Puşkin və Şuşa

 

Aleksandr Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət etmişdi: birinci dəfə hakimiyyəti və hökumət məmurlarını həcv etdiyinə görə 1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə.

İlk səfərində yalnız Şimali Qafqazın Mineral Sularında olmuş, ikinci səyahətində isə daha cənuba - Qafqazın içərilərinə doğru keçib-getmişdir. Bu dəfə şairin əsas məqsədi Tiflisdə Nijeqorod draqun polkunda xidmət edən qardaşı Lev Sergeyeviçlə və general Paskeviçin Qafqaz korpusunda xidmət edən tanışları ilə görüşmək idi. Həmin vaxt rus ordusu Türkiyəyə qarşı hərbi əməliyyatlarda olduğu üçün Aleksandrın hərbçi dostları ilə görüşü baş tutmamışdı.

İki həftə - mayın 26-dan iyunun 10-na qədər Tiflisdə qalan Aleksandr böyük çətinliklərlə də olsa, arzusunu həyata keçirə bilmiş, döyüşən ordu ilə Türkiyənin Ərzurum şəhərinə qədər gedib-çıxmışdı. 1829-cu ildəki Qafqaz səfəri şairin yaradıcılığında müstəsna rol oynamışdır. O, bura həm birinci, həm də ikinci səyahətində Fazil xan Şeyda, Abbasqulu ağa Bakıxanov və başqa azərbaycanlı ziyalılarla tanış olub dostlaşmış, yol qeydlərində təzə tanışları haqqında xeyli məlumat vermişdir. Şair, həmçinin, rus ordusunun tərkibində döyüşən könüllülərdən ibarət I Qarabağ müsəlman polkunun birinci yüzlüyünə başçılıq edən və sonralar polkovnik rütbəsinə qədər yüksəlmiş, bir sıra döyüş orden və medalları ilə təltif olunmuş Fərəculla bəy Uğurlubəyovla və məşhur Cavanşir nəslinin hərbçi nümayəndəsi, yüksək qəhrəmanlıq nümunəsi göstərərək yaralı rus zabitini döyüş meydanından çıxarıb, təhlükəsiz yerə aparan iyirmi yaşlı poruçik Fərhad bəylə də yaxından tanış olmuşdu. Onların döyüş meydanında göstərdikləri əsl cəsurluq Aleksandrı vəcdə gətirmiş və o, hər ikisini general Rayevskinin çadır-qərargahına dəvət edərək bu qarabağlı igidləri alqışlamışdır. "Ərzuruma səyahət" əsərində Aleksandr Sergeyeviç Puşkin yazır: "İyulun 17-də səhər biz yenidən atışma səsi eşitdik və iki saatdan sonra səkkiz türk bayrağı gətirib-gələnləri - Qarabağ polkunu gördük. Polkovnik Fərəculla bəy daş qalaqları arxasında gizlənmiş düşmənlə vuruşmuş və onları ordan çıxarıb qovmuşdu. Süvarilərin komandanı Osman paşa güclə xilas olmuşdu" (Aleksandr Sergeyeviç Puşkin. Əsərləri, III cilddə, II cild, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1937-ci il, səhifə 468.).

Elə ordaca şair Fərhad bəyə "Cəng şöhrətinə məftun olma" adlı incə və gözəl bir şeir də həsr edir:

 

Uzaqlaş, vuruşma, şan-şöhrətindən,

Sən ey gözəl cavan, ey gözəl cavan.

Qarabağ dəstəsi arasında sən

Qanlı döyüşlərə girmə, atma can!

 

Bilirəm ki, ölüm rast gəlməz sənə,

Qılınclar içində əzrayıl görcək.

Hayıfı gələcək belə bir hüsnə,

Ölüm caynağından nicat verəcək.

 

Ancaq döyüş vaxtı qorxuram ki, mən,

İtsin sadəliyin, cəld hərəkətin.

