"Mənəm, mən..." - sözün səhnədəki təntənəsi

 

2019-cu il böyük Azərbaycan şairi, filosofu, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Nəsimi ili" elan olunmuşdu. Bu mötəbər il boyunca bütün qurumlar, ayrı-ayrı şəxslər, mədəniyyət, ədəbiyyat nümayəndələri Nəsimi şəxsiyyəti, yaradıcılığı və fəlsəfəsini müxtəlif yazılar, araşdırmalar, kitablar, konfrans, tədbirlərlə diqqətdə saxladılar.

Əlbəttə, teatrlarımız da bu ilə reaksiyasız qala bilməzdi. Bakı Bələdiyyə Teatrı, İrəvan Dövlət Teatrı müxtəlif vaxtlarda Nəsimi fəlsəfəsini səhnəyə daşıdılar. Amma əminliklə deyə bilərik ki, bütün görülən işlər arasında Yuğ Dövlət Teatrının ilin son həftəsinə çatdırdığı səhnə əsəri "Nəsimi ili"nə öz damğasını vurmağı bacardı.

 

***

 

Yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış "Mənəm, mən..." adlı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastika həllinin müəllifi Ceyhun Dadaşovdur.

Rolları Xalq artisti Məmmədsəfa Qasımov (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah), Ziya Ağa (Seyid Əli Şamlı) və Elşən Əsgərov (fərraş) ifa edirdilər.

Tamaşanın bütün yaradıcı heyəti saat yarımlıq müddət ərzində bizi Nəsimi dövrü, fəlsəfəsi, həqiqəti, eşqi, ədəbiyyəti ilə qovuşdurdular.

Biz tamaşaçı olaraq elə ilk səhnədəncə olduğumuz zamanı və məkanı unudub özümüzü XIV əsrdə - Nəsiminin yaşadığı, yaratdığı və əbədiyyətə qovuşduğu dövrdə tapdıq. Bunun üçün nə mürəkkəb, dövrü andıran səhnə dekoru, geyimi vardı, nə də qarışıq, əndrəbadi dialoqlar. Hər şey özlüyündə sadə və səmimi idi. Nəsimi dünyası, Nəsimi eşqi kimi...

İlqar Fəhmi 2019-cu ildə əsərlərində Nəsimi şəxsiyyətini yaradan az saylı müəlliflərdəndir ki, onu yalnız şair və ya filosof olaraq deyil, dərviş, sufi, aşiq, alim, şair, insan olaraq kompleks şəkildə canlandırmağı bacarıb. Bəlkə də ilk dəfə olaraq, Nəsimi dühasını səhnədə həqiqi çalarlarla gördük.

"Mənəm, mən..." Nəsiminin mübarizliyini, haqqa aşiqliyini, dönməzliyini, əqidəsini elə öz poeziyasından çıxış edərək aydın, səmimi, ən mühümü olduğu kimi canlandırmağı bacaran əsərdir. Burada Nəsimi şişirdilmir, göylərə qaldırılmır, ətrafı sirr pərdəsiylə örtülmür, həqiqəti "kimsə anlamaz" qorxusuyla əlçatmaz yerdə gizlədilmir. Əksinə, başqaları tərəfindən illərlə, əsrlərlə (xüsusən, 2019-cu il boyu) şişirdilərək qaldırıldığı o göylərdən yerə - balaca bir teatr zalına, qarayla ağın sintezindən ibarət səhnəyə qədər endirilir. Göstərilir ki, Nəsimini əl çatmayan, ün yetməyən yerlərdə axtarmaq əbəs və mənasızdır.

Təəssüflə qeyd etməliyik ki, geridə qoyduğumuz il bizə göstərdi ki, Nəsimini anlayan da, anlamayan da onun haqqında söz demək, onu öz düşüncəsi qədəriylə şərh etmək cəsarətini özündə tapdı. Bütün bunlardan başqa, ən təhlükəlisi odur ki, bəziləri Nəsimini qarşısındakına anlatmaq ehtiyacı da gördülər. Halbuki Nəsimi qəzəllərində, şeirlərində özü-özünü ən yüksək şəkildə anladır. "Mənəm, mən..." pyesində isə söz demək haqqı bütünlüklə Nəsiminin ixtiyarına buraxılır. Dialoqların özəyində qayəsində Nəsiminin qəzəlləri dayanır.

Quruluşçu rejissor Mehriban Ələkbərzadənin sadə, amma bir o qədər də şairin dünyasına xas yozumu ilə gözlərimizin qarşısında təkcə bir Nəsimi deyil, Nəsimilər bir-birini əvəz edir və biz hər Nəsimidən sonra bir az daha sufiləşir, tərki-dünya olur, şairləşir, anlamadığımız, ya da anlamaqdan qorxduğumuz həqiqətlərə qeyri-ixtiyari varırıq.

