"Əsas vəzifəmiz professional
musiqiçi kadrlar yetişdirməkdir"
NƏRMİNƏ QULİYEVA:
"ÇALIŞIRIQ Kİ, TƏLİM-TƏDRİS
İŞİNİ BİZİM KONSERVATORİYAMIZIN YÜZ
İLLİK ƏNƏNƏLƏRİ VƏ MÜASİR
TƏHSİL TEXNOLOGİYALARI ƏSASINDA QURAQ"
Müsahibimiz
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Tədris işləri üzrə
prorektoru, professor, Əməkdar müəllim Nərminə
Quliyevadır.
- Nərminə
xanım, gəlin söhbətə uşaqlıq illərindən
başlayaq. Hələ məktəbli ikən ağ və qara
dillərin mahiyyətini anlayırdınızmı?
- Ağ və
qara dilləri gözəl səslər, melodiyaları ifadə
etmək üçün bir vasitə kimi qəbul edirdim.
- Bəs sonralar
- tələbəlik illərinizdə ağ və qara dillərin
mahiyyəti nədən ibarət oldu?
- Sonralar ağ və
qara dillər mənim üçün artıq nəinki bir
vasitə, eyni zamanda, dərin məna, fəlsəfi əhəmiyyət
daşıyıcısı oldu.
- Gənc
yaşlarınızdan çoxsaylı uğurlara imza
atmısınız. Böyük səhnədə ilk
çıxışınız, qazandığınız
uğurlarınız barəsində təəssüratlarınızı
bizimlə bölüşərdiniz.
- Bəli,
uşaqlıqdan müxtəlif müsabiqələrdə,
festival və konsertlərdə müvəffəqiyyətlə
çıxış etmişəm. Orkestr ilə ilk
çıxışım Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında S.Hacıbəyovun rəhbərliyi
altında keçmişdi, G.F.Hendelin fortepiano konsertini ifa
etmişdim. Sonradan A.Rzayevin, G.Qalıninin, F.Mendelsonun, E.Qriqin
konsertlərini ifa etmişəm və mətbuatda
S.Qasımova, N.Əliyeva, Z.Stelnik kimi musiqişünaslar tərəfindən
müsbət rəylər deyilib. Lakin məhz görkəmli
dirijor Niyazinin rəhbərliyi ilə ifa etdiyim K.Sen-Sansın
konserti mənə çox böyük uğur
qazandırmışdı. Mənə təsiredici və yadda
qalan hadisələrdən, konsertlərdən danışarkən
istedadlı pianoçu, professor Nəzakət Rimazi ilə birgə
Kapellhausdakı çıxışımızı qeyd etmək
olar. Çünki bu, Azərbaycanda yeganə və bir royal
üçün dörd əlli əsərlərdən ibarət
olan ilk konsert idi. Fortepiano dueti hər zaman çox populyar janr
olub. Lakin Azərbaycanda iki royalda dörd əl
üçün yazılmış əsərlərə daha
çox üstünlük verilib. Biz isə yalnız bir royal
üçün yazılmış və işlənmiş
V.A.Motsartın, F.Şubertin, S.Raxmaninovun əsərlərindən
ibarət konsert tərtib etmişdik. Konsert uğurla
keçmiş və tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdı. Lakin
bizim üçün ən böyük uğur və şərəf
konserti dinləyən BMA-nın professoru, Əməkdar artist
Rafiq Quliyevin dilindən "bravo" eşitmək idi. Daha
sonra, yaxşı xatırlayıram ki, Tofiq Quliyevin yubileyinə
həsr olunmuş konsert keçiriləcəkdi və mənə
o konsertdə iştirak etmək təklif olunmuşdu. Mən də
bəstəkarın populyar mahnılarından ibarət iki
royal üçün "Fantaziya" işləmişdim və
onu konsertdə ifa etdim. Konsertdən sonra T.Quliyevdən də
çoxlu təriflər eşitdim. Belə görkəmli bəstəkardan
tərif və təşəkkür eşitmək mənim
üçün böyük hadisə idi. Ümumiyyətlə,
dörd əlli işləmələrim ilə bağlı dəfələrlə
gözəl rəylər eşitmişəm. Bu rəylərdən
birini xüsusilə qeyd etmək istərdim. İki royal
üçün işlədiyim "Fantaziya"nı tələbələrim
konsert üçün öyrənib, sinifdə məşq
edirdilər. Bu zaman tanınmış bəstəkarımız
Musa Mirzəyev sinfə daxil olaraq, əsəri dinləyir və
tələbələrdən əsərin müəllifini
öyrənir. Biləndə ki, mənim işləməmdir,
Musa müəllim dekanatlığa gəlib, məni bir xeyli təriflədi,
hətta bəstəkarlıq ilə məşğul
olmağımı təklif etdi.
