"Öz potensialını üzə
çıxarmaq üçün ədalətli rəqabət
mühiti olmayanda, yorulursan"
ELÇİN
MİRZƏBƏYLİ: "YORULMAQ ÜÇÜN
SƏBƏB ÇOX OLSA DA, PRİNSİPLƏRİMƏ
VƏ XARAKTERİMƏ UYĞUN OLARAQ YOLUMA DAVAM EDİRƏM
VƏ HƏR GÜN YENİDƏN DOĞULURAM"
Müsahibimiz
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru,
şair, publisist Elçin Mirzəbəylidir.
-
Elçin bəy, sizin təqdimata ehtiyacınız yoxdur, bəllidir.
Həm
ictimai-siyasi xadim, həm də şair kimi
tanınırsınız. Hansı yöndə
tanınmaq sizi yorur?
- Nə
ictimai-siyasi fəaliyyət, nə jurnalistika, nə də ədəbiyyat
sahəsində fəaliyyət göstərmək və
tanınmaq məni yorur. Ümumiyyətlə,
insanın bu və ya digər sahədə
tanınmasının birbaşa onun yorulması ilə hər
hansı bir əlaqəsi yoxdur.
Məni yoran ətrafımda baş verən, qəbul edə
bilmədiyim, barışmadığım məqamlardır. Cəmiyyətin
mizan tərəzisi əyiləndə, insanın öz potensialını
üzə çıxarmaq üçün ədalətli rəqabət
mühiti olmayanda, layiq olduğunu qanunlara və dəyərlərə
sayğı göstərərək əldə edə bilməyəndə,
başqa yolu isə məqbul saymayanda, təbii ki, yorulursan.
Ömrünün 30 ilini canın qədər
sevdiyin Vətənin və xalqın inkişaf səviyyəsinin
yüksəlməsinə, İstiqlal və Azadlıq
ideallarının dərk olunmasına sərf edəndə və
gözlədiyin nəticəninin heç onda birini də əldə
edə bilməyəndə yorulursan. Yəni
yorulmaq üçün səbəb çoxdur, amma sadalamaq
istəmirəm. Sadəcə, prinsiplərimə
və xarakterimə uyğun olaraq, yoluma davam edirəm və hər
gün yenidən doğuluram.
- Mən
sizin siyasi xadim olduğunuzu biləndə öz-özümə
sual verdim, necə olur ki, bu adamın həm də şair qəlbi
var? Yaradıcı insanlar, adətən, dərviş
həyatı yaşayar, öz dünyalarını yaradıb
ona qısılar. Sizdə bu vəhdət
necə alınır?
-
Yaradıcı insanların dərviş həyatı
yaşaması barədə deyilənlər doğru deyil. Yaradıcı insan obrazı ilə
görüntülənmək, yaradıcı insan kimi
görünməklə yaradıcı insan olmağın
arasındakı məsafə maska ilə gerçək simanın
arasındakı məsafə qədərdir. Ola bilsin ki, kimlər üçün isə "dərviş"
obrazında görünmək daha rahatdır. Ailə və
cəmiyyət qarşısında heç bir məsuliyyət
daşımırsan, vətəndaş mövqeyin olmur, öz
həyatını yaşayırsan və adını da
qoyursan "yaradıcı adam". Mən belə həyat arzulamıram. Cəmiyyətin intellektual və mədəni səviyyəsinin
yüksəldilməsi, insanların öz istedad və
bacarıqlarına uyğun olaraq layiqli həyat yaşaması
üçün bacardığımı edirəm. Mən hər şeydən öncə insanam, vətəndaşam.
Ədəbiyyat da, jurnalistika da, siyasət də
bütün bunlardan sonra gəlir.
Siyasət, jurnalistika və ədəbiyyat
arasındakı vəhdətə gəldikdə isə,
düşünürəm ki, heç vəhdətə
ehtiyac da yoxdur.
Hər birinin öz yeri var.
- Çətin
deyil balansda saxlamaq?
- Əgər birini digərinə alət etmirsənsə,
çətin deyil.
- Şeir mənə görə,
yaşamadığın hadisəni belə sənə
yaşatmalıdır. Sanki oxuduğun müəllifin
ağrısı deyil, sənin illərlə bəslədiyin
ağrıdır. Sizin şeirlərdə bu var.
Oxucuları dərdinizə şərik etmək sizi sevindirir,
güman ki...
