Pafossuz ziyalı, mütəvazi alim
"SU KİMİ
SAKİT VƏ GÜCLÜ" İNSAN HAQQINDA
DÜŞÜNƏRKƏN...
Azərbaycanın
başını uca edə bilən bilim insanlarımız az
deyil. Belə elmi potensial sahibi olan şəxsiyyətlərimizdən
biri də dünyanın elm okeanında üzə bilən
görkəmli alim Rafiq Əliyevdir.
Lütfi Zadə
irsinin layiqli davamçısı Rafiq Əliyev haqqında
yazılmış "Su kimi sakit və güclü"
kitabı məzmunundan tərtibatına qədər bir
çox məziyyətlərinə görə diqqətimi cəlb
etdi. Kitabı aramla vərəqlədim. Mövzulara diqqət
etdim. Rafiq müəllimin yön verdiyi istiqamətlərə
ötəri nəzər saldım. Nəhayət, kitabı
oxuyub, təəssüratlarımı bölüşmək
ehtiyacın hiss etdim. Bu ehtiyacı mənə kitabın
mündəricatı verdi. Oxuma sırasını gözləyən
arası əlfəcinlə bölünmüş
kitablarımı bir tərəfə qoyub əlimdəki bu
kitabı oxumağa qərar verdim. Oxuduqca
düşündüm, düşündükcə oxudum...
Onu deyim ki, çağdaş
dövrümüzün fikir insanı, zəka sahibi Rafiq
Əliyevə həsr olunmuş bu kitabı dəyərli
jurnalist Qulu Məhərrəmlinin əlaqələndirdiyi
ünvandan əldə etdim. Kitabın ağır
yükünü öz üzərinə
götürmüş Rəfail Tağızadə
lütfkarlıqla kitabı mənə hədiyyə etməkdə,
çatdırmaqda yardımçı oldu. Belə bir
kitabın ərsəyə gəlməsindəki faydalı
işi və səmimiyyəti üçün Rəfail
müəllimə xüsusi təşəkkür edirəm.
Kitaba başlarkən
bu sualı gözümün qabağına gətirdim:
İlber Ortaylı, Celal Şengör kimi Türkiyəmizdən
bizə salam söyləyən bilim insanları varkən, Rafiq
Əliyevin rezonansı digər dövlətlər
üçün həmin təəssüratı niyə
yaratmasın? Dünyanın müxtəlif ölkələrində
əsərləri çap olunduğu halda müasir Azərbaycan
ziyalısı onun zəka işığını niyə
hiss edə bilməsin?
Azərbaycanımız
haqqında düşünə bilən insanlar haqqında biz
cəmiyyət olaraq da düşünməliyik. Mütləq
düşünməliyik!
Rafiq müəllim
dünya elmi üçün çox işlər
görür. Azərbaycanın adını xaricdə çox
ucalara qaldırıb. Amma Azərbaycanın içində
bizim başımızı uca tutmağımız
üçün bəlkə də, indi daha çox fəal
olmasına ehtiyacımız var. Azərbaycan cəmiyyəti
üçün dəyərli Rafiq müəllim daha nəhəng
işlər görə bilər. Bu gözlənti onun elmi
potensialına və ictimai nüfuzuna tamamilə adekvatdır.
Tesla-Edison rəqabəti
və Lütfi Zadə-Rafiq Əliyev əməkdaşlığı
Yüz ilin ən
böyük rəqabətlərindən biri Nikola Tesla ilə
Tomas Edison arasında olub. Elektrik axınə rəqabəti bu
gün də çox danışılan mövzulardandır.
Hər iki ixtiraçı bilim dünyasına öz
damğalarını vurmuşlar. Lakin çağdaş
dünyanın uğur şərtləri yersiz rəqabəti
yox, əməkdaşlığın faydalarını hər
addımda sübut edir. Şirkətlər birləşir,
alimlər birgə çalışırlar, banklar
resurslarını konsolidasiya edirlər.
