Şaman andı
YAXUD
ZİRVƏDƏ ÇIXAN YORĞUNLUQ...
Ədəbiyyata nəfəs
vermək lazımdır, ədəbiyyatın nəfəsini kəsirlər.
Vaqif Aslan ədəbiyyatımıza
nəfəs verən şairlərimizdəndir.
Vaqif Aslana görə
Nuh Tufanından da qorxulu bir tufan başlayıb: Ruh tufanı!
Bu fəlakətdən
qurtulmaq olacaqmı?!
Özü də tərs
kimi...
Ata-Adəm, ana-Həvva,
əcəb
övladdır, adamlar,
Nə səbəbdən
görəsən,
bir-birinə
yaddır adamlar!
Tarixi o adam bilmir
ki, baş verən hadisələri xronoloji
ardıcıllıqla ən azından sadalaya, yadda saxlaya bilir.
Tarixi o adam bilir ki,
Ruhun tarixindən xəbəri var. "Yer yox ikən, göy
yox ikən mən əzəldən var idim" (Xətai) deyə
bilir.
Yaradıldım
ruh kimi,
Adəmlə həmyaş
oldum.
söyləyən
Vaqif Aslan da bu sözləri Yunis İmrələrin, Nəsimi
və Füzulilərin dizinin dibini kəsdirərək deyir.
... Bir
sözünün də dalından qaçan görməmişəm
onu. Hər dediyi sözə, yazdığı kəlməyə
cavabdeh görmüşəm. O, dediyi hər Sözün
dalında durub, ona arxa söykəyib, arxa olub. Hər sözə,
hər şeyə cavabdeh olan bu şairi "dəliliyi"
tutanda eşqi "topuğuna vuranda" görəsən
allah! Məhəbbətin dadını, duzunu
çıxardanda görəsən:
Nə olar ki, ayda,
ildə bircə yol
Görüm səni
xalangilə gedəsən.
Açıq-aşkar
qansızlığa qoyub qol,
Haqq-nahaqdan bildiyini
edəsən,
Görüm səni
xalangilə gedəsən!
Bu qədər
qımışa-qımışa könül sevgisinə
gizlicə məharətlə, sənətkarlıqla eyham vuran
şair, fikri-zikri qarışa-qarışa ciddi görkəm
alır, əsl insana xas olan istəyi ortaya qoyur:
Gülzar istəyirəm,
çiçəklərinə
Xəzan küləkləri
dəyməmiş olsun.
İnsan istəyirəm,
xəcalətindən
Başını
heç yerdə əyməmiş olsun!
Vaqifin müqəddəs
arzu-istəklərindən biri göz qabağında!
Vaqifin dediyi insan da
qarşımızdadır. Elə bu, onun özüdür ki!
Şairin
aşağıda misal çəkəcəyim misraları da
öz şəkli, öz əksi deyilmi?!
Azıxda ilk dəfə
çatılmış ocaq,
Sənin gözlərində
şölə verir, bax!
Hərənin bir
niyyəti olur. Şəhriyarın adına niyyət edib, yola
çıxıb!
Bu niyyətin
şairi haraya qədər aparacağını
(aparmayacağını!) yaxşı bildiyi üçün
böyük tənqidçi, türkoloq alim Aydın Məmmədov
1976-cı ildə Vaqifin şeirləri ilə tanış olan
kimi gələcək şairi tanımışdı, çəkinmədən,
cəsarətlə demişdi: "Qələm dostumuz Vaqif
Aslan...
Böyük
ümid verir... Addımları uğurludur... Belə
başlanğıc isə Pifaqor demişkən, "Bu,
bütövün yarısına bərabərdir".
Bir gün (elə
lap bu gün!), tam olmağa, bütövləşməyə
dəyərdi. Aydın Məmmədovun peyğəmbərcəsinə
verdiyi qiymətdən sonra.
Ona görə də
kökünü andı, südünü yada saldı. Dedi:
Ey mənə əzəldən
dil verən anam,
Mənə
Qobustanın dilini öyrət!
Hiss etdi ki, onu da
şair etsə, anası edəcəkdi. Şəhriyarın
anası kimi!
Onu bütövləşdirə
bilsə, Qobustanın dili bütövləşdirə bilərdi.
Vətənin,
insanın, dünyanın başına gələn bəlaları
bu dil öyrədəcəkdi ona. Qobustan əlifbasını
öyrədəcəkdi.
İlk müəllimi
bu əlifba oldu - Qobustan əlifbası! Özünə borc
bildi ki, bu əlifbanı öyrənsin, duysun, desin:
Bilim, o, yurdumun
şərəfi, şanı,
Bilim, o, yurdumun dərdi,
yasıdır.
