Üç yaxşıdan biri
MƏRHUM
RƏSSAM MƏMMƏD QASIMOVUN 95 İLLİYİNƏ
Bilik
məhdud, yaradıcılıq isə sonsuzdur. Vaxtilə bu
sözləri məşhur alman alimi Albert Eynşteyn
demişdi.
Çox nadir insanlar olur ki, onların
yaradıcılıq qabiliyyəti sərhəd tanımır. Belə
insanlardan biri də Məmməd Qasımovdur. Baxmayaraq
ki, M.Qasımov orta məktəbi 1943-cü ildə əla qiymətlərlə
bitirdikdən sonra sovet hökumətinin müvafiq qərarına
(1935) əsasən ölkənin istənilən ali məktəbinə imtahansız daxil olmaq
hüququ əldə etmişdi, lakin gəncin seçimi hələ
uşaq yaşlarından arzuladığı teatr rəssamlığı
olmuşdu. Heç şübhəsiz, əgər ali təhsil dalınca getsəydi, onun
seçdiyi istənilən sahədə yüksək nailiyyətlər
əldə edə biləcəyi də danılmazdır.
Məmməd Qasımov yaradıcı insan əzmkarlığının
böyük simasıdır. O, fədakar, sənətə
bağlı, insanları sevən, yaşından, kimliyindən
asılı olmayaraq hər kəsə yüksək hörmətlə
yanaşan, hamını öz dilində
danışdırmağı bacaran sənətkar idi. Az və yaxud çox qabiliyyəti olan insanlar sənətkarlıq
zirvəsinə qalxa bilər, amma hərtərəfli sənətkar
olmaq hər kəsə nəsib olmur. M.Qasımov
məhz belələrindəndir. Rəssamın
titanik yaradıcılığında bir sərnişin olub,
onun "sənət okeanına" bir anlıq səyahət
edəndə bu sözləri deməmək mümkün deyil.
Onun sənət əsərləri hər kəsi
öz dilində dindirir, danışdırır. Uşaq olsun, ya böyük sənətkarın
yaratdıqları qarşısında
heyranlığını gizlədə bilmir. Duyduqlarını ifadə etmək üçün
sözlər adiləşdiyindən sadəcə susursan.
Ən əsası da insan səbrinin, əzmkarlığının,
fədakarlığının, sevgisinin ən yüksək məqamını
bu sənətkarın yaradıcılığında
müşahidə edirsən. Rəssamın əməyi
sağlığında yüksək dəyərləndirilərək
fəxri fərmanlarla, "Əməkdə fərqlənməyə
görə" medalı, "Əlaçı mədəniyyət
işçisi" döş nişanı ilə qiymətləndirilmiş,
muxtar republikanın Əməkdar incəsənət xadimi fəxri
adına layiq görülmüşdür.
Sənətkarın insanlığı, sənəti
kimi, həyat hekayəsi də olduqca maraqlıdır. O, 1925-ci il
yanvarın 5-də mömin adam olan atası Məşədi
Ələkbərin (Ələkbər Məmməd oğlu
Qasımov) ailəsində dünyaya göz açıb. Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra
atasına Naxçıvan şəhərinin mərkəzindəki
onbirotaqlı malikanəsində yaşamağa icazə verilməmiş
və əvəzinə ikiotaqlı mənzil təklif
edilmişdi. Həmin vaxtlar Məmmədin
atası təzəcə ailə qurmuşdu. Hökumətin bu münasibəti Məşədi
Ələkbəri sarsıtdığına görə
mülkünü o zamankı hökumətə təhvil verərək
Gürcüstana köçür və Tiflisdə (Tbilisi)
uzun müddət tacirliklə məşğul olur. Ömürlərinin 20 ilini Tiflisdə keçirən
Məşədi Ələkbər və həyat
yoldaşı Xədicə xanımın 5 övladı
dünyaya gəlir.
Məmməd
Qasımov uşaqlıq və erkən gəncliyini Tiflisdə
keçirib, ali təhsilinin ilk illərini
də orada almışdır. Belə ki, 1943-cü ilin
payızından Tbilisi Rəssamlıq Akademiyasında təhsil
alan M.Qasımov burada dünyaşöhrətli,
o zamankı gənclər üçün əlçatmaz
sayılan İ.Y.Repinin tələbəsi olan, məşhur rəssam
M.İ.Toidzedən və digər görkəmli fırça
ustalarından bu sənətin sirlərini mənimsəyir.
