Bir daha "Lo"ya düşmək kimi
"Özünü danışmağa məcbur
etmək çətindi. Özünü susmağa məcbur
etmək daha çətindi".
D.X.Cebran
Qaranlıq
mövcud deyil. Qaranlıq əslində, işığın
olmamasıdır. Hətta belə də demək olar:
"Qaranlıq insan tərəfindən işığın
olmadığını ifadə etmək üçün
uydurulub". Bu gün ömrümüzdə,
günümüzdə olduğu kimi ədəbiyyatımızda
da işığa doğru yol alanlar var. Harda olmalarından
asılı olmayaraq işığına
yığılanların sayı-hesabı yoxdur. Bir zaman ələ
düşməyən işıq kimiydilər, sonra kitab
halında, şeir formasında insanların arasına səpələndilər
və öz işıqlarını təmənnasız bu
dünyaya səpələməyə başladılar. Ya
çox geniş anlamda, bu dünyanın hər hansı bir ən
qaynar nöqtəsində, ya da çərçivələnmiş
və sıfırlanmış halda, sevdiklərinin içində
ola-ola bu işıq sahibi olmaq tale yazısına çevrildi.
Dartına-dartına, çabalaya-çabalaya, amma heç
zaman bezmədən, usanmadan, çəkinmədən özgələrin
də həyatlarına işıq şəklində
qaynaşıb-qarışdılar.
Əjdər
Ol kimi...
Adını
eşitdiyim ədəbiyyat dostumuzun şeirlərinə ilk dəfə
rastlamışdım bir almanaxda. Sonra "Günəbaxan zəmisi"
adlı kitabı düşdü əlimə. Ortaq
dostlarımız vardı Əjdər Olla. Amma onu daha çox
həmyerlim, ruhuma doğma şair Ağalar Mirzə
haqqında yazdığı yazıdan
tanımışdım. Sanmışdım ki, Ağaların
dostları elə mənim də dostlarımdı. Nə fərqi
var ki... Beləcə görünməz və bilinməz tellərlə
bağlılığımızın olduğunu hiss
etmişdim. "Günəbaxan zəmisi"ndən günəşə
boylanmağı, işığa boylanmağı da çox
sevmişdim. Lap bu günlərdə birdən-birə müəllifin
çapdan çıxmış ən son kitabı
"Lo" əlimə düşmüşdü. Bizim tərəflərdə
bu sözü çox işlədirlər - "lo"
sözünü. Hətta o qədər çox işlədirik
ki, kitabın bu qədər qalın olması mənə təəccüblü
gəlməmişdi. Gülümsünmüşdüm də.
Kitabı başqa bir ortaq dostumuz, yazıçı Aydın
Tağıyevdə gördüyümü gizlətməyəcəm.
Hətta düşünmüşdüm ki, görəsən,
səbrsiz Aydın müəllim bu boyda kitabı sonacan oxuya
biləcəkmi? İnanmamışdım. Amma burasını
da deyim ki, Aydın müəllim həmin kitabı nəinki
özü oxuyub yazılı rəy bildirdi, hətta mənə
də bir nüsxəsini tapıb verəndən sonra
oxumağa həvəsləndirdi.
Nə
yaxşı ki, özümdəki səbrə bələdəm,
masamın üstündədirsə, deməkdir ki, oxuyacam.
Ancaq o zaman bilmirdim ki, "Lo"nu oxuduqca ədəbi qəhrəman
əlimdən tutub məni qaranlıqlardan işığa
doğru aparacaqdı, günəşin doğumunu izləyəcəkdik,
anamız Vətən kimi yeni sabahlarla doğacaqdı bu yeni
Günəş də... Tarixi qəhrəmanlarımızın
meydanlara atılarkən gözlərindəki işıqdan da
pay alacaqdıq, boğça bağlayacaqdıq. Tarix bizi bir
daha utandırmasın deyə, təkrar-təkrar, unutmamaq
şərti ilə özümüzü, kimliyimizi, milliyimizi
dərk edəcəkdik. Oxuyanda sevgi və sayğı ilə
sarıldığımız ən qalın romanlar kimi səbr
kasamız olacaqdı, bizə candan da əziz tutduğumuz bu
torpağın varisi kimi, yeri gələndə ən müsəlləh
əsgər sayağı döyüşə hazır
güc-qüvvət daşıyacaq səbr kasamız... Səbrlə,
əzmlə, mütləq bir çıxış yolu var deyə,
atılacaqdıq "döyüşlərə" və
ordan mütləq üzüağ və alnıaçıq
çıxacaqdıq. Eynən "Lo"nun qəhrəmanı
kimi...
Kitabı
oxuduqca mən də nəsə qaralaram deyə qeydlər
götürmək istəyirdim, amma hər dəfə nə
isə baş verirdi, kim isə gəlib mane olurdu. Ancaq qeyd dəftərimdə
Əjdər Oldan yazdığım yeganə cümlə bu
oldu: "Azərbaycan hələ bu boyda dəfn mərasimi
görməmişdi". Müəllif 20 Yanvar hadisələrini
o qədər xırdalıqları və incəlikləri ilə
təsvir etmişdi ki, düşünürdüm, 1990-cı
ildə mənim hələ 10 yaşım var idi və mən
də Bakıdan xeyli uzaq bir rayonda yaşadığıma
baxmayaraq, öz yaşıdlarım kimi məktəbdən evə
gələn yolu qaça-qaça, qaranəfəs gəlirdik,
əlbəttə, müəllimlərimiz bizə belə
tapşırmamışdı, heç valideynlərimiz də
nəsə bilmirdi, ancaq çox qəribədir, mənə
elə gəlirdi ki, həmin illərin qışı da bir
başqa sərt keçmişdi. Yaxud da yadımızda məhz
elə qalıb. Əjdər Olun "Lo"sunu oxuyarkən də
ara-sıra canımdan həmin qışın giziltisi
keçirdi.
