Şah Mat Teatrının yeni tamaşası - "İstehkam" maraqla qarşılanıb

 

Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin "İstehkam" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

 

Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstərilib.

 

Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

 

Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış ediblər.

 

Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır.

 

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

525-ci qəzet.-2020.-29 fevral.- S.12