Cümhuriyyətdə uşaq
xeyriyyəçiliyi məsələləri
1918-ci
ilin mart ayında daşnak-bolşevik qüvvələrinin Azərbaycan
xalqına qarşı törədikləri kütləvi qətliamlar
uşaqların da taleyinə böyük zərbə
vurmuşdu.
Bakı
şəhərində bu müsibətlərdən əziyyət
çəkməyən uşaq, demək olar ki, yox idi. Onların xüsusi
qayğıya ehtiyacı vardı. Bu məqsədlə
o zaman fəaliyyət
göstərən ən iri xeyriyyə təşkilatı
olan Mərkəzi Ev
Komitəsinin nəzdində Uşaqlara
Yardım Bürosu
yaradılmışdı. Büronun sədri
doktor Yevsey Gindes, müavini isə milyonçu, xeyriyyəçi Murtuza
Muxtarovun xanımı Liza Muxtarova idi.
Əsas
məqsədi kimsəsiz qalmış, küçələrə
atılmış uşaqlara yardım etmək olan Uşaqlara
Yardım Bürosu bütün var-qüvvəsini
sığınacaqların təşkilinə yönəlt-mişdi.
Lakin ilk vaxtlar vəsait
çatışmamazlığı ucbat-ından müəyyən
çətinliklər yaranırdı. Bununla
əlaqədar olaraq, müvafiq
dövlət strukturları büronun
işində köməklik göstərməsi üçün əhalini yardım etməyə
çağırmışdı. Düzdür,
işçi heyəti mövcud
idi, lakin xalq arasından könüllülərin
də bu işə cəlb olunması zəruri
idi. Bu, hər şeydən
əvvəl uşaqların insanlarla
ünsiyyətdə olması, xalq içərisindən
gəldiyini dərk etməsi üçün
lazım idi. Könüllü
əməkdaşlıq edənlər kimsəsiz
uşaqların ehtiyaclarını, onların
psixologiyasını daha yaxşı anlaya bilərdi. "Azərbaycan" qəzetində
bu haqda
yazılırdı: "Uşaqlara verilən
ən adi oyuncağın belə anlamı
böyük idi... Bu uşaqlar cəmiyyətdən
çıxmışdılar və cəmiyyətə də
qayıdacaqdılar, buna görə də
onların cəmiyyətin yardımına, köməyinə tam hüquqları vardı..."
Büronun
işini genişləndirmək məqsədi ilə 1918-ci
ilin noyabrın 26-da yerli ictimai və milli təşkilatların
üzvlərindən ibarət geniş iclas
keçirilmişdi. Burada kollegial orqan
yaradılmış və bütün milli, ictimai və xeyriyyə
təşklatlarından üzvlər seçilmişdi.
Mərkəzi Ev Komitəsindən
A.Leontoviç, Y.Gindes,
Q.Bron, Rus Xeyriyyə Cəmiyyətindən
Krılova və mühəndis Krivoşein,
Yəhudi Milli Komitəsindən Y.Varşavskiy, Müsəlman Xeyriyyə Cəmiyyətindən
Liza Muxtarova, Müsəlman
sığınacağından Vasilyevskaya,
"Körpələr evi"ndən Radzinskaya,
"Uşaq evləri"ndən Koritskaya və digərləri büroya
üzv seçilmişdilər. Doktor Allahverdiyev
uşaqların sağlamlığının
qorunmasını öhdəsinə götürmüşdü.
Uşaqlara
Yardım Bürosunun sərəncamında ilk vaxtlar minə qədər
uşağın yerləşəcəyi 5
sığınacaq vardı. Sığınacaqlardan
biri dekabr ayında Liza xanım Muxtarovanın yardımı ilə
kimsəsiz uşaqlar üçün
açılmış "Körpələr evi"
idi. Bu
sığınacaq 1895-ci ildən 1917-ci ilə qədər fəaliyyət
göstərmiş "Körpələr evi"
əsasında açılmışdı. O zaman
sədr doktor Gindes,
maliyyəçi isə Hacı Zeynalabdin
Tağıyev idi. H.Z.Tağıyev sonralar büronun fəxri üzvü seçilmişdi.
Onu da qeyd
etmək vacibdir ki,
"Körpələr evi"nin inşasına 1898-ci ildə
başlanılmışdı. Vəsait
çatışmazlığı üzündən
yarımçıq qalan tikintiyə Ağamusa Nağıyev və Şəmsi
Əsədullayev külli miqdarda
pul ayırmışdılar. Bina Maqazinnaya və Kapitapinskaya küçələrinin kəsişdiyi
(indiki Süleyman
Rüstəm və Mikayıl Rəfili küçələri)
yerdə yerləşirdi.
Körpələr
evində səhiyyə və sanitar-gigiyena işləri son dərəcə
ciddi bir şəraitdə qurulmuşdu: hər səhər
tibb bacıları uşaqları müayinə edir, dezinfeksiya
işləri aparır, onları hamamda qrup şəklində
çimizdirir, saç və dırnaqlarını kəsirdi.
Yemək yedikləri zaman uşaqların önlük
taxması vacib idi.
ki olaraq Liza Muxtarovanın şəxsi vəsaiti hesabına dayanan sığınacaqlarda sadalanan çətinliklərə baxmayaraq, təmizlik qaydalarına və uşaqların tərbiyə işinin düzgün təşkil olunmasına ciddi riayət olunurdu. Ümumiyyətlə, Liza Muxtarova büronun işində xüsusi fəallığı ilə seçilirdi. Öz övladı olmayan Liza xanımın maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz şəxsi mülkündə (indiki Səadət sarayı) zəngin pansion təşkil edən bu nəcib xanım yoxsul ailələrdən olan və valideynlərini itirmiş qızları tərbiyə edirdi.