Sənin əbədilik çıxsın əlindən

Bu gözəl camalın, abrın-ismətin.

 

Peterburqa qayıdandan sonra Aleksandr Sergeyeviç Puşkinin şərəfinə verilən ziyafətlərin birində o, dostlarına özünün Ərzurum səyahətindən danışır, Qafqazda gördüklərindən, azərbaycanlılarla tanışlığından, hərb meydanlarında şahidi olduğu şuşalıların igidliyindən heyrətlə və məftunluqla söhbət açır, onların döyüş səhnələrini təsvir edir. Məclisdə iştirak edən Novikov familiyalı bir rəssam dostu şairin obrazlı təsvirindən istifadə edərək dərhal Fərhad bəylə Fərəculla bəyin portretlərini çəkib, ona verir. Bu sənət əsərlərinin çox uğurlu alındığını görən şair rəsmlərin qəhrəmanlarına çox bənzədiyini etiraf edərək şəkillərin altında öz xəttiylə həmin azərbaycanlı dostlarının adlarını yazır.

... 1899-cu ilin may ayında Rusiya, o cümlədən də, bütün Qafqaz Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 100 illik yubileyini bayram edirdi. Ölkədə elə bir qəza şəhəri, ya da iri bir mədəni mərkəz yox idi ki, orda şair anılmasın, onun şərəfinə yığıncaqlar keçirilməsin. Puşkinin xatirəsinin yad edilməsi barədə Qafqaz Təhsil Dairəsindən bütün məktəb müdirlərinə göstəriş verilmiş və yığıncaqlar keçirmək üçün qısaca proqram da göndərilmişdi. Proqram əsasında aşağıdakılar həyata keçirilməliydi:

1. Aleksandr Sergeyeviç Puşkinə matəm mitinqi keçirməklə ibadət duası oxumaq;

2. Təntənəli yığıncaqlar təşkil etmək, onun həyatı, rus və dünya ədəbiyyatındakı rolu barədə şagirdlərə daha geniş məlumat vermək;

3. Şairin seçilmiş əsərlərini şagirdlərə ifadəli şəkildə oxumağı və şeirlərinə yazılmış vokal əsərlərini ifa etməyi öyrətmək.

Həmin o tarixi yubiley may ayının 26-da Şuşa Realnı Məktəbində də xüsusi təntənə ilə qeyd edilirdi. Bura yerli ziyalılar, mülki və hərbi idarələrin qulluqçuları, şagirdlərin valideynləri, şəhərin qonaqları da dəvət olunmuşdular. Tədbir məzmunca çox zəngin idi və olduqca maraqlı keçirdi. Şuşanın demək olar ki, bütün təhsil müəssisələrinin müəllimləri və şagirdləri səhər saatlarından başlayaraq dəstə-dəstə realnı məktəbin binasına doğru tələsirdilər...

