Vahid Həsənov: "Bir kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım vaxtlar
olub"
"XOŞBƏXTƏM
Kİ, İNSANLARDAN DAİMA DƏSTƏK
GÖRMÜŞƏM"
Sosial şəbəkələrdə parlayanlar...
Sonsuz imkanlara
malik olan sosial şəbəkələrin
sərhədləri təkcə
ölkə daxilində
məhdudlaşmır. Bu auditoriya fərdlərin özlərini və yaşadıqları məkanı
dünyaya tanıtmasına
da geniş imkanlar açır.
Belə vətənpərvər gənclərdən
biri də fotoqraf Vahid Həsənovdur. Fotoqrafiyadan
ən yaxşı şəkildə istifadə
edən V.Həsənov
"Bura vətəndir"
layihəsi çərçivəsində
Azərbaycanın müxtəlif
bölgələrinin təbiəti
ilə tanış
olur və gördüklərini kameranın
yaddaşına köçürərək
həm ölkədə,
həm də dünyada tanıdır.
Beləliklə, rubrikamızın budəfəki
qonağı gənc fotoqraf Vahid Həsənovdur.
- Əvvəllər xarici
ölkə fotoqraflarınin
çəkilişlərini izləyir və bunun insanlar tərəfindən necə
maraqla qarşılandığını
görürdüm. İstəyirdim ki, ölkəmizin də təbiətini belə canlandıran fotoqraflar olsunlar. Amma bizdə belə bir stereotip yaranmışdı
ki, Azərbaycanda o qədər də gözəl yerlər yoxdur. Bu fikirləri
dağıtmaq üçün
2016-cı ildə "Bura
vətəndir" layihəsinin
əsasını qoymaq
qərarına gəldim.
Məqsədim bu ideya altında təbiətin gözəlliklərini insanlara
göstərib ölkəmizi
bütün dünyada
tanıtmaq idi. Amma həmin kadrları alındırmağın və
düzgün zamanı
tutmağın çətin
olduğunu bilirdim.
Araşdırdıqca öyrəndim
ki, belə fotoların çəkilməsi
üçün ən
əlverişli zaman hər məkanın təbiətinə uyğun
olaraq gündoğan və ya günbatan
vaxtları seçilməlidir.
Beləliklə, rayonları gəzib
şəkilləri çəkməyə
başladım. İlk vaxtlar
çəkilişləri yalnız
foto formatında edirdim, irəliləyən
zamanlarda bunu video halına da gətirdim.
- Demək, xarici fotoqraflardan ruhlandınız?
- Onları özümə sadəcə, nümunə
götürdüm. Mənə daha
çox ilham verən isə vətənim və onun əvəzsiz təbiəti oldu.
"Layihəmi reallaşdırmaq üçün
ən əlverişli
məkan sosial şəbəkələrdir"
- Bu fəaliyyətinizdə sosial
şəbəkələrin nə kimi rolu
var?
- İndiki zamanda
çoxumuz informasiyanı
sosial şəbəkələrdən
əldə edirik. Buna görə də mənim həyata keçirdiyim layihənin də daha geniş
miqyasda reallaşdırılması
üçün ən
əlverişli məkan
məhz bu platformalardır. Mən də
bu yolu tutdum
və əvvəlcə
İnstaqramda paylaşımlar
etməyə başladım,
sonra isə Feysbukda davam etdirdim. Sonralar video formatında çəkilişlər etdikdə
isə onları Yutub kanalımda yayımladım. Əgər
bunları özüm
üçün çəkib
saxlasaydım, təbii
ki, heç kim gorməyəcəkdi.
Ona görə də sosial şəbəkələr
bu işdə mənim üçün əsas paylaşım və təqdimat vasitəsi rolunu oynadı.
- Vahid bəy, fotoqrafiyaya marağınız
necə yaranıb?
- Hərbi xidmətdən qayıdandan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə qəbul
olundum. Əslində, universitetə qəbul
olunanda fotoqrafiya ilə heç bir bağlılığım
yox idi. Uşaqlıqdan rəsm çəkməyi
sevdiyim üçün
memarlıq fakültəsini
seçmişdim. Universitetdə təhsil aldığım
müddətdə çəkdiyim
rəsm əsərləri
ilə fərdi sərgim də keçirilmişdi. Ancaq bu da məni özünə
o qədər də cəlb etmədi və II kursdan etibarən səyahətlər
etməyə başladım.
Həmin
səyahətlər zamanı
təbiətin qoynunda
zaman keçirmək mənə çox xoş gəlirdi. Başa düşdüm ki, mənim yerim elə təbiətdir.
Ona görə də universiteti dayandırıb
fotoçəkilişlər etməyə başladım.
"Gördüyüm
işlərə dəyər
verənlər çoxdur"
- Bəs, ilk vaxtlar səyahətlər və
çəkiliş avadanlıqları
üçün maliyyəni
hardan əldə edirdiniz?
- Birinci dəstək ailəmdən gəlmişdi.
