Gerçəklərdən qaçarkən...
KORONAVİRUSUN
BİZƏ TANITDIRDIĞI BİZ: QORXULARIMIZIN ESSESİ
Belə bir
dünyada yaşamaqdan qorxmadıqsa, ölməkdən niyə
qorxmalıyıq ki?!
Epiqraf əvəzi
"Qorxunun əcələ
faydası yoxdur". Bu məsəl bizə yüzillərdən
keçib gəlib. Sosial şəbəkələrin,
internetin, televiziyanın, qəzetin, kitabın, hətta
yazının olmadığı zamanlarda insanlar daha
ağıllı, daha müdrik, daha cəsur olublar demək.
İnformasiyaya, biliyə əlçatanlıq artdıqca, ya
ağlımız azalıb, ya müdrikliyimiz, ya cəsarətimiz.
Yaxud da hamısı birdən...
Çox məlumatlı
olmaq hələ çox ağıllı olmaq demək deyil.
Ən yeni silahlarla silahlanmaq hələ cəsur olmaq deyil.
Ən böyük olmaq ən güclü olmaq da deyil;
siçanın filin qulağına daxil olması fili
öldürməyə yetir, bunu bilirsiniz. Dünyada istehsal
olunan məhsulun az qala üçdə biri Çin
iqtisadiyyatının payına düşür. Nəhəng
gücdür. Təkcə iqtisadi deyil, hərbi, demoqrafik,
siyasi gücdür. Dörd qlobal güc mərkəzindən
biridir. Ancaq mikroskopla görünəcək qədər
kiçik bir virus onu çökdürməyə yetir. Bəzən
çox güclü olmaq da özünü qorumağa yetməyə
bilir. Böyük olana atılan daşların dəymə
ehtimalı daha çoxdur; kiçik bir həşəratı
öldürmək üçün bəzən nə qədər
vaxt və enerji sərf edir insan. Ancaq insanı nə
öldürür? Qorxuları. Həm də ölüm
qorxusu.
Bu gün
dünyada bu qədər silahlanma da, başqa insanları
öldürməyə bu qədər canatım da insanın
özünün ölüm qorxusundan yaranıb.
Dünyadakı milyardlarla adamın hamısı tanatofobiyadan -
ölüm qorxusundan əziyyət çəkir. Hər kəs
öləcəyini bilə-bilə heç ölməyəcəkmiş
kimi yaşayır - çox var-dövlət
yığmağa, çox yeməyə, ifrat dəbdəbəyə,
komforta can atır. Varlandıqca, rahatlandıqca, ölümdən
daha çox qorxur. Bu dünyada yığdıqlarını,
çəkdiyi zövqi-səfanı itirməkdən, qoyub
getməkdən qorxur. Təbii ki, bu dar düşüncəli
insan tipinə aiddir. Geniş düşünəcək olsaq,
özümüz özümüzdən soruşacağıq:
bu dünyada doğulmaqdan da qorxmadıq, yaşamaqdan da
qorxmadıq, ölməkdən niyə bu qədər qorxuruq
ki?!
Bir az əvvəl
tanatofobiyadan danışdım. Ancaq ABŞ-ın əfsanəvi
32-ci Prezidenti Franklin Delano Ruzvelt tanatofobiyadan yox, fobofobiyadan
"əziyyət" çəkirdi; qorxmaqdan qorxurdu. Bəli,
insan qorxularının içində bu da var - qorxmaqdan qorxmaq.
Əslində insanlığın proqressiv tarixini fobofoblar
yaradıb. Bəli, ölüm qorxusunun situativ tərəfi də
var; ölüm qorxusunu insanın canından çıxaran
durumlar da olur. İlk dəfə jurnalist kimi Qarabağda
döyüşü, demək olar, elə
döyüşün içindən izlərkən çox
qorxmuşdum, İnsanı soyuq tər basır. Ancaq sonra bu,
yerini başqa bir ruh halına verir; sən ölüm qorxusunu
hiss etmirsən, əksinə döyüşün mərkəzinə
doğru can atırsan. Üzərinə gələn güllələr,
mərmilər sənin vecinə də olmur. Bu, insan orqanizminin
belə situasiyalarda lazımlı anda işə
saldığı sirli bir mexanizmdir. Bütün
üsyanların, inqilabların, savaşların sonu-sonucu bu
ruh halından, bu mexanizmin zamanında işə düşməsindən
asılıdır. O halda insan bədənini unudur, sadəcə,
ruhdan ibarət olur (Bunu məşhur Co Dispenza da elmi dəlillərlə
isbatlayıb ; insan orqanizmi keçmişdən, hətta bu
gündən qopub həmin an gələcəkdə
yaşayır - qarşısıalınmaz gücə çevrilir).
