Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi

 

Polad Bülbüloğlu – 75

 

Milyonların sevgisini qazanmış böyük sənətkarımız Polad Bülbüloğlunun 75 yaşı tamam olur. Onun pərəstişkarlar ordusu son dərəcə geniş və müxtəlif, çoxmillətli və çoxtəbəqəlidir.

O, indi də, harada çıxış etməsindən asılı olmayaraq, dolu zallar və qeyri-adi tamaşaçı hüsn-rəğbəti ilə qarşılaşır. Polad Bülbüloğlunun istedadı və sənətinin cazibəsi qarşısında Zaman da sanki aciz görünür. Bu fikrin həqiqiliyini  ötən yay Polad müəllimin Türkmənistanın paytaxtı Aşqabadda baş tutmuş konsertində bir daha anladım. O özünü səhnədə qeyri-adi dərəcədə gümrah və çevik, yəni 50 il bundan öncə nəhəng salonları necə ələ alırdısa, o tərzdə aparırdı. Konsertin sonuna doğru səhnədə gül-çiçək əlindən tərpənmək olmurdu. Tamaşaçılar onu heç cür buraxmaq istəmirdilər. Etiraf edim ki, bu cür tamaşaçı şovqü və çoşğunluğu ilə çoxdandır rastlaşmamışdım. Həmin günlər MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının Aşqabadda növbəti toplantısı keçirilirdi və hər bir üzv ölkədən bu mötəbər tədbirdə böyük nümayəndə heyəti iştirak edirdi. Biz də - nümayəndə heyətinin üzvləri kimi Polad müəllimi həm bu sanballı quruma sədrlik edən təcrübəli dövlət və ictimai xadim kimi, həm də böyük səhnəni sanki heç vaxt tərk etməyən parlaq sənətkar kimi bir-birindən tam fərqli simada yaxından izləmək imkanı qazandıq. O, hər iki ampluada diqqət mərkəzində idi və şəxsiyyətinin bu çoxcəhətliyi üzvi vəhdətdə ortaya çıxırdı. Əslində, Polad müəllimin zəngin hadisə və təəssüratlarla dolu bütün həyat və yaradıcılıq yolu bunun aydın əksidir. 

Polad Bülbüloğlu 1960-cı illərin ikinci yarısında Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus bir tərzdə - Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi olmaqla yanaşı, həm də məxsusi tembrə və ifa tərzinə malik müğənni simasında - ölməz Bülbülün oğlu və davamçısı kimi fəal və parlaq surətdə daxil oldu. Musiqisində və səsində müasirliklə milliliyi yeni bir məcrada qovuşdurması ona bütün SSRİ məkanında tez bir zamanda böyük şöhrət gətirdi. Bəstəkar və müğənni sənətlərinin bu sayaq üzvi və davamlı birləşməsi faktına əslində,  XX əsr milli musiqi tariximizdə ilk dəfə rast gəlirik. Çünki onun görkəmli musiqiçi şəxsiyyəti özündə daim bəstəkar-müğənni tandeminin ayrılmaz, üzvi vəhdətini  yaşadır və çoxsaylı pərəstişkarlar ordusu, habelə geniş ictimaiyyət də onu məhz belə qəbul edib qavrayır. Polad Bülbüloğlu indi də dillər əzbəri olan və xalq ruhu ilə yoğrulmuş mahnılarının ən gözəl ifaçısı və təfsirçisidir. Bu da təsadüfi deyil. Axı Polad Bülbüloğlunun həyatda ilk eşitdiyi musiqi sədaları dahi atasının oxuduğu füsunkar xalq mahnıları, milli bəstəkar yaradıcılığının ölməz nümünələri olub. Tale sanki onun gözəl musiqiçi kimi yetişməsi və böyüməsi üçün hər bir şərait yaradıb. Hazırda Bülbülün mənzil muzeyi kimi fəaliyyət göstərən qonaqpərvər evində daim görkəmli ziyalılar - Məmməd Səid Ordubadi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Yusif Məmmədəliyev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Süleyman Ələsgərov, Tofiq Quliyev və digər adlı-sanlı sənət adamları, habelə Bakıya qastrola gələn məşhur ifaçılar, Bülbülün tələbələri yığışardı. O zamanlar Konservatoriyada dərs otaqları çatışmadığından, professor Bülbül bəzi günlər öz tələbələri ilə evdə məşğul olardı və balaca Polad böyük maraq və həvəslə o gözəl anları izləyərdi. Poladın vətənpərvər və yaradıcı şəxsiyyət, incəsənət və dövlət xadimi kimi formalaşmasında heç şübhəsiz, bu mühitin müstəsna rolu danılmazdır.

