40 ilin köhnəlməyən
nisgili
1980-2020-ci
illər... 20 il XX əsrin, 20 il də XXI əsrin payına düşən əbədi
ayrılıq illəri...
Bu, təkrarsız ömrümüzün
40 ili deməkdir.
Mən bu iki əsrin
hər 20 ilini övlad üçün arxa, dayaq sayılan
varlıqsız - atasız
yaşadım. Yaşamadım, sadəcə, günü-günə
caladım. Atasız dünyamda
həyatımın ən
ağrılı üzünü
gördüm və hələ də görürəm. Çünki atam bizdən birdəfəlik ayrıldı,
bu dünyanı əbədi tərk etdi.
40 il insanın
əqli kamilliyə çatdığı dövr,
40 il bir ömrün şirinli-acılı
tarixçəsidir. Ataya
daha çox sığınan, güvənən,
ehtiyac duyduğum vaxtım idi - 17 yaşım vardı Sən məni Sənsiz qoyanda...
Atam -
polis mayoru Musa Abdullayev
canından artıq sevdiyi ailəsindən də, ömrünü, gününü, sağlamlığını
sərf etdiyi peşəsindən də,
əfsuslar ki, çox tez ayrıldı; 1980-ci il fevralın 10-da avtomobil qəzasında dünyasını
dəyişdi. Soyuq qış gecəsi onun qara xəbəri
evimizə, isti ocağımıza elə
bir şaxta, sazaq gətirdi ki... Bu soyuq bu gün də
məni üşüdür,
ürəyimdə bir
ata yanğısı olmasına baxmayaraq, ruhum, cismim hələ
də buz kimidir.
Səninlə dolu olan qayğıkeş uşaqlıq
illərimi geriyə istədim, sən vardın arxam var idi, heç
nədən və heç kimdən qorxmazdım, sənə söykəmişdim kürəyimi...
Çiyinlərimdə hələ
də bir istilik var. Düz 40 ildir mən bu hərarəti hiss edirəm. Atasızlığım
nisgilli gözlərimdən
oxunur... Mən o vaxt da səhv
etməzdim; mənə
düzgün yol göstərərdin, indi çalışıram ki,
heç səhv etməyim, məsləhətlərin
bu gün də mənə örnəkdir...
Qəribədir, mənim hər zaman ən doğru
andım - "atam canı" olmuşdur, bu acı həqiqəti
bilə-bilə onun ölümünü qəbul
edə bilmirəm. Etiraf edim
ki, bu, heç
də asan deyil. Əgər bircə gün
mən onun ölümünə inanaramsa...
nələr olacağını
təsəvvür etmirəm.
Həqiqətən dözülməz
olurmuş ata itkisi...
Həyatımın boşluğunu heç nə doldura bilmir; nə işim, nə ətrafım. Bir övladlarımın varlığıdır təsəllim.
Və bir də onu
bilirəm ki, bu dünya əbədi
deyil, bir gün gələn, bir gün gedəcək.
Yaş ötdükcə mən də üzü qüruba doğru gedirəm. Bu həyatda düzgün, mərd, yaxşı əməllərlə yaşamağa
çalışıram. Çalışıram ki,
əməllərimlə atama,
anama cənnəti qazandırım...
Bu gün harda
polis görürəmsə, gözlərim dolur, ürəyim atlanır. İsti-soyuq, yay-qış demədən
xidmət aparan bu insanların dözümünə, vüqarına
heyran olmamaq olmur. Atam da belə idi...
Deyirlər, arxalı qızlar daha mətin, daha güclü olurlar. "Ata" adlı mayakı olan qızlar dərin dəryalarda batmaz, fırtınalara sinə gərər, uzun uzadı yolları maneəsiz qət edərlər. Bir də, deyirlər, qızlar ata xeyir-duası ilə xoşbəxt olurlar. Mənsə...
Tahirə
BƏDİRXANOVA
525-ci qəzet.- 2020.- 5 fevral.- S.22.