Roman və qəhrəman problemi yeni kontekstdə

 

 

 (Əli İldırımoğlu yaradıcılığında obraz-qəhrəman konseptinə Vaqif Yusiflinin "Romanlar, qəhrəmanlar" monoqrafiyasında analitik baxış)

 

İnsanın düşüncə tərzini dəyişmək həyata müdaxilə etmək cəhdlərindən biridir. Əslində, bu zərif və incə iş ədəbiyyata daha çox aiddir. Yazıçılar bunu etməyi bacarır, insan qəlbini və ruhunu, şüurunu və düşüncəsini isti, həzin duyğularla süsləyib öz ideallarıyla yükləyirlər - canlı həyata azad, açıq gözlə, parlaq fikirlərlə və ədalətlə baxmaq üçün. Bu, son anda azadlığı və ədaləti, aydınlığı və vicdanlılığı insanlar arasında yaymağa yönələn təbii borca çevrilir. Görünür, sənətin həyata estetik təsirini də bu məqamda axtarmaq lazımdır. Ədəbi əsərlərin real varlığa təsiri bəzən o həddə çatır ki, insan düşüncəsini və həyati aktları idarə də edə bilir. Bir vaxtlar Avropada "Gənc Verterin iztirabları" əsərinin yayımına müəyyən zaman kəsimində qadağa qoyulub. Səbəb: kütləvi intiharlar... Əsərlə tanış olan həssas gənclər Verterin iztirabları fonunda öz iztirablarına son qoymaq yolunu, məhz onun kimi seçmişlər. Bu məqamı da etiraf etməyə dəyər ki, 1864-cü ildə Katolik kilsəsi Viktor Hüqonun romanlarını inanclılar üçün zərərli hesab edərək yasaqlı kitablar siyahısına salmışdır. Bəzən belə də olur. Ən zərif estetikanın ən kobud təzahürləri, beləcə baş verir. Belədə, görünür, tənqidçi sərf-nəzərlə, ədəbiyyatşünas etirafına və himayəsinə daha çox zərurat hiss olunur. Hər halda, görünür, hətta Kilsə ehkamlarının da lazım gəldikdə izahata ehtiyacı olmuşdur. Amma bu sosial nəticələr ədəbi əsərlərin bədii vüsətinə, estetik dəyərinə heç də xələl gətirmir, onun təsir gücünün parlaqlığına kölgə salmır. Nə olur-olsun, əsas budur ki, bədii əsər həyatdan nəşət alsın, həyat həqiqətlərindən qidalansın, realist özəyi və poetik dəyəri, mahiyyəti ilə hətta, həyat hadisələrinə təsir göstərərək onu idarə edə bilsin. Beləliklə, həyatdan alınan həyata qayıdır - daha coşqun vüsətlə, daha təsirli vasitələrlə. Bu təsir vasitələrində, bəzən idarəedici, sağlam səbəbləri kənara qoyub sxolastik, şablon nəticələrlə əndişələnmək özü bir sxolastika yaradır. Səbəblər araşdırıldıqda incə və kobud nüansların estetik təfərrüatları və paralelizmi də aydınlaşır. Buna görə bədii əsərin (ittihamdan öncə) dərin ədəbi-bədii, estetik qatlarına enməklə burada əks duran, ziddiyyət təşkil edən həyat hadisələrinin konyukturasını sərf-nəzər etmək, şüurun, altşüurun qneseoloji qatlarındakı ahəng və təzadların bədii əsərdə harmoniyasını araşdırmaq, həyatla bədii mətnin əlaqə keçidlərindəki fərqli və uyğun detallarını tapmaq bəzən estetik təxəyyülün imkanlarını müəyyən çərçivədən çıxarmağa kömək edir.

 

Belə məqamda dövrün ab-havasını, zamanın ovqatını da nəzərdən qaçırmaq olmaz. İnsan və zaman kontekstində hadisələrin məcrası mənəvi-əxlaqi, psixoloji təbəddülatlar, sosial-siyasi konyukturalarda kifayət qədər aydın görünür. Məsələn, bugünkü gənclik üçün 19-cu yüzilliyin ünvanına yazılmış belə bir sosial-psixoloji akt (Vertervari intiharlar) çox absurd, diletant və gülməli görünməzmi? (Hələ bir üstəlik, gəlin görək, "Gənc Verterin iztirabları"nı indi oxuyan varmı? Yaxud belə bir əsərin mövcudluğu çoxlarına, ümumiyyətlə məlumdurmu?). Yaxud Kvazimodanın daxili təlatümləri, yaşam fəlakətləri bu gün ictimai rezonans predmetinə çevrilirmi? Odur ki, bədii əsərə qiymət verərkən heç şübhəsiz, zaman-məkan, tarixi şərait assosiativ paralellərinə də köklənmək zərurəti ortaya çıxır. Bu işdə yenə ayıq-sayıq tənqidçi baxışı, onun əsərə fəlsəfi-estetik yanaşması, həmişə kara gəlir. Bədii əsərin alt qatındakı kifayət qədər gizli nüansların tənqidçi şərhinə daima ciddi ehtiyac duyulub.