Gözlənilmədən Tbilisi Rəssamlıq
Akademiyasında Azərbaycan bölməsinin bağlanması səbəbindən
ali təhsili yarımçıq qalan
M.Qasımov 1943-cü ildə dədə-baba yurdu
Naxçıvana gəlir.
Tale elə
gətirir ki, gənc Məmməd iş üçün
Naxçıvan Dövlət Dram Teatrına gəlir. Hələ məktəbdə oxuyarkən
Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının
tamaşalarından təəssüratlanaraq özü
üçün müxtəlif pyeslərə onlarla dekorasiya
və geyim eskizləri çəkmişdi. O, çəkdiklərini
Səməd Mövləviyə göstərir. Eskizlərlə
tanış olan Səməd Mövləvi
gənc istedadı yüksək qiymətləndirir və
hazırladığı Cəlil Məmmədquluzadənin
"Ölülər" (1943) tamaşasının rəssam
işini tamamilə ona həvalə edir. "Ölülər"dən
sonra icraçı rəssam kimi teatrda işə qəbul edilən
gənc rəssamın ikinci işi yenə də S.Mövləvinin
hazırladığı Üzeyir Hacıbəyovun "Ər
və arvad" (1943) operettası olur.
Beləcə, Məmməd Qasımovun
yaradıcılığında yeni səhifə
açılır. Sonralar o, yaradıcılıq ezamiyələrində
də olur. 1946-cı il Tbilisi ezamiyyəti
təkcə yaradıcılıq uğuru ilə deyil, həmçinin,
şəxsi həyatında da yaddaqalan illərdən biri olur.
Həmin ildə o, iki ay "Toy kimindir?"
tamaşası üzərində işləyir. Tamaşanın yekun işləri bitdikdən sonra
yaradıcı qrup Tiflisə yola düşür. Nəhayət, tamaşanın premyerası baş tutur.
Rəssamın Tbilisidəki
yaradıcılıq uğuru onu yaratmağa daha da
ruhlandırır. Bəlkə də Məmmədin
bu uğurunun ailəsinə də təsiri olur ki,
Naxçıvana dönsünlər. Məmməd
bütün varlığı ilə Naxçıvana,
xüsusilə Naxçıvan Dövlət Dram Teatrına
bağlı idi. Artıq İkinci Dünya
Müharibəsi də başa çatmışdı. Həmin
ili atası Məşədi Ələkbər
ailəsini də götürüb Naxçıvana
qayıdır. Naxçıvanda 7 nəfərlik
külfət onbirotaqlı evin əvəzinə ikiotaqlı mənzilə
sığınır. Ailəsinin
yanında olması Məmmədi ruhlandırır, maddi
sıxıntıları azalır. Məmməd
Qasımov ailəsinin maddi və mənəvi dayaq, dəstəyilə
1947-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
ixtisas təhsilini davam etdirmək qərarına gəlir.
O, özünün "ikinci evi" saydığı
Naxçıvan Teatrından müvəqqəti ayrı
düşür.
O illərdə
Məmməd Qasımov gənc olmasına baxmayaraq, muxtar
respublikanın istedadlı rəssamlarından biri kimi də
tanınırdı. 1947-52-ci illərdə Azərbaycan
Dövlət Rəssamlıq Məktəbində təhsil
aldığı illərdə Bakıda olmasına baxmayaraq,
Naxçıvan Dövlət Dram Teatrı ilə
yaradıcılıq əlaqələrini kəsmir, qocaman sənət
ocağında hazırlanan bir neçə tamaşanın rəssamı
təyin olunur və ardarda yaradıcılıq uğurları
əldə edir. Məmməd Qasımov daim
uğurlar əldə edən rəssam olub. Onun uğurlarının əsas səbəbi fədakarlığı,
çalışqanlığı, əzmkarlığı, iradəsi,
dözümü, tükənməz səbr sahibi olması
idi. Doğurdan da, rəssamın
ümümilikdə yaradıcı fəaliyyətini gözdən
keçirəndə bir insanın nə qədər səbirli
olmasını sözlə ifadə edə bilmirsən. Elə insanlar var ki, onların yaradıcılıq
imkanlarını ifadə etməyə söz yetmir. Məmməd Qasımov məhz o cür böyük
sənətkarlardandır. Onun haqqında
ailəsinin, onu tanıyan insanların dilindən ancaq xoş
sözlər, ağız dolusu təriflər eşidə
bilirsən.