Saat 10-da tədbir başlandı. Mərhum şairin ruhunu şad eləmək üçün əvvəlcə matəm mitinqi keçirildi, dualar oxundu. Məktəbin direktoru bu təntənənin məqsədindən, rolundan və gənclər üçün əhəmiyyətindən danışdı. Altıncı sinif şagirdlərindən biri Aleksandr Sergeyeviç Puşkin barədə qısa məlumat verdi. Rus dili müəllimi Sibirtsev sürəkli alqışlara səbəb olan "Dahinin xatirəsi" adlı parlaq və geniş bir nitq söylədi. Tədbir iştirakçılarından məktəbin şəriət müəllimi Axund Mirzə Sadıq Lətifov, həkim Əbdülkərim bəy Mehmandarov, müəllim Yusif bəy Məlikhaqnəzərov, jurnalist Haşım bəy Vəzirov və başqaları da böyük şair barədə ürək sözlərini dedilər. Yuxarı sinif şagirdləri Puşkinin "Qafqaz", "Peterburqun bünövrəsi", "Gələcəkdən xəbər verən Olqa", "Xatirə", "Suda boğulmuş adam", "At", "Moskva", "Körfəzdə yaşıl palıd" şeirlərini və poemalarından parçaları ifadəli şəkildə oxudular. Məktəb orkestrinin və xorunun ifasında şairin musiqili əsərlərinin ifası başlandı. Musiqi müəllimi Reslerin bəstələdiyi "Qafqaz altımdadır" təntənəli marşı tamaşaçıların xüsusi diqqətinə və heyrətinə səbəb oldu. Sonra dərslərini əla oxuyan və məktəbin ictimai işlərində uğur qazanan şagirdlərə mükafatlar verildi, tərifnamələr təqdim edildi. Böyük uğurla başa çatan təntənədən sonra əlaçı şagirdlərə yubiley hədiyyələri - şairin portretləri, xatirə üçün bütün məktəblilərə onun haqqında çap olunmuş kitabçalar paylandı (Haşım bəy Vəzirov. "Kaspi" qəzeti. "Kaspi xəbərləri",

1 iyun 1899-cu il, №113.).

Şuşada Puşkin günləri davam edirdi. Şairə həsr olunmuş tədbirlərdən biri də şəhər məktəbində çox böyük təntənə ilə keçirildi. Yerli əhalinin təşəbbüsü və şəhər dumasının vəsaiti ilə şagirdlər üçün həmin vaxtdan Puşkin adına təqaüd təsis olundu. 20 manat məbləğində olan bu təqaüdün çox yüksək əxlaqı və dərs müvəffəqiyyəti ilə fərqlənən kasıb şagirdlərdən birinə verilməsi nəzərdə tutulurdu.

Qeyd eləmək yerinə düşər ki, həmin vaxt Qori seminariyasında şairin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecənin keçirilməsində tələbə, sonralar Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi tanınmış məşhur pedaqoq, dilçi-alim və jurnalist, şuşalı Fərhad Ağazadə də fəal iştirak etmişdi. O, "Rus ədəbiyyatının və Puşkinin Azərbaycan tatarlarının ədəbiyyatına təsiri" mövzusunda 40 səhifəlik iş yazmış və tədbirdə məruzə etmişdi. Olduqca zövqlə tərtib edilən irihəcmli Puşkin albomunun hazırlanmasında da gənc tələbənin xüsusi rolu olmuşdu. Fərhad Ağazadənin alboma daxil edilmiş bu işi iştirakçıların diqqətini xüsusi olaraq cəlb etmişdi. O, həm də şairin "Tunc atlı" poemasında "Tənha dalğaların sahilində" parçasını xorla oxumuşdu.

... 1937-ci ilin fevral ayında Aleksandr Sergeyeviç Puşkinin vəfatından 100 il ötürdü. Bütün dünya xalqları klassik rus ədəbiyyatının parlaq siması olan Puşkinin ölüm gününü böyük təntənə ilə keçirməyə hazırlaşırdı. Ölkənin hər yerində, o cümlədən, respublikamızın bütün rayon və şəhərlərində də şairin vəfatının bir əsrlik yubileyinin keçirilməsinə hazırlıq işləri görülürdü. Şuşa rayon Partiya Komitəsi Puşkin günləri keçirmək üçün komissiya təşkil eləmişdi. Rayon komsomol komitəsi və yerli həmkarlar ittifaqları komitələrinin yaxından köməkliyi ilə kolxozlarda, sənaye müəssisələrində, ümumtəhsil məktəblərində, pedaqoji texnikumda və sair yerlərdə şairin həyat və yaradıcılığına həsr edilmiş yığıncaqlar keçirilir, kolxozçular və ziyalılar onun yaradıcılığı ilə daha yaxından tanış olurdular. Eyni zamanda, şəhər məktəbində yubileyə aid kabinə də düzəldilmişdi. Burda "Kapitan qızı", "Belkinin hekayələri", Səməd Vurğunun tərcüməsində "Yevgeni Onegin" əsərləri nümayiş etdirilir və divarları şairin portretləri bəzəyirdi. Məktəbdə böyük ədəbi-bədii gecə keçirmək nəzərdə tutulmuşdu.