 

Bütün dövrlərin dünyəvi övladı, ümumbəşəri düşüncəsinin Apastolu olan yazıçıların ideya və amalını açmaq, araşdırmaq, dərk etmək üçün oxucu da yazıçının həssas, asketik dünyasına az-çox girməyi bacarmalı, bu hava ilə nəfəs almalıdır. Əslində, bu ağır və məşəqqətli yükü, çox vaxt ümumoxucu missiyasını yerinə yetirən, bəzən, hətta yazıçılarla bədii mətnin açılımına aşırı həmmüəlliflik edən ədəbi tənqidin nümayəndələri, ədəbiyyatşünaslar çəkir.

 

Ədəbi əsərlərin bədii-estetik dəyərlərinin üzə çıxarılmasında, heç şübhəsiz, ədəbiyyatşünasların, tənqidçilərin rolu xüsusi qeyd olunmalıdır. Tənqidçilərin bədii əsər haqqında professional elmi-nəzəri mülahizələri, təbii ki, yazıçı ilə oxucu arasında etibarlı körpüdür. İstedadlı və duyumlu tənqidçi, bəzən əsərdə yazıçının şəki getməyən nüanslar tapır və bu nəsnələri etibarlı bir düşüncə işığında tədqiqata cəlb edir, bədii mətnin mahiyyətində yaşayan substansiya kimi çözür. Müdrik və istedadlı tənqidçi yazıçıya mövzu seçimində kömək edir, yol göstərir, mənəvi-estetik kanonları müəyyənləşdirir, dərin analiz və ümumiləşdirmələri ilə ədəbi prosesin platformasının təyin edilməsində çox vaxt yazıçı ilə çiyin-çiyinə gedir. Odur ki, ədəbi proses vacib universal personaj kimi tənqidçisiz mümkün deyil. XIX əsr rus ədəbiyyatını V.Belinskisiz təsəvvür etmək olarmı?..

 

***

 

Ədəbiyyat dünyanın döyünən qəlbidir. Ədəbi tənqid isə bu həssas döyüntüləri qeydə alan xeyirxah, qayğıkeş həkimdir. XX əsrdən üzü bəri professional dünyəvi Azərbaycan ədəbiyyatının formalaşması ilə yanaşı, peşəkar ədəbi tənqid məktəbi də paralel şəkildə tərəqqi etmişdir. Bu məktəbin müqtədir nümayəndələri - F.Köçərli, B.Çobanzadə, Ə.Nazim, M.A.Dadaşzadə, Ə.Mirəhmədov, M.C.Cəfərov, Y.Qarayev, B.Nəbiyev, Q.Xəlilov, K.Abdulla, İ.Həbibbəyli, Elçin və başqaları ədəbiyyat tariximizin, ədəbi-bədii tənqidin, ədəbiyyatşünaslığın elmi-nəzəri əsaslarının hazırlamaqla yanaşı, cari tənqidçi fəaliyyətilə də məşğul olmuş, çap olunmuş əsərlər barədə fikir və mülahizələrini bölüşməklə, əslində, ayrı-ayrı bədii mətnlərin müasir təfəkkür işığında araşdırılması yolunda xeyirxah bir missiyaya imza atmışlar. Bu gün həmin işi böyük əzm və ehtirasla davam etdirən, böyük epoxal ədəbi missiyanı uğurla həyata keçirən tənqidçilərimizdən biri filologiya elmləri doktoru Vaqif Yusiflidir.

 

Aydın üslub - ədəbiyyatın nəzakətidir. (J.Renar). Bu mənada mən Vaqif Yusiflini Azərbaycan ədəbi tənqidinin nəzakəti və nəzakətli V.Belinskisi adlandırardım. XIX əsr rus ədəbi tənqidi V.Belinskisiz təsəvvür olunmadığı kimi, XX və XXI əsrlər Azərbaycan tənqidi də Vaqif Yusiflisiz görünmür. Onları birləşdirən cəhətlər hansılardır: anlaşıqlı təhlil üsulu, analitik təfəkkür, bədii mətnə xeyirxah münasibət, sadəlik və obyektivlik. Aydınlıq, duruluq, fikir saflığı və dərin analitik məntiq tənqidçinin elmi-nəzəri yarlığı, bədii-fəlsəfi nişanıdır. Bu sferalarda özünü tapan və təsdiq edən tənqidçi, heç şübhəsiz, zamanın qaynarından uğurla keçir, həm ədəbiyyat tarixində, həm də ictimai fikrin tərəqqi mərhələlərində bütün sınaqlara tab gətirə bilir.