Oxuyum - Qobustan Azərbaycanın
Danışan
imzası, əlifbasıdır.
And içdi qələmə!
Dərdlərimizi araşdırmağa! Həm ədəbiyyat
naminə yazdı, yaratdı, həm də tarix naminə!
Qılıncına
söykəndi. Koroğlunun, Şah İsmayılın, Alp
Arslanın... qılıncına!
Çoxdandı
düşmən başı kəsmədiyi üçün
qana batmış qılıncına belə dedi:
Matəm
paltarını bu gün soyun, çıx,
Sinəmin
qanıyla silim pasını.
Göynəyən
əlimlə bir zərbə çalım,
Doğra, tök, Vətənin
qəm libasını!
V.Aslan öz səsi
və öz nəğməsi (özü-səsi,
sözü-nəğmə!) olan şairdir. Bilir ki, bu fani,
yalançı dünyadan "Biz gedərkən - səs əbədi,
səsi olan kəs-əbədi"dir.
Vaqif şeir
yazdıqca, şair olduqca dili cilalanan, açılan
şairdir, doğru deyir ki: "Mən şeir yazanda-dilim
açılır. Başqa cür dinəndə dilim
dolaşır, başqa cür dinəndə kəkələyirəm..."
"Dünyaya zirvədən
baxmışam bu gün" deyir şair və əslində,
şairlik həmin yerdən, həmin zirvədən heç
kimin əli çatmayan yerdən başlayır.
Ordasansa, canında
nə yorğunluq varsa da çıxacaq. "Zirvədə
yorğunluq çıxırmış bütün..."
Özün də, sözün də dincəlirsən (və
siz də gəlib bu zirvədə istəsəniz, dincələ
bilərsəniz, daha...)
Vaqifin qələmi
özü kimi çox dərd içindədir, çox.
Torpaqlarımız uğrunda çarpışan
döyüşçüdür, tarixi təzədən
olduğu kimi yazmaq istəyən tarixçidir.
Yazdıqlarının çoxusu hələ də qan qoxuyur,
qan! Necə oxuyasan bu yazıları ki:
Qurumuş mürəkkəb,
sanıq qələmlə,
Qırılmış
qol ilə yazılıb yazım.
"Şəhid
köynəyi" şeiri M.Cəlalın
"Bir gəncin manifesti" romanında Sona anamızın fəryadı,
iniltisiylə doludur. Xalçanı ingilis almaq istəyəndə
o, "itə ataram, yada satmaram!" dediyi kimi, bu şeirdə
şair qeyd edir ki, bazarda nə varsa, məsələn:
Satılmayan namus,
həya,
Satlıq qoyun, mal
qurtarıb.
Şor quruyub,
yağ tükənib,
Bal qurtarıb.
Bircə şəhid
köynəyi var!
Və şair eyni
öz anası (anamız) Sona kimi hərəkət edir. Bu
köynəyi ölsəniz də, satlıq etməyə
razı olmaram. O, mənim, sənin, onun (əslində Vətənin)
köynəyidir.
V.Aslan qələmini
öz qanına batırıb yazan şairdir. "Dəftər-qələm
yanımda, Qanım - qələmdanımda" deyərək
yazır şeirlərini... Və həmişə də qədim
filosoflar, müdriklər kimi indiki və gələcək nəsillərə
öyüd verəcək, deyəcək:
Kəsirəm, demə
Ağacın
eşidər, bar verməz.
Sökürəm,
demə,
Evin eşidər,
soyuyar.
V.Aslanı oxuyanda
adam tariximizi daha yaxşı öyrənir, fəlsəfənin
təzə qatlarına baş vura bilir.
V.Aslan birmənalı
şəkildə mütəfəkkir şairdir. O, həm
yurdumuzun, həm də ruhumuzun bütöv ərazisidir.
Türk oğlu türkdür. Araz bir qoludur, Kür bir qoludur.
Onun söz səngərinə yatmış əsgər kimi
daima zəfər, qələbə gözləyir. Yalnız
şair deyil, alimdir, filosofdur, dramaturqdur, tədqiqatçı-araşdırıcıdır.
Azıx
mağarasında doğulub
Qobustandan indicə
gəlib...
Tur Heyerdal
qamış gəmisində Atlantik okeanını keçərkən
o da orda olub.
Şəki
xanı Hüseyn xan Müştaqla bir dövrdə
yaşayıb. Onun dostları Vaqif və Vidadi ilə oturub-durub! Qobustan
qayasıdı sinəsi. Çəkdiyi şeir şəkilləridir,
şəkil-şeirləridir.