Məmməd
Qasımov 1952-ci ildə təhsilini bitirdikdən sonra
ixtisaslı kadr kimi Naxçıvana qayıdır və həmin
ildən baş rəssam kimi Naxçıvan Teatrında
yorulmaq bilmədən 35 il yaradıcı və
təşkilati fəaliyyətdə olur. Rəssamın
bədii quruluş verdiyi 100-dən artıq tamaşanın, hər
biri öz orijinallığı, yüksək səviyyəli
bədii keyfiyyəti ilə diqqəti cəlb edir.
"Vaqif", "Almaz", "Evlənmə", "Bir
gəncin manifesti", "Sehrli küpə", "1905-ci
ildə", "Pəri cadu", "Hacı Qara",
"Solğun çiçəklər", "Sevilya
ulduzu", "Hacı Qənbər", "Arşın
malalan", "Çiçəkli dağ", "Məlikməmməd",
"Aqil və Sərvinaz", "Atayevlər ailəsində",
"Şeyx Sənan", "Eşq və intiqam",
"Durna", "Cinayətin izilə",
"Qayınana", "Qatır Məmməd",
"Vicdan əzabı", "Ulduz", "Qaçaq Nəbi",
"Qanlı səhra", "Sahil əməliyyatı",
"Ədalət", "Vətən" və sair rəssamın
Naxçıvan Teatrında quruluş verdiyi
tamaşalarıdır. O, quruluş verdiyi tamaşalara cərrah
dəqiqliyi, ana qayğısı, uşaq sevinci ilə
yanaşırdı. Ərsəyə gətirdiyi hər bir
tamaşaya həssaslıqla yanaşar, yeri gələrsə,
bəlkə də mənasız görünən adi bir
detalın düzgün ərsəyə gətirilməməsinə
üsyan edər, inadkarlıqla tələb edərdi ki,
mütləq hər bir detal onun verdiyi eskizə uyğun olsun,
hətta aktyorun əynində olan əlbisənin düyməsinə
kimi. Yeni fikir, yeni yanaşma, bədii zənginlik,
dəqiqlik rəssamın yaradıcılığının
xarakterik xüsusiyyətləridir desək, yanılmarıq.
Məmməd Qasımov Azərbaycan Teatr tarixində
adı ən öndə gələ bilən rəssamlardan
biridir.
Rəssamların dünyaya baxışları fərqli
olur. Məmməd Qasımov həm bir insan kimi, həm də
öz işinin böyük ustası kimi dünyaya fərqli
baxan insanlardandır. Rəssamın
üstün cəhətlərindən biri,
yaradıcılıq uğuru fantaziyanı reallığa tabe
etməsidir. O, öz yaradıcılığını
məhz dekorativ reallıq üzərində inkişaf
etdirmişdi. Rəssamın
yaradıcılığını analiz etdikdə görərik
ki, onun üçün əsas prinsip dekorativ
reallıqdır. Dəqiqlik, elmi əsaslar,
dünyəvilik, incəlik rəssamın əsas
yaradıcılıq prinsiplərindəndir. Və bu deyilən məqamları, xüsusilə
dekorativ reallığı rəssamın quruluş verdiyi
"Hücum" tamaşasının səhnə həllində
görürük. Əsərdə tarixi
"Avrora" gəmisində inqilab ərəfəsindəki
son bir neçə gündə baş verən hadisələr
ümumiləşdirilmiş bir şəkildə qələmə
alınmışdı. Pyesdə şərti
olaraq "Avrora" gəmisi "Zarya"
adlandırılmışdı. "Zarya"da
baş verən təlatüm, çaxnaşma ikitirəlik, xəyanət,
həyəcan və gərginlik, eyni zamanda, onun kapitanı
Bersenyevin evində, onun ailəsində də əks
olunmuşdur. Əlamətdar günə həsr
olunmuş tamaşaya əlahiddə qonaqlar da təklif
buyurmuşdu. Həmin vaxt Leninqrad Dövlət Akademik
Dram Teatrının iki nəfər əməkdaşı
Naxçıvana gəlmiş və həmin tamaşaya
baxdıqdan sonra onun yaradıcı heyətini -
quruluşçu rejissor Baxşı Qələndərlini,
aktyor heyətini təbrik edərək quruluşçu rəssam
Məmməd Qasımovun səhnə həllindən vəcdə
gəldiklərini gizlətməmişlər. Səhnədəki
dekorasiyaların, geyim və qrimlərin onları valeh etdiyini
bildirmiş, etiraf etmişlər ki, Azəbaycanın bir əyalət
teatrından bu məşhur əsərin çox yüksək
səviyyəli bir tamaşa kimi təqdim olunacağını
gözləmirdik.