Vəhşi
kapitalizmin tərcih etdiyi "böyük balıq kiçik
balığı udmalıdır" tezisinə qarşı
sivil dünyanın bu "böyük balıq kiçik
balığı yemədən onun yanından sürətlə
ötüb keçməlidir"
çağırışını mükəmməl mənimsəyənlər
olub. Elmi varisliyi bu qədər dəqiqliklə ifadə edən
qeyri-səlis məntiqi nəzəriyyənin banisi Lütfi Zadə
ilə Rafiq Əliyev əməkdaşlığı yeni elmi
paradiqma ortaya qoya bildi. Bu iki böyük azərbaycanlısı
elmi müstəvidə meqotrendlərə ciddi töhfələr
verdilər.
İnanclı
ziyalı
"Su kimi sakit və
güclü" kitabında Rafiq müəllimin Qurani-Kərimə
xeyli istinadları ilə tanış oldum.
Rafiq müəllimin
"Müqəddəs kitabların təfsiri qeyri-səlis məntiq
dilində daha adekvatdır" fikri öz sahəsi ilə
bağlı fərqli mövzuları
düşündürücü formada interpretasiya etmək
bacarığına heyran qalmamaq olmur. "Aləmlərin
ilahi düzümünü yaradan və onları taleyini idarə
edən Tanrıdır" deyən alim elmi araşdırmalar
daxil olan ətraf aləmlə Tanrı hökmü arasında
dialektikanı dəqiqliklə izah edir. Hətta yeni sivilizasiya
ilə qeyri-səlis məntiq əlaqəsini
düşündürücü formada əsaslandırır.
Elias Kannnetinin
"Korlaşma" əsərindən bir fraqment yadıma
düşdü: "Bir alimin güclü cəhəti isə
içində baş qaldıran bütün şübhələri
özünün ixtisaslaşdırdığı sahəyə
yönəltmək bacarığı ilə yozulur". Rafiq
müəllim düşüncələrindən süzülən
sualları elmi postulatların üzərinə yönəltməyi
bacarmaq qabiliyyəti onun təkcə bir bilim adamı kimi deyil,
həm də nəzakətli insan olduğuna dəlalət edən
amildir. Çünki o, bunu sakit formada və məntiqi
determinizmi ölçmək üçün edir. Elmi
uğurları bu qədər parlaq ikən bir alimin ifrat təvazökarlığı
sadəcə insanda ona açıq heyranlıq yarada bilir. Bu mənada,
davranışlarında bunca nəzakətli olduğu qədər
də, elmdə cəsarətli fikir insanıdır Rafiq müəllim.
Sabirin sabunu və
alimin təri
Alimlər
dünyanı tanıyanlardır. Bəzi hallarda isə
dünya da həmin alimləri tanıyır. Amma kosmopolitizmi təbliğ
edən dünyada alimlər öz ölkələrindən
daha çox dünyada tanınmaqda maraqlı olurlar. Onlar
ölkələrinə daha çox yadlaşdıqca, sanki
dünyaya yaxınlaşmış olurlar. Dünya insanı
olmaq üçün sanki milli kimlik əbasını
çıxarmalı, kosmopolit libas geyməlidirlər. Bəziləri
bunu dünyaya çıxmaq üçün edirlər.
Amma bu gün
dünyada milli kimliyini və söykökə
bağlılığını ifadə edən Eziz Sancar
fenomeni də var.
Bu konteksdə
Lütfi Zadəninin yetirməsi Rafiq Əliyevi ən
böyük millətçi saymaq olar. O, milliyyətçilik
davası aparmır, amma millətçi olduğunu da ifadə
etməkdən çəkinmir. Rafiq Əliyevi soykökünə
bağlı, milliyi kimliyi ilə fəxr edən və Azərbaycanın
yetirməsi olması ilə öyünən dünya
şöhrətli alim saymaq olar.
Rafiq Əliyev
Bakıda yaşayır. Lakin onu Azərbaycanda yaşayan alim
saymaq olmaz. Məkan olaraq Azərbaycanı seçib və o məkanı
heç nəyə dəyişmir. Lakin elmi tədbirlərə
qatılması ilə dünyanı bir neçə dəfə
dövr edib yenə müqəddəs saydığı
ölkəsinə qayıdır. Dünyanın yaxşı
tanıdığı Rafiq Əliyevi eyni zamanda, Azərbaycanımızı
ən yaxşı tanıyan şəxs də saymaq olar. Onun
coğrafiyasını sevən, mədəniyyət
adamlarını tanıyan və mənəviyyatlı
insanlarına dəyər verməyi bacaran maraq dünyası
geniş olan insan da saymaq olar. Dəqiq elmlərin tədqiqatçısı
olmasına baxmayaraq, humanitar sahələrin dərinliklərinə
baş vuran və o mühitə bələd insandır Rafiq
müəllim.