 

İlk musiqi təhsilini Polad müəllim o vaxt Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət  Konservatoriyası nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbində (hazırda Bülbül adına Orta İxtisas musiqi məktəbi) görkəmli pedaqoq, professor Kövkəb Səfərəliyevanın piano sinfində alıb. İncə musiqi duyumu, möhkəm yaddaşı sayəsində o, artıq 14 yaşlı yeniyetmə ikən müğənni atasını pianoda müşayiət etməyə başlayır və 1960-cı ildən onunla birgə Azərbaycanın  şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir. Bülbülün böyük məharətlə oxuduğu mahnı və romanslar Poladın hafizəsində silinməz iz qoyur. Onun qəlbində nəinki musiqini ifa etmək, habelə onu bəstələmək həvəsi baş qaldırır. Artıq məktəb illərində o ilk mahnılarını bəstələyir və bunlardan Məstan Günərin (Əliyev) sözlərinə “İlk görüşdən gəlirəm”, İslam Səfərlinin sözlərinə isə “Sumqayıt haqqında mahnı” o dövrün yadigarlarıdır. 1961-ci ildə gənc Polad həyatının ən ağrılı məqamlarından birini yaşamalı olur - xalqımızın sevimli və əvəzolunmaz Bülbülü dünyasını dəyişir. Bu itki ilə barışmaq Polad üçün mümkünsüz görünür və bircə çıxış yolu qalır - indən belə hamı onu Polad Məmmədov kimi deyil, məhz Polad Bülbüloğlu kimi tanıyacaq.

Güclü yazıb-yaratmaq eşqi məktəbi uğurla bitirən gənc Polad Bülbüloğlunu Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - professor Qara Qarayevin sinfinə gətirir. 1963-1968-ci illərdə peşəkar bəstəkar ixtisasına yiyələnməklə onun həyatında yeni mərhələ başlayır. Polad böyük müəllimindən bu çətin sənətin sirlərini addım-addım mənimsəyir. İlk zamanlar Qara Qarayev Poladı mahnı yazmaqdan çəkindirir: onun fikrincə, peşəkar təhsilə başlayan gənc bəstəkarlar ilk növbədə akademik musiqi janrlarının qayda-qanunlarını, ifadə və inkişaf metodlarını mənimsəməli idi və tələbəlik illərində Polad tədris proqramına uyğun olaraq piano prelüdləri, pyeslər, müxtəlif tərkibli ansambllar üçün əsərləri yazır. Onun diplom işi isə əla qiymətə layiq görülən simfonik poema olur. Lakin kiçik musiqi miniatürlərinə - mahnı janrına məhəbbət və həvəs heç vaxt sönmür. Poladın oxuyan qəlbi bir-birindən cazibədar mahnı melodiyalarının yaranmasına səbəb olur.