- Nərminə
xanımın sevimli bəstəkarı və ifasını
çox dinlədiyi pianoçu kimdir?
- Mənim sevimli
bəstəkarım Sergey Raxmaninovdur. Onun ikinci konsertini hər
dəfə dinləyəndə göz yaşlarımı
saxlaya bilmirəm. Sevimli pianoçum isə əlbəttə
ki, Xalq artisti Fərhad Bədəlbəylidir. Ümumilikdə
isə tanınmış pianoçu S.Rixteri çox bəyənirdim.
Uşaq vaxtı Moskvada olanda S.Rixterin konsertinə gedib,
ifasını dinləmişdim və hesab edirdim ki, onun kimi
ideal solo ifaçı yoxdur. Lakin bir neçə il əvvəl
Praqada müsabiqədə olarkən, Q.Sokolovun solo konsertinə
getdim və konsertdən çox böyük təəssüratla
qayıtdım. Q.Sokolovu dinlədikdən sonra
düşündüm ki, indi dünyada onun kimi solo
ifaçı yoxdur. O, professional ifaçıdır.
- Məqalənizin
birində oxumuşdum ki, Siz Fərhad Bədəlbəylini
fortepiano ifaçılığında əfsanə
adlandırmısınız. Bəs o əfsanə ilə nə
vaxtsa eyni bir təhsil ocağında fəaliyyət göstərmək
və imtahanlarda onunla birgə müzakirələr
aparacağınız ağlınıza gələrdimi?
- Heç vaxt
ağlıma gəlməzdi. O, doğrudan da mənim
üçün "əfsanə", əlçatmaz bir
zirvədir. Mən hələ uşaq olarkən, məktəbdən
qaçıb, böyük həvəslə onun konsertinə
qulaq asmağa gedirdim. Professor Fərhad Bədəlbəyli
emosional, temperamentli, çox hərarətli bir ifaçıdır.
Onun konsertindən sonra Fərhad müəllimin temperamentindən
sanki bizə də keçirdi və gələcək
inkişafımızı stimullaşdırırdı. Bizim də
ifaçılıq texnikamızın bir balaca ona
çatması üçün başlayırdıq gündə
5-6 saat çalmağa. Amma o, dahidir. Belə dahiləri tarix
100 ildə, 200 ildə bir dəfə yaradır. Fərhad
müəllimin həyat yoldaşı Nailə xanım mənim
sevimli və ilk müəlliməm olub. Nailə xanımın
dilindən onu gözəl insan kimi, uşaqlıq illərimdən
professional ifaçı kimi Fərhad müəllimi çox
yaxşı tanıyırdım. Mən indi də onunla
çalışıram. Hesab edirəm ki, onun kimi demokratik,
onun kimi sadə bir rektor yəqin ki, Azərbaycanda yoxdur.
Çünki o, müəllimləri də, tələbələri
də çox asanlıqla qəbul edir, onları dinləyir,
çətinlikləri varsa, əlindən gələn köməkliyi
göstərir. Buna görə də onu hərtərəfli
"əfsanə" adlandırıram. Musiqi mədəniyyətimizin,
xüsusən də fortepiano
ifaçılığının inkişafında onun rolu
çox böyükdür. Mən sevimli rektorumuza, Xalq artisti,
professor Fərhad Bədəlbəyliyə can
sağlığı arzu edirəm.