Rafiq müəllimin
ədəbiyyat və mədəniyyət sahəsinə aid
dostlarının çevrəsi onu milli bağların dərinliklərinə
nə qədər yaxın olduğunu göstərir. Ramiz
Rövşən, Musa Yaqub, Bəxtiyar Vahabzadə, Qulu Məhərrəmli
və bu qəbildən millli kimliyi olan insanlarla dostluğu onun
yad insanlar çevrəsində olmadığına dəlalət
etdiyini göstərir.
Onun kitabında
yazdığı uğurlu bir təşbehi ziyalının həm
də qəlbi ilə düşünə bilmə işarəsini
verir. "M.Ə. Sabir sabun bişirəndə kirdən bədənləri
deyil, könülləri təmizləməyi
düşünüb" - fikrində təkcə qəlbin,
ruhun yox, alimin alın tərini də nəzərdə tutub.
Öz sahəsinin
parlaq nümayəndəsi Edison da məntiqlə eyni
düşüncəni bölüşürdü: "Dahi
olmaq 1 faiz ilham, 99 faiz tərdən meydana gəlir".
Əqlimizi diri
saxlayan ruhumuzu qidalandıran qaynağın olmasına
böyük önəm verdikcə təkcə alim
böyümür, ruhu təmizlənir. Rafiq müəllim bunu
bacaran elm adamıdır.
Azad Mirzəcanzadənin
“İxtisasa giriş” kitabında fransız cərrahından
maraqlı bir sitat var idi: "Əgər bir nəfər
yalnız yaxşı həkimdirsə, o, kifayət qədər
yaxşı həkim ola bilməz". Rafiq müəllim də
bu kəlamın işığında uzun illər illər
yol gələrək görünür ki, bunu nəzərə
alıb.
Bu mənada, Rafiq
müəllim bütün mövzularda danışa və
düşünə bilən ziyalı standartı
formalaşdıra bilib. Biz Rafiq müəllimə bu cür
elmi elitamıza verdiyi töhfəyə görə, ona həm
minnətdar olmalı, həm də ondan çox şey öyrənməliyik.
Ön cəbhənin
özgüvəni arxa cəbhədəki sədaqətdən
başlayır
Mühafizəkar cəmiyyətlərdə
zərbələr insanların zəif yerləri sayılan ailələri
ilə bağlı olur. "Rafiq Əliyevin həyat
yoldaşına yazıları" bölməsində 10
yazının hər birində ailə bağlarının dərin
köklərinə dair tezis var. Kitabda Rafiq müəllimin həyat
yoldaşına yazdığı məktubları çox dərindən
düşünərək oxumadım. Bu bölməni
düşünərək yox, emosiyalarını hiss etməyə
çalışaraq oxumağa çalışdım. Az
qala, hər sətirdə Aidə xanıma xitabən yazdığı
cümlələrdə onunla birgə yaşadıqları
xoş günlərin xiffətini çəkən
duyğuların yatdığını duyursan. Ona münasibətini
ifadə edən məktubların məzmununda dərinə
işləmiş sentimental məqamları sezmək olur.
"Sadəqət
kəməri"nin tarixini yox, çağdaş
dövrün örnəklərinin ipə-sapa
düzüldüyünü görməmək olmur. Ailəsi
ilə nəfəs alan sədaqətli həyata yoldaşı
nümunəsini və münasibətlərində sabitqədəm
ziyalı obrazını gördüm həmin məktublarında.
Sevgi hisslərinin karyeraya mane olmadığını, əksinə,
onun qoşa qanad olmasına bir daha örnək var bu məktublarda.
Rafiq müəllimin timsalında bir daha tarazlı insanın
xoşbəxtlik tablosun görmək olur bu məktublar içərisində.
Donuq
soyuqqanlılıq və emosional zəka
Bir çox elm,
söz və ədəbiyyat adamlarının emosiya
dozasının fantan vurduğunu görən cəmiyyətik.