Polad Bülbüloğlu mahnı klassikamızın yaraşığı olan xeyli sayda nümunələrin müəllifidir. Bu mahnılarda milli köklər aşkar hiss olunur və onlar bəstəkarın öz ifasında - “bülbülsayağı oxuma” tərzi ilə estrada üslubunun üzvi qovuşması sayəsində çox orijinal səslənir. Bəstəkar öz mahnılarında əsl milli dildə danışır və bu başlıca keyfiyyət həmin mahnıların bütün struktur səviyyələrində - intonasiyadan tutmuş forma quruluşuna qədər özünü göstərir. Polad Bülbüloğlu ənənəvi mahnı qəliblərindən, məsələn, xalq musiqisində geniş yayılmış mahnı-bayatı qəlibindən ilhamlanaraq onun yeni, maraqlı və orijinal növlərini yaratmağa müvəffəq olub. Bu baxımdan bəstəkarın “Bayatılar” adlı mahnı silsiləsi xüsusilə diqqət çəkir. 1965-ci ildə gənc bəstəkar atasından miras qalmış “Bayatılar” xalq şeir məcmuəsini vərəqləyərkən bir neçə bayatının işarələnməsinə diqqət yetirir. Xalq hikmətinin mükəmməl və eyni zamanda, yığcam mücəssəməsi olan bu poetik incilər sanki bir-birinin davamı idi. Görünür, vaxtilə Bülbül ümumi məzmun və məna çalarına malik bir neçə bayatıdan ibarət silsilə oxumaq istəyirmiş. Lakin bu ideyanı gerçəkləşdirmək illər sonra onun oğluna nəsib oldu. Beləcə, 1965-ci ildə 4 mahnıdan ibarət “Bayatı” silsiləsi yaranır. Polad Bülbüloğlu etiraf edir ki, məhz bu mahnıları dinləyən Qara Qarayev, nəhayət, ona mahnı janrında işləməyə öz xeyir-duasını vermişdi. Tez bir zamanda Poladın öz ifasında məşhurlaşan “Bayatılar”ın ardınca “Bənövşələr”, “Dolalay”, “Axşam Bakısı”, “Bakı payızı” kimi gözəl mahnılar yaranır və onların ifaçıları arasında bəstəkarın uşaqlıq dostu, böyük müğənni Müslüm Maqomayevin xüsusi yeri vardır.

Ümumiyyətlə, P.Bülbüloğlunun mahnıları ideya-məzmun və üslub baxımından kifayət qədər rəngarəngdir. Nəinki vətəni Azərbaycanda, habelə onun hüdudlarından çox-çox kənarlarda bəstəkar-müğənni kimi məşhurlaşmış Polad Bülbüloğlu həm ana dilində (Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, Fikrət Qoca, İslam Səfərli, Məstan Günər (Əliyev), Cabir Novruzun sözlərinə), həm də rus dilində (Vladimir Qafarov, Onegin Hacıqasımov, İlya Reznik, Nikolay Dobronravov, Rəsul Həmzətov, Robert Rojdestvenski, Andrey Dementyev və digərlərinin sözlərinə) xeyli sayda mahnılar yazmışdır. Bəstəkarın geniş mahnı irsini mövzu dairəsinə görə şərti olaraq 4 qrupa ayırmaq olar: birinci və əsas qrupa eşq və həyat mövzusunu incələyən mahnılar daxildir. “Durnalar”, “Gözlər”, “Gəl, ey səhər”, “Mənə sevgi ilə cavab ver”,  “Bənövşələr”, “Mənə sevgilim de” və s. mahnılarda ön planda lirik qəhrəmanın hiss və həyəcanları, həyat barədə düşüncələri dayanır. İkinci qrupda vətənpərvərlik ruhu və yüksək vətəndaşlıq qayəsi ilə aşılanmış mahnılar (“Şən Azərbaycan”, “Sevimli diyar”, “Azərbaycan”, ”Sumqayıt” və s.) habelə “Cəsarət” və “Monoloqlar” vokal silsilələri yer alıb. Üçüncü qrupa uşaqlar üçün (“Mən mahnı düşünürəm”, “Tapmaca” və s.),  nəhayət dördüncü qrupa zarafatyana mahnıları (“Dilin can incidəndi”, “Toydan sonra düzələr” və s.) aid etmək olar.

Bu əsnada bir vacib məsələni də qeyd etmək istərdik: Polad Bülbüloğlu o nadir bəstəkarlarımızdandır ki, konyunktura, siyasi-ideoloji mənafelərə xidmət edən (xüsusilə sovet dövründə bundan qaçmaq çətin idi) mətnlərə və sözlərə müraciət etməyib. Bəstəkar bilavasitə onu düşündürən, təxəyyülünü oyadan, ruhuna hakim kəsilən mövzuları gündəmə gətirib və mahnılarında hökm sürən səmimiliyin bir sirri də, zənnimcə, elə bundadır.

