Sənət mühiti haqqında yaddaş lövhələri

 

ELÇİN MÜƏLLİMİN MAKİNASI

 

1991-ci ildə o vaxt çalışdığım "Yeni fikir" qəzetinin müxbiri kimi ən çox sevdiyim yazıçılardan biri, "Böyük söz ustaları" siyahımda əbədi yeri olan yazıçı Elçindən müsahibə alırdım. Elçin müəllimin səmimiyyəti, suallarıma verdiyi cavablar söhbətimizi elə maraqlı məcraya salmışdı ki,  biz müsahibənin əvvəlcədən mənim tərəfimdən tutulmuş planından kənara çıxıb digər mövzulara da toxunurduq və mən maraqlı bir məsələ - yazıçıların hansı şəraitdə, günün hansı vaxtlarında işləməsi,  əsərlərini hansı texnologiya ilə yazmaları ilə bağlı hazırladığım "plandankənar" sualımı da səsləndirmək üçün fürsət axtarırdım. Əlavə edim ki, yaradıcılığın psixologiyası ilə birbaşa bağlı olan bu məsələ məni həmişə maraqlandırıb. O vaxtlar kompüter filan yox idi, yazıçılar əsərlətini ya dədə-baba qaydasında  qələmlə (onun da çeşidləri az deyildi - karandaş, diyirçəkli qələm, içinə mürəkkəb doldurulan avtomat qələm və s,), ya da makinada yazırdılar. Vaxtilə Dostoyevskinin "Qumarbaz" romanını birbaşa stenoqrafçıya diktə etməklə kəşf etdiyi orijinal üsulun bir qədər başqa formada bəzi yazıçıların praktikasında tətbiq olunmasından da xəbərim vardı...

Nə isə, bu kiçik haşiyəni yarımçıq saxlayıb qayıdaq həmin o maraqlı söhbətin xoş aurasına.

... Mən nəhayət, sualı səsləndirdim və Elçin müəllimin cavabı sözün yaxşı mənasında məni təəccübləndirdi: "Mənim köhnə bir yazı makinam var, gənclik illərində almışam. Ötən illər ərzində təbii ki, köhnəlib, necə deyərlər, kökdən düşüb. Amma mən indi də onunla işləyirəm. Tez-tez şıltaqlığı tutur, deyir ki, kəlbətini, vintaçanı götür, düş canıma. Mən də yazmağı dayandırıb əvvəcədən yanıma qoyduğum alətlərin köməyi ilə onun bu "xahişini" yerinə yetirir, sonra yazmağa davam edirəm".

Mənim heyrət qarışıq təəccüblə verdiyim "Nə üçün onu dəyişmirsiniz?" sualına Elçin müəllimin cavabı belə oldu: "Elə bilirsən bu, asandır? Biz neçə ilin dostuyuq. Bir-birimizə öyrəşmişik. Onun nazı ilə oynamaq artıq mənim iş tərzimin bir parçasına çevrilib".

Sonra Elçin müəllim yaradıcılığın psixoloji məqamları ilə bağlı çox maraqlı bir söhbətə başladı, səhv etmirəmsə, Ukrayna əsilli Polşa yazıçısı Parandovskinin bu mövzuda qələmə aldığı kitabı nişan verdi, mütləq oxumağımı məsləhət gördü...

İndi bu sətirləri yaza-yaza fikirləşirəm ki, əgər o yazı makinası durursa, artıq tarixiləşərək qiymətli bir əşyaya çevrilib və nə vaxtsa onun da satış auksionu keçirilsə, məmnuniyyətlə iştirak edərəm.

Zarafat deyil, görün o makinanın bədii mətnin ilk işarələrini - hərflərin surətini şıltaqcasına kağıza həkk edən dilləri neçə-neçə gözəl əsərin doğuluşuna şahidlik edib!

 

 

ƏBÜLFƏT ƏLİYEVİN CAVABI

 

1983-cü ildə mən - jurnalistika fakültəsinin III kurs tələbəsi "İfaçıların portreti" silsiləsindən xanəndə Canəli Əkbərov haqqında radio-oçerk yazmışdım. O vaxt opera teatrının sıravi solisti olan Canəli Əkbərovun heç bir fəxri adı-filanı yox idi   mən bu oçerklə onun sənət olimpinə doğru irəliləməsinə nə isə bir "töhfə" vermək iddiasındaydım...