Bu işlərdə böyük şairin əsərlərini maraqla oxuyan və əzbərdən bilən məktəbin əlaçı şagirdlərindən Kamal Qəhrəmanov və Mürsəl Muxtarov fəallıq göstərirdilər. Şəhər orta məktəbinin şagirdləri Sabir adına kitabxanada və pedaqoji texnikumda Puşkin sərgisi düzəltmişdilər. Yerli şairlərdən Mirzə Xosrov Axundov (Şaiq), Novruz Heyrani, Kamal Qəhrəmanov və başqaları yubileyə yeni şeirləri ilə gəlmişdilər.

Nəhayət, fevral ayının 10-da Puşkinsevərlər şəhər klubunda "rus poeziyasının günəşi"nin xatirə gecəsinə toplaşdılar. Rayonun rəhbər təşkilatlarının nümayəndələrinin və beş yüzdən çox tamaşaçının iştirak etdiyi təntənəli tədbirdə fəxri və əməli heyət seçildi. İclasa sədrlik edən Şuşa rayon İcraiyyə Komitəsinin sədr əvəzi Ağayev çıxış edərək giriş sözü ilə iclası açıq elan elədi. Dahi şairin yaradıcılığı haqqında pedaqoji məktəbin ədəbiyyat müəllimi İsaq Məmmədovun məruzəsindən sonra Şuşa şəhər orta məktəbinin ədəbiyyat müəllimi Əyyub Musayev və İdris Hacıyev çıxış elədilər.

Olduqca maraqlı keçən gecədə Aleksandr Sergeyeviç Puşkinin əsərlərindəki obrazları göstərən ədəbiyyat nümunələrindən sərgi təşkil edilmişdi. Bədii hissədə uşaq evinin, pedaqoji və musiqi texnikumlarının tələbələri konsert proqramı ilə çıxış etdilər. Azərbaycan, rus və başqa dillərdə şairin əsərlərindən parçalar söylədilər (Ə.Bəxtiyar. "Sosializm maldarlığı" qəzeti, 12 fevral 1937-ci il, № 8.)

Puşkin yubiley tədbirlərində fəal iştirak edən yerli şair Miribrahim Ağamirzadə şairə öz sevgi və məhəbbətini "Mirnatiq" təxəllüsü ilə yazdığı "Yaşa, Puşkin, dünya durduqca yaşa!" şeirində belə ifadə edirdi:

 

Puşkin, ey aləmi münəvvər edən,

Cümlə məxluqu eylədin şən.

Yaşa hər vaxtda, zamanda sən,

Yaşa, dünya durduqca sən də yaşa!

 

Nə gözəl gülləri əkib getdin,

Cəmi zəhmətləri çəkib getdin.

Gözəl sözləri səpib getdin,

Yaşa, dünya durduqca sən də yaşa!

 

Mərifətin aləmi edib heyran,

Almısan sən yəqin gözəl fərman.

Düşməni eylədin əcəb giryan,

Yaşa, dünya durduqca sən də yaşa!

 

Mirnatiq deyil özü şair,

Leykən əşaridə bir az mahir.

Yaza öz şerini, edə zahir,

Yaşa, Puşkin, dünya durduqca yaşa!

 

... Şeirə, sənətə həmişə yüksək qiymət və dəyər verən şuşalı ədəbiyyat və poeziya həvəskarları dahi şairin həm anadan olmasının, həm də vəfatının yüz illiyini xüsusi təntənə ilə, böyük sevgi və məhəbbətlə bax, belə qeyd etmişlər.

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2020.- 1 fevral.- S.10.