Polad Bülbüloğlu mahnılarının mövzu rəngarəngliyi musiqi dilində təbii surətdə üslub və janr müxtəlifliyini doğurmuşdur. Vurğulayaq ki, Polad Bülbüloğlu nəinki Azərbaycanda, ümumiyyətlə geniş postsovet məkanında estrada musiqi janrlarının inkişafında xüsusi rol oynamış və böyük şöhrət qazanmış sənətkarlar sırasındadır. Milli üslubda bəstələnmiş mahnılarda xalq mahnıları və rəqsləri ilə əlaqə aydın sezilirsə, estrada mahnılarında XX əsrin 60-cı illərində pop və rok musiqisində geniş yayılmış rok-n-roll, tvist, şeyk, latınamerika rəqs ritmləri və qəliblərinin estrada-simfonik təfəkkürlə uzlaşmış və milli çalarlara bürünmüş özünəməxsus təcəssümünü görürük. Bu ritmləri mahnılarımıza üzvi surətdə məharətlə daxil edən də elə Polad Bülbüloğlu olmuşdur. Sonuncu fikrimizin özünəməxsus təzahürlərindən biri də bəstəkarın “Uşaqlığın son gecəsi” filmi üçün (1968, rej.Arif Babayev) Fikrət Qocanın sözlərinə bəstələdiyi və geniş populyarlıq qazanmış “Gəl, ey səhər” mahnısıdır. Burada ispan-kuba balerosunu xatırladan ritmik müşayiət fonunda geniş nəfəsli həzin melodiya al səhərin açılması diləyi ilə təsirli bir hekayət danışır. Əminliklə demək olar ki, “Gəl, ey səhər” mahnısında bəstəkar musiqili-poetik janrın hüdudlarını aşaraq, əslində, parlaq və dərin hissiyyatla aşılanmış estrada-simfonik lövhəsini yaratmağa müvəffəq olub. Xüsusilə, mahnının keçən əsrin sonlarında ərsəyə gəlmiş effektli aranjiman versiyası (aranjimanın müəllifi - məşhur Hollivud aranjimançısı və bəstəkarı, “Qremmi” mükafatı laureatı Pol Con Bakmaster) mahnının məhz bu xassəsini sərrast və koloritli boyalarla daha da qabartmışdır.

Polad Bülbüloğlu lap gənc yaşlarından müasir musiqi yaradıcılığının ən aktual və tələb olunan sahəsində çalışmağa başlayıb: 1966-cı ildə ekranlara çıxan “İstintaq davam edir” (rej. Əlisəttar Atakişiyev) filmində Polad müəllim 21 yaşında ikən ilk dəfə kino musiqisi sahəsində qələmini sınayıb. Adıçəkilən filmə Onegin Hacıqasımovun sözlərinə yazılmış, lakin son anda orada yer almamış «Ïîçâîíè» (“Zəng et”) mahnısı isə gənc bəstəkar-müğənniyə misilsiz populyarlıq qazandırmışdı. Beləliklə, hələ konservatoriya tələbəsi olan gənc Polad Bülbüloğlunun musiqi mədəniyyətimizdə həm peşəkar bəstəkar, həm də istedadlı  müğənni kimi parlaq yaradıcılıq yolu başlanmışdı. 

Polad Bülbüloğlunun 1968-ci ildə “Uşaqlığın son gecəsi” filminə (rej. Arif Babayev) yazdığı musiqi onun bu sahədə ən uğurlu işlərindən biri kimi yaradıcılıq bioqrafiyasına yazılıb. Təsadüfi deyil ki,  1969-cu ildə Kiyevdə keçirilən “Prometey-69” kinofestivalında film birdən-birə iki mükafat almışdır - “Ən yaxşı musiqi tərtibatına görə” və “Müasir mövzunun musiqidə müasir üslubda ən yaxşı həllinə görə”. Elə həmin il Polad Bülbüloğlu SSRİ  Bəstəkarlar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilir. 1970-ci ildə isə o, gənclər üçün yazdığı populyar mahnılara görə Respublikanın Lenin Komsomolu mükafatına layiq görülür. 1973-cü ildə 28 yaşlı Polad Bülbüloğluna Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı verilir.