Verilişin müəllif mətni, musiqi parçalarından ibarət hissəsi lentə yazılıb montaj olunmuşdu, qalırdı "səbəbkar" haqqında dost sözü demək üçün dəvət etdiyim nüfuzlu musiqiçilərin - Xalq artisti Əbülfət Əliyevin və musiqi sənətimizlə sıx bağlı olan professor Arif Məmmədovun C.Əkbərov haqqında söyləyəcəkləri ürək sözlərini də lentə alıb verilişi tamamlamaq...

Vədələşdiyimiz vaxtda Komitənin həyətində görüşüb ikinci mərtəbəyə qalxdıq. Lakin istəyimizi dərhal reallaşdıra bilmədik - boş studiya yox idi. Ona görə də yenidən həyətə düşüb gözləməyə başladıq. Əbülfət Əliyev məşhur qəlyanını doldurub odladı və bu üç sənət adamı arasında sənətə dəxli olan və olmayan maraqlı bir söhbət başladı. O söhbətin bütün təfərrüatlarını xatırlamıram, amma bir epizod həmişəlik yaddaşma hopdu.

Deməli belə: Arif Məmmədov soruşdu ki, oralarda nə var, nə yox, ay Əbili?

Əbülfət Əliyev qəlyanından bir qullab alıb dedi:

- Nə olasıdır ki? O gün məni çağırıb deyirlər ki, bəs min ver, səni Fransaya gedəcək heyətə daxil edək...

Araya üzücü bir sükut çökdü. Sonra nə baş verdiyini bilmək üçün hamımız maraqla hekayənin davamını gözləyirdik. Əbülfət müəllim isə nəyə görəsə tələsmirdi. Axırda Arif müəllim dözməyib soruşdu:

- Bəs sən nə dedin, Əbili?

Əbülfət müəllim yenə də qəlyandan bir qullab aldı, özünə xas olan bir ötkəmliklə, qalib ədası ilə dedi;

- Dedim, hərifsiniz, nə dediyinizi anlayırsınız? Gərək siz Əbiliyə iki min verəsiniz ki, Fransaya getməyə razı olsun. - Sonra qəlyanından daha bir "yağlı" qullab alıb əlavə elədi - Dedim, a binəvalar, mən Əbülfətəm ey. Azərbaycanın ən ucqar rayonlarında itlər də məni görəndə özlərini yığışdırıb səslərini kəsirlər, bilirlər ki, kim gəlib.

Bax belə!

Mən bu əhvalatı yalnız ona görə yada salmadım ki, indi bəzi adamların az qala cənnət kimi qələmə vermək istədikləri sovet dönəmində də mədəniyyət, sənət məsələlərinin həll olunduğu qaranlıq, gizli dəhlizlərdə baş tutan çirkin sövdələşmələr barədə nə isə bir təəssürat yaradım. Həm də istədim ki, əsl sənətkarın özünə və sənətinə necə hörmət qoymasının bu klassik nümunəsini yada salmaqla efirdə görünüb ucuz şöhrət qazanmaq naminə neçə-neçə "minlərindən" keçməyə hazır olan bəzi "sənətçiləri" azacıq da olsa utandırım.

Əlbəttə, əgər utanan üzləri varsa.

 

 

RAUF AĞAYEVİN "NƏZİRƏSİ"

 

1988-ci ilin əsəb gərginliyi, sarsıntılarla keçən günlərinin birində o vaxt "Bakı" qəzetində birgə çalışdığımız istedadlı jurnalist, istənilən dramatik situasiyanı yumorla, zarafatla yumşaltmağı bacaran (bu, böyük istedaddır) Rauf Ağayevi bir qədər tutqun, öz "ənənəvi imicinə" uyuşmayan qiyafədə görüb bu pəjmürdəliyin səbəbini soruşdum. Rauf qayırdı ki, dünən axşam televizorda Mixayıl Qorbaçovun (onun Mixaili bilərəkdən "Mixayıl" kimi tələffüz etməsi artıq nəyə isə işarə idi) Dağlıq Qarabağ məsələsi ilə bağlı hətərən-pətərən çıxışını dinləyəndən sonra Sabirin bir beyti gəlib yapışdı yaxamdan ki, tez elə, mənə bir nəzirə yaz. Mənim də ki qanım qara. Dedim, gəl təxirə salaq, əl çəkmədi. Axırda istədiyinə nail oldu.

