Nüfuzlu elmi jurnallara necə məqalə
hazırlamalı?
MİSİR
MƏRDANOV: "HƏR BİR ELMİ TƏDQİQATIN YEKUNU
NƏŞRDİR"
Hər bir tədqiqatçının
elmi nəticələrinin qlobal miqyasda tanınması və
akademik ictimaiyyət tərəfindən qəbul olunması
dövrümüzün əsas tələblərindən
birinə çevrilib.
Elmi tədqiqatların
nəticələrinin dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasının formalarından biri də
onların müxtəlif ixtisaslaşmış nüfuzlu
jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu
jurnallarda nəşri - tədqiqatçının elmi fəaliyyət
sahəsinin genişlənməsi və elmi səviyyəsinin
artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi
və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi
deməkdir. Hazırda dünyada minlərlə jurnal nəşr
olunur və nüfuzlu alimlər onların hamısını
deyil, yalnız tanınmış elmi bazalarda nəşr
olunanlarını izləyirlər. Belə bazalar
sırasına ilk növbədə ildə on mindən
çox jurnalı izləyən və qiymətləndirən
Web of Science və otuz minə yaxın jurnalı izləyən
və qiymətləndirən Scopus kimi beynəlxalq elmmetrik
verilənlər bazaları daxildir. Adıçəkilən
elmmetrik bazalara daxil olan jurnallarda elmi məqalə çap
etdirmək məqalə müəllifləri ilə
yanaşı, onların çalışdıqları
universitet və institutların, təmsil etdikləri ölkələrin
elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə,
ölkənin inkişaf səviyyəsini göstərən əsas
amillərdəndir.
Riyaziyyat və
Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Misir Mərdanov deyir ki, 2018-ci ildə Web of Sciencenin
bazasında olan jurnallarda çap olunan məqalələrin
sayına görə Azərbaycan Cənubi Qafqaz
Respublikaları arasında ilk dəfə olaraq birinci yerə
yüksəlib. Həmin il Azərbaycan tərəfindən
sözügedən jurnallarda 1451 məqalə çap olunub.
1451 məqalənin 773 - ü Azərbaycan Milli Elmlər
Akademiyasının İnstitutlarına, 342-si Bakı Dövlət
Universitetinə, 129-u Riyaziyyat və Mexanika İnstitutuna aiddir.
Məqalələri çap etdirməkdə əsas məqsəd
dünya ilə fikir mübadiləsi etmək, elmi işə
maraq göstərən xarici həmkarlarla tanış olmaq,
qeyri-formal qarşılıqlı əlaqələr qurmaq,
beynəlxalq layihələrdə, qrantlarda, birgə nəşrlərdə
iştirak etməkdir: "Tədqiqatçılar elmi nəticələrini
nəşr edərək nə əldə edirlər. Nəticədə
elmi fəaliyyət sahəmiz genişlənir, elmi səviyyəmiz
və statusumuz yüksəlir, məqalənin nüfuzlu
bazalara daxil olan elmi jurnallarda çap olunması müəllifin
elmi tədqiqatlarının "görünmə"
("visibility"), "istifadə edilmə"
("availability") dərəcəsinin yüksəlməsinə
təsir edir. Məqalə müəllifinin
çalışdığı elmi müəssisənin
reytinqi yüksəlir, həmin bazalarda ölkənin
mövqeyi möhkəmlənir, məqaləni dərc etdirməklə
müəllif müəlliflik hüququ, məqalənin
toxunulmazlıq hüququ, məqalənin yayılması
hüququ qazanır".
Misir Mərdanovun
sözlərinə görə, hər bir elmi tədqiqatın
yekunu nəşrdir. Araşdırmalar zamanı əldə
edilən yenilik və nəticələri beynəlxalq elmi cəmiyyətə
çatdırmaq, məsləkdaşlarla bölüşmək
məqsədilə onları nəşr etmək vacibdir:
"Məqalə dərc edildikdən sonra onun ictimaiyyətə
təsirinin ölçülməsi nəticəsində tədqiqatın
mövzusu ətrafında şəbəkə aktivliyini izləmək,
təhlil etmək üçün imkan yaranır.
İstinadların sayı, keyfiyyəti, hirş indeksi və s.
Məqalənin nəşri və müəllifin tədqiqatlarının
nəticələri haqqında məlumatların
yayılması, məqalə - müəllifin, təşkilatın,
jurnalın, ölkənin elmi prosesdə əldə etdiyi
nailiyyətlərin əsas mənbəyidir. Beləliklə, məqaləni
nəşr etməkdə məqsəd yalnız tədqiqatların
nəşri deyil, eləcə də tədqiqat sahəsində
məqalənin oxunma dərəcəsinin və məqaləyə
edilən sitat (istinad) saylarının
artırılmasıdır".
