Dostumu axtardığım gün
HƏYATINIZDA ROL
OYNAMIŞ İNSANLARI AXTARMAĞI UNUTMAYIN
Bəzən
içində vazkeçilməz bir ehtiyac yaranır: nə
zamansa həyatında rol oynamış insanı görmək
istəyirsən.
Əl telefonuna zəng
edirsən - bağlıdır, şəhər telefonuna zəng
edirsən - "Burda elə bir insan yaşamır",
eşidirsən. Onu daha yaxından tanıyan insanlara baş
vurursan - uşaqlıq dostları, onunla bərabər
çalışanlar... - ya ünvanını, ya da
dünyasını dəyişiblər. O zaman
yaddaşında eşələnirsən, onu görə biləcəyin
ünvanları ələk-vələk edirsən. Son dəfə
bağdan zəng etmişdi - Bilgəhdən. Bilgəh
böyük - onu tapmaq nağıl kimi...
Eldargilin evinə
həm atası, həm də anası öləndə
getmişdim - Sovetskiyə, Mirzə Fətəli küçəsinə.
Zənnimcə, dağıdılan hissəyə
düşmürdü. "Nizami" metrosundan
çıxanda soldan dolanbac və darısqal yollarla Mirzə Fətəliyə
çatanda onların evi görünürdü. Demək,
öncə o dolanbac yolu tapmaq lazımdır.
Yaddaş əlamətlə
möhkəm olar.
... Vəfa
kişi məni Mirzə Fətəli küçəsinə
apardı. 6-cı paralel tərəfdən.
Vergi Cinayətləri
İdarəsi tərəfdə, Mirzə Fətəli
küçəsində maşından düşdüm.
Öncə dolanbac yolu tapdım, Mirzə Fətəliyə
çıxan hissədən köhnə Sovetski məhəlləsinə
baxdım. Artırmalar çoxdur - balkonlar, otaqlar... Əlavə
mərtəbə tikən də var, amma ins-cins gözə dəymir,
adamlar qeybə çəkiliblər.
Bir məhəlləyə
girdim, qapılar bağlıdır. Artırmalar məhəllə
yolunu bir az da daraldıb. Məhəllələrdən evlərə
açılan qapıların önündə - ümumi həyətdə
çəkilmiş zivələrdən yuyulmuş paltarlar
asılıb. Ümumi həyət də əvvəlkilər
kimi geniş deyil, xeyli balacalaşıb, hər qonşu bir
hissəsini qapazlayıb.
Bir qapıya
işıqçı öz nömrəsini
yapışdırıb.
Hündürdən
"salam!" - deyib səsləndim, sonra bir neçə dəfə
də təkrar etdim. Kimsə yoxdur.
Başqa məhəllələrdə
də, demək olar, eyni mənzərə...
Özümü
başqa bir aləmdə hiss etdim. Çox qəribədir, niyə
bu qədər yaxın olmağımıza rəğmən,
buradakı dünyadan xəbərsizik?
Növbəti məhəllədə
qapısında yataq ağı asılmış evdən bir
xanımın səsi gəldi.
- Eldar Quliyevi
axtarıram, qədimdən bu məhəllələrdən birində
yaşayıb, - soruşdum.
Cavabı
qısa oldu:
- Yox, mən
tanımıram!
İçəridən
televizorun səsi eşidilirdi, hansısa türk serialına
baxırdılar.
Sonrakı məhəllədən
burnuma qovurulmuş "semeçka" qoxusu gəldi. Qoxu o qədər
ləzzət elədi ki, əlimi qəfildən cibimə
atıb "semeçka" dənələri axtardım.
Sonuncu dəfə nə zaman "semeçka"
çırtlamağım heç yadıma da gəlmir...
"Burda
mütləq kimsə olacaq", - düşündüm.
Açıq qapıdan futbol şərhçisinin
çılğın, emosional səsi eşidilirdi.
Yaxınlaşıb qapının yaşmağını
taqqıldatdım, sonra başımı içəri
uzatdım. Balaca otağın divarlarında köhnə
jurnallardan kəsilmiş şəkillər vardı. Birini
tanıdım, ABBA-nın albomunun üz qapağıydı.