Polad Bülbüloğlunun kino fəaliyyətindən danışarkən qeyd edək ki, ümumiyyətlə kino musiqisi XX əsrdə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarına  güclü təkan və stimul verən çox əhəmiyyətli bir fəaliyyət sahəsi olub. Burada işləmək istər maddi, istərsə də mənəvi baxımdan son dərəcə əlverişli idi. Simfonik orkestrlərin repertuarına düşmək (xüsusən də gənc bəstəkarlar illərlə öz partituralarının ifasını gözləyirdilər) çox çətin olduğu halda, yazılan kino musiqisi dərhal ifa olunmaq şansı qazanırdı. Digər tərəfdən, kinoda çalışmaq bəstəkardan peşəkar hazırlıq, çeviklik və operativlik, istənilən musiqi janrında və üslubunda işləmək vərdişi tələb edirdi. Tarix göstərir ki, görkəmli Azərbaycan bəstəkarlarının əksəriyyəti, o cümlədən, Polad Bülbüloğlu bu sahədə həvəslə çalışmış, maraqlı bədii kəşflər və tapıntılarla zəngin musiqi yaratmağa nail olmuşlar. Polad müəllim müxtəlif illərdə artıq yuxarıda adı çəkilmiş filmlərdən başqa, “Oxuyur Müslüm Maqomayev”, “Abşeron  ritmləri”  telefilmlərinə, “Ürək, ürək...”, “Var olun, qızlar”, “Babək”, “Səmt küləyi”, “Əsas müsahibə”,  “Sevinc buxtası” , “Yol əhvalatı”, “Mən mahnı bəstələyirəm”, “Qoy o bizimlə qalsın”, “İşgüzar səfər” bədii filmlərinə musiqi bəstələmişdir. Adıçəkilən bədii filmlərin böyük qismində bəstəkar  kinorejissor Eldar Quliyevlə əməkdaşlıq edib və bu tandem davamlı olduğu qədər də uğurlu alınmışdır. Bu baxımdan, tarixi-qəhrəmani janrın ilk nümunəsi kimi kino tariximizdə əlamətdar iz qoymuş “Babək” filminə Polad Bülbüloğlunun yazdığı musiqi əsl simfonik vüsəti, parlaq obrazlığı  ilə böyük maraq doğurur. Polad müəllim xatırlayır ki, “bu film üçün 110 dəqiqəlik musiqi yazılmışdı. Film üçün bu, çox idi. Onun 82 dəqiqəsi filmə daxil oldu və demək olar ki, “Babək” musiqili filmdir”. Həqiqətən də, ekrana çıxdıqdan sonra dünyanın 60 ölkəsinə satılmış bu möhtəşəm filmin böyük uğurunda Polad Bülbüloğlunun musiqisi ön sıralardadır. Xalq artisti, rejissor Eldar Quliyevin təbirincə desək, “Babək” Poladın ən yaxşı bəstəkar işlərindəndir. Burada tam mənada demək olar ki, o, Qara Qarayevin ən layiqli yetirmələrindən biridir”.

 1981-ci ildə Polad Bülbüloğlunun kino fəaliyyətinə yeni bir amplua da əlavə olunur. Rejissor Yuli Qusmanın quruluş verdiyi və özünün bəstəkarı olduğu “Qorxma, mən səninləyəm” filmində Polad müəllim həm də baş rola çəkilir. Beləliklə, Polad Bülbüloğlu bu filmdə eyni zamanda,  həm aktyor, həm müğənni, həm də bəstəkar qismində çıxış edir. Filmin böyük uğuru bəstəkara 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adını qazandırır.

İllər göstərdi ki, 1980-ci illərin sonundan başlanan çoxillik dövlət qulluğu - Mədəniyyət Naziri və səfir kimi gərgin fəaliyyəti Polad Bülbüloğlunu ürəkdən sevdiyi yaradıcılıq işindən - bəstəkar və müğənnilik fəaliyyətindən ayıra bilməmişdir. O, daim yeni və maraqlı yaradıcılıq planları üzərində işləyib və onları uğurla həyata keçirib.

