nəyi olmayan nəyəsə nail
olmaq, bəziləri isə sərəncamında olanlarla kifayətlənməyib,
daha çox şeyə sahib olmaq istəyir, varlılar isə
iştahalarını heç də korlamamaqla, həm də
malik olduğunu qoruyub saxlamağa çalışır.
Quşlar, vəhşi
heyvanlar özlərinin düzəltdiyi, hördüyü,
qurduğu sadə yuvalarda yaşamaqla kifayətlənirlər.
Savannalarda və prerriyada yaşayanlar təbiətin
çılpaq qoynunu ana ağuşu hesab edirlər.
İnsanlar isə tələb olunan yaşayış sahəsi
ilə kifayətlənməyib, özlərinə villalar,
saraylar tikdirirlər.
Davranışın
bu xüsusiyyətini dövlətlərdə də görmək
mümkündür. Daha geniş əraziyə və resurslara
malik olmaq istəyi öz ifadəsini həm də hərbi
strategiyada tapır. Müharibəyə girmək
üçün dövlətə şöhrət,
mükafatla yanaşı, düşmənçiliyin
olması, əks tərəfdə daxili
iğtişaşı və aclığın müqavimətini
oyatmaq kimi motivlərə malik olur.
Münaqişələrin
yaranması üçün kütləvi informasiya vasitələrindən
geniş istifadə olunur, dini müəssisələr, təhsil
ocaqları və ya dezinformasiya əhalini psixoloji cəhətdən
hazırlayır. Təbliğat hücumundan qorunmaq
üçün yəhudilərin güman etdiyi kimi göylərdən
gələn informasiya bolluğundan qorunmaq üçün
onların başın mərkəzinə qoyduqları kipa kimi
adamlar da özlərini bəlkə bu qaydada qorunsunlar.
Nikkolo Makiavelli bəyan
edirdi ki, adamların məhəbbət bəsləməsindənsə,
onların qorxması yaxşıdır. Bizim eranın I əsrində
yaşamış Roma imperatoru Kaliqula ona nifrət edildiyindən
agah olduğundan deyirdi ki, qoy nifrət etsinlər, ancaq
qorxsunlar. Lakin onu da nəzərə almaq lazımdır ki,
insanların qorxu hiss etməsi qısa müddət
üçün səmərəli olur, tez bir zamanda nifrətə
çevrilir və bu, əvvəlcədən nəzərdə
tutulmayan nəticələrə səbəb olur. Qədimdən
gələn belə bir fikir də vardır ki, bəzi adamlar məhəbbətə
görə, digərləri qorxuya görə, qalanları isə
öz əqidələrinə görə hərəkət
edirlər. Əslində, adamlar bu üç şərtin
kombinasiyasını daha çox istifadə edirlər. Həmin
kombinasiyadan elə beynəlxalq əlaqələrdə də
istifadə olunur.
Zorakılıq bəzən
insanların və xalqların təbiətindən irəli gəlir.
Axı sülhsevər xalqlar, tayfalar da mövcud olmuşdur.
Qrenlandiya eskimosları müharibənin nə olduğunu
bilmirdilər. Solomon adalarında adam əti ilə qidalananlar,
kanniballar bir qayda olaraq, əsir götürdüyü
düşmənlərini öldürüb yeyirdilər.
Yeyilmiş əsirlərin kəllələrindən isə
öz şücaətlərinin nümayişi kimi iri piramida
düzəldirdilər. Cənubi Amerikada Amazonka selvasında
yaşayan bəzi hindu tayfaları da insan əti ilə
qidalanmağı heç də qüsur saymırlar.
Onların Solomon adaları sakinlərindən bir mühüm fərqi
vardır ki, çox sülhsevərdirlər, heç kəslə
vuruşmur, dalaşmırlar. Onlar doğma təbiətin -
meşələrin və çayın verdiyi nemətlərlə
qidalanırlar. Adam ətini yeməyə gəldikdə, onlar vəfat
edən babalarının və nənələrinin,
atalarının və analarının cəsədini yeməklə
qidalanırlar, bunu mərhumun ruhunun azad olması, həyatla
ölüm arasında dolaşmalarına son qoymaq üçün
etdikləri ilə izah edir və əsaslandırırlar. Deməli,
hətta adam əti ilə qidalanan tayfalar da sülhsevərliyi,
müharibələrdən uzaq olmaları ilə seçilə
bilər.
