“Gəncləşən muğam”
layihəsinin yeni konserti Əlibaba Məmmədova həsr edilib
Fevralın
3-də Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən
muğam” layihəsinin növbəti konserti təqdim olunub.
Layihənin
budəfəki konserti Xalq artisti, “Şöhrət” ordenli
görkəmli xanəndə Əlibaba Məmmədovun 90
illiyinə həsr olunub.
Konsertdən
əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi
işlər üzrə prorektoru Lalə Hüseynova ustad xanəndə
haqqında deyib: “Əlibaba Məmmədovda ustada layiq olan
bütün keyfiyyətlər var. O, öz
avazı, öz yolu, öz dəstxəti olan sənətkarlardan
biridir və özünün
bənzərsiz ifa tərzi ilə muğam sənətinə təravət və
gözəllik gətirib. Bu gün sənətdə ilk
addımlarını atan gənclər ondan çox şey öyrənməlidirlər”.
Layihənin
rəhbərlərindən biri Xalq artisti, professor Mənsum
İbrahimov deyib: “Layihənin növbəti
buraxılışını Əməkdar artistlər xanəndə
Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman
ifaçısı Elnur Əhmədovla birlikdə ustad
ifaçı Əlibaba Məmmədova həsr etməyi qərar
aldıq və onun keçdiyi sənət yolu, muğama olan
sevgisi hər birimiz üçün örnəkdir”.
Qeyd
olunub ki, “Gəncləşən muğam”ın əhatə
dairəsi ildən-ilə genişlənir. 2005-ci ildən
həyata keçirilməyə başlayan
layihə çərçivəsində təşkil olunan ötən altı konsert
onlarla istedadlı ifaçının
tanınmasına təkan verib.
Başlıca məqsəd gənc istedadlara
dəstək olmaq, böyük
səhnədə ilk addımlarını
atmaqda, daha da tanınmaqda onlara
yardım göstərməkdir.
Sonra
ustad xanəndənin bəstələdiyi “Min yaşasın”,
“Söylə”, “Mənim alagöz yarım”, “Gəl bizə
yar”, “Şadlanasan, güləsən”, “Səni gözlə” və
”Ürəyim” mahnıları Nurlan Namazov, Gülzar Fərəcova,
Ramiq Bayramov , Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli,
Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev,
Günay İmamverdiyeva və digər gənc xanəndələrin
ifasında səslənib.
Konsertin yekununda layihənin bütün iştirakçıları Əlibaba Məmmədovun müəllifi olduğu “Ürək deyir yaşa hələ” mahnısını birgə ifa ediblər.
525-ci qəzet.- 2020.- 5 fevral.- S.15.