“Xalq azad nəfəs almaq istəyirdi”
Ukraynanın
“Slovo prosviti” qəzeti ötən illər Ukrayna
Yazıçılar Birliyinin təşəbbüsü və
maddi dəstəyi ilə ukrain dilinə tərcümə edilərək
Kiyevin “Äđóăĺ äčőŕíí˙” nəşriyyatında çap olunmuş
“Azadlıq” romanıyla bağlı əsərin müəllifi,
Xalq yazıçısı Afaq Məsudla müsahibə dərc
edib.
Müsahibə
romanın yazıldığı tarixi mərhələ, həmin
illər ölkədə cərəyan edən ictimai-siyasi
proseslər, xalq və insan azadlığı ilə
bağlı sualları əhatə edir.
Müsahibənin
Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim
edirik.
-
Afaq xanım, Sizin yaradıcılığınız Ukrayna
oxucularına yaxşı tanışdır. 2017-ci ildə
Kiyevdə ukrain dilində nəşr olunan “Azadlıq”
kitabınız burada böyük maraqla qarşılandı.
İlk öncə, Ukrayna və ukrainlər haqqında təəssüratlarınızı,
fikirlərinizi bölüşməyinizi xahiş edirik.
-
Ukrayna hər zaman Azərbaycan üçün doğma məkan,
ukrainlər dost, qardaş olub. Tarix boyu hər iki xalqı
bir-birinə bağlayan bu doğmalıq bu gün də
yaşanmaqdadır. Bu, heç bir maddi, ya siyasi marağa
dayaqlanmayan, təmənnasız, əzəli bir
bağlılıq, ruhi doğmalıqdır.
Düşünürəm, bu doğmalığın təməlində
hər iki xalqın oxşar mental keyfiyyət və xüsusiyyətləri
dayanır. İlk növbədə, böyük insan sevgisi, mərhəmət,
dözümlülük, mənəvilik və səmimiyyət.
-
Ukrayna ədəbi tənqidçiləri “Azadlıq”
romanını müzakirə edərkən, simvolizm barədə
xeyli danışdılar. Simvolizim Sizin
yaradıcılığınızda hansı yeri tutur? Məlumdur
ki, Azərbaycan mədəniyyətində,
mentallığında hər bir sözün, hərəkətin
simvolik mənası var... Ukrayna oxucusu üçün də
bu, olduqca maraqlı, eyni zamanda, bir qədər mürəkkəb,
əsrarəngiz təsir bağışlayan məqamdır...
- Simvolizm
təəssüratını, olsun ki, əsərdə təsvir
olunan real həyatla paralel şəkildə, hansısa ələgəlməz,
şəffaf aləmlərdə baş verən hadisə və
situasiyalar yaradır. Reallığın alt
qatında yatan gizli həqiqətlərin sirri də, həmin
bu ərazilərdə açılır. Bu
mənada, əsər, boş görüntü hesab etdiyimiz
yuxularımızın şüuraltımızda yatan qədimdən-qədim,
gizli həqiqətlər dəfinəsi olduğunu, bu aləmin,
reallığın özü qədər, bəlkə ondan
daha gerçək və həlledici olduğunu sərgiləyir.
-
Romanı yazmağa Sizi nə sövq etdi?
- “Azadlıq” 90-cı illərin əvvəllərində
– Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə
qalxdığı keşməkeşli dövrlərdə
yazılıb.
O illər Bakının dənizkənarı bulvar tərəfində
yerləşən Azadlıq meydanı Azərbaycanın
döyünən ürəyinə çevrilmişdi, məmləkətin
dörd bir yanından bura insanlar axışır, hər tərəfdən
“Azadlıq” sədaları eşidilirdi. Bu, hədsiz
təsirli bir mənzərə idi. Uzun illər
sovetlər birliyinin tərkibində, sovet ideologiyası əsarətində
boğulan xalq, artıq azad nəfəs almaq istəyirdi.
Bütün bu hadisələrdə təbii ki,
mən də iştirak edirdim, insanların günlər və
həftələrlə meydanı tərk etmədiyini, soyuq
gecələrlə tonqallar qalayıb, çadırlarda
yatdığının şahidi olurdum. Eyni zamanda, bu
izdihamlı xalq hərəkatına qatılan, lakin ölkədə
nə baş verdiyini anlamayan, ora, Vətəninin dərdi,
yaxud, hansısa azadlıqlar üçün yox, neçə
illərdən bəri üst-üstə qalanan xırda, məişət
dərdləriylə gəlib, o birilərlə bir
“azadlıq!” – deyə qışqıran
insan kütlələrini də görürdüm. Bu isə, tamam ayrı, sarsıdıcı bir mənzərə
idi. Onda məni belə bir hiss bürüdü ki, bu
adamlara baş verənlərin mənasını anlatmaq,
azadlığın mahiyyətini izah etmək lazımdı. Roman belə yazıldı.