 

Ədəbi əsərlərdə ayrı-ayrı nüansları, fikir və ideyaları, hiss və duyğuları həssaslıqla arayıb-arıdmaq tənqidçinin erudik hazırlığından, rəngarəng metodoloji yanaşma bacarığından xəbər verir. Vaqif Yusifli ədəbiyyatşünas-tənqidçi kimi ədəbi cərəyan və düşüncə şəcərələrinə, onların keçid mərhələlərinin səciyyəvi cəhətlərinə dərindən bələd olduğu, elmin paradiqmalarını sərf-nəzər edə bildiyi, ədəbi-estetik konseptləri özünəməxsus cəhətdən tədqiqata cəlb etmək səriştəsinə malik olduğu üçün dərin analizlər aparır, maraqlı ümumiləşdirmələr formalaşdırır, müəyyən bir elmi nəticələrə gələ bilir, oxucunu (eləcə, yazıçını da) inandırır. Vaqif Yusifli Azərbaycan və dünya ədəbiyyatına, ümumiyyətlə, çoxşaxəli ədəbi fikir tarixinə, folklora, xalq düşüncə tərzinə, ədəbi cərəyanların fəlsəfi və estetik fikir düzümünə çox yaxından bələd olduğu üçün müasir ədəbiyyatımızın da özvayi-halını yaxşı duyur, nəbz döyüntülərini dərin həssaslıqla hiss edir. Odur ki, o, Nizami, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, M.F.Axundzadə, Mirzə Cəlil, Sabir, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev, Anar, Elçin, İ.Məlikzadə, yaxud ən gənc nəsil şair və nasirlər haqqında da eyni şövq və məhəbbətlə, elmi dərinlik və estetik vüsətlə yazır.

 

Fikri olan fikir söyləyir, məntiqi olan məntiqlə danışır, dərk eləyən dərk elətdirir, düşünə bilən düşündürür. Bir ədəbiyyat bilicisi kimi Vaqif Yusiflidə bu xüsusiyyətlər professional həddədir. Hansısa bir əsər haqqında, yaxud elmi-nəzəri traktat barədə fikir söyləyəndə, hipotezlər, nəzəri formulalar, yaxud elmi qənaətlər irəli sürəndə V.Yusifli əlinin altında mövcud ədəbi fakt bolluğundan daha çox öz universal savadına, istedadına, illərdən bəri arı zəhmətkeşliyi ilə topladığı informasiya bankına, ensiklopedik biliyinə güvənir.

 

Vaqif Yusifli sadə yazır, terminlərdən az istifadə edir, süni intellekt nümayiş etdirmir. Bunsuz da qoyulan mətləbin dərinliklərinə baş vurmaq, irəli sürülən problemlərin mahiyyətini doğru-dürüst şərh eləmək mümkündür. Odur ki, o, araşdırdığı mətləbə, mənaya, üz tutduğu obyektə tənqidçi səmimiyyətini heç vaxt gizlətmir. O, sevən tənqidçidir: sevə-sevə tərpədən, diksindirən, öyrədən, düşündürən, yönəldən və yönləndirən sənətkardır. Saxta tərifdən uzaq olduğu kimi, bayağı tənqidə və təftişə də yaddır. O, heç vaxt çılpaq tənqid etmir (cümlələri, sözləri, ifadələri qışqırmır, qulaq cırmaqlamır), amma elmi dərinliklə mayalanmış elə iradlar söyləyir ki, müəllif və oxucu onunla razılaşmaya bilmir. Şairlə poetik ovqatla danışır, nasirlə təhkiyə diliylə həsb-hal edir. Nasir də, şair də onun təhkiyəçi səriştəsi, poetik duyumu, aydın, açıq və məhrəm mövqeyilə barışmadan ötüşə bilmir. Vaqif Yusifli öz tənqidi yazılarında quru, standart elmi-nəzəri şablonlara uymadığı kimi, yalançı patetika və ritorikaya da yuvarlanmır. Ədəbi tənqidə həzin lirizm, poetik ovqat gətirən Vaqif Yusifli, həm də onu akademik snobizmdən uzaqlaşdırıb, daha anlaşıqlı şəklə salan ədəbiyyatşünaslardandır. Bütün bunlara binaən, qətiyyətlə deyə bilərik ki, o, Azərbaycan tənqidinə özəl bir saflıq, ziyalı səmimiyyəti, aydın üslub, təmiz düşüncə tərzi gətirən alimlərdəndir. Heç şübhəsiz, bu sadəlik və aydınlığın arxasında geniş, zəngin bilik, savad, informasiya, yüksək intellekt, dəyişməz tənqidçi mövqeyi dayanır. O, həmişə belə olub: ədəbiyyat sevdalısı, sənət fədaisi...

