"Yolagələn
və tez də yolagətirən olsam da, qəlizliyim,
kürlüyüm də var"
SƏYYARƏ
SƏYYAF: "SEVİNİRƏM Kİ, BU DÜNYAYA
GÖNDƏRİLƏNDƏ YARADANIN QANIQARA VAXTINA
DÜŞMƏMİŞƏM"
Müsahibimiz
tanınmış jurnalist, "Könül
dünyamız" verilişinin aparıcısı Səyyarə
Səyyafdır.
- Səyyarə
xanım, sizi o qədər ədəbi verilişlərin
aparıcısı kimi görmüşük ki,
görüşümüzə bir aparıcı, jurnalistlə
deyil, ədəbiyyatçıyla söhbət kimi
hazırlaşdım. Hardan gəlir bu ədəbiyyat sevgisi?
- Hardan gəlir ədəbiyyat
sevgim?.. Mənə elə gəlir ki, sevgi
hardansa, necəsə, sonradan gəlmir, o, sənlə
doğulur və hardasa baharda çiçək açan kimi
açılır, üzə çıxır.
Gözümü açandan dünyanı başqa cür
görmüşəm. Nə görmüşəmsə onu mənalandırmağa
çalışmışam. Uşaqlıq illərimin xatirələri
Qarabağla bağlıdır. Yadımdadır, Ağdam şəhərindəki
evimizdə qonaq otağı dediyimiz otaqda stolun üstündə
qırmızı məxməri süfrə vardı.
Beş-altı yaşlarımda süfrənin kənarına
yaylıq bağlayıb içinə girirdim. Bura öz aləmimdə
mənim səhnəm idi. Əlimdəki taxta
parçasını mikrofon bilib elə hey şeir deyər,
nağıl danışardım. Atam həmişə işdən
evə qayıdanda öz otağına çəkilib saatlarla
bədii əsərlər oxuyardı. Təbiətcə az
ünsiyyətcil idi. Elə bilirdim kitablar ona bizdən, həyatdan
daha maraqlıdır. Bilirsiniz, bəzən nəyisə təlqin
etmək üçün uzun-uzadı söz demək,
danışmaq lazım gəlmir, kiçik müşahidələr
səndə təsəvvür və qənaət yaradır.
Altıncı sinifdə oxuyanda ilk oxuduğum bədii əsər
Salam Qədirzadənin "Hər gün ömürdən
gedir" kitabı oldu. Ağdamda nənəmgilin həyətində
qollu-budaqlı bir alça ağacı vardı. "Qobusnamə"ni,
"Min bir gecə" nağıllarını, Rəşad
Nuri Güntəkinin "Dodaqdan qəlbə" əsərini
orda - o ağacın altında oxumuşdum. Musa Yaqubun poeziyasını
7-ci sinifdə əzbər bilirdim. O ağacın altı mənim
kitabxanam, oxu yerim idi. Nə tapırdımsa, oxuyurdum,
ardıcıl olmasa belə. Ədəbiyyat peşə deyil, məncə,
zamanın axmasıdır, sudur, çaydır. Əslində,
zamanın necə axıb getməsinə baxmağı öyrənmək
istəyərdim. O proses həmişə mənə
maraqlı olub. Bir vaxt da ayıldım ki, artıq ədəbiyyat
mənim iliyimə işləyib. Xaqani Şirvaninin
sözüdür, deyir ki, bütün elmlər mənim
qarşımda hicab və divar kimidir. Ö üzdən
hamısını ürək dəftərindən sildim.
Çünki özümü öyrənməyə, məni
öyrənməyə mane olurlar. Yəni maraq sonradan sevgi
yaradır. Qayə budur...
- Şounun, maqazin
proqramlarının, tok-şouların reytinqinin at
oynatdığı zamanda belə bir verilişi illərdir
davam etdirməyinizin sirri nədir?
- Mənim müəllifi
olduğum proqram konyuktura xarakterli deyil. Soy-kökümüzə,
milli bağlarımıza, neçə minillikdən gələn
mədəniyyətimizə, Azərbaycançılığa
söykənir. Bilirsiniz, gələcəyin olmaması elə
də qorxulu deyil. Amma keçmişi olmayan gələcək əsl
faciədir. Çünki keçmiş gələcəyin gələcəyidir!
Efirlər unudub bu həqiqəti. Hamısı olmasa da,
çox qismi belədir. Bir dəfə Ulu öndər Heydər
Əliyev Şamaxıda aşıqlarla görüşdə
olur. Aşıq Şərbətə üz tutub deyir ki,
aşıq, nə qəşəng papağın var, harda
tikdirmisən? Aşıq da qürrələnib, tez
papağını çıxarıb ki, qurbandır sizə.
Ulu öndər təmkinini pozmadan deyib: "Aşıq,
yaxşı-yaxşı yadında saxla, bir torpaqdan, bir də
papaqdan peşkeş olmaz". Bu fikrin davamı kimi deyim, dəyərlərdən
uzaqlaşdırılırıq zorla. Niyə, hara, nə
üçün? Televiziya çox güclü təbliğat
maşınıdır. Bu cür verilişlər reytinq xatirinə
zorla sırınır tamaşaçıya. Senzura yox, nəzarət
yox. Məqsəd, elə bil, yaddaşı itirmək, inamı
öldürmək, düşüncəni
ağrıtmaqdır. Fikrət Sadıq şeirlərindən
birində deyir: "O daşları yığın bir yerə,
Bir hasar çəkin - yaddaş hasarı". Belə
çağırış niyə gərəklidir?
