Fevralın Xocalı şaxtası

 

Mina RƏŞİD

 

... Yenə fevral ayı gəldi. O dəhşətli gecədə Xocalıda şiddətli atışma, partlayış səslərindən 3-5 yaşlı uşaqların qorxudan titrəyən balaca ürəklərinin tez-tez vuran öldürücü səsi gəlir qulağıma...

Onda hələ anlamırdılar onları nələrin gözlədiyini. Hələ ora-bura qaçırdılar. Biri gülləyə tuş gəlir... Ölüm onu elə tez yaxalayır ki, heç anasını çağırmağa vaxtı da qalmır. O biri yaralanır. Elə bil qan qırmızı lalə açılıb köksündə. "Ana " deyə, fəryad qoparır... Sağ qalanlar itirirlər özlərini, bilmirlər harada gizlənsinlər, hansı tərəfə qaçsınlar. Amma nə bilsinlər ki, artıq düşmən əlindədilər, yalqız, yiyəsiz qalıblar... Düşmən onları görüncə qudurmuş it kimi körpələrin üstünə atılır, toplayıb bir komaya salır... Bir azdan əsl vəhşilərin, azğınların misli görünməmiş "tamaşa"sı başlayacaq. O müsibəti görən gözlər kor olsun, sağır olsun o körpə naləsini eşidən qulaqlar...

... Bunları xatırlamaq, düşünmək belə qorxuncdu, ürək parçalayandı... Fəqət mən bunları duyandan bəlkə hər gün düşünürəm o müsibəti... Unuda bilmirəm, unutmaq istəmirəm də! İndi əlimdə qələm də od tutub yanır sanki... Gözlərim bir cüt kösöv kimi... Nədən? Niyə? Sualları ilə ürəyim bir parça bulud kimi qaralmış. Köz üstünə yağacaq sanki... İndi dinlə, əziz həmvətənim, əziz soydaşım, görün o körpəcə balalarımıza neylədi soysuz erməni, azğın, muzdlu rus canavarı, neylədi?.. Məsum körpələrin görə-görə gözlərini çıxardı, burnunu, qulaqlarını kəsdi, başının, bədəninin dərisini soydu, gözü doydumu zalımın, söylə, doydumu?..

İstəyirəm bütün bu müsibətləri sən də biləsən, sən də duyasan və əsla unutmayasan!.. Unutsan sənə haram olsun qarış-qarış gəzdiyin o Cıdır düzü, Laçın yaylağı, Kəlbəcər bulağı, Ağdam oylağı... haram olsun!..

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.22.