Sonra portretlər çəkməyə
başladım və burdakı sifarişlərdən
əldə etdiyim qazancla rəsm əsərlərini İnstaqramda
paylaşmaq üçün
bir fotoaparat aldım. Bir gün səyahətə
gedəndə fotoaparatımı
da özümlə götürdüm. Bir neçə
dəfə çəkilişdən
sonra gördüm ki, bu sahə
mənə daha yaxındır. Şəkilləri çəkməyə və
paylaşmağa başladıqca
tanınır, sosial şəbəkələrdə müxtəlif rayonlardan oranın təbiətini tanıtmaq üçün
dəvətlər alırdım.
İndi də hansısa bir rayona getməzdən
əvvəl paylaşım
edirəm, azı 20-30
nəfər kömək
etməyə hazır
olduğunu bildirir.
Bir dəfə hətta layihə üçün
avadanlıqlarımı da
satmışdım. Bu
zaman fotoaparat da hədiyyə edənlər olmuşdu.
Yəni gördüyüm işlərə
dəyər verənlər
çoxdur. Ancaq mən
istəyərdim ki, hər kəs öz yaşadığı
bölgənin, təbiətinin
gözəlliklərinin tanınmasına
can yandırsın.
"Təbiət
studiya deyil və istədiyin havanı ora gətirə bilməzsən"
- Yaxşı nəticə əldə etmək çətin olur. Yəqin siz də hansısa
çətinliklərlə qarşılaşmısınız?
- Bəzən axtardığım
kadrı tutmaq üçün həftələrlə
gözləyirəm, bəzən
də bir neçə saat çəkir. Çünki təbiət studiya
deyil və istədiyin havanı ora gətirə bilməzsən. Buna görə də gözləmək lazımdır.
Çətinliklər isə daha çox fiziki cəhətdən olur.
Çünki yuxarı qalxdıqca
oksigen azalır, yükümüz də ağır olur. Çadırda gecələməli olduğum üçün
çox hadisələr
yaşamışam. Amma bunlar
başıma tez-tez gəldiyinə görə
mənim üçün
adiləşib. Bir dəfə
çoban itləri canlı yayımda olarkən hücum ediblər. Bir neçə dəfə
də ayı ilə üz-üzə gəlmişdim. Hələ bir
kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım
vaxtlar da olub. İki dəfə təxminən
10-15 metr məsafədə
ayı ilə göz-gözə gəlmişəm.
Amma yaxşı ki, ayı qaçdı.
- Fotoqrafiya sahəsində özünüzə kimlərisə
rəqib görürsünüzmü?
- Əslində, Azərbaycanda
təbiət şəkilləri
çəkən fotoqrafların
sayı çox olmadığı üçün
kimisə özümə
rəqib görmürəm. Mənim əsas
məqsədim xaricilərin
fotolarından daha yaxşılarını alındırmaqdır.
- "Samsung" reklamına video çarx çəkmisiniz. Necə oldu
ki, bu işi
sizə təklif etdilər?
- "Samsung" şirkəti çəkilişlərimi bəyənib
və yeni çıxan 8K TV-nin reklam çarxını təbiətlə əlaqələndirmək
istəyib. Bunu da mənə
həvalə etmək
istədilər. Mən də
böyük məmnuniyyətlə
qəbul etdim. Yaxşı bir iş ortaya çıxdı.
- Daha hansı şirkətlərlə işbirliyiniz
var?
- Hazırda bir neçə kontraktlarımız
var, ancaq tam təsdiqlənmədiyi üçün
açıqlaya bilmirəm.
Qeyd edim ki, bizim "Go sport" və "Pasha travel"lə
də birgə layihələrimiz olub.
- Foto və videoların
yüksək keyfiyyətli
alınması üçün
hansı avadanlıqlardan
istifadə edirsiniz?
- Hazırda mən
"Sony" və "Dron"
kameralarından istifadə
edirəm. Ancaq hər çəkilişdə
kamera o qədər də əhəmiyyət daşımır. Yalnız 8K-nı çəkəndə güclü
avadanlıqlara ehtiyac olur. Çünki o effekti adi kameralar vermir.
"Azərbaycanın bütün
bölgələrini gəzdikdən
sonra dünya səyahətinə çıxmağı
planlaşdırıram"
- Dediniz ki, işinizi
alqışlayanlar çox
olub. Bəs, qarşınızda dayananlar necə?
- Qarşımda yalnız çətinliklər dayanıb.
Xoşbəxtəm ki, insanlardan
daima dəstək görmüşəm və
həmin çətinliklərin
öhdəsindən birgə
gəlmişik.
- İrəlidə daha
hansı planlarınız
var və nələr gözləyirsiniz?
- Azərbaycanın bütün
bölgələrini gəzdikdən
sonra dünya səyahətinə çıxmağı
planlaşdırıram. Gözlədiyim bir vacib nüans
var. O da layihəmin rəsmi şəkildə
tanıdılmasıdır. Əgər belə olsa, mən də işlərimi daha yüksək səviyyədə
həyata keçirə
bilərəm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 5 fevral.- S.14.