İnsanın yaddaşı hər zaman ona şəhadət
verər. Mənim fikir bayrağım budur: ölümə
getməyək, ölümdən qayıdaq.
- Hər dəfə
başqa ədəbi sima və ya bölgə haqqında
söhbət edirsiniz və hamısı ilə bağlı məlumatlılığınız
diqqət çəkir. Bir verilişə nə qədər
hazırlaşırsınız?
- Vaxtımı ən
çox verilişin içi yox, çölü alır.
Verilişin içinə girənəcən fikrim elə hey
yeni məzmun, yeni həftə, yeni mövzu, yeni qonaq, yeni
ünsiyyət, yeni qapı və yeni açar soraqlayır.
Asan deyil, əlbəttə ki. Naxışın biri
yanlış getdisə, təsvir pozulur. Molla Nəsrəddin
deyir, tarın bir pərdəsinə barmağını qoyub
40 il eyni havanı çalmaq olmaz. Fikri də hərdən gərək
budayasan ki, çılpaq görünsün.
- Bayaq dediniz ki,
kitablara münasibətiniz yaxşıdır, mütaliəlisiniz.
Əsas hansı janrda, kimləri oxuyursunuz?
- Bütün
kitabların öz çağırışı, öz
dedikləri var. Orijinal kitabların əlbəttə ki. Janr fərqi
qoymuram. Yeni fikir önəmlidir. Məna yükü, fəlsəfi
yük əsasdır mənim üçün. Adi bir misal
çəkim: təbiətdə ağaclar, yarpaqlar bir-birinə
oxşasa da, çox vaxt meyvələri fərqli olur. Son bir həftədir
filosof yazıçı Oşonu oxuyuram.
Sağlığında qəbul olunmasa da, indi kitabları əl-əl
gəzir. Onun azad düşüncələrini,
emosiyalarını, inqilabi inadkarlığını, el diliylə
desək, ruhuma içirəm. Hansı daha vacibdir: özün
olmaqmı, özünü tanımaqmı? Sadə
sualların mürəkkəb cavablarını sevirəm.
Bunlar da kitablarda var.
- Uşaq vaxtı
şairləri, yaradıcı insanları, az qala, ilahi qüdrətə
sahib varlıqlar kimi təsəvvür edərdik. Sizdə necə,
təsəvvür etdiyiniz kimi olublar?
- Bəzən təsəvvür
etdiyim kimi olur, bəzən isə əksinə. İstənilən
halda o görüşlərin xatirələri hamısı
ömürdən yadigardır.
- Ədəbi
proqramın əsas çətin tərəfləri nədir?
- Çətin deməyək,
yumşaq dillə desəm, nigarançılıq yaradan tərəfləri
olur. Ünsiyyət zamanı enerjinin düzgün
ötürülüb, yanlış qəbul olunması
halları olur bəzən.
İki uşaq
söhbət edir, biri o birindən yaşına görə
daha ağıllı, daha ötkəm olur. Həmin uşaq o
birindən soruşur: "Böyüyəndə nə
olacaqsan?" Xarakteri qəzəl janrının rəməl bəhrində
bərq vuran yoldaşı deyir ki, mən futbolçu olacam, bəs
sən? O isə deyir ki, mən böyüyəndə xoşbəxt
olmaq istəyirəm. İkinci uşaq deyir, sən sualı
başa düşmədin. O isə deyir ki, sən sualı
hiss etmədin. Yəni qonaq səmimiyyətdən uzaq, heysiyyətdən
xəbərsiz olanda ünsiyyət ağırlaşır.
Sizin dediyiniz məsələ yəni. Bilirsiniz də düz
qarın doyurmaz, amma iştahı artırar. Ünsiyyətdə
də qarşılıqlı iştah olmalıdır ki,
könül danışa bilsin.
-
Qonaqlarınızda hansı keyfiyyətə
üstünlük verirsiniz?
- Mənim müəllimim,
jurnalistikada yol göstərənim Valid Sənaninin ruhunu hər
zaman rəhmətlə anıram. Onun bir fikri həmişəlik
qulağıma sırğa olub. 2002-ci il idi, ilk dəfə
efirə çıxacaqdım. Efir öncəsi Valid müəllim
dedi ki, özün ol, nə kamera, nə mikrofon
qarşısında oynama. Elin gözü tərəzidir.
Sevgi qazanmaq istəyirsənsə, səmimi ol. Düzdür, həmin
vaxt onun dedikləri mənə bugünki kimi tam aydın
olmamışdı. Amma sonralar bu fikirlər zamanla həm
beynimdə, həm ürəyimdə qərarlaşdı. Nə
qədər özüm olduğumu tamaşaçı daha
yaxşı bilir. Mənim üstünlük verdiyim əsas cəhət
yalnız səmimiyyətdir.