-
Romanı “Azadlıq” adlandırmaqla bu anlayışa, sanki
hansısa məxsusi mənalar vermisiniz…
-
Bilirsiniz, azadlıq – alt qatında xeyli sayda anlaşılmaz
sirlər və mətləblər yatan, yarıqaranlıq dəhlizlər
və döngələrlə dolu, müəyyən mənada
Kainatın özü qədər ələgəlməz,
mistik məfhumdur. İstər ona insan hüquq və
azadlıqları prizmasından, istər xalq
azadlığı, yaxud fərdin daxili azadlığı
prizmasından yanaşanda belə. Mən
özüm də bunu romanı yazmağa başlayanda
anladım. Yəni burada mətləb və
nəticə daha dərindədir. Söhbət
xalqın, millətin təyinatçısı olan Fərdin
daxili azadlığından gedir – fizioloji varlıq olaraq,
öz bədəninin vəziyyətindən asılı olan,
hər an xəstələnməyə, zamanla qocalmağa,
sonda ölümə məhkum olan fərdin daxili azadlıq
hissindən gedir... Və həmin bu fərdin, hətta öz
yorğan-döşəyində, sanki bir kimsənin müdaxilə
edə bilməyəcəyi intim, səssiz yuxularında belə
azad olmadığı, ayrı sözlə desək, taleyinə
yazılmış sirli alın yazısının
icrasından yuxularında belə, bircə addım kənara
çıxa bilmədiyi qaçılmaz həqiqət kimi
ortaya çıxırsa, belə olan halda hansı
azadlıqlardan danışmaq olar? Eyni mənzərə
ilə “azadlığ”ın digər aspektlərində də
üzləşməli oldum. Yəni mətləbin
dərininə vardıqca, hər kəsin və hər
şeyin – insanların, ölkələrin, xalqların,
ümumiyyətlə bütün yaradılanların bir-birindən,
hansı mənadasa asılı, yaxud, bir-biriylə necəsə
bağlı olduğunun, bu asılılıqlar və
bağlılıqlar dolu kip yaşam strukturunda
azadlığı harada və necə axtarmağın acı
həqiqəti ilə qarşılaşdım.
-
Simvolizmdən söz düşmüşkən, “Azadlıq”
romanı Ukrayna oxucusuna təqdim olunduğu dövrdə
ölkəmiz əsərinizdə təsvir olunan həmin mərhələni
yaşayırdı, sanki əsərdə Ukraynada baş verənlər
təsvir olunurdu. Dediyim odur ki, Sizin “Azadlıq”
romanınız Ukraynanın mürəkkəb durumunda bir
çoxlarımıza mənəvi dayaq oldu. Bəlkə, burada da bir rəmzi məna var.
“Azadlıq” Ukraynaya məhz ölkənin bu kitaba ehtiyac
duyduğu dövrdə gəlib çatdı? Bu barədə nə deyə bilərsiniz?
-
Ümumiyyətlə, bu gün ətrafımızda baş verənlər,
yəni real aləmlə, romanda təsvir olunan həmin irreal,
incə aləmlər arasındakı sərhədlərin tədricən
şəffaflaşdığı, bu prosesin, getdikcə,
özünü daha qabarıq şəkildə biruzə
verdiyi hiss olunur. Sanki həyatımız, baş
verən hadisələr, həm də necəsə, bizim bilmədiyimiz,
anlamaq iqtidarında olmadığımız, hansısa
ayrı mənalar və əhəmiyyətlər kəsb etməyə
başlayır. Məsələn,
deyirsiniz, “Azadlıq” romanı, sanki Ukraynada baş verənləri
əks etdirir, kitabın, məhz bu dönəmdə Ukraynaya
yol açmasını rəmzi mənalarla əlaqələndirirsiniz.
Eyni fikir Gürcüstanda, Rusiyada, eləcə də
roman tərcümə, yaxud nəşr olunduğu digər
ölkələrdə də səsləndirilir. Burada, sözsüz ki, mistik məqamlar və səbəblər
var. İlk baxışda, səbəblərdən ən
üzdə olanı budur ki, əsərdə təsvir olunanlar
tarix boyu dünyanın bir çox ölkələrində
yaşanıb və bu gün də yaşanmaqdadır. Yer üzündə elə bir xalq yoxdur ki, azad cəmiyyət,
demokratik dəyərlər, azadlıq idealları və daha
hansısa azadlıqlar uğrunda mübarizəyə
qalxmasınlar. Yəni bu, min illərlə
belə olub, düşünürəm, belə də olacaq.
Görünən budur ki, uğrunda ölümə gediləsi
İnsanlıq hər zaman azadlığa – ən ali həyat neməti, İnsanlıq Haqqı
kimi can atıblar. Və məsələyə bir qədər
dərindən yanaşanda, yəni xalqı, toplumu təmsil edən
Fərdin daxili azadlıq məsələsinin mahiyyətinə
varanda, özünü, hansısa izaholunmaz, dərkedilməz
həqiqətlərin astanasında hiss edirsən, bu məsələyə
hər hansı aydınlıq gətirməyin – Kainatı,
onun sərhədlərini təsəvvürə gətirmək
qədər mümkünsüz bir iş olduğunu, bunun, bəlkə
də, ruhun dərkedilmə sirri qədər insanlığa
yasaq edildiyini anlayırsan.