Alman filosofu
İmmanuel Kant isə "insanların təbii vəziyyəti
heç də sülh deyildir, müharibədir" fikrini irəli
sürürdü və inanırdı ki, "müharibənin
özü xüsusi motivə ehtiyac duyur". Böyük
humanist Erazm Rotterdamlıya görə isə müharibə
"o qədər quduz və qəddardır ki, insanlardan
çox, vəhşi heyvanlara daha yararlıdır".
Müharibədə
yalnız bir məqsəd vardır - istənilən haqqı
vermək yolu ilə qalib gəlmək. Hitler,
bütövlükdə natsistlər işğal naminə hər
cür ağılsız ideyalardan istifadə edirdilər.
Üçüncü Reyxin minillik ömrü arzulansa da,
Hitlerin icadı olan bu Reyx 12 yaşında dünyadan
köçdü, tarixdən silindi. Alman natsistləri
üçün insan həyatının heç bir qiyməti
yox idi, ölüm düşərgələri yaratmaqla onlar 6
milyon nəfər yəhudinin məhvinə səbəb olan
Holokostu həyata keçirmişdilər. Heç bir vəhşi
heyvan bu rəqəmin hətta yüz mində birinə bərabər
saydakı qurbanlarına belə qəddarlıqla,
amansızlıqla yanaşa bilməz. İnsan adlanan natsistlər
isə əclaflığın, qatilliyin ən yüksək
zirvəsini fəth etmələri ilə
öyünürdülər, həm də onlar bu əməllərə
görə cəzanın nə vaxtsa gələcəyini
heç ağıllarına da gətirmirdilər.
Bəziləri
güman edir ki, dünyada zorakılıq endemik xarakter
daşıyır, yəni insan təbiətinin göstəricisidir.
Doğrudan da, minillər keçsə də, dünya öz təbii
vəziyyətində qalmaqda davam edir, qana susayan qədim
assuriyalılara, babilistanlılara indi rast gəlinmirmi? Tomas
Hobbs güman edirdi ki, adamların bir-birini Talyon qanunu əsasında,
özünün bildiyi kimi cəzalandırmasının
qarşısını kəsmək üçün dövlətin
timsalında Leviafan yaranmışdır. Leviafan Bibliya
mifologiyasında təsvir olunan nəhəng dəniz əjdahasıdır
və öz gücü hesabına istənilən
canlını cəzalandıra, məhv edə bilər. Lakin təcrübə
göstərir ki, nadir istisnalar nəzərə alınmaqla
heç bir Leviafan ədalətsizliyi cəzalandırmaqda elə
bir uğur qazanmır. Çox sayda yaranan ittifaqların da
kollektiv təhlükəsizliyə xidmət etməsi də
şübhə altındadır. Onlar bunun əvəzinə,
qəribə də olsa, daha çox kollektiv zorakılıqla
məşğul olurlar. Geosiyasətdə də, dövlətlərin
bir-birinə saxtakar münasibəti daha üstün rol
oynayır.
Orqanizm daim
yaşamağa can atır
Geosiyasi nəzəriyyəyə
müvafiq olaraq, dövlət ömür sürən orqanizm
kimi sağ qalmaq və böyümək üçün
normal qidalanmağa ehtiyac duyur. Dövlətlərin tabe
olduğu qanunlara əsaslanan prinsiplər xalqların
hamısının bərabər olmamasına əsaslanır.
Almanlar öz işğal siyasətlərini
"Lebensraum"a və ya yaşayış məkanına nəzarət
etmək və onları genişləndirməklə izah
edirdilər. Millətlər də bu məqsəd naminə
daim rəqabət vəziyyətində olur. Məhz
"yaşayış məkanı" ideyası zəruri
olaraq İkinci Dünya müharibəsinə gətirib
çıxarmışdı.