- İllərdir
qonaqlarınız ədəbiyyatçılar, xanəndələr,
musiqiçilərdir. Onları, sizcə, nə birləşdirir?
- Birləşdirən
birinci növbədə ruh, isti münasibət, mövzu və
könül ziyarətidir. Sonra ünsiyyət hamını bir
yerəcən aparır. Nəticədə son olaraq fikirlər
ya qohumlaşır, ya da yadlaşır.
- Nə zamansa bu
verilişi bitirməli olsanız, hansı məzmunda proqram
hazırlayarsınız?
- Nöqtə yox,
təzə sətir haqqında düşünürəm həmişə.
Allah ömür əta etsə, verilişin fatehəsi hələ
ki, yaxında deyil. Mən olmayım, başqası olsun, bu mənəvi
xidmət davam etdirilməlidir. Düşünürəm ki, məzmun
tək profilli olmadığından həmişə
maraqlıdır. Bir müdrikdən soruşurlar, ən
çox pərəstiş etdiyiniz peşə sahibləri kimlərdir?
Cavab verir ki, dərzilər. Soruşurlar niyə? Deyir,
çünki onlar hər paltar tikəndə təzə
ölçü götürürlər. Qiyməti bir dəfə
verəndə sonra dəyişir. Bu mənada hər dəfə
yeni fikir içərisində üzmək eynilik gətirmir.
- Əsasən,
mövzunuz Azərbaycan ədəbiyyatı olur. Dünya ədəbiyyatına
da yer verirsinizmi?
- Zaman-zaman
dünya ədəbiyyatına da toxunuruq. Bununla bağlı
xüsusi buraxılışlarımız olub. Çoxəhatəlilik
prinsipindən uzaq deyiləm.
- Öz
könül dünyanızı necə təsvir edərdiniz?
- Könül
dünyamdan danışsam, təbiət etibarı ilə
çox kövrək, həliməm, kinli deyiləm, səbrsiz,
qara tüstüdən uzaq, yolagələn və tez də
yolagətirənəm. Amma qəlizliyim və
kürlüyüm də var. Bilirsiniz, tutduğun mövqenin
içində bir ovqat adamı olaraq maraqlı görünə
bilərsən. Bu, peşəndən irəli gəlir və
insanlara məlum olan tərəfindir. Amma başqalarına
görünməyən, özünə məlum olan bir
iç dünyan, daxili mənin də var. Sevinirəm ki, bu
dünyaya göndəriləndə Yaradanın qanıqara
vaxtına düşməmişəm. Ruhum
çılğındır. Ən çətin məqamda
belə, könlümün öz güvəni var. Bu, çox
vacib duyğudur mənə görə. Yəni
qısacası, könlüm hərdən günəş, hərdən
lampadır. Və hər ikisi də lazımdır, hər
ikisi aydınladır. Könlün halı, yaşama dərəcəsi
var. Həmişə düşünürəm ki, insan
özündən başqasına nə qədər çox
qaçırsa, o qədər də tez qocalır.
Könül unudulanda ruh yaşamır, işığı
sönür. Heç fikir vermisiniz üzdəki, çöhrədəki
qaranlıqlara? Hamısı unudulan könüllərdən
nişanədir.
- Sizcə,
azadlıq nədir?
- Daxili azadlıq hər
məqamdan üstündür mənim üçün.
Əlbəttə, onu da bilirəm ki, bunun böyük məsuliyyət
tələb edən tərəfi də var. Ruhumun azad
olması məni xoşbəxt edir. Mühitin, ətraf aləmin,
cəmiyyətin çoxlu müxtəlif məcburiyyətləri
var. Gözümüzü açanda ilk növbədə əlimizdən
azadlıq hissi alınır. Çox məsələlərdə
adımızdan qərarlar verilir. Hə, deyəcəklər bəs
mentalitet, dəyərlər və sair? Bu epitetləri mən də
bilirəm. Hamının xoşuna gəlmək
üçün istəklərini başıma tac etməliyəm?
Onda nəticə nə olur? Ömrün, həyatın israfa
gedir. Hədəfi müəyyənləşdirən
insanın daxili mənidir. Çox demişəm, yenə deyirəm,
insana öz qismətini tanıtdıran onun daxili
azadlığıdır.
-
Ədəbi yaradıcılıqla da məşğulsunuzmu?
Eşitdiyimizə görə, kitab üzərində işləyirsiniz.
Son olaraq bu haqda danışaq.
-
Hərdən olur içimizin, qəlbimizin qarasını
ağ vərəqə tökürük,
özümüzü ağardıb, onu qaraldırıq. Esselər
yazıram. Bəzən susanda, danışa bilməyəndə
köməyə qələm çatır, belə anlarda
yazıram. Könlümün evində bir dəlisov künc
var. Özümü hərdən o küncə qoyuram. Hiss edəndə
ki, yox olan kəs var olan kəsi, yəni məni yorur, onda
yazıram.
Kitab
məsələsi isə zamanı gələndə bilinəcək.
Sağlıq olsun!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2020.-29 fevral.- S.15