Ürəklə dost dediyim insan
QƏLƏM VƏ ƏMƏL
DOSTUM OKTAY ABBASIN 70 YAŞINA
Mətbuatda
şair dostum Tofiq Nurəlinin maraqlı bir yazısını
oxuyub xəbər tutdum ki, sən demə, Oktay Abbasın 70
yaşı tamam olur.
Çoxunun əzizi olan istiqanlı, canıyanan Oktay mənim də dostumdur. Və dostum Oktayı oxuculara bir az da yaxından
tanıtmaq üçün
bildirim ki, o, ali məktəb müəllimidir, dosentdir.
Oktay Abbasın imzası təkcə bir alim, elmi araşdırmaların
müəllifi kimi yox, həm də
publisist-şair kimi də oxuculara yaxşı tanışdır.
Oktay Abbas indiyəcən "Yol gedirəm", "Dünya
da bir ürəkdir",
"Qəzəllər" adlı poetik topluların, son vaxtlarda çapdan çıxan
"Sözün yaddaşı"
adlı irihəcmli publisistik yazılardan ibarət kitabın müəllifidir.
Bir vaxt biri Qonaqkənddə,
o biri isə Şabranda əmək fəaliyyətinə başlayıb,
sonra da ötən əsrin 80-ci illərində Bakıya köç etdikləri gündən şair-həkim
Tofiq Nurəli ilə alim və
şair-publisist Oktay Abbas Alatavada qonşu düşüblər.
Mən Oktayı Tofiqdən əvvəl, Tofiq isə Oktayı məndən sonra tanıyıb dost olublar. İndiyəcən də aralarından
su keçmir. Qeyd etdiyim kimi,
Oktayın 70 illiyini mənə xatırladan məhz Tofiq Nurəlinin yubiley məqaləsi oldu...
...
1974-cü ilin soyuq yanvar günləri idi. Biləcəridə, dəmiryolçuların mədəniyyət sarayında
mədəni-kütləvi tədbirlər üzrə
təşkilatçı vəzifəsində
çalışan dostumuz
Nizami növbəti bir tədbir keçirirdi. Dəmiryolçuların
"asudə saatlarının
səmərəli keçirilməsi
ilə bağlı"
təsdiq edilmiş plana uyğun bu görüşə kifayət qədər tanınmış şairlər
- Hikmət Ziyanı və Səyavuş Sərxanlını dəvət
etmişdi. Tədbirin təşkilatçısının
"fəxri qonaqları"
arasında Oktayla mən də var idim. Tədbirdən qabaq təşkilatçının
otağında çay
içdik. Yox, deyəsən, bu isti çayın klubun soyuq zalında
bizi qızdırmağa
gücü çatmayacaqdı...
Nizaminin
təklifinə qoşulub
ev sahibləri
kimi biz də ərklə qonaqları
"qızınmağa" dəvət etdik (Əvvəlcədən xudmani
bir hazırlıq görmüşdük). Yaşca böyüyümüz
Hikmət müəllim
etiraz etsə də, Səyavuş susub dinmədi. Elə bu da bizi
ürəkləndirdi. Çay içən Hikmət Ziya stolun üstündəki
"o gen-bol süfrəyə"
əl uzatmadı.
Təbii ki, tədbir təyin edilən vaxtdan bir qədər gec başlandı...
Dostumuz,
gözəl şair, istiqanlı yoldaş, nə yazıqlar ki, dünyasını erkən dəyişən
Səyavuş Sərxanlının
o illərdə "Ulduz"
jurnalında səfər
təəssüratları ilə
bağlı çap olunan publisistik yazıları geniş oxucu marağında idi. Səyavuş Sərxanlı Donbasdan
təcəzə qayıtmışdı.
O, həmin tədbirdə
Donbasda yerin altında çalışan
şaxtaçıların ağır həyatından
özünə məxsus
emosionallıqla danışırdı.
