Elmimizdə və şeirimizdə Şahin Fazil imzası

 

Bakının küçələrində ağsaçlı, mütənasib bədən quruluşlu, iti yerişli, qartal baxışlı, ixtiyar yaşlarında olan qəhrəmanımızla rastlaşanda, istər-istəməz dodaqlarımıza təbəssüm qonur. Çünki onu çoxlarımız tanıyır ehtiram bəsləyir. Kiminin yoldaşı, kiminin ali məktəb müəllimi, kiminin səfər yoldaşı, kiminin şeiriyyatda ustadı, kiminin sadəcə həyatda nümunə, örnək götürdüyü ziyalılıq, insanlıq məktəbidir o!..

"Şahin Fazil" ədəbi təxəllüsü ilə çoxlarının poetik yaddaşında söz xiridarı kimi, "Şahin Fərzəlibəyli" "elmi titulu" ilə Azərbaycan tarixşünaslığının bünövrə daşlarından biri kimi hər zaman öndə gedən aydınlarımızdan, üzdə olan, sayılıb-seçilən tədqiqatçı-alimlərimizdəndir. Yorulmaq olduğunu bilmədən, ilham pərisinin bircə an belə uzaq düşməməsi üçün gecəli-gündüzlü qələmə sarılmışlardan, sözə könül vermişlərdəndi Şahin müəllim.

"...Şahin yazır. Həmişə yazır. Elmi əsərlər yazır, divanlar yazır, səfərnamələr yazır. Onun yazdıqları uğurludur..." (Mir Cəlal Zəki Məştəqayi). Bu uğurlu əsərləri ilə tanış olduqca heyrət götürür insanı. Bir alimin, bir şairin, bir tərcüməçinin, bir publisistin bu qədər məhsuldar çalışması, əzmlə, yorulmadan, usanmadan, elmə, ədəbiyyata, tarixi keçmişə bugünə bunca vurğunluğu hansı mənbədən qaynaqlanır?! Necə olur ki, illərin o üzündə qalan gənclik coşqusu, cavanlıq həvəsi bu ixtiyar insanı tərk etməyib bu gün ?! Demək, burda nəsə ilahi bir sirr var...

O sirdən agah olmaq üçünsə sevilən şair Şahin Fazilin ilham çeşməsinin könüllərə təravət bəxş edən o həyat iksirindən bir ovuc sinəmizə çəkməyə dəyər. Elə isə, birlikdə nuş edək o iksiri... görəndə ki:

 

Bu Şahinin duası var,

Ürəyinin sevdası var.

Başında eşq havası var,

Elə yaxşı hava var ki...

 

- bu havadan da ciyərlərinə, nəfəsinə çəkib, yol getməyə başlayırsan ənginliklərə doğru. Bir görürsən, budu, elə bir yerdəsən ki, burdan o tərəfə səs çatır, ün. Halbuki şair idrakı, şair təfəkkürü bu əlçatmazlığı da, ünyetməzliyi yenə bilib. Başında eşq havası, dilində eşq duası kəmənd atmadadır "Göyün yeddinci qatı"na:

 

Ora kim kəmənd atır?

Kimin əlləri çatır?

Görəsən, boydadır

Göyün yeddinci qatı?

 

"Laməkana məkan" olan "Göyün yeddinci qatı"dır əslində, şair olanın yeri , məkanı da. Bir olduğu o uca qatdan İlahiyə səslənməkdi peşəsi Şahinin:

 

Göndər, İlahi, göndər -

Torpağa saflığı,

Suya şəffaflığı,

Havaya lətafəti,

Oda hərarəti

Göndər...

 

İnanır bütün varlığıyla bu duanın ünvanına yetəcəyinə şair. Axı, peyğəmbərlərdən sonra Allaha ən yaxın kimsələrdəndi şairlər. Haqq deyən, haqq söyləyən dilləriylə,saflığa, halallığa səcdəyə qanadlanan əlləriylə elə hər zaman dua-sənadadır sözə könül verənlər:

 

Verdi cism mənə, verdi can mənə,

Verdi ürək mənə, verdi qan mənə.