- Musiqimizin təbliği,
musiqi maarifçiliyi ilə bağlı müxtəlif
bölgələrdə ustad dərslər, böyük layihələr
həyata keçirmisiniz. İstərdik bu barədə ətraflı
məlumat verəsiniz.
- İlk öncə
keçirdiyim bu layihələrə görə Azərbaycan
Respulikasının Mədəniyyət Nazirliyinə və Təhsil
Nazirliyinə təşəkkürümü bildirirəm. Hər
zaman mənə dəstək olublar. Azərbaycanın demək
olar ki, bütün bölgələrinə və
rayonlarına tələbələrimizi apararaq həm konsertlər
təşkil etmişik, həm də həmkarlarımla ustad dərslər
keçirmişik. Dəfələrlə bölgələrimizdən
olan istedadlı uşaqları kəşf edərək,
Bakıya yönəltmişik. Onlar da musiqi təhsillərini
Bakıda uğurla davam etdiriblər. Getdiyimiz hər bir şəhər
və rayonun musiqi məktəbləri, musiqi kolleclərində
mütləq ustad dərslər keçirmişik.
Naxçıvana getdiyimiz zaman da bizi çox yaxşı
qarşılamışdılar. Həm musiqi məktəbində,
həm musiqi kollecində, həm də Naxçıvan
Dövlət Universitetinin Konservatoriyasında mən və
skripka ifaçımız professor, Xalq artisti Zəhra Quliyeva
ilə ustad dərslər keçirdirdik. Dərslərimizə
maraq və ehtiyac olduğuna görə bizi gecə saat 12-yə
kimi buraxmırdılar. Çünki şagird, tələbə
və müəllim heyətində çox böyük həvəs,
öyrənmək arzusu var idi.
- Artıq uzun
müddətdir ki, BMA-da pedaqoji fəaliyyət göstərirsiniz.
Dərs dediyiniz onlarla tələbəniz Beynəlxalq və
Respublika müsabiqələr laureatı, prezident təqaüdçüləridirlər.
Ümumiyyətlə, bugünkü tələbələrin
hazırlıq səviyyəsi, ümumi
dünyagörüşü, seçdiyi sənətə
maraqları haqqında nə deyə bilərsiniz?
- İndi demək
olar ki, istedadlı gənclərimiz var və onların
geniş dünyagörüşünə sahib
olduqlarını, seçdikləri bu sənətə
böyük məhəbbət və rəğbət bəslədiklərini
görürəm. Bunun nəticəsidir ki, xarici ölkələrdə
keçirilən müxtəlif musiqi festivalları və
müsabiqələrdə gənclərimiz böyük nailiyyətlər
əldə edirlər. Ümumiyyətlə, tələbələrin
hazırlıq səviyyəsi həm tələbənin, həm
müəllimin birgə gərgin fəaliyyəti nəticəsində
baş verən prosesdir. Bu səbəbdən də mən
tövsiyə edərdim ki, musiqi məktəblərində
uşaqların bünövrəsi, təməli düzgün
qoyulsun. Sonra isə tələbəlik illərində
artıq repertuar yığımı ilə məşğul
olub, mürəkkəb virtuoz əsərlər üzərində
çalışmağa başlasınlar. Ümumiyyətlə,
professional səviyyələrini yüksəltsinlər.
- Siz, həmçinin,
BMA-nın tədris işləri üzrə prorektorusunuz.
İdarəçiliklə, yaradıcılıq işləri
və pedaqoji fəaliyyət nə dərəcədə
bir-birini tamamlayır? Bütün bunların öhdəsindən
gəlmək çətin olmurmu?
- Əlbəttə,
çox çətindir. Hazırda prorektorluq işini ən
vacib və lazımlı hesab edirəm.
Çalışırıq ki, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında təlim-tədris
işini bizim Konservatoriyamızın yüz illik ənənələri
və müasir təhsil texnologiyaları əsasında quraq.