2005-ci il dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında Polad Bülbüloğlunun “Eşq və Ölüm, yaxud ölümlə rəqs edən məhəbbət” adlı baletinin premyerası baş tutdu (quruluşçu baletmeyster Vəkil Usmanov, rəssam Rafiz İsmayılov, dirijor Cavanşir Cəfərov). Tez bir zamanda balet xarici ölkə teatrlarına yol taparaq ən nüfuzlu səhnələrdə - Moskvanın Böyük Teatrında, Sankt-Peterburqun Akademik Mariin teatrında, Yekaterinburq opera və balet teatrında, habelə Türkiyə, Hollandiya, Belarusun teatr səhnələrində tamaşaya qoyulmuşdur.

“Kitabi Dədə-Qorqud” dastanının motivləri əsasında yazılmış baletin yaranma tarixi ilə bağlı bəstəkarın söylədiklərindən: “Dastana müraciət etmək ideyası məndə türk xalqlarının bu möhtəşəm mənəvi irsinə həsr edilən 1300 illik yubiley tədbirlərindən sonra yarandı. Həmin tədbirdə Heydər Əliyev “Kitabi Dədə-Qorqud” eposunun milli, regional və dünya miqyasında intibahı və tanınması təşəbbüsü ilə çıxış etdi. Mən bir nazir və “TÜRKSOY” beynəlxalq təşkilatının baş direktoru kimi ikicildlik “Kitabi Dədə-Qorqud” ensiklopediyasının nəşrinə bilavasitə rəhbərlik etdiyimdən eposla bağlı materialların hamısını görüb oxumuş və öyrənmişdim. Beləliklə də, məndə qədim türk dastanının motivləri əsasında balet yazmaq ideyası yarandı. Məlumdur ki, dastan 12 boydan ibarətdir və mən ümumbəşəri mövzuları - doğma vətənə və torpağa məhəbbət, habelə xəyanət və nifrət hisslərini ortaya çıxaran motivlərdən istifadə etmək qərarına gəldim. Məhəbbət və Ölüm, Həyat və Ölüm konseptual məfhumlar kimi öz təcəssümünü dünya ədəbiyyatının bir çox abidələrində tapıb. Bu konsepsiyanı öz baletimdə əks etdirmək istədim”.

Baletin adından göründüyü kimi, onun obraz konsepsiyası iki ziddiyətli aləmin - “işıqlı məhəbbət” ilə “qaranlıq ölüm” dünyasının qarşılaşması üzərində qurulub. Burada real və fantastik dünya üzvi şəkildə birləşib. Oğuzlarla qıpçaqların mübarizəsi baletin mərkəzi ideyasını təşkil edir.  Baletdə bir-birinə əks qüvvələr kimi iki qəbilə başçısı - Oğuz xanla Qara Məlik qarşı-qarşıya qoyulmuşdur. Əsas obrazların adı isə çox simvolikdir və yurdumuzun adından əmələ gəlib - Azər və Baycan. Əgər Azər oğuz bahadırlarının (Qazan oğlu Uruz, Bəkil oğlu İmran, Səkrək) ümumiləşdirilmiş qəhrəman obrazıdırsa, Baycan dastanın konkret obrazına - Banu Çiçəyə uyğundur. Bu obraz baletdə həm igid qadın (Azər onu ilk dəfə ər igid libasında görür), həm də ülvi, saf  məhəbbətin rəmzi mənasında (Baycana olan sevgisinin sübutu kimi Azər ona çiçək verir) təcəssüm olunur. Baletin əsas qəhrəmanı Azər  məhəbbəti və vətəninin azadlığı uğrunda canından keçir və bununla xalqının yaddaşında ölümsüzlük, əbədiyyət  qazanır. Polad Bülbüloğlunun baletdə yaratdığı obrazlar parlaq, yaddaqalan və  ifadəlidir, bəstəkar müxtəlif özünüifadə vasitələrilə onların səciyyəvi cizgilərini açmağa səy göstərib. Baletin bütün musiqisinə dərin milli ideya və ruh hakimdir.