Öz qınına çəkilən rəqəm dilindən
başqa heç nəyin fərqində olmayan fleqmatik alimlərin
dominantlığı çağdaş dövrümüzdə
bizə çox tanış gəlir.
Çağdaş
dünyanın daha çox önəm verdiyi "emosional zəka"
kriteriyasına ölkəmizdə çox az bilim insanı
uyğun gələ bilər. Bu uyğunluq meyarı olan bilim
insanlarından biri Rafiq müəllimi saymaq olar.
Həm əqli
soyuqqanlılığı və elmi fəhmi ilə
özünün peşəkarlıq səviyyəsini gözləyən
alim, həm də mənəviyyatı geniş və səmimiyyətin
bolluğundan yaranmış sərvət
artıqlığı hiss olunan təvazökar bilim insanı
kimi qarşımızda durur. Dəqiq elmlər sahəsində
bu qədər parlaq bir insanın poetik duyğularının
saf ruhu gerçəkdən bir ziyalının mötədillik
dərəcəsinə nə qədər yaxın olmanın
göstəricisidir. "Qızıl orta" həddinin
müvazinətində əyilməyən və onu itirməyən
Rafiq Əliyev inanıram ki, hər zaman bizimlə olacaq, cəmiyyətimizin
olacaq.
Rafiq müəlllim
bizim ədəbiyyatımızı bilən və mədəniyyətimizi
tanıyan insandır. Ədəbiyyatçılarımızın
əsərləri haqqında təqdimat yazıları
yazıb. Bir insanın düşüncə süzgəcindan
süzülüb gələn yaradıcılıq etüdləri
bu kitabda da az deyil. Rafiq Əliyevin "Su kimi sakit və
güclü" kitabında sənət adamları
haqqında biri-birindən maraqlı məqalələrin
oxudum. Üzeyir bəyin ruhunu yaşadan sənətkarları
çox dərindən tanıdığını
yazılarından gördüm.
Pafossuz
ziyalı
Dünya mütəfəkkirlərinin
həyatlarını az-çox oxumuşuq. Nobel
mükafatı alanların həyat yolunu izləmişik. Qəti
söyləniləsi mübahisəli olsa da, amma ümumiləşmiş
fikrim bu olub ki, dərin düşüncə asan həyatdan
yox, çətin və sadə həyat yaşamaqdan
başlayıb.
Rafiq müəllim
təkcə öz keşməkeşli həyatı ilə
böyüməyib. Qarabağ dərdi, vətən nisgili və
Ağdam həsrətinin əzabları qazanında qaynayaraq
"qovrulub". Bu kitabda Qarabağ döyüşləri
zamanı onun haralarda olması ilə bağlı maraqlı səhnələrlə
tanış oldum. Gördüyümüz budur ki, zəka
dünyasında elmin, qəlbində isə Qarabağın
qoyduğu dərin izlər Rafiq Əliyevi bu qədər
böyütdü...
Səsi ucadan gələn
"patriotlar" görən cəmiyyətik. Pafoslu nitqindən
yanındakılara danışmaq imkanı verməyən
meydanbazlardan bezən cəmiyyətik. Bizim hazırkı səsli-küylü
cəmiyyətdə Vətənimiz Azərbaycanı daha
çox pafossuz sevən insanlara ehtiyacımız var. Vətəni
səssiz-küysüz sevən ziyalılarımızı
tanımalıyıq. Dünyaya səsi çatan və bizim səsimizi
dünyaya çatdıran asta tərzdə danışan Rafiq
Əliyevimiz var. Pafossuz və hikkəsiz, mütəvazi və
asta səslə dərin mətləbləri dünyanın
öz dilində çatdırmağı bacaran alim. Fikirlərini
elə səslə və kəsərlə deyir ki, o, başqa
həqiqətləri və başqalarının həqiqətlərin
kəsir. Hətta öz həqiqətlərini kəsməməsi
üçün həqiqəti sərt demir. Rafiq müəllim
bir düşüncə insanı kimi bilir ki, fikir çox kəskin
deyiləndə, hətta öz həqiqətini də kəsir...
Məhəmməd TALIBLI
525-ci qəzet.-29 fevral.- S.17