Bu istiqamətdə işləyərək, biz Avropa təhsil
məkanına inteqrasiya edə bilərik və xarici ölkələrdə
olan musiqi sənətindəki rəqabət üstünlüklərini
əldə edərək, iş bazarında öz layiqli
yerimizi tutmağa müvəffəq olarıq. Beləlikə,
bizim tələbələrimizin, məzunlarımızın və
müəllimlərimizin mobilliyi təmin olunar. Bizim
ifaçılarımızı Avropada ən
tanınmış Konservatoriyalara qəbul edirlər, ən
möhtəşəm beynəlxalq orkestrlərə dəvət
alırlar, müsabiqələrdə qalib olurlar. Əsas vəzifəmiz
yüksək səviyyədə professional musiqiçi kadrlar
yetişdirməkdir. Bu məqsəd öz həllini hər bir
pedaqoqun sinfində tapmalıdır. Mən də bir
pianoçu-pedaqoq kimi öz tələbələrimə ifaçılığın
sirlərini aşılayıram. Sinfimdə təhsil alan gənc
pianoçuları nəinki professional bir ifaçı kimi, həm
də yüksək mədəniyyət sahibi olan, insani keyfiyyətləri
özündə cəmləşdirən bir vətəndaş
kimi görmək istərdim.
- Boloniya
sisteminin musiqi təhsil ocaqlarına tətbiqi sizcə
özünü nə dərəcədə doğruldur?
- Əvvəllər
bu sistem qəbul olunmurdu. Biz tam olaraq, 2010-cu ildən
keçmişik Boloniya sisteminə. Düşünürəm
ki, Avropa məkanına inteqrasiya ediriksə, bu, vacib bir siyasətdir.
Bizim diplomlarımız xarici ölkələrdə
tanındığı üçün Boloniya sistemi də tələbələrimizə
Avropanın istənilən ölkəsində təhsil
almağa, işləməyə çox böyük imkan
yaradır. Həmçinin, bu sistem yarım il ərzində
sistematik, mütəmadi işləyən orta səviyyəli
tələbəyə də normal qiymət almağa şərait
yaradır. Ona görə də hesab edirəm ki, müəyyən
müsbət cəhətlərinə görə Boloniya
sistemi tələbənin xeyrinə olan bir sistemdir.
- Müasir
dövrdə klassik musiqinin təbliğində aktual problemləri
nədə görürsünüz?
- Təbliğat
çox önəmlidir. İndi maraqlı layihələr var,
hansı ki, klassik musiqini müasir üslübda, caz
üslubunda ifa edirlər. Yəni klassik musiqini müasir
dövrün tələbinə uyğun olaraq, gərək elə
təqdim edək ki, uşaqların, gənclərin,
cavanların, ümumiyyətlə, hər kəsin qəbul edəcəyi
tərzdə olsun və sevilsin. Ancaq bu iş incə zövqlə
olunmalıdır.
- Tez-tez Beynəlxalq
və Respublika üzrə keçirilən müsabiqələrdə
münsiflər heyətinin sədri və üzvi kimi
iştirak edirsiniz. Böyük və inkişaf etmiş xarici
ölkələrdə Azərbaycan musiqisi və Azərbaycan
ifaçılıq məktəbi necə
qarşılanır?
- Təbii ki,
çox yaxşı qarşılanır. Bu yaxınlarda
İspaniyanın Barselona şəhərində oldum. Bir
görəydiniz orada bizim tələbələri necə tərifləyirdilər.
Münsiflər heyətinin üzvi kimi rus musiqi məktəbinin
nümayəndəsi, Barselona Musiqi Akademiyasının
professoru S.Paçekin iştirak edirdi. O da gənclərin
ifasından çox razı qalmışdı. Mən də həmişə
xarici ölkələrə müsabiqələrə gedəndə
Azərbaycan bəstəkarlarının əsərlərinin
notlarını mütləq özümlə aparıram. Tələbələrimizin
repertuarında da mütləq şəkildə bizim bəstəkarlarımızın
əsərləri yer alır. Bununla da biz musiqimizi xarici
ölkələrdə layiqincə təbliğ edirik.
Ofelya İSGƏNDƏROVA
Musiqişünas
525-ci qəzet.-2020.-29 fevral.- S.14