Nəsimilər deyirəm, çünki əsərdə əslində, Nəsimi obrazı yoxdur. Həmin dövrdə Nəsimi adı ilə tutulan, edam edilən yüzlərlə hürufinin ümumiləşdirilmiş obrazlarıdır buradakı altı fərqli obraz. Bu da onu göstərir ki, Nəsimi həqiqətdə hər kəsin öz içindədir.

Əsərdə başdan sona qədər bir-birini əvəz edən Nəsimilər hürufilik cərəyanındakı kamil insana gedən yola aparıb çıxaran qapılar idi. O qapılar ki, hər biriylə üzümüzə neçə-neçə həqiqətlər açılırdı. O həqiqətlər isə bizə hürufiliyi, onun məna məramını, kamil insanın kimliyini göstərirdi.

 

***

 

Ustadı Şeyx Əzəmin fitvasıyla hürufilərə divan tutan Seyid Əli. Biz onun kimliyini, keçmişini, hürufilərə olan nifrətinin səbəbini və həddini bilmirik. Bildiyimiz və gördüyümüz onun Şeyx Əzəmə və onun simasında Allaha və İslam dininə bağlılığıdır. Nə yazıq ki, bu bağlılıq kor-koranədir, əsassızdır. O da digər dindar zümrə kimi hürufiləri dinsiz kafir hesab edir. Başlıca məqsədi hürufilərin kökünü öncə şəhərdə, sonra ölkədə, sonra isə bütün Şərqdə kəsməkdir. Bunun üçün də vaxt itirmədən "qollarını çirmələyir". Gəl gör ki, onun hazırlıqsız olduğu bir məsələ var: kirlənməmiş qəlbi. O kirlənməmiş qəlb beynin inkar etdiyi həqiqətlərə qucaq açmağa hazırdır. Nəsimi adı ilə edam etdirdiyi hər hürufi ilə görüş isə qəlbə bu həqiqətləri anlayıb dərk etməkdə yardımçı olur. Onlar "Nəsimi mənəm", "Haqq mənəm" deməklə, əslində, Hürufizmin insanı ucaltdığı o ali mərtəbədən danışırlar. O insan ki, onlardan biri də məhz Seyid Əlidir. Seyid Əli bu həqiqətləri dərk edib kamillik yoluna qədəm bassa, o da "Nəsimiləşəcək!"

Seyid Əlinin görüşdüyü ilk məhkum hürufi alimdir. Alim ona Hürufizmin mahiyyətini anladır. Ərəb əlifbasındakı 28 hərf, o hərflərin insan simasındakı təcəllası, 28-in İslamda və Qurandakı əksi onun söhbətlərinin müqəddiməsini təşkil edir. Onun sözlərinə görə, hər hərfin, hətta hər nöqtənin belə zahiri və batini mənası var. O məna ki, onlarla dünyanı və Allahı dərk etmək mümkündür. Allah öz adını insanın simasına yazmaqla özünü insanda əks etdirib. Kamil insan odur ki, bütün bunları dərk edib Allaha yetsin. Əgər o, bu məqama yetərsə, Allahla eyniləşmiş, daha doğrusu, onu mənində duyaraq, onunla bütünləşmiş olur.

Sonra bir-birinin ardınca səhnəyə çıxan aşiq, xəttat, şair, övliya obrazları hər biri bu mənaları davam etdirməklə, bizi daha da dərin qatlara enməyə məcbur edirlər. Bunların hamısı Hürufizmi yaradan həlqənin hissələri kimi bir-birinə elə sıx bağlanır ki, bir zamandan sonra hamısı bütünlükdə bir obraza - Nəsimiyə çevrilir.

Dramaturji əsərin və tamaşanın əsas qayəsi Hürufizmin təməl prinsiplərini açmaq idi. Müəlliflər dövrün insanının, xüsusə dini fanatiklərin kamil insan qorxusunu ən münasib şəkildə səhnədə göstərməyə müvəqqəf olmuşdular. Nəsimi kamilliyindən qorxan despotizm və onun yandaşları hürufiləri kafir, asi, üsyankar adlandırmaqla əslində, öz qorxularına qalib gəlməyə çalışırdılar. Seyid Əlinin edam etdirdiyi hər Nəsimi onun çarmıxa çəkdirdiyi qorxusu idi.

Tamaşa boyunca bu qorxu daha da güclənirdi. Alimin hərflər və onların batini mənaları haqqındakı əsaslandırmaları, xəttatın bir əlyazmadan oxuduğu insan xarakteri, şairin onun içindəki şeiriyyətdən xəbərdarlığı, aşiqin onun qəlbindəki eşqə toxunuşu və nəhayət, övliyanın onun həyatı, düşüncələri, hissləri haqqındakı səhih bilgiləri Seyid Əliyə "Nəsimiləşməkdən" başqa şans buraxmır. Demək ki, hər kəsin içində bir Nəsimi var iddiasında heç də yanılmamışıq. Həmin gün Nəsimiləşən təkcə Seyid Əli olmur. O fövqəl-bəşəri qəzəllər elə zalda - tamaşaçı stulunda əyləşən bizlərin də içimizdəki Nəsimini oyatdı.