- İnsan doğulduğu gündən özünü və
ətrafını dərk etməyə
çalışır. Gerçək yaradıcı adamı
başqalarından fərqləndirən əsas cəhət
başqalarının ağrılarını hiss etməsi və
yaşamasıdır. Bu baxımdan mən oxucuya
öz dərdlərimi yox, hamının ortaq dərdlərini
danışıram. Beləliklə,
başqalarının dərdinə şərik oluram.
- Şeirlərinizdə ilahiyə çox müraciət
edirsiniz.
Tanrı Elçin Mirzəbəyliyə yardımçı ola bildimi?
-
Başqa hansı ünvana müraciət etməliyəm ki? Tanrı ilə danışmaq çox rahatdır.
Səni eşidir, dərdlərinə şərik
olur və səndən heç bir təmənnası yoxdur.
Mənim üçün Tanrı ən
demokratik, ən azadfikirli bir ünvandır. Tanrı sevgidir və Onun
böyüklüyünü dərk etdiyim üçün də
yalnız və yalnız Ona müraciət edirəm. Amma yardım üçün yox, dərdləşmək
üçün.
-
"Üfüqdə Tanrının qətliamıdır"...
Tanrını kimlər qətl etdi, Elçin bəy?
- Bu suala ətraflı
cavab vermək üçün bir ömür vaxt
lazımdır. "Üfüqdə
Tanrının qətliamıdır" sözlərini yazmaq
üçün də həmçinin, bütün dini-fəlsəfi
cərəyanların içindən keçib Tanrının
böyüklüyünü dərk edə bilməli və
Onu öz düşüncəndə dinlərin, məzhəblərin,
təriqətlərin buxovlarından azad etməlisən.
"Üfüqdə Tanrının qətliamıdır"
zaman-zaman tapındığımız dəyərlərin qətlə
yetirilməsidir. Kəbədə bütlər
sındırılanda onlara tapınanların
"tanrıları" qətlə yetirilmişdi. Onların "tanrı" haqqında
düşüncələri, bu düşüncədən
doğan həyat tərzləri, münasibətlər sistemi məhv
edilmişdi. Əvəzində boyük bir
boşluq yaranmışdı. Bu boşluq, heç
şübhə etmirəm ki, hər yeni din gələndə,
yaxud məzhəb və təriqət ortaya çıxanda
yenidən yaranıb və həmin dövrdə yaşayan
insanların təfəkkürlərinin üfüqində
onların "Tanrı" deyib tapındıqları dəyərlər
sistemi "qətlə yetirilib". Yenisinin bu
boşluğu doldurmasına isə nə qədər zaman və
insan taleyi qurban verilib.
- Siyasi
görüşlərinizi əks etdirən
statuslarınızda, yazılarınızda aktiv gənc
publisist, şeirlərinizdə isə illərdən yorğun
düşmüş bir obraz var. Əsl Elçin Mirzəbəyli
hansıdır?
- Statuslar
bu və ya digər hadisəyə ani reaksiyadır. Mən peşəkarlıqdan və təvəzökarlıqdan
uzaq görünsə də, öz yolu, öz üslubu,
yanaşma tərzi və fəlsəfəsi olan publisistəm.
Şeirlərimdə isə mənim yox, cəmiyyətin
yorğunluğu var, həm də bir neçəsində.
Əsl Elçin Mirzəbəyli imzamın olduğu hər
yerdə var: İnsan kimi, vətəndaş kimi.
- Bir az da sənət-şəxsiyyət məsələsinə
toxunmaq istəyirəm. Ramiz Rövşən
şəxsiyyəti yüksək adamların sənəti də
yüksəkdir deməklə sənətlə şəxsiyyəti
eyniləşdirirdi. Amma çoxu bu fikri
inkar edirdi. Sizcə necə, şəxsiyyət
sənətə təsir edirmi?
- İstənilən müqayisə subyektivdir. Şəxsiyyət
amili çox önəmlidir, şübhəsiz. Amma burada resept yoxdur. O qədər istedadlı,
intellektual əclaf tanıyıram ki... Digər
tərəfdən, ədəbiyyat təkcə ani hisslərin,
duyğuların, ovqatın məhsulu deyil. Yaradıcı adamın düşüncəsi,
intellekti və hətta daxili mədəniyyəti belə onun
yaradıcılığında özünü büruzə
verir. Digər tərəfdən,
yaradıcı insanlara hər kəs öz baxış
bucağından yanaşır. Əksər
hallarda dəyərləndirmə görünən, yaxud təqdim
edilən portret cizgiləri əsasında olur. Yüksək
ədəbiyyatın təməlində yüksək mədəniyyət,
yüksək intellekt və genetik kodlar dayanır...