1919-cu
il martın ortalarından Uşaqlara Yardım Bürosu tərəfindən
"Körpələr evi" nəzdində 1 yaşından
7 yaşınadək uşaqlar
üçün xüsusi uşaq bölmələri təşkil
edilmişdi. Himayədarlıq Nazirliyi
minlərlə uşağı himayəyə götürən
Uşaqlara Yardım Bürosuna
subsidiyilar ayırırdı. Mərkəzi
Ev Komitəsi büronu
ərzaq məhsulları ilə yanaşı, tibbi
xidmətlərlə də tə-min edirdi.
Sığınacaqlar yardımla, xeyriyyə tədbirlərinin keçirilməsi ilə bağlı mətbuatda müraciətlər edirdilər. Büro Novruz bayramında müsəlman uşaqları üçün şənlik təşkil etmişdi. Tədbirə yetim və kimsəsiz uşaqlara hər hansı köməklik göstərmək arzusunda olanlar dəvət edilmişdi. Şənlikdən əldə olunan gəlir sığınacağa sərf olunmuşdu. Təşkilat üçün keçirilən xeyriyyə tədbirlərindən biri də ucuz ağ çörəyin bişirilməsi və onun satışından gələn gəlirin sığınacağa sərf edilməsi idi.
Uşaqlara Yardım Bürosu Mərkəzi Ev nəzdində qida məntəqələrinə malik idi. Həmin şöbə naharların təşkil olunmasını həyata keçirirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti büronun işində köməyini əsirgəmirdi. Musa bəy Rəfiyevin nazir olduğu dövrdə Himayədarlıq Nazirliyi ərzaq şöbəsinə subsidiyalar ayırırdı. Nazirin müavini Rüstəm xan Xoyski paylama məntəqələrinin açılmasında kömək edirdi. Bu qəbul məntəqələri Bakının dağlıq hissəsində, Suraxanıda, Sabunçuda və Ramanada yaşayan müsəlman əhalisinə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaq çatdırırdı. Naharlar əsasən pulsuz və ya qəpik-quruşa olurdu.
Yay aylarında Uşaqlara Yardım Bürosu "Nina" barjasını icarəyə götürmüş, dənizdə səyyar koloniya təşkil etmişdi. Bununla da yay boyunca vərəmdən əziyyət çəkən 130-dək uşağın səhhətinin yaxşılaşmasına şərait yaranmışdı.
1918-ci ilin sonu-1919-cu ilin əvvəllərində Bakıda yatalaq epidemiyası yayılmaqda idi. Epidemiya uşaqlar arasında daha kəskin
xarakter daşıyırdı. Buna səbəb kimi yoxsul və işçi təbəqənin
səhərdən axşama kimi çalışması ucbatından
övladlarını taleyin ixtiyarına
buraxmaları göstərilirdi. Bu uşaqlara kömək etmək
məqsədilə büro şəhərin
fəhlə rayonlarında uşaqlar üçün bağça
tipli gündüz
sığınacaqları açmışdı. Uşaqlar həmin evlərdə saat 8.00-dan 18.00-a qədər qala
bilir, yemək ilə təmin olunurdular. Xəstələndikdə onlara tibbi yardım
göstərilirdi. Bu tip
sığınacaqlar Bayılda, Şamaxinkada,
Zavağzalnıda, Qara şəhərdə
açılmışdı.
Uşaqlara
Yardım Bürosu himayəsində olan uşaqların təhsil
almaları üçün də şərait
yaradırdı. Sığınacaqlarda onlara oxu dərsləri təşkil
olunur, əyləncəli oyunlar
keçirilirdi. 1919-cu ilin
martın 4-də keçirilən iclasda büro sığınacaqlarda məktəblərin
təşkil olunmasını qərara almışdı.
Kimsəsiz
və yetim uşaqların çoxluq təşkil etmələri
və onların yerləşdirilmələri dövlət
strukturlarının da diqqətdə saxladığı məsələ
idi. 1919-cu ilin noyabrında Nazirlər Kabinetinin təklifi ilə
Himayədarlıq Nazirliyi Uşaqlara Yardım Bürosunun nəzdində
taleyin ümidinə atılmış kimsəsiz uşaqlar
üçün sığınacaq-koloniya təşkil
etmişdi. Koloniyanın yaradılmasında xeyriyyə və
milli təşkilatların nümayəndələri
də yaxından iştirak edirdi. Koloniya şəhər
ətrafında salınmış və uşaqları əməyə
alışdırmaq məqsədilə bostan,
bağ, emalatxanaya malik idi. Bura
həm də müalicəvi-tərbiyəvi xarakter
daşıyırdı.
Büro
himayəsində olan 15-16 yaşına çatmış
uşaqların taleyinə də biganə
yanaşmırdı. Bu barədə Himayədarlıq Nazirliyinə dəfələrlə
müraciətlər edilmiş, həddi-buluğa
çatmış uşaqların sonrakı taleyi,
peşə seçimi ilə bağlı
məsələ qaldırılmışdı.
Büroya
ayrı-ayrı imkanlı şəxslər də ianələr
verirdi. İanə verən xeyriyyəçilər
sırasında İsabəy Sadıxbəyov, Hənifə Zeynalabdin oğlu
Tağıyev, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri
Qasım Qasımov, Tağı Nağıyev, Zeynəb
xanım Səlimxanova və digərləri də var idi.
Şəlalə BAĞIROVA
Tarix üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2020.- 5 fevral.- S.19.