Qısa zaman kəsiyində insanın kamillik zirvəsinə yüksəlməsi və Allah qatında qərarlaşması ancaq bu qədər dəqiq və təsirli təsvir oluna bilərdi.

Hər tərəfi qapqara parçayla örtülmüş səhnədə başlayan tamaşa ağ rəngin təntənəsi ilə yekunlaşdı. Quruluşçu rəssam Vüqar Rəhimin məhdud məkanda parça və taxtayla yaratdığı sadə, amma mistik ab-hava tamaşaçının diqqətini sırf əsərə verməsinə yardımçı olurdu. Qara rəng fanatik dindarların, cəhaləti əlində silaha çevirmiş despot hakimiyyətin, qara düşüncənin, ağ isə pak qəlbini Allahla bir tutan hürufilərin rəmzi idi. Tamaşanın əvvəlindən sonuna kimi Seyid Əlinin qara parçayla mübarizəsi göstərilirdi. Onun qəlbi, fikri bəzən qaraya bürünür, bəzən isə dialoqda olduğu Nəsimilərin sayəsində aydınlanır, ağarırdı.

Qara və ağdan yerli-yerində istifadə və iki rəngə bu qədər böyük mənaları yükləyə bilmək rejissorun bu tamaşadakı ən böyük uğurlarından biri hesab oluna bilər.

Əlbəttə, tamaşada imzası olan insanlar yalnız dramaturq və rejissor deyil. Mahnılarını, kompozisiyalarını, ümumi yaradıcılığını çox sevdiyim Xalq artisti Aygün Səmədzadə bu tamaşada da öz məharətini ən yüksək səviyyədə sərgiləmişdi. Onun həzin, qəlbə dinclik gətirən melodiyaları bilavasitə tamaşanın ideyasına xidmət etməklə qalmır, eləcə də obrazların ruh dünyasını notların ecazkar dünyası ilə qovuşdururdu. Hər səhnədə dəyişən və bir-birini rahatlıqla tamamlayan musiqilər tamaşaçının əsərə adaptasiyasını daha da asanlaşdırırdı.

Xoreoqrafik, plastik həllin Ceyhun Dadaşova həvalə olunduğu bütün tamaşalar özünün hərəkətliliyi, dinamikası, insanı yormayan tempi ilə seçilir. Bu tamaşada da Ceyhun Dadaşovun məharətini gözardı etmək olmaz. Aktyorların kiçik məkandakı dinamikası, məkana hakimlikləri, texniki vasitələrlə işləmələri Ceyhun Dadaşovun öz peşəkarlığından əlavə, Nəsimini nə cür görməsini də aydınlaşdırırdı. O, Nəsimiyə özünün şəxsi yanaşmasını plastik həll, aktyorların bədən dili, hərəkətliliklə sərgiləməyi bacardı.

Aktyorların hər biri ayrı-ayrılıqda öz rollarının öhdəsindən məharətlə gəldilər. Sevindirici haldır ki, yaşından və təcrübəsindən asılı olmayaraq, hər bir aktyor kimi canlandırdığının yaxşı fərqində idilər. Ona görə də həm öz obrazlarının, həm də bütünlükdə əsərin dərinliyə varır, obrazlarını özününküləşdirə bilirdilər.

Əsərin ən böyük yükü və məsuliyyəti isə həm yaşda, həm də təcrübədə digərlərindən kiçik olan gənc aktyor Ziya Ağanın öhdəsinə düşmüşdü. Bundan öncə də hələ ki, tələbə olan Ziya Ağanın bir neçə tamaşasına baxmış, bəziləri haqqında yazılar da yazmışam. Amma bu tamaşada onu tamam fərqli rakursdan, fərqli biçimdə gördük. Qəhrəmanının təlaşı, qorxusu, inamsızlığı, şübhəsi, zamanla dəyişimi və sondakı qətiyyəti məhz onun aktyor ifasında mükəmməl biçim qazandı. Saat yarımlıq tamaşanın əvvəlindən axırına kimi səhnədə olan və hər obrazla ayrılıqda dialoqa girən aktyor təkcə Seyid Əli olaraq deyil, həm də Ziya Ağa olaraq gözümüzün önündə Nəsimiləşməkdə idi.

2019-cu ilin son həftəsində özünü "qaranəfəs" çatdıran tamaşa haqlı olaraq, "Nəsimi ili"ndə "Mənəm, mən..." dedi. Belə bir əsər münasibətilə təkcə yaradıcı heyəti təbrik etmək azdır. Biz həm də Azərbaycan teatrını və "Nəsimi ili"ni təbrik edirik!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.17.