Bu adam
danışanda da, şeir yazanda da hayqırır! Yalnız
şəkili, bakılı, qazaxlı deyil, orxunludur!
Yeniseylidir!
Ötügenlidir!
Metenin (Oğuz
xanın) silahdaşıdır. Az qala inanmaq istəyirsən
ki, Əhməd Yəsəvi kimi Durna cildinə, Hacı
Bektaş Vəli kimi göyərçin donuna, Misgin Abdal kimi
maral qiyafəsinə girə bilər...
Şamanlar kimi
düz olmağa, düz yaşamağa and içib! Şəkidə
yaşamağına baxmayaraq!
Dünyanın hər
yerində dünyada olmamışdan var!
Ruh şəklində!
Eşq şəklində!
Nəsimi babası
kimi bəşər şəklində!
Elə bir
bütöv məmləkətdir ki, onu hələ bölə
bilməyiblər!
Vaqif Aslan qədim
kişilərdəndir!
Özü dediyi
kimi: "Cumay ocağındandır. Bu ocaq Kiş kəndinin
tatar uşağı deyilən məhəlləsindədir. Hələ
də ocaq hesab edilən zoğal ağacının altında
ocaq yandırırlar...
... Tur Heyerdalın
nitqində bizim 5000 il əvvəlki genlərlə
bağlı doğulmağımızdan söhbət gedir.
Əslində, Adəmlə Həvva hansı genlərlə
doğulmuşdursa, elə biz də həmin o genlərlə
bağlı doğuluruq. Bu mənada mən özümü
Kiş ilə (açığı desəm, Azərbaycanımla)
həmyaşıd hesab edirəm...
Fəlakətlər
olmasın deyə maq paltarı geyirəm, diyarbadiyar gəzirəm,
insanları insanlığa çağırıram".
***
Bu yaxınlarda
Vaqif Aslanın yeni bir kitabı çıxıb: "Türk
xalqları ədəbiyyatı üzrə mühazirələr".
Mühazirələr fransız şərqşünası
Alber Şoreldən götürülmüş bu epiqrafla
başlayır: "Yer üzərində iki şey hələ
də kəşf edilməmiş qalır: coğrafiyada qütblər və
tarixdə türklər".
V.Aslanın
bütün yazdıqlarında bu epiqrafda ifadə olunmuş məqsəd-məramın
çox aydın izləri, bəlirtiləri var. O da həmin
sevgiylə, proqramla bütün əsərlərində və
əslində, elə bil ki, həmin qütbləri və
türkləri araşdırır. Niyə də araşdırmasın?
Bir halda ki, Amerikanın qızıldərili
hüquqşunası Cek Rasinq təsdiq edib ki, "çox
ehtimal, biz buraya 50 min il əvvəl indiki Azərbaycan ərazisindən
köçüb gəlmişik. Özü də bəlkə elə
Qobustandan?!"
Azərbaycanda Qazax
rayonunda "Avey dağı" var. Araşdırdıqca məlum
olur ki, hunlar qələbə çalanda "urra! urra!"
deyirmiş kimi "Avva! Avva!" deyirmişlər. Meksikada bir
dağın adı Aveydir. İndiki İraqda türkmənlər
yaşayan yerdə də.
Aman allah, sən
demə, Turi-sina, Tur dağının bir adı da
Avaymış! Maraqlıdır, deyilmi?!
Ən
maraqlısı budur ki, bu adın da ilkin vətəni Azərbaycandır.
Demək, hindu hüquqşunas düz deyirmiş...
Füzuli deyirdi ki,
mən şeir ha yazmıram, əslində, özümü və
əslimi - nəslimi tədqiq edirəm.
Hüseyn Arif
yazırdı ki, gecə də, gündüz də fikrim, niyyətim əslimi, nəslimi
öyrənmək oldu.
Vaqif Aslan da bu yolla
gedib və gedir.
Çox
yaxşı da edir!
Xüsusən də
yazanda ki, "Misir piramidalarındakı yazılar qədim
türk əlifbasıdır". Biləndə ki, "Türk sözünü
ilk dəfə rəsmi dövlət adı kimi Göytürk
imperatorluğu quranlar işlətmişlər". 552-ci ildə!
"1930-cu ilin əvvəlində
əməkli general Təhsim bəy Türkiyənin
Meksikadakı atteşesi təyin edilir. Onda o, Mustafa Kamal
Atatürkə göndərdiyi raportların birində "Haiti
adasında yerlilərin dilində işlədilən
"Turan" sözünə xüsusi diqqət yetirdiyini,
yerli əhalinin dediyinə görə, "göyə mənsub
millət demək olduğunu göstərir".