 

***

 

Vaqif Yusifli müraciət etdiyi obyekti özününküləşdirə bilir. Yaxud o, çox vaxt (cari işləri nəzərə almasaq) fundamental yanaşmasını sevdiyi, qəbul elədiyi, özünü tapdığı yazıçılara yönəldir. O, sevimli yazıçısını təhlil edə-edə özünü, öz mənini, daxili aləmini, hiss və duyğularını da açıb tökür, tədqiqata cəlb etdiyi ədəbi mətnlərin fonunda öz baxışlarını, dünyagörüşünü, ictimai-siyasi məramını, estetik idealını da dilə gətirir. Onun üçün belə sevimli yazıçılardan biri də görkəmli ədib Əli İldırımoğludur.

 

Əli İldırımoğlu yaradıcılığında irəli sürülən ideyaların (ideallar) təcəssüm üfüqləri o qədər genişdir ki, müəllifinə öz zəmanəsinə, yaşadığı dövrə, şahidi olduğu həyat hadisələrinə, insanlara daha yüksək mövqedən, daha tələbkar mənəvi ölçülərdən yanaşmaq səlahiyyəti verir. Onun yaradıcılığı geniş, polifonik, möhtəşəm və monumentaldır. Bu cəhətlər təkcə maraqlı, zəngin, rəngarəng həyat hadisələri, ictimai-kolliziyalar, sosial-mənəvi və estetik dəyərlərlə məhdudlaşmır, möhtəşəm insan mənzərələrilə tamamlanmır. Həm də, əzəmətli ideya və idealları ilə seçilir. O, monumental, yenilməz obrazlardan ibarət qəhrəmanlıq dastanları yaratmağı sevir. Və bu insanların simasında milli-mənəvi dəyərlərin, xalq əxlaqı və ərkanının bütöv bir mənzərəsi təcəssüm tapır. Bədii düşüncə predmetinə çevirdiyi zəngin, mənalı, maraqlı və tipik həyat hadisələri bir yana, onun ədəbi dili, obrazlarının danışıq intonasiyası, sosial ədası, həyat tərzi Azərbaycan xalqının keçmişi, bu günü, əsrlər boyu qoruyub saxladığı mənəvi-əxlaqi cəhətləri, etnogenetik yaddaşı barədə kifayət qədər geniş və dolğun məlumat verir.

 

Vaqif Yusiflini bir ədəbiyyat bilicisi kimi cəlb edən də, heç şübhəsiz, bu cəhətlərdir. (Vaqif müəllimlə dəfələrlə bu barədə söhbətlərimiz olub. İnamlı fikrim buradan qaynaqlanır). Hələ, illər öncə Əli İldırımoğlunun "Közərən sətirlər" romanına yazdığı "Müdriklik zirvəsi" adlı ön sözdə onun bədii üslubu, polifonik dil mədəniyyəti barədə maraqlı mülahizələr irəli sürür: "Əli İldırımoğlunun çox sadə, hər kəsin anlayacağı tərzdə bir üslubu var. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çoban çoban kimi, akademik akademik kimi) sevəcək... Və sevib... Amma bu sadə jurnalist-yazıçı manerasında daha dərin çoxçalarlılıq var, sən düşünürsən, fikirləşirsən, qaşların çatılır, hətta hirslənirsən də... Bax, bədii cazibə budur".