Son illər Polad Bülbüloğlunun xalq mahnılarından ibarət iki diski də işıq üzü görüb: 14 xalq mahnısından ibarət və  həmkar dostu Siyavuş Kərimi ilə birlikdə işlənmiş “Oxuyardu Bülbül... oxuyur Polad Bülbüloğlu” albom - diski, habelə Moskva Dövlət Kinematoqrafiya simfonik orkestrinin müşayiəti ilə ərsəyə gəlmiş 10 xalq mahnısı. Qeyd etmək lazımdır ki, yalnız “Xumar oldum” xalq mahnısı hər iki diskdə yer alaraq, müxtəlif aranjiman versiyasında təkrarlanır. Nəhayət, Polad Bülbüloğlunun son yaradıcılıq layihələri sırasında 2013-cu ildə ekrana çıxmış “Qorxma, mən səninləyəm! 1919” adlı əvvəlki məşhur filmin davamı kimi ərsəyə gəlmiş bədii film də vardır.

Polad müəllim öz vətənpərvərlik qayəsinə sadiq qalaraq builki əlamətdar ad gününü Azərbaycanda öncə doğma Qarabağ torpağında - ata-baba ocağına yaxın yerdə (düzən Qarabağda) keçirmək qərarına gəlib. Bir vətən övladı kimi bu, onun haqqı və güclü istəyinin bariz nümunəsidir. Xatırlamaq yerinə düşər ki, vaxtilə onun Mədəniyyət naziri kimi işlədiyi və Dağlıq Qarabağ hadisələri baş qaldırdığı ağır bir dövrdə - 1989-cu ildə Qarabağın gözü  Şuşada böyük təntənə ilə “Xarı Bülbül” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilmiş və Festivala dünyanın ən müxtəlif yerlərindən 300-dən çox qonaq təşrif buyurmuşdu. Bu, Qarabağın əzəli Azərbaycan torpağı olması barədə bütün dünyaya ünvanlanan möhtəşəm bir musiqi bəyanatı idi. 1989, 1990 və 1991-ci illərdə üç dəfə böyük uğurla keçirilən bu Beynəlxalq Festivalın daimi xarakter alacağı heç kimdə, o cümlədən, əslən Qarabağdan olan Mədəniyyət nazirində şübhə oyatmırdı. 1992-ci ildə dördüncü festivalın keçirilməsinə də bütün hazırlıq işləri görülmüş və 20-dən artıq ölkədən 500-ə yaxın iştirakçı dəvət olunmuşdu. Lakin mayın 8-dən 9-na keçən gecə müdhiş bir hadisə baş verdi - Şuşa erməni qəsbkarları tərəfindən işğal olundu və nazir Polad Bülbüloğlu, etiraz əlaməti olaraq, Şuşa düşməndən azad olunmayınca “Xarı bülbül” festivalının keçirilməyəcəyinə dair qərar qəbul etdi və bu haqda YUNESKO-ya, 50 ölkənin mədəniyyət nazirlərinə müvafiq məktublar göndərdi. Beləliklə, bu uzaqgörən başlanğıca gələcəkdə vüsət almaq hələ ki, nəsib olmayıb...

Polad müəllim o nadir həmvətənlərimizdəndir ki, viran qalmış ata yurduna - Şuşaya işğaldan sonra da ayağı dəyib, onun acınacaqlı vəziyyətini öz gözlərilə görüb. Təbii ki, kinoxronikamızın yaddaşında qorunub saxlanılan bu təsirli və acı məqamları seyr etmək çox ağırdır. Kim bilir, bəlkə Polad Bülbüloğluna növbəti yubiley mərasimini birbaşa Şuşada - dahi Üzeyir bəyin və Bülbülün yurdunda qeyd etmək nəsib olacaq və biz də bu unudulmaz  tarixi anların şahidləri qismində iştirak edə biləcəyik. Ulu Tanrıdan niyyətimizin çin olmasını diləyərək, bu əziz gündə sevilən sənətkarımız Polad Bülbüloğlunu səmimi qəlbdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. 

 

Lalə HÜSEYNOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Azərbaycan Milli Konservatoriyasının professor

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.10-11.