Qırışığının-bürüşüyünün açılmağından hiss elədim ki, Rauf yenə də əvvəlki  stixiyasına qayıdır və indicə özünün növbəti "kəşfi" ilə məni heyrətləndirəcək. Tez xəbər aldım:

- Yaza bildinmi, Rauf?

- Belə də... Ustadın "Ciyərim" şeiri ruhunda dörd misra quraşdırdım.

- De, gəlsin...

Və aldı görək Rauf nə dedi:

 

Erməni xəyanətindən

ürəyim şişmiş idi,

Düşünürdüm edəcəkdir

buna çarə Mıxayıl.

 

Dünyanın işinə bax,

mən bu təmənnada ikən,

Döyür indi gah nala,

gah da ki mıxa Mıxayıl.

 

Və öz nəzirə-həcvini belə tamamladı:

- Bir məmləkətin ki rəhbəri nala-mıxa vurmaqla məşğuldur, vay o məmləkətin və orada yaşayanların halına.

Düz sözə nə deyəsən? Qorbaçovun "nala-mıxa vurma" siyasətini nə ilə nəticələndiyi indi hamıya məlumdur.

 

KÖHNƏ ŞƏKLİN NAĞILI

 

(öz uşaqlığıma elegiya)

 

... Gənc bir gəlin şövqlə, həvəslə 6 yaşlı oğlunun "matrosı" kostyumunu ütüləyir... o uşağın üzünü sabunlayıb yuyur... saçlarını darayır, sığallayır... geyindirib-keçindirir və bu şəklin dünyaya gələcəyi ana qədər başqa nə mümkündürsə onu edir ki, evin ən mağmın, manpax (biz tərəflərdə belə bir söz var), dilsiz-ağızsız uşağı heç olmasa o şəkildə göyçək düşsün.

Sonra o uşaq özündən 2 yaş böyük bacısının - ən yaxın himayədarının əlindən bərk-bərk tutaraq həmin ana doğru quş kimi uçacaq və mənzil başına - bir il sonra gedəcəyi məktəbə çatanda bu şəkil doğulacaq. Doğulacaq ki, həmin o xoşbəxt an əbədiləşsin, ömrü bir Yaradana bəlli olan gələcəyə yol alsın.

Köhnə şəkillərdə qəribə bir sehr var: nə vaxt əlinə götürüb baxırsan - şəkildəki adam da 10 il, 20 il, 50 il... uzaqdan sənə baxır, həmin şəkildə əbədiləşən anla sənin içində olduğun an arasındakı zaman distansiyası itir, şəkildəki keçmiş indiyə qovuşur, sənsə öz "indi"nlə bərabər keçmişin içinə düşürsən.

Amma şəkillər həm də sükutun səsidir, sükutun əksidir və bu mənada bu şəkildəki uşağın 55 il sonrakı özünün - fəqət yaşlaşmış, saçları ağarmış kişinin yavaş-yavaş işığını itirməkdə olan gözlərinin içinə baxa-baxa nə düşündüyünü tapmaq müşkül məsələdir - necə ki, mən də 55 il əvvəlki özümdən heç nə soruşa bilmirəm, ona heç nə deyə bilmirəm. Bilmirəm ki, o uşaq 55 il sonrakı özünün aqibətinə, qismətinə, taleyinə sevinir, fərəhlənir, yoxsa təəssüflənir, utanır.

Bunu mən heç zaman bilməyəcəyəm. Bildiyim isə odur ki, bu şəkildəki "mən"im saçlarımda 22 il bundan əvvəl haqq dünyasına qovuşmuş anamın əllərinin hərarəti, paltarımda əllərinin sığalı, gözlərimdə gözlərinin işığı var. Bu şəkildə sözə gəlməyən, sözlə ifadə oluna bilməyən nəsə ayrı mənalar da şifrələnib. Ona görə də bu şəkil mənə əzizdir. Hər səhər evdən çıxanda məni qapıya yaxın yerdən asdığım bu şəkildəki uşaq yola salır, hər axşam evə qayıdanda o qarşılayır. Hər dəfə də səssiz-səmirsiz baxışırıq...

Bu şəkil yəqin ki, məndən çox yaşayacaq. Amma övladlarım məndən sonra qalacaq bu şəklin mənə olan doğmalığını qorumağı, öz övladlarına - mənim nəvələrimə bu şəklin nağılının şirinliyini dadızdırnağı bacaracaqlarmı?..                                                                                                                        

... Köhnə şəkillərin qədrini bilin, dostlar!

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.20.