Otağın bir tərəfində, qapının
ağzında yataq, bir az yuxarı səmtdə qaz pilətəsi
qoyulmuşdu, onun qarşısında isə kiçik yemək
masası. Əynində mayka masa arxasında oturmuş, bədəni
tüklü kişi "gəl!" dedi. Qaranlıq otaq
televizorun mavi işığına qərq olmuşdu.
Qabağındakı alüminium nimçədə 6 ədəd
soyutma kartof vardı. Ağzındakı tikəni udub "nə
lazımdır", deyə laqeydcəsinə soruşdu. Fikri
televizorda olsa da, Eldarı tanıdı və ilk girdiyim məhəlləni
nişan verdi: "Sağ qapını yenə döy, kimsə
olmalıdır".
... Qapını
açan qardaşı Sərdardır, keşik kimi qara
bürüncəkdə olsa da, dərhal tanıdım.
- Bəlkə
görmək istəməzsən?
- Onu görmək
üçün gəlmişəm.
...Məhəlləyə
girdik. Soldakı qapını açıb "keç"
dedi.
Otağın
ağır qoxusu məni dərhal bayıra itələdi.
Duruxdum. Bu ara qardaşı irəli keçib havanı
yardı. Otaqdan futbol şərhçisinin səsi gəlirdi.
Eldar televizorun
qarşısında oturub gözlərini ekrana zilləmişdi.
Ovurdu doluydu. Masadakı nimçədə para kotlet
qalmışdı. Gözlərini qırpmadan futbola
baxırdı.
Qolumu kürəyinə
aşırdım, ona tərəf əyilib başını
qoxladım.
Qardaşı
altıma stul çəkdi, televizorla Eldarın arasında
oturdum.
"Çox zaman
özündə olmur. Bəzən nəyə
baxdığının da fərqinə varmır. Qəzaya
düşəndən sonra aldığı beyin zədəsindən
bu vəziyyətdədir, 7 il olar".
Eldar
üzünü qardaşına tutdu. Sifəti qəzəbliydi.
Çətinliklə "6 il" deyib mənə baxdı. Və
indi tanıdı. Güclə başa düşüləcək
şəkildə "Səni... tanımazdım" - dedi. Yəqin
"Səni küçədə görsəydim,
tanımazdım" - demək istəyirdi.
Eldarla dostu
Eyvazı 2003-cü ildə "Azadlıq" prospektini
keçərkən maşın vurmuşdu. Eldarın hadisə
yerində öldüyünü zənn edən təcili
yardım həkimləri təkcə Eyvazı xəstəxanaya
çatdırırlar. Amma Eyvazı xilas etmək olmur. Hadisə
yerini müayinə edən polislər Eldarı maşına
atıb xəstəxanaya gətirilər. Həkim testində
sağ olduğu bilinir. Qardaşlarının təkidi ilə
əməliyyat edirlər. Xəsarətləri ağır
olsa da, Eldarın həyatı xilas olur.
Qardaşlarının
himayəsi altında yayda bağa köçür,
qışda da Sovetskidə olan evlərinə. Beləcə,
yarımcan olsa da, yaşayır. Təxminən 6 ildir,
aldığı ağır kəllə travmasının əlaməti
olaraq özünü idarə etməsi
mümkünsüzdür. Danışığını, hərəkətini
nizamlaya bilir, nə dediyini kimsə anlamır. Yaxşı ki,
televizor var. Amma nəyə baxdığının da heç
fərqində deyil.
6 aydan bir sistem
qoşulur, iynələr vurulur, yalnız o zaman nisbətən
halı özünə gəlir.
Balaca otaqdır
- Eldarın yatağı, üstündə babasının və
dayılarının şəkilləri olan bufet və bir də
paltar dolabı.
Müşahidəmi
görən qardaşı müdaxilə edir: "Təmizləyici
bu gün gələcək. Hər adama etibar etmək olmur. Hər
gələn nəsə aparır. Bir dənə paltarı
qalmayıb. Hamısını təmizlikçilər
daşıyıb".
Sərdar
sözünə davam edir: "Qışda mən baxıram.
Elə ona görə də təqaüdə
çıxmışam. Yayda isə bağa gedir, o biri
qardaşım Fikrət baxır. Beləcə, növbələşirik.