Hitlerin hakimiyyətə
gəlməsi heç də iri kapitalın iştirakı
olmadan baş verməmişdi. Belələrindən biri
dünyanın ən böyük neft şirkəti olan Royal
Datç Şell qrupu idi və onun baş direktoru Almaniyada
baş natsistin ölkə rəhbərliyinə gəlməsində
alət rolunu oynamışdı. O, Rusiyanın hakim
bolşevik rejiminə qatı düşmən olduğuna
görə Hitleri müdafiə edirdi. Çünki Şell Azərbaycanda,
Bakıda neft yataqlarının yüksək mənfəətli
istismarına can atırdı. Bunun üçün isə
SSRİ-dəki dövlət rejimi dəyişilməli idi.
Bunu yalnız Hitler mümkün edə bilərdi. Bakı nefti
dünya siyasətində heç də az rol oynamırdı,
axı o vaxtlar nə Yaxın Şərqin olduqca zəngin neft
yataqları, nə SSRİ-nin özündə Tatarıstan və
Qərbi Sibirin bol neft istehsalı var idi. Avropada yalnız
Rumıniya sənaye əhəmiyyəti səviyyəsində
neft istehsal edirdi.
Böyük
Britaniya hakim dairələri də Abşeron neftinin necə
böyük əhəmiyyətə malik olduğunu bilirdi və
belə nəticəyə gəlmişdi ki, 1939-cu ilin
avqustunda bağlanan Molotov-Ribbentrop paktı Moskvanı Hitlerin
müttəfiqi etmişdir. Həqiqətən də SSRİ
Hitler Almaniyasına iri həcmdə neft və taxıl ixrac
edirdi. İngiltərə və Fransa 1940-cı ildə Sovet sənayesini
dağıtmağı nəzərdə tutan "Nizə"
planı hazırlamışdı ki, Natsist Almaniyası onun
resurslarını ala bilməsin. Buna Bakı neft yataqlarının
bombalanması da daxil idi. Lakin onun icrası mühüm səbəblərə
görə gecikmişdi. Həmin ilin iyununda Fransa da almanlara məğlub
olmuşdu, həm də uzaq məsafələrə uçan
bombardmançı təyyarələrə böyük
ehtiyac var idi. Britaniya hərbi-hava qüvvələri Abşeronun
neft mədənlərini 1941-ci ilin iyulunda bombalamağa
hazırlaşırdı. Bir ay əvvəl almanların
SSRİ-yə silahlı müdaxiləsi ilə Britaniya
artıq onun müttəfiqinə çevrilmişdi, Sovetlər
də Almaniya ilə müharibə apardığından,
onunla əvvəlki əlaqələr bütünlüklə
kəsilmişdi.
Göründüyü
kimi, neftlə zənginlik həm də ona sahib olan ölkəyə
mürəkkəb problemlər də yaratmamış
qalmır. Almanların bir il on ay ərzində fasiləsiz təchiz
edildiyi Bakı nefti öz mənbəyi olan ərazini fəlakətlə
üzləşdirə bilərdi.
Bakı nefti SSRİ-yə
hücum edəndən sonra da vuruşan almanlara çox
lazım idi, Hitlerin ona sahib olmaq istəyi isə hədd
tanımırdı. Ona görə də Qafqazın
işğalına xüsusi əhəmiyyət verirdi və
Şimali Qafqazda xeyli irəliləmişdi. Qafqaz
dağlarını aşıb keçmək
üçün alpinist döyüşçülərdən
ibarət qrup yaradılmış, "Edelveys" əməliyyatı
hazırlanmışdı. Lakin 1942-ci ilin payızında Sovet
ordusu almanlrın hücumunu dayandırdı və 1943-ilin
yanvarında əks-hücuma keçib, bütün ərazini
azad etdi. Hitleri Qafqazdan daha çox Bakı nefti maraqlandırırdı,
onu ələ keçirməyə can atırdı. Bakı
neft yataqlarının işğalı niyyəti Hitlerin
ximeralarından birinə çevrildi. O, başqa səbəblərlə
yanaşı, Bakı nefti ilə cəbhədə vuruşan
sovet ordusunun təchizini dayandırmaqdan ötəri Volqa
çayı ilə onun nəqlini kəsmək
üçün Stalinqradı tutmaq istəyirdi. Lakin burada
almanların ağır məğlubiyyəti, əksinə,
müharibədə straeji dönüşün yaranması ilə
nəticələndi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-29 fevral.- S.22