 

Çoxsaylı tədqiqatçılar (V.Yusifli də daxil) Əıi İldırımoğlu yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, bu ədəbi xəzinəni Azərbaycan və dünya korifeyləri sənəti kontekstində müqayisəli təhlil etməklə yanaşı, özəl keyfiyyətlərini, səciyyəvi bədii cəhətlərini də qeyd etmişlər. Əli İldırımoğlunun əsərlərində konseptual sosial dəyər kimi irəli sürülən humanizm qayğıları, azadlıq ehtirası, ədalət çabaları, kamil insan axtarışları, həm də bədii düşüncənin vacib komponentləridir. Yaradıcı ruhun coşqun təcəssümü kimi qaranlıq içindən sıyrılan bu düşüncələr işıq seli misallı şüurlarda oturuşmuş, cəmiyyətə tarixin və zamanın xoşniyyətli gerçəkliklərini ötürə bilmişdir. Ədibin təbirincə dünyaya elə insanlar lazımdır ki, bəşəriyyəti küt, lüzumsuz illüziyalardan qurtara bilsin, öz möhtəşəm əməlləri, ağlı, dərrakəsi, coşqun ruhu, hüdudsuz ideyaları ilə cəmiyyətə yeniliklər bəxş etsin. Bu isə hər tərəfdən, həm mənən, həm də əqli-intellektual cəhətdən yetkin, monumental şəxsiyyətlərin simasında təcəssüm tapa bilər. Görünür, Vaqif Yusifli də məhz bu konseptual məsələnin Əli İldırımoğlu yaradıcılığında prioritet olduğunu nəzərə alıb, onun haqqında yazdığı yeni monoqrafiyanın əsas məzmununu bu istiqamətə yönəltmişdir. Öz monoqrafiyasını "Romanlar, qəhrəmanlar" adlandıran müəllif Əli İldırımoğlu yaradıcılığını bu istiqamətdə tədqiqata cəlb etməklə müəyyən metodoloji yeniliyə də imza atmışdır. Ədibin roman yaradıcılığı da, bənzərsiz qəhrəmanları da ayrı-ayrı rakursdan ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Lakin bunun ayrıca bir tədqiqat işığında reallaşdırılması Vaqif Yusiflinin monoqrafiyasına elmi-nəzəri özəllik verir.

 

"Romanlar, qəhrəmanlar" adlı monoqrafiya barədə ilk kəlmədən metodoloji yenilik barədə vurğuladıq. Doğrudan da, Vaqif Yusifli Əli müəllimin yaradıcılığına yeni metodoloji yanaşma nümayiş elətdirir: "Giriş": "Azərbaycan romanı: dünən, bu gün", "Əli İldırımoğlu - sənətkarlıq dərsləri", "Milli ruh, milli kolorit", "Son söz deyil bu..." yarımbaşlıqlarını çıxsaq, yerdə qalan bölmələrin hər biri Əli İldırımoğlunun ayrı-ayrı romanları, povest və hekayələri haqqında müfəssəl məlumat bankı təsiri bağışlayır. Başlıqlar da, eləcə ayrı-ayrı əsərlərin birbaşa adıyla verilir. Bu başlıqlar altında əsərlərin süjeti, məzmun-mündəricəsi təfsilatı ilə təqdim edilir və ayrı-ayrı epizodlar, qəhrəmanların həyat tərzi, fəaliyyəti qiymətləndirilir. Tədqiqatçı bu üsulla, həm də maraqlı bir maarifçilik işi görmüş olur. Əli İldırımoğlunun əsərlərini oxumayan insanlar, bu monoqrafiya ilə tanış olduqda əsərlərin süjeti, fabulası, məzmunu, qəhrəmanların fəaliyyəti, həyat tərzi haqqında tam, geniş məlumat alır, bir sözlə, sanki bu əsərləri birbaşa oxumuş olur.

 