V.Aslanın təzə
kitabında ən maraqlı mühazirələrdən
biri "İslama qədərki türk mifik düşüncə
tərzi və inancları" adlanır.
"Şamançılıq" bölümündə tədqiqatçı
şair qeyd edir:
"Şamanlıq
irsi sayılır. Onlar dürüst insanlar olub, pislik etməzlər.
Onlar zavallıların qoruyucusu, yoxsulların babası,
öksüzlərin anası olmağa "and içərlər".
Vaqif Aslan da
şamandır, şaman ruhludur. O da and içib.
Şamanlar və
şaman kimi!
Onun bütün
fikri-zikri millətimizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla,
tariximizlə - bağlı ən həssas nöqtələrin
nəbzi üstündədir.
O nəbz bir az
düzgün vurmayanda, zəifləyəndə sən onda V.Aslanın qələminin harayına, fəryadına
bax!
***
V.Aslanın
yaradıcılığında tərcümələr də
mühüm yer tutur. Fransız dilindən tərcümə
edilmiş bu əsərlər sırasında Yan Şardən
və və
onun "Səyahətnamə"sinin tarixilik baxımından
əhəmiyyəti danılmazdır.
Bədii tərcümələr
içərisində Pol Verlen, Ojen Dabi, Erve Bazendən, eləcə
də Mustay Kərim və Slavomir Mrojekdən etdiyi bədii tərcümələr
də aydın və səlist dili ilə diqqəti cəlb
edir.
***
Kim ki, əldə
yaba, ot yığmalıydı,
Professor olub
kağız korlayır.
Bu misralar V.Aslanın "Aydın"
poemasındandır. Heyf Aydın Məmmədovdan!
Ölüm onu bizdən
uzaq salmaq istədi. Çünki bildi ki: Aydına yaxın
olsaq, xalqa yaxın olarıq! V.Aslanın "Ruhlarla söhbət"
poeması həm Azərbaycanın (həm də
dünyanın) qədim və müasir tarixinin poetik
ensiklopedyasıdır.
Poemada belə bir
düşündürücü misra da yer alıb:
"Daşı qaval kimi çalır baxsana". Müəllif
bu misraya şərh olaraq əlavə edib: "Mən xoşbəxt
adamam. Qaval daşını öz əllərimlə
çalmışam. O səs mənə çox şey
demişdir". Vaqif Aslana görə ilk ocağı
kişlilər, kasərlər çatıb.
Kasər boyu boy
atıbdır
Göyə qədər.
Kasər boylum,
Azər boylum,
Məkan nədir?
- Kasər ruhu
yaşayan can...
Bir rus
generalının gerçəkliyi çox
doğru-düzgün əks etdirən bir fikiri var:
"Türklərə qalib gəlmək üçün
onların tarixini məhv etmək lazımdır".
Vaqif Aslan kimi
şairlər nəinki Azərbaycan Türk ədəbiyyatını
durmadan inkişaf etdirirlər, onlar həm də tarixi və
tariximizi ölməyə qoymurlar!
***
Vaqif Aslanın son
illərdə qazandığı ən böyük ədəbi
uğurlarından biri "Hüseyn xan Müştaq"
dramıdır.
Əsərə
yazdığı ön sözdə tarix elmləri doktoru,
professor Kərim Şükürovun aşağıdakı
fikri, məncə, həmin əsərin mahiyyətini daha
düzgün əks etdirir: "Bu əsərdə dilin
poetizmi ilə düşüncənin akademizmi birləşmişdir".
***
Həmin mühazirənin
"Türkülər" bölümündə manilərdən,
türkülərdən söhbət açılır.
"Sev məni" türküsü belədir:
Sev məni, ay sev məni!
Faytona mindir məni.
Apar eşqin
bağına,
Doyunca dindir məni!
Bu
türkünün sən demə, ilk variantı bu
cürmüş... Görün sonralar erməni və ermənipərəstlər
onu dəyişib nə hala salıblarmış və necə
oxuyurlarmış, necə qanımıza yeridir, genimizi dəyişmək
istəyirlərmiş:
Erməni ay erməni,
Faytona mindir məni!
Apar sərdar
bağına,
Doyunca gəzdir məni!
Müəllif
yazır ki, Makedoniyalı İsgəndər türkü
tanıyıbmış. Qarşısına çıxan 24
kişini görəndə "Türk manənd"
("türkə bənzəyir") demişdir.
