Fədakar olmağın zərərləri –
Mütəmadi
olaraq ona xoş olsun deyə istəmədiyiniz nələrisə
edirsinizsə, məmnun etmək üçün dəridən-qabıqdan
çıxırsınızsa, qane edə bilmirsinizsə, həyatında
heç bir öncələyiniz yoxdursa, hiss etdiyiniz şeyləri
deməkdən çəkinirsinizsə, içdən-içə
hirslənməyə başlamısınızsa, dərhal
dayanın! Təhlükənin ortasındasınız!
Özü də tikansız, hamar, yumşaq görünən,
amma əslində, dərin quyu olan fədakarlıq təhlükəsinin
ortasında.
Ta
uşaqlıqdan bu yana fədakarlığı bizə keyfiyyət
göstəricisi kimi sırıyıblar. Amma heç vaxt
"dozasını qaçırtma" deyən olmayıb.
Ona görə də altını çəkirik. Hədsiz
göstərilən fədakarlıq insanın içinə
darışan qurd kimidir. Müsbət keyfiyyətlər
sırasına daxil olduğu üçün bu kəlmənin
altında yatan uçurumun insanı necə məhv etdiyini qəbul
etmək olmur.
Belə insanlar
özündən, ürəyindən, içindən,
ruhundan, duyğularından, cibindən verir. Amma çox
keçmədən özü yalın qalır. Təəssüf
ki, insanın gücünün, enerjisinin, pulunun sərhəddi
bir nöqtəyə qədərdir. Həmin nöqtəni
keçəndən sonra özünə aid nə zamanı
qalır, nə gücü, nə pulu, nə də həyat
enerjisi. Beləliklə, tükənmişlik başlayır.
Çox vaxt fədakarlıq
edən insanın niyyəti ətrafındakıların
sevincindən bəslənməkdir. Yəni
qarşısındakını xoşbəxt edərək
özünü də xoşbəxt hiss etdiyinə inanır.
Di gəl, qarşı tərəf edilənlərlə qane
olmayanda, həmişə verdikləri, amma heç vaxt
almadıqları təqdirdə özlərini surətlə dəyərsiz
hiss etməyə başlayır, dərin xəyal
qırıqlığı yaşayırlar. "Niyə
başqaları da mənim onlara olduğum kimi
davranmırlar" deyə içlərində hirslənir,
küsür, hamıdan uzaqlaşmaq istəyirlər.
Çünki artıq ağırlığın öz üzərinə
düşdüyünün fərqinə varırlar. Bu zaman
tarazlıq pozulur və uğrunda möhtəşəm xətalar
edilən hər şey dağılıb tökülür.
Həddən
artıq fədakarlıq göstərəndə qarşı
tərəf üçün bunun çox da əhəmiyyəti
qalmır. Onun üçün nələr etməyinə zərrə
qədər dəyər vermir. Buna rəğmən fədakar
vaz keçmir, davam edir. Öz işini başqaları
üçün gecikdirir, yarımçıq qoyur, hətta
çox vaxt qarşı tərəf bunu bilərək,
sui-istifadə edir. Amma narahatlıq, qorxu, vicdan əzabı, dəyər
vermək və çox sevmək insana hər şeyi
yarımçıq qoyub çıxıb getməyə imkan
vermir. Bu çalınan həyəcan təbili deməkdir. Bir
məqamdan sonra özünü dayandırmırsansa, kontrolu ələ
almırsansa, vəziyyət pisixi pozuntuya qədər gedib
çıxır.
Göstərilən
həssaslıq, "qırmayım, üzməyim" demək
də fədakarlıqdır. Bəzi insanlar bunu mütəmadi
edir, qarşıdakından da eynisini gözləyirlər.
Gözləntiləri özünü doğrultmayanda kürəyinə
bıçaq sancılmış kimi zərbə alırlar.
Məsələn,
münasibətlərdə fədakarlıq üstünə fədakarlıq
etmək sevgini gücləndirmir. Əksinə, zərər
verir. Alışqanlıqlarımızdan vazkeçmək bizi
yavaş-yavaş məhv edir. Özümüzdən
uzaqlaşdırır. Çox insan sevdiyi üçün fədakarlıq
edir. Bu, normal haldır. Amma etinasızlıq, biganəlik,
vecsizlik görəndə olan yenə də sənə olur. Fədakarlıq
çiyinlərinə öz əlinlə
yığdığın kərpic kimi ağır
yükdür. Məsələn, ayrılanda o insanı belə
unudursunuz, amma onun üçün elədiklərinizi beyninizdən
silə bilmirsiniz. Bu fədakarlıqdan geriyə qalan
travmadır. İnsan istəklərindən, özündən
vazkeçir. Başqası üçün özünü dəyişir.
Bu isə kimliyin içdən-içə silinməsi ilə
nəticələnir. Bir gün baxırsan yekə bir heçə
dönmüsən. Çıxış yolu isə
"yox" deməyi bacarmaqdır.
Türkan TURAN
525-ci qəzet.-2020.-29
fevral.- S.8