Düşüncə döngələri...
"Ulduz"un
ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində
Dilek Yükselin "Pompeyi sevərkən" hekayəsi yer
alıb. Maraqlı hekayədir, insan düşüncəsini
xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi
xaraba qoymuşdu...
Hekayədə
Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və
onun Maximaya sevgisini... İnsanlar
canlarını qurtarmaq, yaşamaq üçün
Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə
çalışır. Amma insanın insana sevgisi mücərrədliyə
ünvanlanan bütün sevgilərdən daha dərindir. Rahib
Vita da günbəgün Maximaya olan sevgisiylə
qısqanclığın, şübhənin dərinliyinə
enir, daha doğrusu, ehtirasın və heç vaxt Maximaya
qovuşmayacağını bilməyinin doğurduğu kədərin
əliylə dibə sürüklənir. Bəs bu dibdə
onun qazancı nədir? Əlbəttə ki, ölüm! Həyat qarşı-qarşıya
dayanmış iki piramidadır; biri yerin üstündə,
biri yerin altında (Yer deyəndə də şərti olaraq
insan həyatını nəzərdə tutarıqsa). Hər
iki piramidanın da sonuncu tək daşı ölümdür
- istər bir ömür boyu üzüyuxarı addımla, istərsə
də üzüaşağı.
Dilek Yükselin
hekayəsində Rahib Vita əvvəlcə Tanrılara olan
inancı və sədaqətiylə üzüyuxarı
addımlayır, sonra Maximaya olan sevgisi onu aşağı
dartır. Biz sevgini hisslərin ən alisi, ən yüksəkdə
dayananı zənn edirik. Bəs, İradə Aytelin
"Qanlı öpüşlər"inin qadın qəhrəmanını
ən bağışlanmaz səhvə - insan öldürməyə
sürükləyən nəydi? Sevgi deyildimi?..
Rahib Vitanı
Tanrılardan daha ehtirasla sevdiyi Maximanın boğazından ikiəlli
yapışıb var gücüylə sıxmağa məcbur
edən də eyni hiss idi... Və insanlığın - simvol
olaraq Pompeyin faciəsi belə başlanır: sevgi
öldürəndə...
8 yanvar 2020
***
"Ədəbiyyat
qəzeti"ndə Qulu Ağsəs"in "Duman" hekayəsini
oxudum. Hekayədə Azərbaycan ailəsinin
"yazılmamış qanunları"nın bir yox, bir
neçə "məcəlləsi" ilə tanış
oluruq. Anayla bibinin "uşağı
kim çox istəyir" yarışı,
bibioğlu-dayıoğlu arasındakı yaş fərqinin
"böyük-kiçik söhbəti"nə dönməsi,
kənddə "dəli-dolu" olmasıyla ad
çıxaran Dumanın başçı seçilməsi
kimi kiçik "ipucları" bəs edir ki, bir ailə
haqqında ümumi fikir sahibi olasan...
Hekayənin əvvəlində
Qulu Ağsəs oxucunun diqqətini ermənilərin
günahsız insanlara atəş açmasına, kəndi
qorxu içində saxlamasına çəkməyə cəhd
edir. Amma hekayəni oxuyan istənilən
oxucudan soruşsan, "Duman kişi adamdır"-deyəcək,
vəssalam... Çünki qəfildən hekayənin məcrası
dəyişir; Qrişanın Dumana "ilan dili
çıxartması"yla onun Noranı evlərinə gətirməsi,
gizlətməsi, Noranın Rostova göndərilməsi
bir-birini ardıcıl izləyir.
Sonda isə Dumanın 3 min əskiyi çıxır. Məhz
Noranın Rostova göndərilməsi üçün
Qrişaya lazım olan 3 min.
Qulu Ağsəs
qəhrəmanının sonrakı taleyi ilə bağlı məlumat
vermir. Bu da oxucuya fürsət verir ki, düşüncə dənizinin
dərininə baş vurmadan elə bu cümlə ilə kifayətlənsin:
"Duman kişi adamdır!" Vəssalam!
...Qulu Ağsəsi
şəxsən tanıyanlar bilir ki, o, xatirələrinin
dolaşığındadır, nə vaxtsa bu xatirələri
nizama salmaq ümidindən də çoxdan əlini
üzüb. Nə olar, qoy olsun. Onun indiyə qədər
yazdıqları kimi, indən sonra yazacaqları da xatirələrin
içində "azdığı" vaxt əlinə
keçən ilmələrdir. Bütöv bir xalça
xanasındakı bircə ilmə. Özü də ərişdən-arğacdan
keçirilib, amma həvələnməyib, bıçaq
vurulmayıb.
6 fevral 2020
Şəfa VƏLİ
525-ci qəzet.-2020.-29 fevral.- S.12