Şair Məmməd İlqarın 70 illik yubileyi qeyd edilib
Fevralın 1-də Atatürk Mərkəzində
şair Məmməd İlqarın 70 illik yubileyi keçirilib.
Tədbirdə ədəbiyyat adamları,
yazıçı-şairlər, aşıqlar, mədəniyyət
xadimləri, Məmməd
İlqarın dostları
və media nümayəndələri
iştirak ediblər. Mərasimdə, həmçinin, şairin
seçmə şeirlərindən
ibarət "Məndən
sənə qalan sözdü..." kitabı
da təqdim olunub.
Tədbir Məmməd İlqarın
"Vətən, başın
sağ olsun" şeirinə yazılmış
musiqili kompozisiya ilə başlayıb.
Yubiley tədbirinin aparıcı
şair və nasir Əjdər Ol giriş nitqində
yubilyarın həyat və yaradıcılığından
bəhs edərək bildirib ki, M.İlqar
uzun illər poeziyada səbirlə, təmkinlə, ağı
qaradan seçə-seçə
az yazıb,
amma yaxşı yazıb: "Bizim ustad aşıqların ənənəsini davam etdirib. Ana dilimizin
ən incə qatlarına qədər gözəl şəkildə
istifadə edib. Onun hər misrasından müdriklik yağır.
Məmməd İlqarın yaxşı
və çox yaxşı şeirləri
var. Çox yaxşı
şeirləri dillər
əzbəridir, aşıqlar
ifa ediblər. Məmməd
İlqar kimi xalqın mədəniyyətinə,
dilinə, adət-ənənəsinə,
milliliyinə dərindən
bələd olan şair azdır. Onun elə misraları var ki, onu
ancaq azərbaycanlı,
qanı-canı türk
olan başa düşə bilər.
Bu da xalqın
bir növ özünümüdafiə şəklidir".
Ədəbiyyatşünas Rüstəm Kamal Məmməd İlqarın şeirləri
ilə tanışlığından
danışıb, onu
bütünlüklə milli
şair adlandırıb:
"İlk dəfə
Məmməd İlqarın
adını İncə
dərəsində toyda
eşitdim. Onun şeirini aşıqlar
oxuyurdular. Mən görəndə
ki, Məmməd İlqar poeziyası xalqın, toplumun yaddaşında yaşayır,
anladım ki, o, böyük şairdir.
Məmməd İlqarın şeirlərini
mən ara-sıra özümçün oxuyuram.
Bəlkə də milli şair millətin dilinə sahib çıxan,
onu vərəqin, şeirin yaddaşında saxlayan şairdir. Məmməd
İlqar belə şairlərdəndir. Mən onun
şeirlərini çox
sevirəm və fəxr edirəm ki, müdrik sakitliyilə hörmət
qazanmış bir şairin müasiriyəm".
Ədəbiyyatşünas Məti Osmanoğlu çıxışında deyib
ki, Məmməd İlqar Azərbaycan ədəbiyyatında öz
yeri, öz səsi olan şairdir. Natiq çıxışını
şairin "Qara camaat" şeiri ilə yekunlaşdırıb.
Foklorşünas Elxan Məmmədlinin fikrincə, Məmməd İlqar müasir Azərbaycan poeziyasında
təcnisin görkəmli
müəllifidir, onun
yaradıcılığında təcnis ana xətt kimi davam edir.
Şair
İbrahim İlyaslı
deyib ki, Məmməd İlqar ustad kəlməsinin bütün parametrlərini
özündə ehtiva
edən şairdir: “Onun şəyirdi olduğum üçün
özümü xoşbəxt
sayıram”. İ.İlyaslı bildirib ki, Məmməd İlqarın
yubiley tədbiri Sumqayıtda da qeyd ediləcək.
Şair Ramiz Qusarçaylı çıxışında M.İlqarla
tanışlığından danışıb, onun yaradıcılığını və şəxsiyyətini
yüksək dəyərləndirib. Sonra R.Qusarçaylı "Məmməd
İlqar, "Divani"
çal, "Divani"
şeirini oxuyub.
Şair-publisist Tahir Talıblıya görə, M.İlqar bizim dilimizin, təfəkkürümüzün böyük şairidir. O, şeirlərdə
haqqı tanımağa,
Allahı tanımağa,
ölümü hiss etməyə
çağırır.
Tənqidçi Əsəd Cahangir
yubilyarın poeziyasını
səslə, musiqiylə
əlaqələndirib: "Onun şeirlərində bir musiqi, ritm
var. Təəssüf ki,
bəzən onun yaradıcılığını təcnislə məhdudlaşdırırlar.
Mən bunu qəbul etmirəm. Onun yaradıcılığı çox genişdir".
Şair Murad Köhnəqala çıxışında deyib
ki, M.İlqar Azərbaycan ədəbiyyatının
kökünü qoruyan
şairdir.
Daha sonra İlham Pirməmmədov, Şərif
Ağayar, Adilə Nəzər, Ehtiram İlham, Rafael İncəyurd,
Həmid Ormanlı və başqaları Məmməd İlqarı
70 illik yubileyi və yeni şeirlər
kitabı münasibətilə
təbrik edib, ona yeni yaradıcılıq
uğurları diləyiblər.102
Tədbirdə İlham Aslanbəyli, Cahangir Quliyev və başqa aşıqlar şairin şeirlərini el havaları
üzərində ifa
ediblər. Əməkdar artist Ağalar Bayramov
Məmməd İlqarın
şeirlərini səsləndirib.
Sonda Məmməd
İlqar bu diqqətə görə minnətdarlığını bildirib, tədbirin təşkilində zəhməti
olan hər kəsə təşəkkür
edib və kitablarını qonaqlar üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 5 fevral.- S.16.