Leninqraddakı Dövlət Akademik Dram Teatrında
görkəmli rejissor və məşhur teatr rəssamı
Nikolay Akimov bu tamaşanı Naxçıvanda
gördüyümüz səviyyədə təqdim edə
bilməmişdir. Tamaşanın rəssam işi - səhnədə
sanki həqiqi bir gəminin görünməsi xüsusilə
onları xeyli təəccübləndirib, məmnun etdiyindən
söyləmişlər ki, sizlər xoşbəxtsiniz,
teatrınızda belə bir geniş
dünyagörüşlü, yüksək erudisiyalı, istedadlı
bir rəssam vardır. Bu tamaşa rəssamın
yaradıcı həyatında dönüş yaradaraq onu sənət
zirvəsinə qaldırmışdır. Məhz bu
tamaşadan sonra həmin il Məmməd
Qasımov (1967-ci il 21 noyabr tarixli Fərmanla) muxtar
respublikanın əməkdar incəsənət xadimi fəxri
adına layiq görülmüşdür.
1987-ci ilin iyun ayında Naxçıvan Dövlət
Musiqili Dram Teatrının gecikmiş 100 illik yubiley təntənəsi
keçirilir.
Həmin il, yubiley ili Naxçıvan
Teatrının tarixi üçün əlamətdar illərdən
biridir. Amma 1987-ci il Məmməd Qasımov
ömrünün son səhifəsidir. Həyat təzadlarla
doludur. Böyük sənətkar Məmməd Ələkbər
oğlu Qasımov 1987-ci il yanvar
ayının 28-də, Naxçıvan şəhərində
əbədi olaraq biziləri cismən tərk edir.
Ömrünün ikinci baharını yaşadığı
62 yaşında əbədiyyətə qovuşan sənətkarın
ailəsi, xüsusilə onu sevən həyat yoldaşı,
şairə - Kəmalə xanım Ağayeva, övladları
- Ələkbər, Könül, Ələddin, onun ikinci evi
Naxçıvan Teatrında uzun illər birgə işlədiyi
dostları, yoldaşları onu tanıyan hər kəs
üçün bu itki çox ağır olur...
1987-ci ildəki
həmin o yubiley təntənəsində sənətşünaslıq
doktoru, professor Kərim Kərimov çıxışı
zamanı deyir: "Mən teatrın bugünkü 100 illik təntənəsində
17 yaşından ömrünü bu teatra bağlayan və son
35 ildə Naxçıvan Teatrının baş rəssamı
kimi yorulmaz fəaliyyət göstərən, bu ilin əvvəlində
qəflətən dünyasını dəyişmiş
istedadlı teatr rəssamı, Muxtar Respublikanın Əməkdar
İncəsənət Xadimi Məmməd Qasımov təkcə
Naxçıvan Teatrında 100-dən artıq tamaşaya
bir-birindən artıq maraqlı bədii quruluş
vermişdir. Mən tez-tez işlətdiyim ifadəni
bu gün bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda
səhnədən söz deyə bilən, adı böyük
hərflərlə yazılası üç teatr rəssamı
tanıyıram. Onlardan ikisi Bakıda - Nüsrət Fətullayev
və Elçin Aslanov, üçüncüsü
Naxçıvanda Məmməd Qasımovdur..."
Məmməd Qasımovun istər həyatı, istərsə
də yaradıcılığı bütünlükdə,
xüsusilə gənc nəslin
dünyagörüşünün formalaşmasında tərbiyəvi
əhəmiyyətə malikdir. Hər kəs Məmməd
Qasımovun həyat və yaradıcılıq fəaliyyətində
əxlaqi dəyərləri, Vətənə, ailəyə,
işlədiyi yerə bağlılığı, dostları
sevməyi, yaşından, vəzifəsindən asılı
olmayaraq hər kəsə hörmətlə
yanaşmağın necə olduğunu görə bilər.
Sənətkarın zəngin bədii irsinin tədqiqi,
öyrənilməsi, öyrədilməsi olduqca mühüm əhəmiyyətə
malikdir.
Sənətkarı
yaşadan xalqdır! Məmməd Qasımov
xalqının layiqli sənətkarlarından biridir. Onun qurub, yartdığı zəngin bədii irsi illər,
qərinələr keçməsinə baxmayaraq, daim
yaşayacaq və bu yaradıcılıq kolleksiyası sənətdə
kövrək addımlarını atan gələcək sənətkarlar,
teatrsevərlər üçün bir mayak olacaq.
Fizzə
QULİYEVA
AMEA
Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutu təsviri və dekorativ-tətbiqi
sənətlər
şöbəsinin müdiri
525-ci qəzet.- 2020.- 5 fevral.- S.21,
22.