- Romanda Heydər Əliyevin hakimiyyətə
gəlişinə qədərki dövr təsvir edilir. Bu, dövlətçiliyə qarşı təhlükələrin
yarandığı taleyüklü, tarixi bir mərhələ
idi. Ukrayna da eyni yolu keçdi. Sizcə, Ukrayna oxucusu “Azadlıq” romanında dövlətçiliyə
qarşı yönələn təhlükələrin aradan
qaldırılmasını, ölkəsinin inkişaf yoluna qədəm
qoymasını təmin edəcək impulslar tapa bilərmi?
- Roman ilk
baxışda tarixi əsər təsiri
bağışlayır. Onu belə də səciyyələndirmək
olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda
baş verən ictimai-siyasi hadisələr, öz müstəqilliyi
uğrunda ayağa qalxan xalq kütlələri, Bakının
mərkəzində yerləşən Azadlıq meydanında
baş verənlər – savadsızlığı və təcrübəsizliyi
ucbatından ölkəni uçuruma sürükləyən
oyuncaq hökumət, səriştəsiz dövlət təmsilçilərinin
xalqın gözü qarşısında sərgilədiyi
tragikomik olaylar və sair və ilaxır. Roman –
insan azadlığı, ictimai-siyasi, sosial azadlıqlar problemi,
meydan hərəkatı və sair baxımından bu gün
dünyanın bir çox ölkələrində baş verənlərlə
səsləşməyə davam edir, bu səbəbdən də
hər yerdə maraqla qarşılanır. Janr etibariləsə
bu, psixoloji-mistik dramdır, yəni “azadlıq” deyilən məfhumun,
az qala toxuma səviyyəsində
araşdırılmasıdır. Dövlətçiliyə
qarşı təhlükələrin aradan
qaldırılmasına gəlincə, düşünürəm,
əsər bu baxımdan da kifayət qədər impulsivdir.
Yeri gəlmişkən, romanın birinci fəslində
təsvir olunanlar, obraz və situasiyalar o dövrün
reallığını əks etdirir. Bu fəsildə
sovetlər birliyinin buxovlarından yenicə azad olmuş
sahibsiz ölkəni, hakimiyyəti ələ keçirən,
dövlət, dövlətçilik məfhumundan bixəbər
bir dəstə adamın xalqın başına gətirdiyi
müsibətlər təsvir edilir və bu gündən
keçmişə nəzər salanda, həmin o həlledici
dönəm Heydər Əliyevin Azərbaycana
qayıdışı ilə ölkəsini, xalqını dərin
və çıxılmaz uçurumdan xilas etdiyi danılmaz
tarixi həqiqət kimi ortaya çıxır.
- Məlumdur
ki, Azərbaycan Qərblə Şərqin arasında yerləşir.
Azərbaycanlılar özlərini Şərq,
yoxsa Qərb mədəniyyətinin bir hissəsi hesab edirlər?
- Azərbaycanın
qədim və zəngin mədəniyyəti var. Bu
yazılı tarix bizim eranın birinci minilliyinin sonlarından
– qədim Dədə Qorqud dastanıyla başlayır,
dünya fikir xəzinəsinə misilsiz töhfələr
vermiş Əfzələddin Xaqani, Nizami Gəncəvi, bu il
650 illik yubileyi Ukraynada da qeyd edilən İmadəddin Nəsimi,
Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və
digər söz dahilərilə davam edir. Bəstəkarlarımız
Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov,
Vaqif Mustafayev, əsərləri dünya muzeylərində
saxlanan rəssamlarımız – Səttar Bəhlulzadə, Cavad
Mircavadov, Toğrul Nərimanbəyov … yeni siyahını
sonsuza qədər uzatmaq olar. Fikir, duyğu və
düşüncə arealı ilə dünya mədəniyyəti
tarixinə yeniliklər gətirmiş dahilərimiz
çoxdur. Və bu belə müxtəlif
çalarlı zəngin mədəniyyəti nə Qərbə,
nə də bütünlüklə Şərqə aid etmək
düzgün olar. Bu, ümumbəşəri
dəyərlərdir. Bizim muğamat bu
gün dünyanın hər bucağında Amerikada, Avropada
heyrət doğurur.
- Ukrayna
oxucularınıza nə arzulardınız?
- İlk növbədə, fərd və millət olaraq
özünü dərk etməyi, müstəqilliyi qoruyub
saxlamağı, dünyaya hər zaman açıq
olmağı, haqqa, ədalətə aparan yolu tezliklə
arayıb- tapmağı və ona çatmağı.
-
Müsahibəyə görə təşəkkür edirəm.
Marina QONÇARUK
525-ci qəzet.- 2020.- 5 fevral.- S.13.