- Rəşad Məcidin doğum gününə həsr
etdiyiniz məqalədə ona yazdığınız
"Kabus qatar" şeirinizi özü sizdən istədiyini
qeyd etmisiniz. Siz də "baş üstə, yazacağam"
demisiniz. Adətən, şairlərə kənardan
bu mövzuda yaz deyə səslənəndə onların azad
ruhu imkan vermir ki, yazdığı yazı qəlbə
toxunsun. Sizdə əksinə
alınıb. Ayrılıq həsrətini
hamımıza çəkdirdiniz. Güman
ki, Rəşad Məcid sizdən belə bir şeir istəməmişdən
siz də onu yazmağı düşünürdünüz.
Yoxsa necə səmimi alınardı?
- "Kabus qatar"da mən də Rəşad Məcid
və Akif Aşırlı ilə birlikdə idim, amma ruhən. Ona görə ki, mən də
ağdamlıyam, şuşalıyam, laçınlıyam..,
zəngəzurluyam, irəvanlıyam.., təbrizliyəm, zəncanlıyam...
Ruhən Bütöv Azərbaycana aid olduğum
üçün itirdiyimiz və işğal altında olan
torpaqlarımızın hər parçasını, bu
torpaqlara bağlı olan insanların ağrılarını
öz ağrım kimi hiss edirəm. Burada
qəribə heç nə yoxdur.
- Elçin Mirzəbəylini danışdıran nə
olur?
-
Danışmaq istəyi.
- Həyatınızın
müəyyən mərhələsində fikirlərinizi
yonan, həyatınıza ciddi təsir edən əsər
olubmu?
- Təxminən
5 yaşımdan bacılarımın sayəsində
oxumağı, yazmağı öyrənmişəm. O
gündən bəri oxuyuram - Ellin mədəniyyətinin
yaratdığı böyük mədəniyyətin ədəbiyyatdakı
təzahürlərindən Nəsimiyə, Sartra, Belinskiyə,
Andreyevə, Çexova, Kanta, Nitşeyə, Freydə... kimi. Hər gün oxuyuram və öyrənirəm.
Amma həyatımı dəyişən Miloş
Formanın "Amadey" filmi olub. Bu filmə ilk dəfə
1991-ci ilin yanvarında baxmışam. Sankt-Peterburqdan
Bakıya gəlmək üçün təyyarə bileti
almışdım. Həmin dövrdə təyyarə
Bakıya gecə saat 3, yaxud 4-də uçurdu. Film məni o qədər sarsıtmışdı
ki, uçuş vaxtını belə unutmuşdum.
O film
bütün dövrlərin dahi bəstəkarı
Motsartın filmdəki obrazının timsalında mənə
anlatdı ki, nə qədər böyük istedad olursansa ol,
özünü qorumaq üçün zirehin yoxdursa, hər kəs
səni tərk edəcək, cəsədini
yağışlı bir gündə tələsik su ilə
dolu çalaya atıb üzərini torpaqlamağı belə
qəbirqazanların vicdanına buraxacaqlar. Ona
görə də, güclü olmaq və insanları öz həyatına
buraxmamaq lazımdır.
- Gənc yazarlardan kimi bəyənirsiniz?
- Plagiatla məşğul olmayan, öz yolunu axtaran hər kəsi. Sayları çoxdur, bu səbəbdən də adlarını sadalamaq istəmirəm.
-
Elçin Mirzəbəyli yol ayrıcında qalsaydı,
işıq gələn tərəfi seçərdi, ya it
hürən tərəfi?
- İt hürən tərəfi. İt hürən
tərəfdə həmişə insan olur.
- Mən
sizə vaxt ayırıb səmimi söhbətinizə görə,
təşəkkür edirəm. Oxucularınızı
görüşünüzə ümidləndirmək istərdinizmi?
- Mən də təşəkkür edirəm. Yeni kitabım təxminən 1 ay olar ki, hazırdır. Kitabın adı mənim üçün önəmli olduğu üçün çoxsaylı variantların arasından hələ ki, seçim edə bilməmişəm. Kitab hazır olduqdan sonra hər kəsi imza gününə və təqdimata dəvət edəcəyəm. Görüşərik, sağlıq olsun.
Vüsalə
SELCAN
525-ci qəzet.- 2020.- 5 fevral.- S.15.