"Ulduz" jurnalında Donbas səfəri
ilə bağlı yazdıqlarında isə,
təbii ki, burda danışdıqlarının
çoxu yox idi. Çox tədbirlərdə iştirak etmiş Səyavuş Sərxanlı,
əlbəttə, bilməmiş
deyildi ki, belə mədəni-kütləvi
tədbirlərdə "sözü
göydə tutan ayıq-sayıqlar" da mütləq olur. Şair isə heç nədən qorxub-çəkinmədən
yerin altındakı cəhənnəmdən odlana-odlana
danışırdı. Oktayla mən də hörmətli qonaqlarla bir sırada əyləşmişdik. Yəqin ki,
bizlərə də
"göz qoyan" var idi. Səyavuş Sərxanlının
danışdıqlarından kövrələn Oktay nümayişkaranə bir şəkildə yaylıq
çıxarıb dolmuş
gözlərini quruladı,
bizdən qabaq sıralarda oturanların səsini eşidəcəyindən
ehtiyatlanmayıb ucadan
mənimlə "məsləhətləşdi":
- Aydın, bəlkə
durub hönkürtüylə
ağlayım...
Onu güclə
sakitləşdirdim. Bu hərəkətə
yol versəydi, əlbəttə, Oktay sonralar cəzalanacağını,
ən yaxşı halda oxuduğu ali məktəbdən
xaric ediləcəyini
gözünün altına
almamış deyildi. Amma qəddar rejimə qarşı etirazı o zaman gözlərini yaşartmışdı, ürəyini
parçalamışdı. Oktay belə cəsarətli oğlanlardandır.
"Ot kökü
üstə bitər". Burası da
var ki, Şabranda,
Siyəzəndə, Xızıda
elə bu gün də tanıyanlar Oktayın atasını - maarif fədailərindən olmuş
Allahverən müəllimin
adını daima hörmətlə, ehtiramla
çəkirlər, ruhunu
yad edirlər. Bu
gün Allahverən müəllimin övladları,
nəvələri, nəticələri
vətənə layiqli
vətəndaşlar, tanınmış
ziyalılardır, vətəndən
kənarda da doğma Azərbaycanımızın
adını şöhrətləndirənlər
sırasındadır...
Yeri gəlmişkən
deyim ki, Oktayın özündən
böyük mərhum
qardaşı, təhlükəsizlik
orqanlarında mühüm
vəzifələrdə çalışmış
polkovnik Süleyman Abbasov balaca qardaşının oturub-durduğu
dostlarını da elə Oktay qədər özünə
yaxın, əziz, doğmaca tuturdu. Dəfələrlə özüm bunun şahidi olmuşam.
Oktay yurda, ata ocağına, doğulub dünyaya gəldiyi, iməkləyib
ayaq açdığı,
böyüyüb boya-başa
çatdığı torpağa
bağlı ziyalılarımızdandır. Bəlkə
də borc-xərcə
düşüb Bakıətrafı,
dəniz qırağındakı
məkanlardan birində
ən azı yay istirahətini keçirtmək üçün
özünə yığcam
bir ev
tikdirə bilərdi. Ancaq Oktay neçə illərdir ki, Çaraq kəndində köhnə ata-baba ocağını təmir
etməklə məşğuldur.
Nəvəsi Adili də bu işə qoşub. Bəlkə də elə
bundandır ki, Oktayın doğma yer-yurdla, onun adamları ilə bağlı yazdıqları
belə səmimidir.
Oktay yaşının bu 70-inəcən
az iş
görməyib.
Müəllim kimi pedaqoji fəaliyyətə birinci
sinifə getdiyi doğma Çaraq kənd məktəbində
başlayan Oktay təyinat müddəti bitdikdən sonra Bakıya gəlib, aspiranturanı bitirib, pedaqoji elmlər üzrə elmi iş müdafiə edərək alimlik dərəcəsi alıb.
Alimliklə yanaşı, bədii
yaradıcılıqla da
məşğuldur. Hələ ki,
şair-publisist kimi dörd bədii kitabın müəllifidir.
Vaxtaşırı mətbuatda bir-birindən
oxunaqlı, rəngarəng,
müxtəlif mövzularda
maraqlı yazıları
çap olunur, efirdə çıxışlar
edir.
Yeddinin yanında
yaşının yeni
yeddisinəcən də
hələ çox işlər görəcək. Enerjili dostum
Oktay, çox güman ki, yaşının 80-ində də
eyni coşqunluqla, həvəslə yazıb-yaradacaq.
Oktay Abbas yaşımın 65 tamamında haqqımda yazıb çap etdirdiyi iri həcmli
yazısını belə
adlandırmışdı:
"Aydın Tağıyev - necə varsa..."
Görəsən, mən bu müxtəsər
yazımda Oktayı layiqincə təqdim edə bildimmi?
Yəqin ki, yox.
Elə isə sağlıq olsun!
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2020.- 7 fevral.- S.14.