"Azərbaycan romanı: dünən, bu gün" adlı bölmədə ədəbiyyatımızda roman janrının təşəkkülü, inkişaf yolları barədə qısa, yığcam məlumat verilsə də, bu ötəri bilgi oxucuda dərin fikirlər, təsəvvür genişliyi yaradır. Yığcam informasiyada dərin təəssüratlar yaratmaq, bilgi vermək - bu da tədqiqatçı səriştəsi və ustalığıdır. Burada Azərbaycan romanını yaradanlar, onun keşiyində ayıq-sayıq dayanıb bu günümüzə çatdıranlar təbii ki, xatırlanır. Zeynalabdin Marağayidən tutmuş Cəlil Məmmədquluzadəyə, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Əbdürrəhman Talıbov, Abdulla Şaiq, İbrahim bəy Musabəyov, Süleyman Rəhimov, Mirzə İbrahimov, M.S.Ordubadi, Mehdi Hüseyn, Mir Cəlal, Əli Vəliyevə qədər bir sıra yazıçıların adı çəkilir, janrın inkişafında xidmətləri vurğulanır. İlk baxışdan, bütün bunlar bəlkə də, lüzumsuz görünə bilər. Azərbaycan romanının inkişaf mərhələləri və romançı-yazıçılarımızın həyatı, tərcümeyi-halı, demək olar ki, hər bir orta statistik azərbaycanlı üçün məlum həqiqətdir. Lakin unutmamalıyıq ki, hər bir ədəbi-bədii tədqiqatın fundamental əsaslarında tarixi müqayisəli-tipoloji təhlil üsulu çox önəmli mahiyyət daşıyır. Əgər biz bugünümüzün roman yaradıcılığına Azərbaycan romanının inkişaf işığında nəzər yetirməsək, özümüzü ənənə və varislik kimi əsas yaddaşdan məhrum etmiş olarıq. Vaqif Yusifliyə də bugünkü roman tədqiqatı üçün, heç şübhəsiz, onun tarixi qaynaqları bünövrə daşı kimi son dərəcə vacibdir və "bizə məlum siyahı" müqtədir romançılar pleyadasında Əli İldırımoğlunun yerinin, mövqeyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli məqamdır, tədqiqatçı üçün etibarlı tutalqadır. Bu mənada müəllifin elmi qənaəti və nəzəri metodoloji mövqeyi ümumən razılıq doğurur. Tədqiqatın tendensiyası açıq, birbaşa, aydın və duru olmaqla yanaşı, həm də dərin elmi əsaslara söykənir. Tənqidçi tərəfindən nəticədən öncəsi nəticədə (girişdə) Əli İldırımoğlu yaradıcılığına bu konseptdə obrazlı formada verilən qiymət tədqiqatın sonrakı müddəaları üçün, sanki radikal prioritet xətt rolunu oynayır: "Saf dağ sularını təsəvvür edin, kükrəyir, sahillərinə sığmır, qarşısında heç bir sədd-maneə bilmədən axır-axır və dənizə qovuşur. Əli İldırımoğlunun yaradıcılığını da mən, bu dağ çayına bənzədirəm. ...Əli İldırımoğlu Azərbaycan romanına bir sıra yeni çalarlar qatıb. Əli İldırımoğlu 132 illik Azərbaycan roman tarixinin ayrılmaz bir hissəsidir".

 

Azərbaycan romanının təşəkkül tarixindən söz açan ədəbiyyatşünas-alim "təfəkkür tələb edən" (F.Köçərli) janrın həmişə xalqın milli-mədəni xüsusiyyətləri ilə bağlı olduğunu, yarandığı dövrlərin ictimai-siyasi, mənəvi-əxlaqi mənzərəsini əks etdirdiyini önə çəkir. Lakin ilk Azərbaycan roman nümunələrinin "orijinallıqdan, dərin məzmun və mənadan, həyatın ziddiyyətlərini təhlil və izahdan uzaq, realizm, konflikt və xarakterlərin bəsit, sadəlövh və dayaz" (Q.Xəlilov) olduğunu da qeyd etməyi unutmur. Beləliklə, o, həssas tədqiqatçı fəhmiylə Azərbaycan romanının inkişaf meyillərinin təbiətini müəyyən edir, janrın bugünkü inkişaf səviyyəsinin hansı çətinliklərdən və ziqzaqlardan keçdiyini yığcam şəkildə ortaya qoyur. Bu kontekstdə Əli İldırımoğlu romanlarını romançılıq ənənələrimizin ən bitkin, kamil və professional nümunələrindən biri kimi təqdim edir.

 

Adından da göründüyü kimi, monoqrafiyanın məzmun və məna qatında əsas yeri Əli İldırımoğlu romanlarının qəhrəmanları tutur. Müəllif müraciət etdiyi əsərlərin ədəbi-bədii, estetik məziyyətlərini də bu qəhrəmanlarda təcəssüm olunan ictimai-siyasi, mənəvi-əxlaqi xüsusiyyətlərin işığında tədqiqata cəlb edir. Bir sözlə, tədqiqatın əsas məqsədi insandır, yaşayan, vuruşan, mübarizə aparan, qalib gələn, məğlub olan canlı insan, bitkin, mükəmməl ədəbi qəhrəmandır. Rus tənqidçisi İ.Bexerdən gətirdiyi sitat, fikirlərini əsaslandırmaq üçün mənbə kimi tutarlıdır: "Yeni incəsənət heç vaxt yeni formalardan başlamır, həmişə yeni insanla doğulur".