Uzun həyat verdi Yaradan mənə,

Mən ona borcumu verə bilmədim.

 

Göründüyü kimi, Şahinin nigaranlığı bitmir, tükənmir. Axı, ona bəxş olunan cism canı, ürək qanı təyinata uyğun "xərcləməyibsə", demək, Yaradanın hüzurunda borclu qalmışdır yenə ...

 

Havanı,

Suyu,

Odu,

Günəşi,

Ayı verib...

Allah-təala bizə

Yeri havayı verib.

İlahi, şükr edirik

Səxavətinə görə,

Sənədir ümidimiz.

 

... çox təəssüf ki:

 

Havayı verilənin

Qənimiyik amma biz.

 

Şairin ən böyük nigaranlığının səbəbi elə budur: bizə bəxş olunan Tanrı əmanətlərini halallıq, dürüstlük, insanpərvərlik, səxavətlilik, yanımcıllıq kimi müsbət insani keyfiyyətlər əvəzinə, qəddarlıq, zalımlıq, ikiüzlülük, şərəfsizlik kimi mənfiliklərin həyatımızı zəhərə döndərməsi istiqamətində sərf edib tükətməklə məşğuluq. Bəs sonda bunun bədəlini necə ödəyəcəyik? Axı:

 

Nuh qabaqdadır hələ,

Sel qabaqdadır hələ...

 

Bəs niyə:

 

Var eləsi Musaya da inanmır,

Məhəmmədə, İsaya da inanmır.

Məhşər günü cəzaya da inanmır,

Cəza ilə dava-dava oynayır.

 

Şahin Fazilin son illər yaradıcılığına hakim kəsilən bir aparıcı xətt açıq-aşkar duyulmaqdadır bu şeirlərdə: yaşadığı ömür kəsiyində olmuşlar, olanlar, olacaqlar bir-bir gəlib göz önündən keçdikcə, öz-özünə hesabat verən şair qəlbinin etiraf umacaqları birər-birər sətirlərin söz yaddaşının tozunu almağa çalışır. Axı, bir zamanlar "Əllərini ver mənə" deyərək, bərk-bərk yapışdığı o sevdalı əllər sahibindən gözlədiklərini ala bilmədi. Taleyin acı zərbəsindən qəddi əyiləcəkdi az qala, lakin şair təbi, yaradıcı ilham onun titrək vücuduna yenilməz bir qüdrət bəxş elədi. Doğruldu, qüvvətləndi Şahin. Adı kimi əzəmətli bir göylər qartalına, qüdrətli şahin quşuna dönərək poeziyanın, elmin əsrarəngiz üfüqlərində yüksəlməyə başladı. Artıq bu yüksəlişlərin bəhrəsi olan neçə-neçə şeir kitabı, divan, publisistik elmi əsərlər müəllifi kimi bu gün Şahin Fazil Fərzəlibəyli adı elmi ədəbi cameənin fəxrlə, qürurla, sevgi ilə oxuduğu, öyrəndiyi istinad etdiyi hikmət xəzinəsinin "ən varlı sahibkar"ına çevrilmişdir.

Şahin Fazil ömrünün ən müdrik çağlarını yaşamaqdadır. Qazandığı uğurlara, ucaldığı insanlıq mərtəbəsinə layiq olan görkəmli tarixçi-alimimizi, sevilən şairimizi qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, bitib-tükənməz yaradıcılıq eşqi, yaradıcılıq uğurları arzulayırıq! Hər zamankı kimi, şeirimizin Şahini ol, Şahin! Necə ki, bir rübaində deyirsən:

 

Yurdumun doğruçu bir şairi - mən!

Ölü olsam da haçansa, diri - mən!

Hər gedən Doğruya doğru getmir,

Gedənin Doğruya doğru biri - mən!

 

Qiymət MƏHƏRRƏMLİ

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist

 

525-ci qəzet.- 2020.- 7 fevral.- S.14.