"Venesiyaya məktublar"ın
əks-sədası
"Turist" filmində Conni Deppin damdan-dama
atlayıb qaçdığı
bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını
anladır... Damları
mehriban olan adamlar da yaxşı
qonşulardır, yəqin
ki...
... Bir nəfər İsadan soruşur: "Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum
kimdir?" İsa
cavab verir: "Bir adam
yolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcan halda yolda qoyub paltarlarına
qədər götürüb
gedirlər. Yoldan bir
kahin və bir həmkəndlisi keçir, ikisi də yarıcan halda yatan adamı
görüb yollarını
dəyişirlər. Ona yaxınlaşmırlar.
Bir səyyah isə qaçaraq yaxınlaşır, çantasından
yağ və
şərab çıxarıb
huşsuz adamın yaralarını yuyur, sarıyır. Sonra onu yaxındakı
evə aparır.
Ev sahibinə pul verib deyir ki,
bu adamı sağalt, ona yaxşı bax. Əgər mən qayıdanadək verdiyimdən artıq pul xərcləsən, sənə yenə pul verəcəyəm.
İndi, səncə,
həmin adamın qonşusu kim
idi?"
Təbii
ki, fikrin özəyini anlayan hamı qonşunun kim olduğunu
bilir. Amma məni Emin Pirinin Venesiyada yaşayan qonşusu daha çox düşündürdü bu
gün... Hərçənd,
Emin adını "Venesiyaya məktublar" qoyduğu silsilədə məktubun ünvanı kimi əsmər-şokolad
qızı göstərir,
mən yenə də bu məktubların
onun bir qadına olan eşqindən daha çox dünyaya, insanlara olan eşqindən bəhs etdiyini düşünürəm...
"Üzümü hara
tutum dua edəndə? Məkkəyə,
Vatikana, yoxsa Venesiyaya?" misraları birbaşa "Aşıq
və Yaxşı"
dastanına göndərmə
olsa da, 33 yaşında intiharı düşünmək Nitsşenin
"Allah öldü, onu
biz öldürdük" deyiminə
üsyandır... Emin sübut etməyə çalışır ki,
daxilimizdə Allahı
öldürmürük, əksinə,
daim ona doğru can atırıq, həyat-ölüm seçimində
də onun tərəzisinin hansı gözünün ağır
olduğunu hesablamağa
çalışırıq...
Emin Piri Venesiyadakı qonşusuna yazdığı
bütün məktublarında
İsanın insan sevgisindən bəhs edir: Suriyada gəlinciyi güllənən
qızcığaz da,
Prometey də, İsanı edama aparan Roma əsgərləri
də Eminin qonşusudur...
Mən Zevsin Qafqaz adlı
cəhənnəmində
Prometey kimi
Ciyərlərimi didir qartal
Sənə verdiyim "oda"
görə...
Bütün dünya xalqlarının
mifologiyasında Qaf dağının (Qafqazların)
anladılması fərqlidir...
Mif və əsatirlərdə Qaf dağının "zülmət
diyarı", "Anka
quşunun yuvası",
"Tanrıların diyarı"
kimi qarşımıza
çıxması heç
də təsadüf deyil... Amma Eminin Qafqazı
"Zevsin cəhənnəmi"
kimi təqdim etməsi yadıma şərab tanrısı
Dionisi saldı. Özünü həmişə
ikinci adıyla "Bakius" kimi təqdim edən Dionisin sonradan sıralarına daxil olduğu tanrıların
"cəhənnəmi"nin
odun qaynağı olması da zamanla aşınmış
inancdır. İnsanların
odla "küsüb-barışmaları"
fonunda Qaf dağı təfəkkürlərdə
müxtəlif cür
obrazlaşdırıla bilərdi...
***
Xəritədə İtaliya hələ
də yuyur
Çəkməsinə bulaşmış
palçığı
Aralıqda batan şərqlilərin
göz yaşıyla...
Belə
yazır üçüncü
məktubunda Emin Piri... Xəritəyə baxdım, düşündüm,
görəsən, "şərqlilərin
göz yaşıyla"
yuyulmasından qorxduğundanmı
Emin bütün məktublarını çəkmənin
palçığa batmayan
yerinə - Venesiyaya göndərir? Sonra da öz-özümə:
"Yox... O, bu məktubuyla şərqli qonşusunun faciəsini qərbli qonşusuyla bölüşür..." - dedim...
Bütün Şərqin dərd
yükünü sətirlərinə
toplayıb xəyali qanadlarıyla Venesiya səmalarında uçan
bir məktub hansı göz yaşından qorxar ki?!
***
İnsanların qonşusunu tanımadığı
göydələnlərin sakiniyik...
Amma dualarımızda
hələ də
"Tanrım, bütün
insanları qoru, axı, bütün insanlar qardaşdır"
- deyə biliriksə,
deməli, hələ
insanlıq ölməyib...
Ölməmişik... Təkliyimizin,
kimsəsizliyimizin qürurunu
ruhumuza geyindiyimiz vaxtlar da ömürdən
sayılır... Emin Piri
ömrün bu anlarını gecəyə
bənzədir, Tanrının
ən etibarlı sirdaş olduğunu anladır.
"Şeytana atılan
daşlardan uşaqlara
xoşbəxtlik sarayı
tikmək" Eminin qonşusuna pıçıldadığı
ən səmimi arzudur. Oxucu kimi arzulayıram ki, kaş, Eminin venesiyalı qonşusu onun bu pıçıltısını
eşitsin...
***
Eminin məktublarında
müharibə də bir başqa obrazdadı. Elə bil, "buzovlar ölkəsi"nə - mafiya
savaşlarının mərkəzinə
"Hamıdan çox
uşaqları sevər
müharibələr... Kiminin
alnından, Kiminin gözündən öpər"
yazıb göndərməklə
həqiqəti bütün
əsrlərin ən
"bahalı" rəsm
əsərinin - insan duyğularının fon rəngində gizli mesaj kimi
ötürür...
"Atasının məzarını
qıdıqlayaraq onu güldürməyə çalışan"
balaca qızcığazla
Venesiyadakı əsmər-şokolad
qız, nəinki qonşu, lap elə əmiqızıdırlar; atalarının
miras davası Habillə Qabildən bu yana hələ bitməyib...
Bu davanın sülhlə
bitəcəyi gün
insan oğlu SÖZ olaraq yenidən doğulacaq və bütün cümlələr,
bütün şeirlər
yenidən yazılacaq...
Həmin vaxt suların yaddaşından
bir misra qopacaq, buludlara qovuşacaq, hər yağış damlasıyla
torpağa hopacaq:
"Hamımız Tanrının
övladıyıq, qardaşım
İsa!" İsanın
son cavabı isə bu olacaq: "Tanrı buyurmuşdur: Qonşunu özün kimi sev!"
Şəfa VƏLİ
525-ci qəzet.- 2020.- 5 fevral.- S.23.