 

Bu kontekstdə fikirlərini inkişaf etdirən tədqiqatçı yazır: "60-70-ci illər nəsrindən söz açarkən ilk növbədə, yeni tipli qəhrəmandan danışmaq lazım gəlir. Yeni qəhrəmanı fərqləndirən onun son dərəcə həyati və real olması idi. Bir vaxtlar roman qəhrəmanları həyatın özünə az oxşayırdılar, elə buna görə də onların əksəriyyəti real və inandırıcı çıxmırdı. Çünki bu yaradılan obrazların həyatdakı prototipləri ilə əlaqəsi, bağlılığı az idi. Həyatın daxili dramatizminə, mürəkkəbliyinə və ziddiyyətlərinə deyil, üzdə olan cəhətlərinə, əlamət və xassələrinə əsaslanan həmin obrazlar bir az da uydurma süjetlərin, bəsit konfliktlərin içərisində tamamilə qeyri-real təsir bağışlayırdı. Ziddiyyətsiz, daxili təlatümsüz, mürəkkəb səciyyədən məhrum olan bu ədəbi qəhrəmanlar əslində, tənqidin göyə qaldırdığı "müsbət qəhrəmanlar" idi. Yeni ədəbi qəhrəmanlar isə ədəbiyyata ideoloji tələbdən deyil, birbaşa real həyatdan gəlibdilər".

 

Tədqiqatçı bu elmi konseptini Əli İldırımoğlu timsalında monoqrafiya boyu şərh etməyə çalışır. Əli İldırımoğlu qəhrəmanları həyatın özündən gəldiyi üçün həyatidir, təbii koordinatları ilə bəşəri ədəbiyyatın ölçü və standartlarına uyğundurlar. Bir insan kimi onların duyğu və düşüncələri, həzz və iztirabları, mübarizə və çabaları, daxili təbəddülatları təbii olduğu qədər də real və ölçülü-biçilidir. V.Yusifli bu insanların, hər biri şəxsiyyət səviyyəsində tipikləşdirilən bu obrazların Əli İldırımoğlu ədəbi sistemində və ümumiyyətlə, Azərbaycan ədəbiyyatı sferasında bədii düşüncədə yerini, mövqeyini doğru, dürüst qiymətləndirir.

 

Əli İldırımoğlunun nəsr əsərlərinin yaranış tarixi əsasən XX əsrin son illərinə və XXI əsrin ilk vaxtlarına - müstəqillik dövrümüzə təsadüf edir. Lakin onun təsvir etdiyi hadisələr, canlandırdığı insan taleləri, bir sözlə, bədii təxəyyülü oxucuları zaman etibarilə daha çox uzaqlara, XX əsrin 30-40-cı illərinə aparır. Bu əsərlər tipikliyi ilə yanaşı, o dövrün standartlarından, streotiplərindən, şablon konyukturalarından uzaq olmuşdur. Yazıçı bu hadisələri o qədər dərin emosional bir riqqətlə, həssas müşahidələrlə, coşğun duyğu və düşüncələrlə qələmə alır ki, oxucu sanki özünü o dövrdə hiss edir. Həyat faktı ilə bədiilik elə həddə qovuşur ki, həyatın harda başlandığını, harda qurtardığını, yaxud müəllifin bədii düşüncəsilə həyat faktının necə də ahəngdar qovuşduğunu hiss eləmirsən. Onun xaraktercə bütöv, saf, dönməz qəhrəmanları oxucuların çoxunun yaddaşında bu gün də ideal kimi yaşayır. Nazim İlham, Höcət Cahangir, İldırım kişi, Əmrah yüzbaşı, "Kişi Tavat", Qaçaq Mürsəl, Mövlamverdi və başqaları doğrudan da nəsillərə nümunə ola bilən insanlardır. Vaqif Yusifli bu istiqamətdəki ümumiləşdirmədə belə qənaətə gəlir: "Əli İldırımoğlu dolğun xarakterlər ustasıdır. Rəncbər ata - İldırım kişi, İgid Əmrah, Höcət Cahangir, "Qarlı gecələr"in qəhrəmanı Müəllim, Nazim İlham həyatdan ədəbiyyata gələn və ədəbiyyatda əbədi yaşayacaq obrazlardır. O, öz romanlarında hətta epizodik surətləri də unutdurmur. Məsələn, "Zorən jurnalist" romanında Rəziyyə əsərin başlanğıcında və bir də sonda görünür, amma əsərin əsas qəhrəmanları səviyyəsində dayana bilir. Yazıçı üçün xarakter yaratmaq ustalıq tələb edir. Sovet dövrünün bir sıra əsərlərində müsbət obrazlar ancaq müsbət, mənfi obrazlar isə ancaq mənfi planda əks etdirilirdi. Əli İldırımoğlunun roman qəhrəmanları səhvlərdən, nöqsanlardan xali deyil, bir insan kimi bütün mürəkkəbliyi ilə romanlara gətirilir".