Vaqif Aslan tarixi
yaxşı bilən bir araşdırıcı olduğunu bu
kitabıyla bir daha təsdiq edib. Türkü daha yaxından
tanımağa (tanıtmağa) nail olub, türkü
bacardığı qədər kəşf edib (və əslində,
özü də yenidən kəşf olunub!)
... Səməd
Vurğun Bakıda bağdaymış. Heydər Hüseynova
bir "Zapiska" yazıb, xahiş edib ki, gələndə
mənə özünlə vəd verdiyin Zərdüşt və
Prometey haqda kitabları da gətir. Tarixi bilmədən təzə
söz demək çətindir.
Vaqif Aslan bu həqiqəti
yaxşı bildiyi üçün tarixi (tariximizi)
araşdırmaqda davam edir.
Bu şairin,
dramaturqun, tarixçinin, filosofun, dilçinin tədqiqatçının,
publisistin, bütövlükdə mütəfəkkirin ensiklopedik şəkilli
bir yaradıcılıq dünyası var.
İllərlə
onun əsərlərini sevə-sevə oxumuşam. Yazmaq istəmişəm
ondan. Bunu özümə mənəvi borc bilmişəm. Ha
yaxınlaşmaq istəmişəm. Aşağılara boylanmışam ki, bəlkə
oralarda gözümə dəyə, görüşəm.
"Xoş gördük böyük şair" deyə!
Lakin onu həmişə hündürlükdə
görmüşəm, hündür görmüşəm.
Hündürə də hələm-hələm adamın əlimi
çatır, yönümü düşür?!
***
Şairlərində
milli-mənəvi dünyamıza dərin
bağlılığı, ehtiramı, hörməti, sevgisi,
vurğunluğu, heyranlığı üstünlük təşkil
edir.
Tədqiqatlarında,
poemalarında, publisistik əsərlərində tarixə
(tariximizə!) Oljas Süleymanov həngi baş vurmağı
diqqəti dərhal çəkir, onu oxuduqca adamın qəlbində
qürur hissi oyanır.
Əyalətdə
yaşayasan, di gəl ki, şəhər
sivilizasiyasının nail olduğu sənət
uğurlarının, ondan da hündür görünən sənətkar,
mütəfəkkir təfəkkürünün
daşıyıcısı olduğunu görəsən, heyrətlənməyə
bilməyəsən?
Mif deyirsən mifdən
danışsın, Xalq yaradıcılığı deyirsən,
az qala bütün janrlardan danışmağa biliyi, yüksək
elmi və eridusiyasının olduğunu etiraf etməyə məcbur
olasan...
Bu qədər bu
şairin özünün də, sözünün də
hündürlüyü hardandı, hardan?
Əlbəttə,
bütün ruhuyla ruhun (ruhumuzun) folklorumuzun,
nağıllarımızın, rəvayətlərimizin,
dastanlarımızın, mifik dünyanın
(dünyamızın) içində olmağından! Oğuz
Xaqan kimi!
Keçmişdə
tarixi şeirlə yazırmışlar.
Elə indi də!
***
Çıtır-çıtır
yanır bu adam
Sətir-sətir nəfəs
dərməyi də var.
Özümüzün
də, sözümüzün də oxşar cəhətləri
az deyil. Bir dəfə Şəkini yaxşı görüm
deyə şəhərin hündür yerlərindən oraya
tamaşa etmək imkanı yaratdı mənə.
İndi
sözünün ən hündür yerinə
çıxmışam.
Onu hamıya
yaxşı göstərmək üçün.
Onu hamı
yaxşı görsün deyə.
Onun
sözünün ən hündür yeri birmi-ikimi?
Biri Qobustandır -
keçmişlərə, yurdumuzun qədim yerlərinə
dönüb baxmaq üçün.
Biri
doğulduğu Kiş kəndinin özüdür.
Ordansa
şeirimizin, tariximizin, fəlsəfəmizin, dilimizin,
dinimizin, milli-mənəvi dəyərlərimizin dünənini,
bu gününü, sabahını apaydın şəkildə
o dəqiqə görmək olar.
O hündür yerlərdən
biri də Azıxdır.
Mağara
olmağına baxmayın!
... Bir gün
kefinin kök vaxtında Napoleona onunla yanaşı duran
generallarından biri zarafatla deyir ki, imperator həzrətləri,
bax mən sizdən uzunam. Balacaboylu imperator gülümsəyir:
- Sən məndən
uzun ola bilərsən, amma hündür (uca) ola bilməzsən.
Vaqif Aslanın da
hündürlüyü belə hündürlüklərdəndir
- çox-çox özünü ondan uzun (uzunboylu)
sananların yanında!..
Barat VÜSAL
525-ci qəzet.-29 fevral.- S.18-19