Oxucu məktubu

 

"525-ci QƏZET"in BAŞ REDAKTORU RƏŞAD MƏCİDƏ VƏ YARADICI HEYƏTİN BÜTÜN ÜZVLƏRİNƏ

 

Hörmətli yaradıcı heyət!

Yeni ildə sizi salamlayıram hər birinizə uğurlar, sənət tale sevincləri arzulayıram.

Sıravi oxucularınızdan biriyəm. 60 yaşım var. Adım Füzuli, soyadım Səddinovdur. Son dövrlər Bakıda yaşayıram. Qəbələ rayonundanam. Təhsil işçisi olmuşam. Sizi - söz adamlarını, bu qəzeti çox sevirəm. Onu həmişə oxuyuram. Ötənilki nömrələrinin, demək olar, hamısını (150 saydan yuxarı) izləmişəm. Ölkədə çox qəzet var. Amma 4-5-nin məktəbi var. Biri zənnimcə, aparıcılarından olanı "525-ci qəzet"dir. Bu, asan deyil. Ayaqda qalmaq, dövriliyini qorumaq, zamana güzgü tutmaq, intellektual inkişafa dəstək olmaq hər media kapitanının onunla işləyənlərin nəsibi olmur.

Sizi hörmətlə təbrik edirəm!

Mən günaşırı köşkdən bu qəzeti alıram. Elektron media ilə işim yoxdur. Həm bacarmıram, həm istəmirəm. Çap media verdiyini heç əvəz etmir. Vizual, əyani, düşünərəkdən oxumaq, qanuni zövq almaq. Mən "köhnə adamam", buna üstünlük verirəm. Rəşad müəllimdən hələlik son gənc yazarınız Fidan Malikqızına qədər, oxuyuram. Düşünürəm:

Şahanə Müşfiq çox gəncdir, amma publisistikada püxtələşib. Ədəbi qüvvələr, ədəbi tədbirlər barədə yazıları, səmimi hekayələri ilə diqqəti çəkir. Poeziyasını isə heç demirəm. Belə gənc yaşda mükəmməl ədəbi şəxsdir. Bunu "525" edib. ya Sevinc Qarayeva. Mən bu yazarı tanımıram. Amma onun təhsil, elm sahələri üzrə yazıları dərinliyi, məlumatlılığı ilə seçilir. UNEC-dən gedən yazıları, ali məktəbi, bu sistemin elementlərini bilməsi məzmunu ilə gözəldir. S.Qarayeva çalışsa, hələ bir dissertasiya işi yaza müdafiə edə bilər.

"525" bu yazılarla ayaqdadır. Uğur olsun!

Azərbaycan Yazıçılar Birliyi, Milli Elmlər Akademiyası, Milli Kitabxana, Mədəniyyət Nazirliyi ilə bağlı bütün xəbər yazıları, çoxsaylı təqdimatların, görüşlərin icmalı, elmi platformadan çıxışlar, təhlili materiallar, habelə yaradıcılıq ittifaqlarının çoxsaylı spektri ilə münasibətlər, oçerklər, ildönüm səhifələri müstəqil ölkə insanının ideoloji zənginliyinə, nitqinin, zövqünün, mənəvi dünyasının inkişafına xidmət edir. Bunlar kompleks halda hər mətbu nəşrdə olmur.

Sizdə görkəmli dövlət xadimi Telman Orucov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, keçmiş istintaqçı Əlisəfa Azayev, Əlisəfdər Hüseynov, prokuror Aydın Tağıyev, dövlət qulluqçusu, yazıçı Novruz Novruzov tarixi, elmi, hüquqi, ibrətamiz bədii-sənədli yazıları ilə, özlərinin informasiyalılıq yükü bədii səciyyə daşıyan düşüncələri ilə geniş auditoriyanın mütaliə aləmini zənginləşdirirlər. Bu, əvvəl sizin, sonra onların xidmətidir! Əslində, mənim üçün ən unudulmaz olanı həmişə gözlədiyim ədəbiyyat səhifəsidir. Ona görə yox ki, qələm sahibiyəm, ilahidən vergim var. Yox, belə bəxtəvərliyim yoxdur. Amma böyük sözə yaxınam.