 

Əli İldırımoğlunun qəhrəmanları müxtəlif təbəqələrin nümayəndələridir. Onların arasında müəllim də var, həkim, jurnalist, el ağsaqqalları, vətənin igid oğulları da...  Onlar öz xarakterləri, düşüncələri, həyat fəaliyyətləri ilə fərqlənsələr də, bir nöqtədə eyniləşirlər: insan və şəxsiyyət məqamında. Ədibin əsərlərində ən adi epizodik obrazlar da öz çərçivəsində, öz dairəsində, özünəməxsus statusunda şəxsiyyətdir. İnsan konsepsiyanın bu istiqamətdə həlli, əslində, Əli İldırımoğlunun kamil insan, əqidəli vətəndaş axtarışlarının təzahürüdür. Vaqif Yusifli də öz monoqrafiyasında bu konsepsiyanın qoyuluşu və həlli istiqamətində kifayət qədər dəlillər irəli sürür, elmi qənaətlər hasil edir.

 

Vaqif Yusiflinin tədqiqatlarında bir cəhət də xüsusilə diqqət çəkir: ümumiləşdirmə və analiz bacarığı. Əli İldırımoğlunun qəhrəman yaratma və şəxsiyyət formalaşdırma prosesində onun uzunmüddətli ictimai fəaliyyətindən qaynaqlanan təcrübəsini, bilik və bacarığını nəzərə çarpdırmaqla, yazıçının şəxsi keyfiyyətlərindən irəli gələn və qəhrəmanlarının simasında əks olunan nüanslara da diqqət cəlb edir. Axı, doğrudan da hər ədəbi qəhrəman, hardasa onu yaradan, ərsəyə gətirən yazıçıya çox oxşayır. Əli İldırımoğlu şəxsiyyətindən də hər qəhrəmanda müəyyən bir cəhət, sözsüz ki, yaşayır. O, bir yazıçı və insan kimi yaratdığı qəhrəmanların məcmusudur. V.Yusifli də bütün bunları monoqrafik üsulla dərindən sərf-nəzər edir.

 

Monoqrafiyada Əli İldırımoğlunun milli ruhlu yazıçı olması, milli-mənəvi dəyərlərə bağlılığı xüsusi vurğulanır. Onun yaratdığı qəhrəmanların hər biri bu və ya digər cəhətdən xalqın unudulmayan, əbədi yaşayan üstün xüsusiyyətlərini, yaddaş kartlarını öz simasında qoruyub saxlayır. Bu cəhətlər hərəkət, davranış, daxili mədəniyyət və əxlaqi kodekslərdən tutmuş dil vərdişlərinə qədər hər şeyi əhatə edir. Bu mənada Vaqif Yusifli təsadüfən qeyd etmir: "Folklor - atalar sözləri ayrıca bir OBRAZ - FOLKLOR OBRAZI yaradır, nağıl və dastan poetikasının ünsürləri bu əsərlərə müdrik el ağsaqqallarının, nənələrin, babaların nəfəsini qatır..."

 

Vaqif Yusiflinin "Romanlar, qəhrəmanlar" monoqrafiyası təkcə Əli İldırımoğlu yaradıcılığının araşdırılması tarixinə yeni baxış deyil, həm də müasir Azərbaycan ədəbiyyatşünaslığına bir töhfədir. Vaqif Yusiflinin müəllif üslubu, qoyulmuş problemə yanaşma tərzi, qeyd etdiyimiz kimi, maarifçi müdrikliyi, ədəbi nəsillərin əlaqə və varisliyini konkret nüanslarla izah etməsi bu monoqrafiyanın elmi dəyərlərini kifayət qədər artırır. O, Əli İldırımoğlu yaradıcılığını məhəbbətlə, hörmət və ehtiramla araşdırır, bu sevgini heç gizlətmir də. Bu, eyni zamanda, böyük ədəbiyyata məhəbbətin təzahürüdür. Yazını eləcə Vaqif Yusiflinin öz sözlərilə bitirmək istəyirəm:

 

"Onu bir yazıçı kimi heç kimlə müqayisə etmək istəməzdim. Çünki Əli İldırımoğlu özünəməxsus yazıçıdır. Romanlarında, publisistikasında dövrün, zamanın problemlərini işıqlandırır, onlarla koloritli obrazlar yaradır, dili, fərdi üslubu da özəlliyilə seçilir. Bir kimsəyə bənzətməzdim..."

 

24.12.2019

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

 

 

525-ci qəzet.-29 fevral.- S.20-21