Gözləyirəm yay gəlsin, bəlkə harasa dincəlməyə
gedim.
İndi
yaxşıdır. Yayda halı pis olur. Nə istəyir,
uşaqlar alıb verir. Amma ona hər şey vermək olmaz. Mən
artıq ona nə lazım olduğunu bilirəm. Özüm nə
yeyirəm, ona da verirəm. Bu gün vermişel-kotlet yedim, ona
da çəkdim. İştahı yaxşıdır.
Özü daima "marojna" istəyir. Amma yeyəndən
sonra halı pisləşir. Şirin şey olmaz ona".
Eldar Quliyev uzun
müddət "Yazıçı" nəşriyyatında
redaktor işləyib. Həmişə ona "ağır mətnlər
üzrə redaktor" demişəm. O, "Kitabi-Dədə
Qqorqud"un redaktoru olub. İstənilən mətni daş
kimi yonmağı bacarırdı.
Sonra Vaqif
İbrahimoğlu YUĞ teatrını yaradanda onu
direktorluğa dəvət etdi. YUĞ-un ilk təşkilatlanmasında
əməyi çox olub.
YUĞ-dan gedəndən
sonra Eldar Qutlu imzası ilə mətbuatda yazılar yazır,
tərcümələr, mürəkkəb mətnləri
redaktə edirdi. Maşın vuran gecə Eyvazla birgə üzərində
işlədikləri pyesi yenicə bitirmişdilər. Növbəti
gün ağlama variantını teatra aparacaqdılar... Hadisənin
şahidi qadın ifadə verəndə: "Mən heç
zaman küçəyə səpələnən bu qədər
vərəq, əlyazma görməmişdim", - demişdi.
Sərdarla
danışanda arada Eldar da sözləri kəkələyir,
nəsə deməyə çalışır.
"Maşallah, dilin açılıb bu gün", - Sərdar
deyir.
"Mən də
o telefondan istəyirəm", - baxışlarını əlimdəki
telefona yönəldir.
"Ona olmaz. İndi belə deməyinə
baxma, çox vaxt özündə olmur. Həm də nə zəng
edəcəyi kimsə var, nə də ona zəng edən",
- Sərdar deyir.
Eldar yenə
müdaxilə edir: "Şahbaza zəng edəcəm".
"Lazım
olanda onu mən taparam", - Sərdar cavab verir.
... Eldardan
ayrılıram. Həm də çoxlu suallarla:
1. Görəsən,
Eldarı belə görməkdə düzmü etdim? Qəzadan
salamat çıxandan sonra görüşürdüm.
Danışığı zəifləsə də, başa
düşülürdü. "Əllərimin enerjisi ilə
özümü sağaldıram" - deməklə
güclü görünməyə
çalışırdı. İndi isə dediklərini
yalnız Sərdar anlayır. O da həmişə
mümkün olmur.
2. Görəsən,
Eldar bu vəziyyətdə yaşamağına razı olardımı?
Sərdara görə, Eldar uşaq kimidir, gərək daima nəzarət
edəsən, əlini çəksən ölər. Bəzi
istisna vaxtları nəzərə almasaq, nə etdiyinin qəti
fərqində deyil. Heç televizorda da nəyə
baxdığını və niyə baxdığını
anlamır.
3. Bəs,
qardaşlar necə etməlidir? Təqaüdə
çıxıb qardaşa baxmaq, hər səhər stulda
oturtmaq, qabağına yemək qoymaq, təmizliyini etmək...
Yəni xəstə ilə yanaşı, xəstə həyatı
yaşamaq insafdandırmı? Buna hər insan tab gətirə
bilərmi?
4.
Özünü dərk etməyən insan natamam
canlıdır. hərəkətləri idarəolunmazdır.
Gərək onlara peşəkar qayğı olsun. Qohum-əqrəba
qayğısı hər iki tərəfi aram-aram məhv edir -
qayğı görəni də, qayğı göstərəni
də...
P.S. Eldarla
çəkdirdiyim şəkilləri uşaqlarıma da
göndərirəm - bir vaxtlar bizim evin çox əziz
qonaqlarından olduğuna görə.
Şahbaz XUDUOĞLU
525-ci qəzet.-2020.-29 fevral.- S.10