Ağır
yaralanan əsgərlərin şoka girdiyini də dəfələrlə
gördüm. İnsanın ağrılara dözüm həddi
var. O həddi keçəndə orqanizm elə özü
özünü söndürür ki, dəhşətli
ağrılara dözə bilsin. Fobofobiya da orqanizmin, bax, bu
cür bir qoruma mexanizmidir. İnsanlar hamısı birlikdə
cəmiyyət adlı orqanizmi yaradır. Və cəmiyyətdə
nifrət hissi nə zaman hakim olur, bilirsiniz? Qorxu hissi topluma
tamam hakim olanda. Bernard Şou deyirdi ki, nifrət qorxağın
öz qorxu hissinə görə aldığı qisasdır.
Biz bir-birimizdən qorxduqca, qarşılıqlı nifrət də
artacaq. Tanatofobiyanın yerini fobofobiya tutunca, bütün
daşlar yerinə oturmağa başlayacaq.
Fobiyalara
baxsanız, iki növü sizdə daha çox maraq yaradacaq.
Bunlardan biri mikrobiyofobiya - mikroblardan qorxu, o birisi isə, sinofobiyadır.
Yəni... Çinlilərdən qorxu. Bu gün koronavirus
dediyimiz bizdə bu fobiyaların hamısını birdən
körükləyir. Biz bu virusdan çox qorxuruq, həm də
çox. Təkcə ona görə yox ki, bu virus bizi
öldürəcək. Həm də elə insan tipləri var
ki: "Mən öləcəm, ancaq başqaları sağ
qalacaq", - deyə qorxur...
Tibbi tarixində
maraqlı faktlar olub: koronavirus tipli epidemiyalar, pandemiyalar
zamanı təbiblər özlərinin də
yoluxacağını və öləcəyini bilə-bilə
xəstələri müalicə edirdilər. Müalicənin
gedişinin qeydiyyatını aparırdılar. Ölən həkimi
başqası əvəz edirdi. Və əvvəlcə
özündən qabaqkı müalicənin qeydlərinə
baxırdı. Nə edilib, nə nəticə verib deyə.
Beləcə, xəstəliyin əlacı tapılana qədər
təbiblər, loğmanlar bilərək və ölüncəyədək
Hoppokrat andına sədaqət göstirirdilər. Onlar
qorxmaqdan qorxanlardı. Əgər Ruzvelt də dünyanı
bürümüş böhrandan qorxsaydı, Amerikanı
"Böyük Depressiya"dan xilas edə bilməzdi.
Böhran qorxusunun onu saracağından qorxdu və qalib oldu.
Biz hamılıqla ölümdən qorxsaydıq, 20 Yanvar da
olmazdı, müstəqil dövlətimiz də olmazdı. Biz
bu gün az qala, hamılıqla ölümdən qorxuruq
(tanatofobuq) deyə Qarabağ işğaldadır. İndi də
virusdan qorxuruq. Onun ölkəmizdə varlığını
gizlətməyə çalışırıq. Gizlətdikcə
daha çox qorxuruq, qorxduqca daha çox gizlədirik. Ancaq əslində,
böhrandan qorxmayacağıq. Böhranın üstünə
getməməkdən qorxacağıq.
... Biz, əfsus
ki, ilk uğurdan eyforiyaya, ilk uğursuzluqdan apatiyaya düşən
toplumuq. Bu həddi, bu səddi aşa bilməsək, heç
bir böhrandan qalib çıxa bilmərik. Bəli, nə bu
cinli və mikrob qorxusuna qapılıb isterikaya düşməliyik,
nə də: "Gözümü yumaram, yox olarsan" qəflətinə
yuvarlanmalıyıq. Bizim ən böyük problemimiz,
bilirsiniz, nədir? Həqiqətdən qaçmaq. Koronavirus
aşkarlandıqca, bizim bu neqativ tərəfimiz daha da
aşkar olur. Hamılıqla gerçəklərdən
qaçdıqca, özümüzə xülyalardan bir
alternativ dünya quraraq - Qoqolun məşhur "Müfəttiş"indəki
Xlestyakov kimi özümüzü öz yalanlarımıza
inandırdıqca, daha çox uduzur, daha çox zərər
görür, daha da kiçilirik.
Bahəddin HƏZİ
525-ci qəzet.-2020.-29 fevral.- S.8