Misir Mərdavov
qeyd edib ki, yeni, orijinal nəticələrin və yeni
metodların təqdim olunması üçün, nəşr
olunmuş nəticələrin təkmilləşdirilməsi
üçün, tədqiqat sahəsini nəzərdən
keçirmək və ya müəyyən bir tədqiqat
mövzusunu ümumiləşdirmək üçün elmi nəticə
çap olunmalıdır: "Müəyyən, spesifik bir
sahədə bilik, anlayışları təkrarlamaq deyil,
genişləndirmək üçün, məqalənin
faydalı, maraqlı və oxunaqlı olması, oxunmayan,
istifadə edilməyən, istinad olunmayan məqalənin
heç bir dəyəri yoxdur. Məqalənin oxunaqlı
olması üçün onun aydın, maraqlı, faydalı
olması, məntiqi mülahizələrlə təqdim edilməsi,
redaktorlar, rəyçilərin işin elmi mənasını
asanlıqla anlaya və qiymətləndirə bilməsi vacibdir".
Professorun dediyinə
görə, nüfuzlu jurnallarda məqalə dərc etdirmək istəyən müəllif
ingilis dilində, onun qısa məzmununu özündə əks
etdirən dolğun annotasiya və açar sözləri olan
keyfiyyətli məqalə hazırlamalıdır. Məqaləni
resenziyadan keçirməli, etik normalara riayət etməli, məqaləni
jurnalın tələblərinə uyğun
hazırlamalıdır. Məqalələrin
hazırlanması və nəşr olunmasında əsas etik
standartlar var. Məqalə eyni zamanda bir neçə jurnala
göndərilməməlidir. Birinci jurnaldan mənfi cavab gəldikdə,
onu ikinci jurnala göndərmək olar: "Plagiata görə
ittiham edilməmək üçün, işinizdə istifadə
edilən əsərlərə istinad edilməli, elmi etik
normaların pozulmasında sizi günahlandırmağa yol verməmək
üçün, tədqiqatlarınızda istifadə etdiyiniz
metodları aydın təsvir edilməlidir. Müəllif
jurnalın irəli sürdüyü etik tələbləri
öyrənməli və onlara əməl etməlidir".
Direktor
vurğulayıb ki, məqalənin
oxunaqlılığını artırmaq üçün
müəllif cümlədə 15-dən çox sözdən
istifadə etməməlidir. Hər fikri bir cümlə ilə
ifadə etməyə çalışmalıdır. Cümlə
nə qədər sadə və aydın şəkildə
qurulsa, oxucular onu daha tez anlaya bilərlər. Nəyin vacib
olduğunu müəyyənləşdirmək
üçün, oxucular cümlənin sonuna diqqət yetirirlər.
Ona görə də cümlələri bunu nəzərə
alaraq qurmaq lazımdır.
Keyfiyyətli məqalələrin
meyarları barədə danışan M.Mərdanov bildirib ki,
orijinallıq - ixtisas sahəsində, metod (üsul) və nəticələrdə
yenilik, mövcud biliklərə uyğunluq, onun genişləndirilməsidir.
İstinadlar yeni və münasib olmalı, fikirlər əsaslı
və məntiqlə izah edilməlıdır. Nəzəri və
praktiki əhəmiyyəti, jurnalın qaydalarına, məqsədlərinə
ciddi riayət olunmalıdır: "Məqalə diqqəti
çəkmək üçün deyil, əldə
edilmiş yenilikləri və nəticələri oxuculara
çatdırmaq məqsədilə, məqalə ixtisas sahəsində
hər kəsin başa düşəcəyi dildə
yazılmalıdır. Hər zaman sadə və qısa yolla
izah etməyə çalışmaq lazımdır. Məqalənin
adı onun məzmununu əsas açar sözlərlə
lakonik ifadə etməlidir. Məqalənin annotasiyası,
işin məzmunu, həcmi jurnalın tələblərinə
cavab verən aydın və dolğun şəkildə tərtib
edilməlidir. İstinadlar jurnalın tələblərinə
uyğun, tam və düzgün şəkildə
yazılmalıdır - bu onları verilənlər
bazasında indeksləşdirərkən vacibdir, keyfiyyətli
istinadlar - məqalənin səviyyəsinin göstəricilərindən
biridir. Bütün bunlar məqaləni gözə çarpan
edərək, onun daha geniş yayılmasına və sitat gətirilməsinə
səbəb olacaqdır. Məqalənin ingilis dilində
yazılmış annotasiyası onun çox vacib hissəsidir.
Səlis "ingilis dili" - məqalənin keyfiyyətinin ən
əhəmiyyətli göstəricisidir. Tədqiqatçı,
məqalə yazmazdan öncə,
çalışdığı sahə üzrə geniş məlumata
malik, öz ixtisası üzrə elmin son nailiyyətləri,
müasir metodları ilə yaxından tanış
olmalıdır. Tədqiqat ideyasını inkişaf etdirdikdən
sonra, araşdırmalara başlamaq olar".