Yeri
gəlmişkən, romanda gündəlik məişət
problemi içərisində verilən məlumatlar, faktlar
yerli-yerində, dəlil-sübutlarla oxuculara
çatdırılır. Əslində, əsər əvvəldən
sona qədər bir xalqın müqəddəratını
canlı obrazların dili ilə açır, eləcə də
müəllif öz qələminin, zehninin, dünyagörüşünün,
bacarığının məhsulunu da bir-birinə qatıb
qarışdıraraq ortaya gözəl bir əsər qoya
bilir.
Əsər
sanki burdan başlayırdı.
Ədəbi
qəhrəman dar ağacının altında da inanır ki,
kəndir boyuna keçhakeçdə, kətil
ayağından düşhədüşdə olsa da, qalibiyyət
onunladır. Bu, yuxu deyildi, yuxunun özbəöz həyat
diliydi və müəllifin özünün daxili aləmindən
çıxarıb, bəzəmədən, boyamadan ortaya
qoyduğu ədəbi iç gücüydü. Əsəri
də beləcə dipdiri və capcanlı saxlamağı
bilirdi. Və həmin dar ağacından asılan bütün
fədailərin bir arzusu varıydı: Qəhrəman olmaq!.. O, Çernobıldan xətərsiz-ətərsiz
qayıdacaqdı, 20 Yanvarda qan dənizinə qərənfil əkməyəcəkdi,
Qarabağ savaşında havadarlı düşmənlərə
uduzmayacaqdı... Burda müəllif olduğunu
xatırlayıb, bütün araşdırmalardan sonra qarşısında
qalan bakirəliyini itirmiş bir yığın
qarışıq-bulaşıq ağ kağız
parçalarına baxırsan. Gözlərinlə və
ürəyinin əliylə, bütün bildiklərin və
eşitdiklərinlə tarixi vərəqləyirsən əslində...
Tarix isə daşa dönüb üzünə dirənir.
Tarix amansızdır, sərtdir, amma yenə də tarixdir. Həmişə
doğrudur, həmişə ədalətli olmasa da,
haqlını haqlı yerinə, haqsızı haqsız yerinə
qoya bilir. Gec də olsa cinayətkarı cəzalandırır,
məzlumun üzünü güldürür, müttəhimi
cəza evindən çıxarıb kürsü
başına çəkə bilir, kürsülərdəki
bədnam adamları barmaqlıqlar arasından xalqa
tanıtmağı bacarır. Tarix təkrarlanır həm də!
Onu öyrənmədən, bilmədən və yaxud bilərəkdən
unudanlar üçün təkrarlanır, olanlardan dərs
almağı bacarmayanlar üçün dəfələrlə
təkrarlana bilir və cəzalandırır. Tarix sənə
hissə qapılmağa da imkan vermir. Sən mütləq bir
savaşın, inqilabın, "heç olmazsa olmaz" dediyin
bir qanlı meydanın qəhrəmanı ola bilərdin. Və
bir gün içindəki o qəhrəman olmaq istəyini
boğmadan, kuşatmadan işıqlığa
çıxarırsan. Və beləcə dönüb bir
romanın canlı qəhrəmanına çevrilirsən.
Yanından şütüyən zaman sənin qələmindən
süzülərək dürüstcəsinə tarixin ən
çalpaşıq dolaylarına işıq tutur. Bir də,
bir də... təkrar-təkrar torpaq harayından, el
ağrısından bu dünyaya yaymaq üçün araya-ərsəyə
gətirdiklərin var. Eynən "Lo" kimi... Eşidərsiniz
yəqin, başqa insanların həyatlarını
aydınladanlar özləri də bu işıqdan uzaq
qalmazlar.
Müəllif
də bu romanda əsldən-əsl bir tarix şəkli çəkir,
heç bir silgidən və əlavə, qarışıq rənglərdən
istifadə etmədən bunu bacarır. Onun bacarığı
da, əsərinin uğuru da elə ağı ağ,
qaranı qara kimi əks etdirməsindən ibarətdir.
Hiss
edirsən ki, ürəyini sevgilər yaralamır daha, ürəyinə
torpaq dərdi qazılır, vaxtın yoxdu bu dünyanı
sevməyə, qan-qada görənin gözü də,
qulağı da səngərmiş məyər ki...
Dönüb Qəhrəman olmağa az qalmış səngərinə
atılan qumbaradan nə sağ çıxırsa, ətrafındakı
dostlar da eləcənə ələnir. Əcəb ələkləyib
başına döndüyüm, deyəndə səngərin
tutulmasın deyə kamikadze kimi özünü partlatmaqdan da
betər haldasan, Sənin Səngərinmiş Ədəbiyyat,
Əjdər Ol! Ədəbiyyat Səngərisənmiş!
AY Bəniz ƏLİYAR
Şairə, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.-29
fevral.- S.19