Pərvin gəncdir, qələmi güclüdür. Dramaturgiya çətin işdir. Sənətçilikdir. O, bacarır (nədənsə son vaxtlar görünmür). Esmira Fuad çox xeyirxah görür. Yazardır, elmlər doktorudur. Amma özünü yazmır, soydaşlarımızı tanıdır, ədəbi körpü "qurmaqdadır". Şahnaz Şahin, Fərid Hüseyn diqqəti cəlb edirlər. Türkan Turan esseləri, düşüncə, ovqat yazıları ilə mental ölçülərə güzgü tutur. Yaxşıdır. Amma bu qədərdimi? Yox! Ədəbiyyata yeni janr - "Qələmsiz yazılanlar"ı gətirmiş şairin, nasirin, publisistin cameəsində tam bir nəsil həm jurnalistdir, həm kamil ədəbi şəxsdir.

Qəzetin siyasi gündəliyi belədir. Ölkə həyatının, region dünyasının ictimai-siyasi mənzərəsi Azadın, Bəxtiyarın təqdimatında öz analitik təhlilləri ilə başqa nəşrləri axtarmağa ehtiyac qoymur.

Sözümün üstünə gəlirəm. "525-ci qəzet" mənə bir ona görə əzizdir ki, mən burada müqtədir fikir sahibləri ilə "görüşürəm".

 

Çağdaş ədəbi mühiti vüqarla təmsil edən Ramiz Rövşəni, Ramiz Qusarçaylını, Barat Vüsalı, Kəmaləddin Qədimi, lap elə Nazim Əhmədlini mən buradan ikiqat sevmişəm. Onların heç birini tanımıram, kitabları məndə yoxdur. Amma sözü, düşüncə, dərk ifadə intəhasızlığı ilə canlı abidə hesab edirəm onları. Ölməz Məmməd Araz, mükəmməl şair Şahmar Ələkbərzadə, "Qatarda" pyesi ilə mentalitet silkələyən İsi Məlikzadə bu qəzet sayəsində mənə doğmadan da doğma olublar. O qəzet saylarının hər birini saxlayıram, oxuduqca söz qatlarının hər yeni dalğası tutur məni. Budur sənin mənə xidmətin, hörmətli "525"!

Ürəyim doludur. Amma əsas olanlarını demişəm. Unutduğum yazarlarınız da var. Onları da sayğıyla xatırlayıram.

Bir-iki kiçik iradım da var. İcazə versəniz, onları da deyərəm. Qəzet onun materialları mükəmməldir, söz yox. Amma hər nömrədə qrammatik xətalar, imla, orfoqrafiya, durğu işarəsi səhvləri olur. Mən bunu istəməzdim. Bəzən bir nömrədə üst-üstə 10-12 kiçik səhv görünür. Yəqin ki, müəlliflər belə yazmırlar. Nəşr prosesində, texniki işlərdə, olsun ki, səhv gedir, bilmirəm. Ürəyimdə deyirəm: "Ay, "525", sən belə eləmə. Sadəlövh oxucu savadlanır, o, belə görməsin. Yazının ruhuna kölgə salmayaq! (Mən isə köşkdən günaşırı bu qəzeti alıram. Bilirəm ki, bunlar texniki səhvlərdir, aradan qaldırıla bilər).

Daha bir ərkyana istəyim vardır. Nədir o? Bəzi hekayələri verməyin. Hansıları? Məsələn, ötən ilin son rübündə imzasına özüm qiymət qoyduğum İmir Məmmədlinin "Nu, davay" hekayəsini. Bu, sizin qəzetdə nadir haldır, çox rast gəlmirəm. Nədir onun məzmunu? Rus dilini bilməyən dul bir kişinin rus qadınla sonrakı həyatının xəcalət gətirən təsvirləri. Belə hekayələr "525"ə lazım deyil axı. Evdə mütaliə zamanı dost içində əməllicə özüm xəcalət çəkdim.

"525-ci qəzet" jurnalistikada zirvə yolundadır. Uğurlar olsun! Sonda oxucu olaraq adını yuxarıda çəkdiyim söz övladlarının özlərinin onlara bərabər saydıqlarınızın ədəbi nümunələrini tez-tez səhifələrinizdə verməklə mənə bir daha vətəndaş sayğısını göstərəcəyinizə ümidimi ifadə etmək istəyirəm. Bir daha hamılıqla sağ olun!

 

Hörmətlə:

 

Səddinov Füzuli Feyruz oğlu

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 21 yanvar 2020-ci il

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.23.