Professorun
sözlərinə əsasən, məqalənin
hazırlanmasında müəllif üçün qoyulmuş
beynəlxalq standartlar var. Məqalədə təqdim olunan tədqiqatlar
etik normalara uyğun, məsuliyyətlə həyata
keçirilməli və bütün zəruri hüquqi
qaydalara riayət edilməlidir. Tədqiqatçılar nəticələrini
açıq, dürüst şəkildə,
saxtalaşdırmadan və ya məlumatların lazım olmayan
manipulyasiyası edilmədən təqdim etməlidirlər. Tədqiqatçılar
öz metodlarını elə aydın və birmənalı
şəkildə təsvir etməyə
çalışmalıdırlar ki, onların nəticələrinin
başqaları tərəfindən təsdiq edilməsi
mümkün olsun. Müəllif üçün qoyulmuş
beynəlxalq standartlar zamanı isə tədqiqatçılar
təqdim olunmuş işin orijinal olması, plagiat olmaması,
başqa yerdə nəşr olunmaması tələblərinə
riayət etməlidirlər. Müəlliflər təqdim
edilmiş və nəşr olunmuş məqalə
üçün kollektiv surətdə məsuliyyət
daşımalıdırlar. Elmi məqalə hər bir həmmüəllifin
işə və onun təqdimatına olan şəxsi töhfəsini
düzgün əks etdirməlidir, maliyyələşdirmə
mənbələri
açıqlanmalıdır.
Misir Mərdanov
vurğulayıb ki, aşağı impakt faktorlu jurnal daha əvvəl
aparılan tədqiqatlara əsaslanır, əvvəlki işlərə
əsaslanıb, onları tətbiq edərək yeni nəticələrin
alınması. Yüksək impaktfaktorlu jurnalda isə tamamilə
yeni bir konsepsiya, ideya və metod tətbiqi cəhətdən əhəmiyyətli
olan tamamilə yeni, orijinal nəticələrin alınması
əsas götürülür: "Müəllif məqaləsini
çap etdirməzdən öncə oxuduğu jurnalları nəzərdən
keçirməlidir. Elsevier, Springer, Wiley, Taylor&Francis, OUP,
CUP, AIP, APS, Nature, Science kimi aparıcı nəşriyyatların
ingilis dilində dərc olunmuş jurnallarını oxumaq
lazımdır. Bu nəşriyyatların jurnallarının əksəriyyəti
yüksək sitat gətirmə göstəricilərinə
malikdir.
Web of Science orta
hesabla ildə 12 mindən çox jurnalı izləyir SCOPUS
orta hesabla 25 min jurnalı izləyir. Open Access - açıq
giriş rejimində olan jurnalların sayı 12 minə
yaxındır. Elm sahəsində keyfiyyətsiz nəşriyyat
fəaliyyətinin son illərdə geniş yayılması
"Yırtıcı" (ing. "Predatory"),
"Oğurlanmış" (ing. "Hijacted") və
"Saxta" (ing. "Fake") jurnalların sayının
getdikcə artmasına gətirib
çıxarmışdır."Yırtıcı",
"Saxta" və "Oğurlanmış"
jurnalların əlamətləri ilə müəyyət etmək
mümkündür. Sözügedən jurnallar öz müəllifindən
müstəqil olaraq rəylərin hazırlanmasını və
ya həmkarları tərəfindən resenziyanın
alınmasını xahiş edir. Redaksiya agentlik xidmətləri
təklif edir, məsələn, ödənişli
resenziyaların hazırlanması kimi. Jurnal ən qısa
müddətdə dərc etmək təklifi ilə spam
göndərir. Jurnal özü haqqında mötəbər
olmayan (saxta) məlumatlar göstərir. Saxta sitat gətirmə
indeksləri, mövcud olmayan və ya əhəmiyyətsiz
göstəriciləri əks etdirir, ISSN-i göstərmir.
Jurnal məqalənin elmi səviyyəsinin redaksiya tərəfindən
artırılmasını təklif edir. Jurnal öz əməkdaşlarının,
mütəxəssislərinin (ekspertlərinin), redaksiya heyətinin
üzvlərinin adlarını və soyadlarını gizlədir.
Jurnal, sitat gətirilmələrlə bağlı
manipulyasiyalar, çox sayda öz-özünə sitat gətirilmələri
daxil etməklə elmmetrik göstəricilərin yüksəldirilməsi
üçün xidmətlər təklif edir".
M.Mərdanov
deyib ki, ölkədə tədqiqatla məşğul olan
mütəxəssislərin elmi məqalələrinin
dünyanın aparıcı nəşrlərində çap
olunmasının günümüzün aktual problemlərindən
birinə çevrilməsi bu sahədəki boşluqların
mövcud olması ilə bağlıdır. Bir sıra
hallarda təqdim olunan məqalələrin yüksək
indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərimizin
öz dəyərli nəticələrinin yüksək
standartlar səviyyəsində hazırlayıb təqdim edə
bilməməsindən, bu sahədə təcrübə
çatışmazlıqlarından irəli gəlir. Bu
çatışmazlıqları aradan qaldıraraq, dünya
standartlarına uyğun orijinal elmi əsərlərin
yazılması, məqalələrin dünyanın
aparıcı, yüksək indeksli jurnallarında çap
olunması həm müəllifin özü üçün
bir göstərici olacaq, həm də ümumən ölkəmizin
imicinə öz müsbət təsirini göstərəcək.
S.QARAYEVA
525-ci qəzet.-2020.-29 fevral.- S.11